Bacaya qoyublar dəmir qəfəsi,
Baxsam öldürərlər, baxmasam, ölləm…
(Qaracaoğlan)
Düşünürəm ki, düşündüyümü desəm, öldürərlər, deməsəm, ölləm. Yenə də topa tutacaqlar, dildə olmasa belə, düşüncələrində topa tutacaqlar, “guya milli düşüncəyə malikdir” deyəcəklər ürəklərində. Amma vallah eləyəm, guya yox, həqiqətən, eləyəm. Dözmək olmur olanlara. İllərdir yazıram bu haqda, həm də ürək ağrısı ilə. Ayrı-ayrılıqda xırda görünən məqamları, hadisələri pazl kimi yığıb yerinə yerləşdirsək, 31 oktyabrda ölkəmizdə təntənəylə qeyd olunan Helloven kimi qorxunc bir mənzərə çıxar meydana. Nəyi qorxuncdur? – soruşsanız, belə məsləhət vermək kimi olmasın, cavabını da özünüz axtarıb tapmağa çalışmağınızı tövsiyə edərəm.
Sİ deyir ki, bu söz qədim ingilis dilindəki “All Hallows’ Eve” (Bütün müqəddəslərin ərəfəsi) ifadəsindən yaranıb və zamanla qısalaraq indiki halını alıb. Bəs bütün müqəddəslərin ərəfəsi belə – əcaib olarmı?
Bilirəm ki, əgər baxmağı bacarsan, ən pis şeyin içində bir gözəllik görərsən. Hz. İsanın ölmüş və iylənmiş itin cəsədində gördüyü və dediyi “baxın, dişləri nə qədər bəyazdır, sədəf kimi parıldayır” ifadəsi çoxlarına məlumdur. Bu fikrin tərəfdarıyam, pislikdə gözəllik görmək gözəldir, amma bu hər pislikdə də olmur axı. Bəlkə də, bu Helloven deyilən bayramın da bir yaxşı tərəfi var, biz görmürük? Gördüyümüz ancaq əcinnə, ifritə, kabus, üz-gözü qana boyanmış məxluqlardır axı!
Bir neçə il əvvəl haqqında yazdığım, Avropadan əxz etməyə cidd-cəhdlə çalışdığımız Helloven cadugərlər bayramının ildən-ilə ölkəmizdə təntənəli bayrama çevrildiyinin şahidi olduqca içim sızıldayır. İnsanların, xüsusən ziyalıların bu bayramın keçirilməsinə müsbət münasibətlərini gördükcə ağlamağım gəlir. İnternetin verdiyi məlumatları, şəkilləri əsas tutaraq, bu bayramın neçə yüz illər bundan əvvəl xristianların bayramı olduğunu, mahiyyətini dəyişərək bu günə gəlib çıxdığını deyə bilərik. Dindar deyiləm, dinsiz də deyiləm, ancaq bir müsəlman ölkəsi üçün mütləqdirmi xristianların bayramlarını belə bağrımıza basıb qucaqlayaq, sanki dədə-babadan bizim bayramımız olubmuş kimi keçirək? Bu qədərmi ac-yalavac qalmışıq əyləncəyə, bayrama? Deyəcəklər ki, Yeni il də, Novruz bayramı da bizə məxsus deyil. Bəlkə də, zamanında bizim Hellovenə etdiyimiz etirazlardan o bayramlara da ediblər. Ancaq biz indidən, bu gündən danışaq. Həm də o bayramlar bizim olmasa belə (Novruz bayramı haqda bunu düşünmürəm), onların bizə uyğun olan bir mahiyyəti var. Yeni ili təqvim dəyişimi kimi qəbul edərək qeyd edirik. Düzünü desəm, bu bayramı da biz daha əvvəlki kimi sevinclə, fərəhlə, Şaxta babanın şirin yalanlarına inanaraq keçirmirik, ancaq bu bayrama qarşı da çıxmıram.
Novruz bayramı isə gözəlliklərlə dolu bayramdır. O gözəllikləri saymağa ehtiyac yoxdur, çünki hər kəs bilir. Qapı-qapı düşüb pay yığmağa isə dilənçilik kimi baxanlara deyə bilərəm ki, dilənçilik kimi deyil, bayramlaşma, bölüşmə kimi baxılıb hər zaman, heç kəsə dilənçilik kimi görünməyib. İndi zaman dəyişib, vəziyyət çətinləşib deyə, çoxumuzun acığına gəlir bu məqam və illərdir ki, pay yığma, papaq atma, şal sallama kimi bir zamanlar adət-ənənəyə çevrilən həmin proseslər də əvvəlki kimi yayğın deyil. Bir məqamı da qeyd edim ki, Hellovenin bizdə hələ ki, görünməyən tərəfi də varmış: Novruz bayramında olduğu kimi, bu bayramda da torba götürüb pay istəmək, fala baxmaq, odla bağlı məqamlar varmış. Əvvəla, bu məqamlar bizdə təşkil olunan Hellovendə görünmür, digər tərəfdən isə görünməsi heç lazım da deyil, Novruzumuz varkən Hellovenin Novruzuna nə gərək var?
Aşağıda qoyduğum şəkillərə və yazılara baxdıqca nə qədər mahiyyətsiz bir bayramı özününküləşdirməyə cəhd etdiyimizi görəcəksiniz və təəssüf ki, razılaşmayanlar çox olacaq. Hər şeyə əyləncə kimi baxıb mənəviyyatımızı Avropanın pislikləri ilə korlamaqdansa, yaxşı məqamlarını götürüb zənginləşdirmək daha yaxşı olmazmı? Axı bu bayram məktəblərdə, bağçalarda, liseylərdə niyə qeyd olunmalıdır? Nə götürdülər, yaxşı nə qazandılar bu bayramla?
Gecə saat 1-i keçirdi, Tik-Tok platformasına baxanda (bəzən maraq üçün, mövzu üçün baxıram o vaxtlar, bilirəm ki, sualı verənlər ola bilər, cavabını sualdan əvvəl yazıram) insan seli (sözün şişirdilməmiş mənasında) gördüm, həm də canlı yayın idi. Bir anlıq nəsə pis hadisə baş verdiyini düşündüm, ürəyim çırpınmağa başladı, çünki nə olduğunu anlaya bilmirdim, rəylərdə verilən suallardan və canlı açanın cavablarından məlum oldu ki, “Halloween”i qeyd edir bu insan KÜT-ləsi. Deməyə, yazmağa söz tapa bilmədim. Cavabsız qalan suallar var: niyə buna göz yumurlar? Özlərinin istəmədiyi hər şeyə qadağa qoya bilənlər niyə bu “cadılığa, ifritəliyə” yox demək, qadağa qoymaq əvəzinə, belə geniş şəkil almasına göz yumur, hətta şərait yaradırlar? Niyə bizi özümüzdən, mənəviyyatımızdan, kimliyimizdən uzaqlaşdırmağa çalışırlar?
Hellovenmiş… Cadugərlər, ifritələr, əcinnələr, balqabaqlar və daha nələr, nələr…
Bu yerdə Parisi partlatmaq üçün cinləri, əcinnələri, ifritələri köməyə çağıran dərviş Məstəli şah yadıma düşdü:
Dəğdəğəha fətəndi,
Tübbəl kəra – kərəndi,
Tübbəl kümu-kümuhə,
Biyəndi, yəndi, yəndi…
Baxın, baxın, yaxşı baxın… Susun, susun, yaxşı susun!..










