“İldırımlı yollarla” əsərini eşidəndə biz onu həm də bu günümüzlə əlaqələndiririk, çünki orada ümumiləşmiş elə obrazlar var ki, bizim tariximizlə səsləşir. Eləcə də görkəmli bəstəkarımız, Xalq artisti Aqşin Əlizadənin “Babək” baletini nümunə çəkmək olar. Bu balet ötən əsrin 80-ci illərində qəhrəmani bir balet sayılırdı.
Bu sözləri Əməkdar incəsənət xadimi, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Zümrüd Dadaşzadə AZƏRTAC-a müsahibəsində deyib.
“Çox istərdim ki, bu balet teatr səhnəsində də göstərilsin. Bu, tək mənim deyil bütün musiqişünasların arzusudur. Çünki vətənpərvərlik ruhunda bəstələnən belə əsərlərə ehtiyac var. “Babək” baleti Üzeyir Hacibəylinin “Koroğlu” operasının ənənələrini balet janrında davam etdirir. Belə bir baletin Opera və Balet Teatrın səhnəsində tamaşaya qoyulması böyük bir hadisə olardı”, – deyə Zümrüd Dadaşzadə bildirib.