- Köşə

Sima CƏFƏROVA. 5 yaşın mübarək, “Məclisi-üns”!

Məclisi-üns! Bu, ədəbi aləmin tanıdığı şeir, şair məclisi deyil. Bu, elə hamımızın tanıdığımız bir ünsiyyət məclisidir. Nizamnaməsi, dəmir qrup qaydaları həmişə fəaliyyətdədir. Ögey-doğmalıq yoxdur, fikir birliyi var. Mübahisə yoxdur, mükalimə var. Siyasət yoxdur, ictimai birlik var. Kökü xalqına bağlı, qəlbi ana dili ilə döyünən, ehtiram etməyi bacaran ehtirama layiq bir qrupdur “Məclisi-üns”!

Beş illik fəaliyyətində ən savadlı, mükəmməl biliyə malik, elm aləmində öz sözünü demiş, kamil Azərbaycançılar onun ocağının işığına yığıldılar. Mədəni ünsiyyət bacarığı olan, mənəvi dəyərlərı, etik qaydaları yaşam tərzinin vacibi hesab edən milli qürur sahibləri, əməli düz, amalı işıqlı insanlar bu qrupda öz yerini tapdı.Dil qaydaları, dialekt sözləşmələri, unudulmaqda olan unudulmaq istəməyən sözlər, təzyiqə məruz qalan söz və ifadələr, özünü dilimizə pərçim edib “yersiz gəldi, yerli qaç” deyən dil vahidləri müzakirəyə çıxarıldı bu qrupda. Tapmacalar tapıldı, suallar müzakirə olundu, sözlərin mənası araşdırıldı, saytların dil qüsurları təhlil edildi bu məclisdə. Görkəmli şəxsiyyətlər yada salındı, ana dili sevgisinə görə represiyaya məruz qalan qurbanların xalq sevgisi xalqa bəyan edildi. Türkologiyanın şah bydaqları ehtiram və sədaqətlə bu meydana gətirildi. Köhnə şəkillər təzə dünyamıza bəzək vurdu, ğözəl, seçmə rəsmlər zövqümüzü oxşadı, qədim-qədim xalcalar öz qədim çeşniləri ilə ruhumuzu oxşadı, milli qürur hissi bəxş etdi bizə. “Məclisi-üns” hər işində kökə söykəndi, etimologiyalar, ensiklopediyalar, toponimlərə aid lüğətlər bu qrupun bölmələrinin bilik mənbəyi — istinad yeri oldu.

Bəli, bu bir ünsiyyət məclisidir, bu məclisin yaradıcısı var: quşu gözündən vuran, gözündən tük də yayınmayan, dəqiqliyi və ədaləti ilə seçilən Vasif Sadıqlı! Tək qanadla uçmaq olmaz deyiblər; Vasif Sadıülı “Məclisi-üns” göylərində qoşa qanadlı olub həmişə: Gülyaz Əliyeva, Vüsalə Məmmədli!
“Məclisi-üns”ün qala qapıları FADMM – in digər üzvləri — Bahar Ağayeva, Fizzə Heydərova, Sima Cəfərovanın mühafizəsində rahatlıq tapıb. Onlar qrupda “süfrələr”in rəngarəng məlumatlarla zəngin olmasna çalışıblar.

Deyim ki, qrupun üzvləri də diqqət çəkən fəallıq göstəriblər. Karonada — şeirləşdilər, Mona gəldi — şeirləşdilər, qar yağdı — şeirləşdilər, sel küçələrə, evlərə qənim kəsildi — şeirləşdilər, hətta yazla payız da cəngə çıxdı “Məclis”də. Fəallıq bilməkdən, sevməkdən, dəyərləndirməkdən, özünü rahat hiss etməkdən yaranır.
Əziz dostlar, özünü “Məclisi-üns”də rahat hiss edən hörmətə layiq qrup üzvləri, bu gün sanki bir tonqal ətrafındayıq — “Məclisi-üns”ün yubiley tonqalı! Hamı deyək bir ağızdan: “Məclisi-üns”, beş yaşın mübarək!