- Köşə, Manşet

Güıyaz ƏLİYEVA. Fikir toxumu əkənlər


Bəs “Əkinçi” cəlalımızdır bizim,

Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.
S.Ə.Şirvani

Milli mətbuat günü! 146 il öncə fikirlərə, zehinlərə, ictimai fikir tariximizə azadlıq, milli özünüdərk toxumu səpən bir “Əkinçi” yola çıxdı. “Əkin və ziraət xəbərləri” ilə meydana çıxan bu mətbuat orqanı beyinlərə, şüurlara milliözünüdərk toxumu səpib, onu göyərdənə kimi çox zəhmət çəkdi, çox əziyyətlərə qatlaşdı. Tarlası nə qədər əkin üçün xam və yararsız olsa da, onun torpağını şumladı, hamarladı, səbrlə daş-kəsəkdən, alaq və çayırlardan təmizləməyə, yararlı hala salmağa çalışdı. Səpdiyi toxum saf idi. Amma düşdüyü yer yararlı deyildi. Odur ki, hamısı olmasa da, tək-tək cücərməyə başladı…

Bu gün Milli Mətbuat Günüdür. Deyə bilmərəm, mənim də günümdür. Amma varlığımın hər zərrəsində o “Əkinçi”nin əkinçiliyindən, toxumundan bir zərrə var…

İnstitutun birinci kursunda oxuyarkən ilk dəfə bir yazımın qonorar sevincini yaşamışam – 6 manat 50 qəpik mənə necə əziz olub, necə qürurlandırıb.Birincici kursda oxuyarkən məni Gənclər Günü ilə əlaqədar danışmaq üçün radioya çağırmışdılar. O vaxt gənclərimizin, tələbələrimizin yaşayışından, məşğuliyyətindən və asudə vaxtlarını necə keçirmələrindən danışmalıydım. Getdim, danışdım…  Sonra bir gün tətilə – evə gedərkən mənə bir məktub gəldi. Bu ilk qonorarım idi – 6 manat 50 qəpik. Çox sevindim. Bu pul mənə əziz idi. Bu, qazanılmış manat –  mətbuatdakı zəhmətimin haqqı idi..

Qısa fasilədən sonra müəllim işlədiyim ilk ildə təyinat yerimdə bir kənd məktəbinin direktorunun məktəbə əlində “Azərbaycan müəllimi” qəzeti”ni elə bil caynağında qartal ov tutub gəlir” kimi titub gəlməsini də, mənə müraciətlə: “Sizin “Azərbaycan müəllimi” qəzetində yazınız çıxıb”, – deməsinin sevincini də heç unutmuram! Uzun bir fasilədən sonra, məktəbdən evə gələrkən telefonuma gələn mesajı – “Şuşanın dağları başı dumanlı..” adlı yazımın “İlkxəbər. org” saytında çıxmàsı xəbərini almağım da yenidən məni bir daha mətbuata bağladı. Demək, mən də özümü, qeyri-təvazökarlıq olmasın, əsası H. Zərdabi tərəfindən qoyulmuş, “müqəddəs vəzifəsi xalqa xidmət olan” qələm sahibləri, mətbuat işçiləri sırasında hiss etməyin
xoşbəxtliyi və qürürunu yaşaya bilərəm…

22 iyul Milli Mətbuat Günü! Bu bir bayram olmasa da, çox əlamətdar bir gündür! Nə qədər ruhunda H.Zərdabi, C. Məmmədquluzadə yanğısı olan Vətən, dil, xalq təəssübkeşi olan publisist varsa, onların peşə bayramıdır…

22 iyul… Azərbaycan ictimai fikir tarixində bir Günəşin doğduğu, qaranlıqların aydınlandığı, zehinlərin nurlandığı bir gündür! İllərdir, xalqını, millətini sevən əsl qələm sahibləri, düşünən beyinləri bu yola çıraq tutub, toxum səpir, milləti sabahlara aparırlar. Nə yaxşı ki, Həsən bəyin, Cəlil bəyin davamçıları olan cəsarətli qələm, söz sahibləri az da olsa, bu gün də var!
Bu günə, Həsən bəy Zərdabinin adına layiq olan hər kəsi təbrik edirik. Tanrı Həsən bəyin timsalında bütün dəyərli mətbuat xadimlərimizin ruhunu şad etsin, sağ olanlara uzun ömür, işlərində uğur nəsib etsin.
Bu gün biz onların əkdiklərinin meyvəsin yeyirik. Necə deyərlər, əkiblər yemişik…
Bəs biz necə?  Onlar kimi saf toxumlar əkə bilirikmiki? İllərin soyuğuna, qışına, çovğununa, sınağına qalıb gələ, cücərə, boy ata ki, irəlidə gələcək nəsillər də onların meyvəsini yeyə bilə?