- Köşə

Arzu ƏLİYEVA. Başlıqsız şəhər

Arzu Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin lisey bölməsinin 8-ci sinif şagirdidir. Hüquq elminə dərin marağı var. Gələcəkdə hüquqşünas olmaq istəyir, deyir ki, cəmiyyətdə haqsızlıqlara biganə qala bilmir və insanların hüquqlarını qorumaq istəyir. Ədalətin hər kəs üçün bərabər şəkildə təmin olunmasına töhfə vermək onun ümdə arzusudur. Arzu ədəbiyyatı da çox sevir və gözəl düşüncələri var. Yaşına görə çox maraqlı qələmi var. Ona uğur arzu edirik və arzularının arxasınca mətin və qətiyyətli addımlarla getməyi tövsiyə edirik.

****

Uzaq bir diyarda, xəritələrdə görünməyən, heç bir rüzgarın yol tapmadığı bir vadidə qəribə bir şəhər yerləşirdi. Bu şəhərdə insanlar yaşamırdılar; burada yalnız saatlar vardı. Onlar insan kimi hiss edər, düşünər və danışardılar. Bəziləri qədim mexaniki qurğular, digərləri isə müasir rəqəmsal panel saatları idi. Hər bir saat fərqli xarakterə malik idi: bəziləri dəqiq, sərt və nizamlı, digərləri isə unutqan, gecikən və xəyalpərəst.

Şəhərin mərkəzində yüksələn böyük bir qüllə vardı. Bu qüllədə yaşayan Köhnə Qüllə Saatı idi. O, şəhərin ağsaqqalı və rəhbəri hesab olunurdu. Hər saatın tamamında şəhərin üzərinə gur və dolğun səsi ilə zamanın hökmünü yayardı. Bütün saatlar ona tabe idi. Qüllə Saatı deyəndə ki, “12 oldu!” – şəhərin bütün saatları ona uyğunlaşar, tənzimlənər və öz səsləri ilə bu qərarı təsdiqləyərdilər. Onun dediyi saat – həqiqət demək idi. Hamı ona inanırdı.

Şəhərin bütün ritmi bu qədim saatın təqviminə bağlı idi. Saatlar gündəlik öz funksiyalarını yerinə yetirir, heç kim zamanı sorğulamırdı. Ta ki bir gün şəhərin kənarına qəribə bir saat gələnə qədər…

Bu saat Zəngsiz Saat adlanırdı. O, tamamilə fərqli idi. Onun nə əqrəbləri vardı, nə səsi. Nə tik-tak səsi çıxardır, nə də vaxtı elan edirdi. Lakin o saatın bir cazibəsi vardı: onu görəndə sanki bir anlıq vaxt dayanır, səssizlik dərinləşir, içində qəribə bir rahatlıq yaranırdı. Digər saatlar ona yaxınlaşmağa başladılar. Onu anlamaq, onun sükutunu “dinləmək” istəyirdilər. Onun səssizliyində dincəlmək maraqlı gəlmişdi.

Əvvəlcə bu maraq sadəcə təəccübdən doğurdu. Sonra heyrətə, sonra isə dərin düşüncəyə çevrildi. Bəzi saatlar öz səslərini azaltmağa başladılar. Daha az tik-tak edir, daha az zəng çalırdılar. Onlar susqunluqda nə isə eşitdiklərini iddia edirdilər: öz iç səslərinin içində “yaşamaq” demək olardı buna.

Bu dəyişiklik Qüllə Saatının gözündən yayınmadı. O, narahat oldu. “Vaxt – səsdir!” deyə o bağırdı bir gün. “Vaxt – qaydadır, dəqiqlikdir! Susqunluq xaosdur!” Ancaq şəhərdəki bəzi saatlar artıq onun səsinə əvvəlki kimi cavab vermirdilər. Onlar artıq Zəngsiz Saatın ətrafına toplaşmış, zamanın içindəki anların mənasını düşünməyə başlamışdılar.

Qüllə Saatı öz səsini artırdı. Gecələr belə saat vurmağa başladı ki, şəhər yenidən əvvəlki qaydasına qovuşsun. Amma bu dəfə onun səsi boğulmuş kimi idi. Artıq onu dinləyənlər azalmışdı. Bir çox saatlar sadəcə səssizcə oturub, öz içindəki zamanı ölçürdü, başqalarının deyil.

Bir gecə Qüllə Saatı səsini kəsdi. O, ilk dəfə dinləməyə başladı. Həmin gecə şəhərə qəribə bir sükut çökdü. Hər bir saatın içində gizli tik-tak səsləri var idi, lakin heç biri eyni deyildi. Hər saat fərqli bir zamandı. Fərqli bir ritm, fərqli bir hekayə.

Qüllə Saatı həmin gecə başa düşdü: onun illərlə yeganə həqiqət sandığı dəqiqlik, əslində müxtəlif zamana malik fərqli ruhları susdurmaq imiş. Zaman – təkcə saatların səsi ilə yox, anların səssizliyi ilə də ölçülə bilərmiş.

O gündən sonra şəhər “Başlıqsız şəhər” adlandırılmadı. Ona yeni ad verdilər: Dəqiqəarası. Çünki burada artıq insanlar yox, zamanın içindəki anlar, susqunluqla dolu dəqiqəaraları yaşayırdı…