- Köşə

Ziqmund Freydin yatağı (Avstriya gündəliyi – 3)

İbrahim NƏBİOĞLU

I yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=636

Iyazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=641

Zalsburqdan sonra paytaxt Vyanaya gəldik. Necə vəsf edəsən bu möhtəşəm şəhəri, necə tərif edəsən onu? Kimi bu şəhəri musiqiyə bənzədir, kimi də ona “Muzey-Şəhər” deyir. Hətta onu “Bayramlar şəhəri” adlandıranlar da var. Heminquey Parisi bayram kimi görmüşdü. Ancaq Vyana da əbədi bayramdır,  qoca Hemin dediyi kimi “hər zaman səninlə olan bayram”. Habsburqlar xanədanı (alm. Habsburger) bir zamanlar dünyanın yarısını İmperiya paytaxtı olan bu şəhərdən idarə etmişdi. Dünya mədəniyyətinə nadir incilər bəxş etmiş bəstəkarlar, yazıçı və rəssamlar Alp dağlarının ətəklərində, Dunay sahilində yerləşən Vyanada yaşamışlar. Bu ehtişamlı şəhəri, onun əzəmətini görüb, sehrinə, vals kimi oynaq gözəlliyinə bənd olmamaq səndən asılı deyil.
Elə Vyana deyəndə də çox adam İohan Ştraus və onun valslarını xatırlayır. Hər il fevral gələn kimi Vyanada başlanan bal sezonu paytaxtı nağıllardakı kimi rəngli karnaval havasına bürüyür. Mənim üçün Vyana həm də Qustav Malerdir. Hərçənd ki, Haydn, Motsart, Şubert, Bethoven kimi böyük musiqiçilər də bu şəhərdə yaşayıb, ölməz əsərlərin çoxunu burada yazıblar. Ədəbiyyat adamları üçün Vyana Stefan Sveyq, alimlər üçün “psixoanalizin atası” Ziqmund Freyd, mühəndislər üçünsə Vyana Texniki Unversitetidir.
* * *
Zalsburqun Mərkəzi vağzalından (alm. Salzburg Hauptbahnhof) Vyanaya qatarla üç saat yarıma gəldik. Bilet almaq xüsusi səriştə tələb edir. Avstriya dəmir yolları şirkəti ÖBB-nin  (Österreichische Bundesbahnen) bileti 51 avrodur. Eyni yolu Westbahn (özəl şirkətdir) sürət qatarı cəmi 19 avroya aparır. Qatarın 2-ci mərtəbəsində kompüterimdə qurdalanır, xəbər saytlarına baxır (yolboyu kəsintisiz internet var qatarda), arada da Renee Fleminqi dinləyirdim. Görkəmli amerikalı opera müğənnisi bir neçə gün sonra əfsanəvi Vyana operasında səhnəyə çıxacaqdı. Birdən “play list”imdə qarşıma bu görkəmli sopranonun ifasında Şubertin bir mahnısı çıxır.
“Cəhrə arxasındakı Qretxen” Şubertin şah əsərlərindən biri sayılır. 17 yaşında yazıb bu mahnını. Frantz Şubert böyük ustalıqla  gənc qızın çarəsizliyini və kədərini musiqi dilinə köçürüb. Bu kədərin girdabında çabalayan alman qızının zərif psixologiyası insanın içini parçalayır. İztirab çəkən Qretxenin çırpınışları, hiss və həyəcanları, ruhi sarsıntıları, yüyənsiz ehtirasının verdiyi əzab və həsrət Hötenin sözləri ilə kədərin kulminasiyasıdır. Şubertlə Hötenın buradakı vəhdəti nədənsə mənə Almaniya və Avstriyanın keçmişinin ortaq səhifələrini, tarixi və mədəni miraslarının bənzərliyini xatırladır.
 Renee Fleminqin ifasındakı Qretxen (alm. Gretchen am Spinnrade, Op.2) gənc alman qızının səksəkəli daxili aləmini deyil, bütövlükdə alman və avstriyalıların ruh aləmini canlandırır. Şubertin musiqisi məni çaşdırır  – belə bir romantizmə sahib olan xalq faşizmi, nasional-sosializmi və Adolf Hitler kimi bir cəlladı necə yaratdı, bunlar necə mümkün oldu?
Bu düşüncələrdən uzaqlaşmaq üçün qulaqlığı çıxarıb yol üstündəki gözəllikləri seyr edirəm. Yenə fikrim get-gəl edir – bəşər tarixinin ən qəddar insan qəssabı bu füsunkar təbiət və bənzərsiz torpaqlarda gəlib dünyaya…
Fikirlərimi biletlərimizi yoxlamağa başlayan qatar müfəttişi dağıdır. Məsud adlı bir türkdür, 20 ildir Avstriyada yaşayır. Haralı olduğumuzu öyrənən kimi dodaqları qulağının dibinə qaçır. Vyananı yaxşı tanıdığından proqramımıza bəzi düzəlişlər edirik. Məsud Vyana vağzalından çıxmamağı, taksiyə verilən pulun beşdə birinə “Vienna Tickets” almağı məsləhət görür. Mərkəzi vağzalda (Wien Zentralbahnhof) enib metro ilə qalacağımız otelə ən yaxın stansiyaya gedirik. Yeraltındakı stansiyadan pillələrlə şəhərə çıxanda qulağıma uşaqlığımın doğma bir səsi gəlir. Donub qalıram. Yoldaşım “Nooldu, niyə dayandın?” deyə soruşur. “Eşitmirsənmi? Nəyin səsidir o, bilirsənmi?” deyərək qaranəfəs geniş prospektə çıxıram. Tramvayların səsi məni bihuş edir, əl baqajımı buraxıb telefonuma sarılıram – 2 nömrəli tramvay keçir önümdən. Arxadan yoldaşımın səsi gəlir:“Sən saatlarla tramvaylara tamaşa edəcəksənsə, burda qal, amma bil ki, Freydin muzeyi bir azdan bağlanacaq”.
Əşyalarımızı otel otağına atıb küçədən cingilti ilə keçən tramvayları çəkirəm. Pervomayskaya küçəsinə (indiki Dilarə Əliyeva) bənzəyir. Elə bil Azİİ-nin (Neft-Kimya institutunun könhə adı) 3-cü mərtəbəsindəki “Tətbiqi riyaziyyat” kafedrasından aşağı baxıram. Alser Strasse-dəyik. Pervomayskaya isə artıq keçmişdir, geri qayıtmayacaq. Muzeyə piyada 10 dəqiqəlik məsafədəyik. Oteli də Freydə yaxın olduğu üçün seçmişik…
* * *
Langegasse küçəsindəki tramvay dayanacağının yanından keçib gedirik. Telefondakı naviqator bizi Bergasse 19 ünvanına aparır. Ziqmund Freyd (Sigmund Freud) 1891-1938 arasında burada yaşayıb və çalışıb. O, arvadı Marta, 6 övladı və baldızı Minna Berneyslə yaşadığı üçün 47 il boyunca 15 otaqlı iki yanaşı mənzili kirayə götürüb. Mənzillərdən birində nevroloq kimi həkimlik edib, ikincisində ailəsi yaşayıb. Psixoanalizi yeni müalicə metodu olaraq ilk dəfə burada tətbiq edib, əsərlərinin çoxunu bu evdə yazıb.
1938-ci ildə faşistlərin iqtidara gəlməsi ilə yəhudilərə qarşı dəhşətli təqiblər başlayır. Xərçəng xəstəliyinə tutulmuş 82 yaşlı Freyd Londona qaçmağa məcbur qalır. Ölkədən çıxıb İngültərəyə sığınmaq üçün o, ailəsi və özü üçün faşistlərin təyin etdiyi 31 min 329 reyxsmarka   (indiki 225 000 avronun ekvivalenti) “köçkün vergisi” ödəyir…
Vyananın geniş küçələri ilə Bergasse ilə üzüaşağı addımlayırıq. Budur, o məşhur binanın önündəyik. Binanın fotosunu çəkib “Facebook”da paylaşıram, yoldaşım bilet almağa gedib. M. adlı bir həkim dostum FB-dakı paylaşımımı görüb mesaj göndərir mənə:“Muzeydə Freydin “kuşetkasına” fikir ver, üstündə Qazax, yerdə isə Qarabağ xalçası var”. Təəccüb edirəm, axı “kuşetka” Londondakı muzeydədir, dostum nəyisə qarışdırır. Cavab yazıram ki, bəs bu xalılar yataqla bərabər Londondadır. Dostum israr edir:“Ordadırlar, yaxşı bax”.
Hələ muzeyə girməmişəm, deyirəm bəlkə səhv edirəm, olsun ki, Londondan qaytarıb gətiriblər. İkinci mərtəbəyə çıxıb, “Prof. Dr. Freud, 3-4” lövhəsi asılmış qapıdan içəri giririk. Bir çox Avropa muzeyində olduğu kimi burada da eksponat azdır. Ancaq Freydin zəngin kitabxanasına söz ola bilməz. Psixoanalizin problemləri haqda 35 000 (!) müxtəlif kitab insanı həqiqətən də heyrətə gətirir. “Neylək, heç olmazsa xalçaları tapım” deyib, otaqları ələk-vələk edirəm. Telefonuma isə mesajlar gəlməyə davam edir. Nəhayət, yazdım ki, ay qurban olum, yoxdur burda xalılar, Londondadırlar. O, yenə nəsə yazır. Cavab vermirəm artıq.
Freydin Londondakı muzeyində nümayiş etdirilən 3 xalının üçü də doğrudan da bizim xalılardır. Bəzi mənbələr xalıların Cənubi Azərbaycanda (Saltanabad) toxunduğunu yazırlar. Ancaq bir çox mütəxəssis xalılardan ikisinin Qazax xalçası olduğunu deyirlər. Bənzər xalılar bizim baba evimizdə də var.
Qəribə bir yüngüllük hissi ilə muzeydən çıxırıq. Müəllimim və elmi rəhbərim akademik Azad Mirzəcanzadəni anıram Freydin məkanında. Mənə Freydi tanıtdıran, oxumağa təşviq edən Azad müəllim olmuşdu. Aspirant ikən seminarlardan birində “Fraktallar nəzəriyyəsi” haqda çıxış edirdim. Birdən yavaşca sözümü kəsib “Mən və O” kitabını niyə gedib almadığımı soruşdu. “Akademkniqa”nın müdiri dostu idi, özünə alanda bizim üçün də ayırtdırmışdı. O axşam aldığım kitab kitabxanamdakı ilk Freyd kitabı idi. Bizim dövrdə Freyd kitabları sərvət sayılırdı – Kitabın hər şeydən dəyərli olduğu yaxşı vaxtlardı…
Bergasse ilə Dunay sahilinə doğru yeriyirik. Vyana əsalətli bir qadın kimi məğrur, gənc bir gəlin kimi güləş və mutlu idi. Yamyaşıl parklar, müxtəlif üslubda inşa edilmiş 300-400 illik cəlallı bina və heykəllər insana hansı əsrdə olduğunu unutdurur. Yolumuz Vyana operasına — ən sevdiyim bəstəkar Qustav Malerin uzun illər çalışdığı əfsanəvi teatradır. Avstriya imperatoru, Bohemia hökmdarı və Avstriya-Macarıstan monarxiyasının başçısı I Fransın (1830-1916) monumental heykəlinin önündən keçirik. Ayaq saxlayıb şəkil çəkirəm. Heykəlin üzərində «Amorem mevm popvlis meis» («Mənim sevgim mənim xalqlarımadır») yazılıb. “Heykəl möhtəşəmdir yoxsa sözlər?” —  yoldaşım soruşur. “İkisi də”, – deyə cavab verirəm.
Və düşüncələrim məni 1514-cü ilə aparır. Şah İsmayıl qızılbaşlarını Yavuz Sultan Selimin üzərinə sürəndə Osmanlı ordusu Vyananı fəth etmək üçün yenicə hərbi səfərə çıxmışdı. Türklərin tarix boyu İstanbulu ələ keçirdikdən sonra ikinci böyük xəyalı Vyananı fəth etməkdi. Çünki Avropanın açarı Vyana idi. Tarix boyu Osmanlı Vyananı fəth etmək üçün bir neçə ciddi təşəbbüsdə bulunmuşdu. Bunlardan ən hazırlıqlısı Yavuz Sultan Səlimin 1514-cü ildə çıxdığı səfərdi. Onu da Şah İsmayıl yarıda kəsdi, Yavuz ordusunu yarı yoldan geri qaytardı. Sultan Səlimə qədər bütün Padişahlar Fəth siyasətini Qərb istiqamətində yürütmüşdülər. Səlimin də fikri-zikri atası II Beyazit və dədəsi Sultan I Murat Xan kimi Avropa olub. Bu məqsəd üçün İtaliya və Macarıstandan top ustaları gətirərək o dövr üçün böyük dağıdıcı gücə sahib toplar tökdürür.
Ancaq Padişah Beyazit iqtidarının son illərində Anadoluya yayılan şiə məzhəbi Osmanlı üçün böyük təhlükə ərz etməyə başlayır. Bu təhlükəni aradan qaldırmaq üçün Şərq istiqamətində də fəth planı üzərində çalışır. Şah İsmayıl İslam birliyi adı altında dini təbliğatı gücləndirərək Osmanlını içindən çökdürməyə təşəbbüs edir. Və Yavuz Sultan Səlim Qərbə yönəldiyi yerdə, toplu tüfəngli armadasını 1514-cü ilin qızmar avqustunda Çaldıranda Şah İsmayılın Qızılbaşlarının üstünə tökür. Əzici bir zəfər çalır Osmanlı. Ancaq gücdən düşür, yenidən güclənməsi zaman alır.
Avropanın taleyi iki xanədanın – Habsburqlar və Osmanlıların əlində idi. Bab-i Alinin Vyananı ələ keçirməsi türklərin Qərbi Avropaya doğru yayılmasına təkan verəcək və bəlkə də Avropanın tamamı Osmanlı üsul-i idarəsinə keçəcəkdi. Ancaq iki qardaşın qırğını bu təşəbbüsün qarşısını kəsir.
Və 1529-cu ildə Kanuni Sultan Süleyman 75 minlik Osmanlı ordusu ilə Vyananı mühasirəyə alır. Ancaq İstanbuldan may ayında yola çıxan ordu şiddətli yağışlar üzündən çətinliklə irəliləyir və qışa qalmamaq üçün ağır toplarını geridə buraxır. Sentyabr ayının sonunda Habsburqların paytaxtına yanaşan Sultan Süleyman Avstriya İmperatoru Ferdinanddan Vyanını döyüşsüz təhvil verməsini tələb edir. Gavurdan 20 dəfə üstün əsgəri gücə sahib olmasına baxmayaraq osmanlılar 3 həftə sürən mühasirəni yara bilməyib geri dönürlər.
Ağır məğlubiyyət türklərin sürətli fəth planına son verir. Bu məğlubiyyət Osmanlının Avropa xəyallarını heçə döndərir. Daha dəhşətli bir məğlubiyyəti 1683-cü ildə Sədrəzəm Merzifonlu Kara Mustafa Paşanın komandanlığındakı Osmanlı ordusu alır. Məhz bu biabırçı məğlubiyyətdən sonra türklər Avropa xəyallarından birdəfəlik əl çəkirlər. Və beləcə, Osmanlı İmperiyasının süqutunun başlanğıcına start verilir. Bu süqut uzun və sancılı olacaqdı…
İmperator I Fransın postamentinin dibində oturub Roma toqalı heykəlinə baxıram. Postamentdəki 4 heykəl diqqət çəkir. Bunlar Sülh, Güc, İnam və Ədalət heykəlləridir. Çox anlamlı və ibrətamizdir bu heykəllər. Güc və İnamın Osmanlıda əksik olduğunu düşünmək doğru olmaz. Lakin bəlli ki, axırıncı həmlə üçün nəsə çatmayıb, nəyisə nəzərə almayıblar. Və indi burada, İmperator I Fransın “hüzurunda” oturub ona baxanda beynim, düşüncələrim param-parçadır.
Telefonumun səsinə dik atılıram, kuzenim Elviradır, İzmirdən zəng vurur:“Nooldu, apardın yoldaşını Zahera?”. Əsəbi halda “Yox, hələ haranı görmüşük ki” deyə cavab verirəm. “Zaher” Vyananın ən məşhur kafesidir. Bura gəlib o kafedə “Zaher” tortu ilə çay içməmək qəbahət sayılır. Xeyli bahalı olduğundan çox adam oraya getməkdən qaçınır. Kuzenim əl çəkmir: “Oktay məni aparmışdı, sən niyə aparmırsan yoldaşını?” deyir.
İmperator Həzrətlərindən yavaş-yavaş Vyananın ən tanınmış yerinə — dünyanın musiqi mərkəzlərindən biri olan Vyana operasına gəlib çıxırıq. Herbert fon Karayanın adını daşıyan geniş meydanın ən göstərişli yerinə inşa edilmiş opera binası sadə xarici görünüşə sahib olsa da önündə duranda insanın içi həyəcandan bir qəribə olur. Necə də həyəcanlanmayasan – Qustav Maler, Rixard Ştraus, fon Karayan, Klaudio Abbate kimi nəhəng dirijor və musiqi direktorları keçib bu operadan. O axşam Qaetano Donisettinin “Don Pasquale” operası var səhnədə. Biletlər çox bahadır, zatən heç bilet də yoxdur, hamısı həftələr deyil, aylar əvvəldən satılıb. Qalan tək-tük yer də sütun arxası yerlərdir.
Opera şölənini növbəti gəlişimizə qədər təxirə salırıq. Zalsburqdan bəri yemək yeməmişik. Türkcə danışıq səsi eşidib, ora tərəf dönürəm. Səyyar sosis bufetində çalışana “Türkmüsün?” deyirəm. Üzünü turşudub türk olmadığını, ancaq türkcə bildiyini deyir. Məsələni qabartmadan burada ən yaxşı şam edə biləcəyimiz yer soruşuram. Başını qaldırmadan əli ilə sağ tərəfi göstərir. Mən də onun acığına dediyi istiqamətin tərsinə — sola dönüb yolu qarşı tərəfə keçirəm. Şüşəli bir restorandan içəri girən kimi türkcə “Merhaba” deyə salam verirlər. O qədər əsmərəm ki, Arif adlı restoran müdiri anında müştərisini tanıyır. Nə tövsiyyə edəcəyəni sorduğumda düşünmədən “Şnitsel” deyir. Zalsburqdakı ləzzətsiz şnitseldən sonra şnitsel istəmədiyimizi deyirik. Arif təkid edir, bizi dinləmədən sifarişi verməyə gedir. Yemək gəlmədən bizi yerimizdən qaldırır, masamızı qaldırıb meydan tərəfə çıxarır, üzünü də düz operaya tərəf döndərib “Gedəndə deyərsiz ki, Vyana operası mənzərəli şam yeməyi yedik” deyir.
Özümə Helles pivəsi sifariş verdim. Həyatımda belə ləzzət yumağı dadmamışdım. Qızılı-sarı rəngdəki lagerin yumşaq dadı ilə qızılı-qəhvəyi rəngdəki dana şnitseli sanki bir-birləri üçün yaradılmışdılar. Bir müddət şnitsel və yanındakı kartof salatının seyrinə daldım. Şnitselin üzərində bir dilim limon və yaşıl kərəviz vardı, kartof salatının üstünə isə cəfəri tozu sərpilmişdi. Yaban mərsini sousundakı tərəvəz isə tablonu tamamlayırdı. Sezann ya da uzağı  Van Qoq imzalı natyurmortdu sanki qarşımdakı. Dilimi udmaq üzrə idim, əlimi yeməyə atanda telefonum çaldı. Elvira idi, yenə “Zaher”u soruşdu. Mane olmasın deyə önündə dayanıb növbə gözlədiyimizi dedim. Elə sevindi ki, elə bil kafeni onun üçün bağlatdırmışdım…
Vyananı Vyana yapan şeylərdən biri də Vyana şnitselidir. Sovet qastronomiya “şinelindən“ çıxanlar şnitsel deyəndə ağıllarına toyuq əti gəlir. Oysa həqiqi şnitsel nazik (4 mm) dana ətindən yapılır. Onu un, yumurta və suxaridə unlayıb bol kərə yağında qızılı-qəhvəyi rəng alana qədər qızardırsan – bu qədər. Görün vyanalılar bu sadə yeməyi necə kult halına gətirib məşhurlaşdırıblar. Rəvayətə görə şnitsel Vyanaya İtaliyadan feldmarşal Radetskiy tərəfindən 1850-ci illərdə gətirilib. İtalyanlar şnitselin milan üsulu döyülmüş dana əti yeməyi olduğunu iddia edirlər.
Hesabı ödəyib, deserti “Zaher”də yeyəcəyimizi deyirəm. Əks halda kuzenimin tənəsindən qurtula bilməyəcəm. Meydanı keçib operanın sağındakı “Zaher” otelinin altındakı eyni adlı kafeyə gedirik. Yorğunluqdan ayaqlarımızı zorla sürükləyirik. İçimdə bir ümid var ki, kafedə yer olmayacaq. Lakin kafedə 2-3 boş masa var. Anjelika adlı ofisianta bir dilim “Zaher” tortu və iki çay sifarış veririk. Anjelika gah macarca, gah da slovakca danışır, sonra birdən fransız və rus dillərinə keçir. 8 dildə danışan ofisiantın gətirdiyi hesab da elə özünə bənzəyəcəkdi. Adisyonu incələyəndə üz-gözümü turşuduram – Erkül Puaroya bənzəyən kişilərin əhatəsində mənasız bir desertə 49 avro ödəməliyik. Bu yay o 49 avronu Elviradan çıxaracağıma söz verirəm…
Otelə doğru yeriyirik, qaş çoxdan qaralıb. Mağaza və muzeylərin, kafe və restoranların işıqları Vyanaya fərqli bir gözəllik verir. Rahat və zəngin vyanalılar açıq havadakı masalarda məşhur Vyana qəhvələrini içirlər udum-udum. Çoxlu afro-amerikalı və əsmər insan var, üst-başlarından zənginlik  və şuxluq yağır. Graben küçəsindəki ürkütücü “Vəba Sütunu”nun yanında səksənərək ayaq saxlayırıq.
1679-da Vyanada on minlərlə insanın ölümünə səbəb olan dəhşətli vəba epidemiyası baş qaldırır. İmperator I Leopold bu bəladan qurtulsalar Tanrıya təşəkkür üçün «Vəba sütunu” inşa etdirəcəyinə niyyət edir. Elə heykəlin kompozisiyasındakı Məryəm Ana obrazı da bu səbəbdəndir. Bu qeyri-adi sənət əsərinin yanındakı kafedə boş masalardan birinə otururuq. Buradakı müdavimlər neft maqnatlarına bənzəyirlər. Bu da təbiidir, çünki qısa adı OPEK (ing. The Organization of the Petroleum Exporting Countries) olan “Neft İxrac Edən Ölkələr Təşkilatı”nın Mənzil-Qərargahı Vyanada yerləşir. Şəhərdə gördüyümüz ədalı və impozant  adamlar da ehtimal ki, elə OPEK-in forslu məmurlarıdır. Düşüncələrim növbəti dəfə Yavuz Sultan Selimin Vyana səfərinə, Şah İsmayılın tarixin yönünü dəyişən utopiyalarına tərəf yönəlir.
Şah İsmail türk ordusunu yarı yoldan geri qaytarmasa, Avropanın taleyi necə olardı? Səlimin oğlu Kanuni Sultan Süleyman 1529-da Vyana mühasirəsini yarıb şəhəri ələ keçirsə, bu gün Qərb Dünyası hansı vəziyyətdə olardı?  Nə deyim, vallah, Əlcəzair, İran, İraq, Küveyt, Qətər, Liviya, BƏƏ, Səudiyyə Ərəbistanı və b. müsəlman dövlətlərinin neftinə qiymət biçən təşkilat nefti olmayan Avstriyanın paytaxtında fəaliyyət göstərir. Böyük-böyük danışmaqla deyil…
Qəhvəmizi içib şəhərin islaq qəmbər plitəli döşəmə daşlarının üzərində yolumuza davam edirik. Havada yağış qoxusu var. Nəsə bir ortaq şey tapdığımdan təbəssüm edirəm. Dönüb “Yağış bizdəki kimi qoxur” deyirəm yol yoldaşıma. Nazim Hikmətin bu misraları gəlir ağlıma –
Yağmur çiseliyor,
korkarak
yavaş sesle
bir ihanet konuşması gibi…
Yağmur çiseliyor.
Gecenin geç ve yıldızsız bir saatidir…
Vyanada gecənin gec və yıldızsız bir saatı idi…