Ukrayna prezidenti Volodimir Zelenski bu gün öz “Telegram” hesabında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukla görüşünü əks etdirən fotoşəkil paylaşaraq keçirilən uğurlu əməliyyata görə ona təşəkkür edib.
APA xəbər verir ki, Zelenski Rusiya aviasiyasının bugünkü kütləvi məğlubiyyətini müharibə zamanı ölkənin ən uzun mənzilli əməliyyatı adlandırıb.
O həmçinin Malyuka əməliyyatın açıqlana biləcək təfərrüatları və nəticələri barədə ictimaiyyətə məlumat verilməsini tapşırıb.
Zelenskinin sözlərinə görə, planlaşdırmanın əvvəlindən əməliyyatın effektiv həyata keçirilməsinə qədər bir il, altı ay və doqquz gün keçib.
“Əlbəttə, indi hər şeyi deyə bilmərik, amma bunlar Ukraynanın hərəkətləridir ki, onlar mütləq tarix kitablarında qalacaq. Ukrayna özünü müdafiə edir və tamamilə haqlıdır – biz hər şeyi edirik ki, Rusiya bu müharibəni bitirmək ehtiyacını hiss etsin. Rusiya bu müharibəni başlatdı və Rusiya buna son qoymalıdır. Ukraynaya eşq olsun!”
Qeyd edək ki, bu gün Ukrayna ordusu müharibə başlayandan bəri Rusiyanın aviasiya infrastrukturuna qarşı “Veb” adlı genişmiqyaslı əməliyyat həyata keçirib. Əməliyyat zamanı Rusiya ərazisindəki “Dyagilevo”, “Olenya”, “İvanovo-Severnı” və “Belaya” Hərbi Hava Qüvvələrinin bazalarına zərbələr endirilib.