- Köşə

Aida QASIMOVA. İmpakt faktor, yoxsa pul faktoru?

Son vaxtlar elmi dairələrdə ən çox müzakirə olunan mövzu budur. Mənə də bu barədə zənglər gəlir, məsləhətlər istənilir. Bu məqaləni yazmaqla nüfuzlu humanitar jurnallarda nəşrlə bağlı öz təcrübəmi bölüşmək istəyirəm. Məqsədim pulu olmayanın guya bu jurnallarda məqalə nəşr edə bilməyəcəyi barədə mifi dağıtmaqdır.

Bəli, bu günlərdə ən çox eşitdiyimiz söz impakt faktorlu jurnallarda nəşrin pulla əlaqələndirilməsidir. Bu, doğrudanmı, belədir? Bu barədə bir qədər sonra.

Azərbaycan aliminin dünyada tanınmaq üçün kifayət qədər potensialı var və həqiqi elmi jurnallar, birmənalı olaraq,  pulla məqalə nəşr etmir. Xərc məqalələrin dil daşıyıcısı olan redaktor tərəfindən oxunulub yoxlanmasına çıxa bilər ki, bu da çox böyük məbləğ deyil. Bəzi jurnallar isə bəyəndikləri yazını özləri redaktə edir.

Əvvəla, qeyd edim ki, nüfuzlu elmi jurnallarda nəşr olunan məqalələr böyük zəhmət bahasına başa gəlir. Bəlkə, kiminsə xüsusi talantı, istedadı var, birnəfəsə məqalə yazıb nəşr etdirə bilir? Şəxsən mən hər bir yazımın üzərində aylarla, dönə-dönə işləmişəm. Bəzən nəşr olunacaq məqalələrim təkrar iş üçün özümə qaytarılıb. Bəzən iki jurnalın rədd etdiyi yazımı üçüncü jurnal nəşr edib. Bəzi jurnallar (“Middle Eastern Literatures”) “Azəri türk” ədəbiyyatı” anlamını qəbul etmədiyindən qapılarını üzümə bağlayıb. Bəzən haqsız rəylər almışam, əsassız iddialarla üzləşmişəm. Bəzən mənim yazılarımda və proyektlərimdə şovinizm izləri (millətçilik yox, məhz şovinizm!) axtarıblar. Bəzən farsdilli mənbələrə istinad tələb edilib. Onu da qeyd edim ki, siyasi yönümlü iddia və qeydlər Azərbaycan ədəbiyyatı ilə bağlı yazılarımda olub. Ərəb ədəbiyyatı sahəsində bu cür problemlərlə üzləşməmişəm.

 Hər bir elm sahəsinin öz nüfuzlu jurnalları var. Belə jurnallarda nəşr olunmaq istər-istəməz tanınmanıza və zəhmətinizin bəhrəsinin həmkarlarınız arasında yayılmasına səbəb olur. Azərbaycan Şərqin bir parçası olduğundan, şərqşünaslıqla bağlı jurnalların çoxu bizim üçün də yararlıdır. Mənim pulla məqalə nəşrindən uzaq saydığım impakt faktorlu jurnallar aşağıdakılardır:

“Jornal of Arabic Literature” – BRİLL nəşriyyatı

“Middle Eastern Literatures” – “Taylor and Francis” nəşriyyatı

“Journal of Quranic Studies” – London Universiteti

“Middle Eastern Studies” – “Taylor and Francis” nəşriyyatı

“Arabica” – BRİLL nəşriyyatı

“Jornal of Semitic Studies” – BRİLL nəşriyyatı

“Acta Orientalia” – Macarıstan

“Archiv Orientalni” – Çexiya

“İslamic Studies” – Oksford Universiteti

“İnternational Journal of Middle Eastern Studies” – Kembric Universiteti

“Journal of İslamic Manuscripts” —  BRİLL nəşriyyatı

“Oriens” – BRİLL nəşriyyatı

“Journal of Near Estern Studies” – Çikaqo Universiteti

“Ancient Near Eastern Studies” – Peeters nəşriyyatı

“Mukaddima” – Türkiyədə nəşr olunur

Bu siyahını xeyli uzatmaq  olar.

Qeyd edim ki, BRİLL, “Taylor and Fracis” kimi nəşriyyatların  yalnız jurnalları deyil, məqalələr toplusu da SCOPUS-da indeksləşir. Yəni nüfuzlu bir konfransın materiallları ilə də SCOPUS-a, “Web of Science”ə düşmək mümkündür.

Saytlarına daxil olub diqqət yetirsəniz, yuxarıdakı jurnallarda məqalə sayının az, hər bir məqalənin isə həcmcə böyük olduğunu (ən azı 8000 söz) görərsiz. Məhz bu məqam çox vacib olub, həqiqi jurnalı pirat nəşrlərdən fərqləndirir. Azsaylı, amma iri həcmli məqalələrin hər biri qoşa anonim rəydən keçir. Hər iki rəy müsbət olarsa, məqalə nəşr olunur. Rəyin biri müsbət, digəri mənfi olduqda, üçüncü rəy həlledici olur.

Gənc tədqiqatçılara məsləhət bilərdim ki, ilk növbədə jurnalın istiqamətini öyrənsinlər. Məqalə, birmənalı olaraq, jurnalın mövzu dairəsində olmalıdır. Nüfuzlu jurnallar, adətən, çox da geniş olmayan ixtisas sahəsini əhatə edir. Əgər bir jurnalda həcmcə böyük olmayan, müxtəlif elm sahələrinə dair çoxsaylı xırda məqalələr nəşr edilirsə, deməli bu, pulla məqalə nəşr edən yırtıcı jurnaldır. Məsləhət bilərdim ki, bu jurnallardan uzaq olasız.

Vacib məqamlardan biri də məqalənin adı ilə məzmununun uyğun gəlməsidir. Belə sadə bir məsələni qeyd etməyimi üzrlü sayın: Azərbaycanda adı ilə məzmunu uyğun gəlməyən dissertasiyalar, kitablar belə var. Xaricdə buna çox diqqət yetirilir. Digər tələblər də hər bir alimin bildiyi sadə həqiqətlərdir:

Təbii ki, hər bir jurnal oxucunu cəlb edən orijinal tədqiqatlar nəşr etməkdə maraqlıdır. İlk növbədə bu cəhətə diqqət yetirilməlidir. Əgər məqalə orijinal tədqiqat deyilsə, o, anonim rəyə göndərilmədən rədd edilir.

İkinci vacib məsələ tədqiqatçının mövzu ilə bağlı elmi ədəbiyyatla tam tanışlıq nümayiş etdirməsidir. Şərqşünaslıq sahəsində, ayrıca olaraq, mənbələrlə işə böyük önəm verilir.

Üçüncü vacib məsələ məqalənin dilidir. Əgər ingilis dilinizə çox əmin deyilsinizsə, yazınızı dil daşıyıcısı olan redaktora göndərin.

Dördüncü olaraq qeyd edim ki, şərqşünaslıq sahəsində düzgün transliterasiya çox vacibdir. Transliterasiyasız məqalə anonim rəyə göndərilmədən qaytarıla bilər. Klassik Azərbaycan ədəbiyyatına dair məqalələr qarşısında da bu tələb qoyulur.

Beşincisi, jurnalın müəlliflər üçün nəzərdə tutulmuş texniki qaydalarına – footnote, ədəbiyyat siyahısının tərtibi və s. məsələlərə diqqət yetirin.

Gördüyümüz kimi, tələblər hər bir elmi əsər qarşısında qoyulan sadə tələblərdir.

İndi gələk pul məsələsinə. Bəli, bəzi zirəklər pul verib SCOPUS və  “Web of Science”də indeksləşən jurnallarda məqalələr nəşr etdirirlər. Yenə də jurnalı jurnaldan ayırmaq lazımdır:

Anonim rəyə əsaslanan (“peer review”) jurnallar məqalə nəşri üçün pul istəmir. Bu jurnallar yaxşı yazıları nəşr etməkdə özləri maraqlıdır. Ola bilər ki, kimsə məqaləsinin tərcüməsi, redaktəsi üçün pul xərcləyir, jurnalla yazışmanı və s. başqa adamlar vasitəsi ilə edir. Bu, başqa məsələdir.

Anonim rəyə əsaslanmayan yırtıcı jurnallar da lazımi siyahılara düşə bilir. Necə olur ki, belə nəşrlər indeksləşir?

Bu jurnalların bəzisi ilk vaxtlar normal nəşr olur; dar ixtisas sahəsi, səviyyəli məqalələr, bir saydakı məqalə sayının çox olmaması və s. Amma indeksləşəndən sonra “xüsusi say” adı altında bəzən yüzdən çox məqaləni yığıb birdəfəyə nəşr edirlər. Bu məqalələr içində yaxşı yazılar da olur, zəif, hətta oğurluq işlər də. Məqalələr oxunmadan nəşr edildiyindən, jurnal bu yazıları fərqləndirmir, qurunun oduna yaş da yanır. Jurnal artıq “Web of Scienc”ə, SCOPUS-a düşdüyündən, bu say da indeksləşmış hesab olunur və məqalə müəlliflərinin adı “Web of Science”də qeyd olunur. Təsəvvür edin ki, 100 və bəzən daha çox məqalənin hər birindən 1000 dollar almaqla necə böyük maxinasiyalar edilir. Və jurnal dayanmadan bu “fəaliyyətini” davam etdirir. Belə hallarda AAK kimi qurumlarda qurunu yaşdan ayırmaq üçün mütəxəssis tələb olunur. Rəyçinin, ekspertin özünün savad imkanları zəifdirsə, saxta yolla dərəcə alıb alim olubsa, o, həqiqi elmi işi oğurluq yazıdan necə ayıra bilər?

Hazırda bu cür yırtıcı jurnalları əks etdirən xüsusi siyahılar (məs., Beallın siyahısı) mövcuddur.  Süni intellekt də jurnalın yırtıcılığını dərhal bildirir. Belə jurnalları nəşr edən qurumlar akademik dairələrdə ciddi tənqidə məruz qalırlar. Amma geridə qalmış ölkələrdə bu jurnallarda nəşr olunmaqla müəyyən vəzifə, elmi dərəcə və s . qazanmaqda irəliləyiş əldə etmək olur. Bu baxımdan, impakt faktorlu jurnalda nəşr olunmağın pulla əlaqələndirilməsi, təəssüf ki, özünü doğruldur. Alimlərimiz haqlı olaraq şikayətlənir.

Bir məsələni də qeyd edim ki, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı məqalələrin nəşrinin öz çətinlikləri var. Cənublu-qərbli bəzi qonşularımızın şərqşünaslıq mərkəzlərində söz sahibi olması, sadəcə olaraq, “Azərbaycan” adının çəkilməsi ilə bağlı bir qısqanclıq doğurur. Buna görə də seçdiyiniz jurnalın redaksiya heyətinə nəzər salmağınızı məsləhət bilərdim. Digər tərəfdən, əgər bir jurnal mütəmadi olaraq yazılarınızı rədd edirsə, bir daha ora məqalə göndərməyin.

Azərbaycan ədəbiyyatının dünyaya çıxmaq imkanları böyükdür. Kaş ki Sabiri, Cavidi, Natəvanı, Mirzə Cəlili və bir çox başqa sənətkarlarımızı dünyaya tanıdan tədqiqatçılarımız olaydı.