Azərbaycanda istehsal olunmuş “100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” və “Stalinin qaranlıq keçmişi” sənədli filmləri Braziliyada “RNAB” festivalında ölkəmizi təmsil edəcək. “RNAB” festivalı 13 ildir fəaliyyət göstərir. Bütün seçilmiş filmlər ölkənin nüfuzlu məkanlarında böyük ekranda nümayiş olunacaq. İkinci filmimiz isə “RENUAC” festivalında uğur qazanıb və Çilinin paytaxtı olan Santyaqo şəhərində yerli və xarici media nümayəndələrinin iştirak edəcəyi nüfuzlu məkanlarda göstəriləcək.
Bunu AZƏRTAC-a açıqlamasında filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. O qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 14 beynəlxalq film festivalında uğur qazanıb.