1976-ci ilin iyul ayının son günləridir. Gözlərimi zəifliyinə görə müayinə edən həkim deyir, sağ gözümdə keratokonus var, müalicəsi mümkün deyil, əlac linza qoydurmağa qalıb. Bakıda belə linzaların istehsalı-filan yoxdur, məsləhət görür Moskvada Gelqolms adına göz xəstəlikləri tədqiqat institutuna gedək.
Qasım müəllimlə Moskvaya yola düşürük.
Moskvada həmin instituta getməzdən əvvəl Qasım müəllim düşünür, SSRİ Yazıçılar İttifaqının xahiş-dəstək məktubu olsa mənə yaxşı baxarlar. Elə də olur. İttifaqın göndəriş məktubunu oxuyan institutun direktor müavini, milliyyətcə erməni müayinəmi özü aparır, Bakıda qoyulan diaqnozu təsdiq edir, deyir ertəsi gün gələk, linza hazır olacaq, mənə başa salacaqlar linzanı gözümə necə taxıb gəzdirməliyəm.
Linza məsələsini ödənişsiz-filan beləcə rahatlıqla həll edirik. Moskvada xeyli vaxtımız var, Qasım müəllim bir neçə gün də qalıb Lenin adına mərkəzi kitabxanada işləməyi qərarlaşdırır.
Mən isə düşünürəm, gedib komsomolun mərkəzi komitəsinə baş çəkim, onlara Azərbaycan komsomolunun mərkəzi komitəsindən şikayətimi çatdırım.
Deməli, Artekə göndəriləcək ərəb dili üzrə tərcüməçilərin siyahısında ola-ola bizim respublika komsomol məsulları məni çıxarıb yerimə birinci kurs tələbəsini salıblar. Həmin tələbənin atası Azərbaycanda çox tanınmış, ötkəmliyi ilə ad çıxarmış bir akademikdir. Oğlunun gec də olsa siyahıya salınmasını xahiş edibmiş. Siyahıda tək məni “adamsız” bilib ixtisara salıbmışlar. Bakıda nə illah çalışıram yerli komsomol rəhbərliyini ədalətə dəvət edim, alınmır. Ərizə də yazıram, deyirlər, “baxarıq”. Bilirəm, vaxt da artıq keçib, gecdir, məni sadəcə, necə deyərlər, yola verirlər. Əllərindən yanıqlıyam, şikayətimi onların tabe olduqlarına çatdırmalıyam.
Moskvada komsomolun mərkəzi komitəsində Aleksandr isimli bir məsul şəxs məni nəzakətlə dinləyir. Birdən soruşur, Farikin qardaşı deyiləmmi? Qardaşım Fəxrəddini deyirmiş. Təsdiqləyirəm. Onunla Suriyada 1973-cü ilin oktyabrında İsrail-ərəb müharibəsi zamanı birgə işləyibmişlər. Diməşq bombalananda Fəxrəddinin hünərli davranışları Aleksandrın yaddaşında dərin iz buraxıbmış, ondan ağız dolusu danışır.
Dostluqları çox ağır sınaqlardan keçibmiş.
O zaman bütün ailəmiz sarsıntı içində həmin müharibəni izləyir, Fəxrəddin sarıdan narahat idik. Yazdığı bir məktubdan sonra narahatlığımız xeyli artmışdı. “Hələ ki, sağam” sözləri ilə başlayan məktubu Qasım müəllimi sarsırmış, bu başlıqda belə bir şeir yazmağa vadar etmişdi:
Məktubun başlayır: “hələ ki, sağam.
Hələlik səbr edin, hələlik dözün”.
Gör necə möhkəməm, yıxılmaz dağam –
Uçurub tökmədi məni bu sözün.
Gör necə natərəs, üzübərk daşam –
Sənin bu sözündən toza dönmədim.
Necə nəhs çırağam, necə hisli şam –
Sənin bu sözündən qəfil sönmədim.
Necə toza dönüm, necə sönüm mən,
Qalmısan qürbətdə əli uzalı.
Gücsüzəm, deyirəm, oğul, səsimdən
Bəlkə bircə anlıq dərdin azalı.
Gətirir vətənə telefon səni,
Sehirli görüşə çatırıq asan.
Uduram qəhərli, xoş nəfəsini,
Özünlə, sözünlə lap yanımdasan.
Ah, yenə xəyaltək uçdun haraya,
Dənizlər, səhralar düşdü araya…
Səs yetir, əl çatmır, qurbanın olum,
Getmir, qulağımdan harayın, oğlum!
Ora yağan mərmi yağır başıma,
Sənsizəm – özümdən, evdən qaçağam.
Uçrumlu dərələr çıxır qarşıma.
Sorursan necəyəm?
-Hələ ki, sağam…
Aleksandr məni mərkəzi komitədə xarici əlaqələrə məsul qurum olan Gənclər təşkilatları komitəsinə (rusların qısaca KMO adlandırdığı təşkilat) göndərir. Orada ərəb ölkələri şöbəsinin Dubina familiyalı müdiri dil biliyimi yoxlamaq üçün qarşıma ərəb jurnallarından birini qoyur, jurnaldan hər hansı bir mətni seçib oxumağımı, şifahi tərcüməsini tapşırır. Oxuyuram, tərcümə edirəm, tələffüzümdən, tərcüməmdən razıdır. Məni Cənubi Yəmənin bir rəsmisinə təhkim edəcəklərini, Yesentukinin məşhur “Moskva” sanatoriyasında bir aya yaxın onunla birgə istirahətdə olacağımızı deyir.
Yay ayında göydəndüşmə təklifdir: dil təcrübəsi, hər günüm üçün qonorar və əla istirahət.
Qasım müəllim fərasətimdən məmnun görünür. Deyirəm, Moskvada ikən gedək başqa bir məsələni də birgə həll edək.
Sovet paytaxtında təhsil almaq çoxdanki arzumdu, vaxtilə könlümdən Moskva beynəlxalq münasibətlər institutunda oxumaq keçirdi, azərbaycan dilli məktəbi bitirmişdim deyə baş tuta bilməzdi. İndi isə universitetimizin rus bölməsində oxuyuram, düşünürəm ixtisasım üzrə Bakıdakı şərqşünaslıq fakültəsindən ən azı Asiya və Afrika ölkələri institutuna köçürülmək heç də çətin olmaz. Qasım müəllimə bu təhsil planımı açıqlayıram. Razılaşır:
– Alınsa, pis olmaz.
Hazırlaşırıq gedib institutun rəhbərliyi ilə danışaq. Qaldığımız “Moskva” otelində M.F.Axundov irsinin tanınmış tədqiqatçısı, Q.Qasımzadənin Azərbaycan EA Ədəbiyyat institutunda iş yoldaşı Nadir Məmmədovla rastlaşırıq. O da bizə qoşulmaq istəyir. Yol boyu mənimlə söhbətləşir, gələcək planlarımı, harada işləmək imkanlarını müzakirə edirik. Həyat yoldaşı rusdur. Birdən mənə məsləhət edir, rus qızı ilə evlənim, həyatımı, karyeramı Moskvada qurum və s. Onun bu məsləhətini ciddiyə almadan gülümsəyirəm, Qasım müəllim danışığımızı eşidir, söhbətimizə qarışmır.
Asiya və Afrika institutunun prorektoru ilə görüşürük, Azərbaycanın iki ədəbiyyat xadimini, məni də onların yanında ehtiramla qəbul edir. İstəyimi ona çatdırırlar. Prorektor dərslərimlə bağlı məni sorğu-suala tutur, ətraflı danışıram, əlaçı olmağımı da deyirəm. Üzünü Qasım müəllimə tutub:
– Əlbəttə, belə tələbəni institutumuza məmnuniyyətlə qəbul edərik. Amma Moskvada qeydiyyatı olmadığına görə paytaxtda işlə təmin oluna bilməyəcək.
Söhbətə müdaxilə edirəm:
– Məni qəbul etsəniz, institutu bitirəndən sonra hökmən Bakıya qayıdacağam.
– Çox yaxşı, elə isə Azərbaycanın təhsil nazirliyindən bir məktub təqdim edin, köçürülməni təmin edək, son iki ilini bizdə oxuyarsan.
Kefim kökdür. Deməli, çoxdankı arzum baş tutacaq, deyəsən.
Bir həftədən sonra hökumət hesabına istirahət edəcək, üstəlik qonorar alacağam, sentyabrda Moskvada təhsilimə başlamazdan öncə istirahətdə yəmənli ərəblə danışıq dilim bir az da cilalanacaq və s.
Qasım müəllimə möhkəm-möhkəm tapşırıram məktub məsələsini Bakıya çatantək dərhal həll etsin. Özüm hələlik Moskvada qalıb həmin ərəbin gəlişini gözləməliyəm.
Qasım müəllimi Bakıya yola salıram. KMO məni sərəncamlarında olan “Yunost” otelinə yerləşdirir.
Yəmənli ərəb gəlir. Birlikdə Yessentukiyə yollanırıq. Təyyarə meydanında bizi yerli hakimiyyət orqanlarının nümayəndələri qarşılayırlar. Əvvəl-əvvəl diqqətləri, hörmət-ehtiram jestləri mənədir, elə bilirlər, xarici vətəndaş mənəm, yanımdakı cılız cüssəsli ərəb deyil. Sonra diqqətlərini ona da yönəldib nəzakətlə istəklərini, hansı proqramla istirahətə, müalicəyə önəm verdiyini soruşurlar. Ümiumilikdə isə, adi tərcüməçi olsam də bizi fərqləndirməyi düşünmürlər. Bilirəm, bu yerli protokol Moskvadan göndərildiyimə görədir.
Xülasə, Yessentukinin “Moskva” sanatoriyasında hökumət rəsmiləri üçün tərtib edilən istirahət-müalicə proqramından tam həcmdə faydalanaraq çox gözəl günlər keçiririk. Kislovodsk, Pyatiqorsk (Lermontovun olduğu yerlər), Nalçikə ekskursiyalara gedir, kanat xətti ilə Elbrus dağına qalxır, gözəl təbiət guşələrində məclislər qurur, Narzan, Yessentuki sularından içir, həkim nəzarəti altında idman edirik…
Mütaliəmdən də qalmıram.
Jak Dyuklonun ruscaya tərcümə edilmiş “Bakunin və Marks: kölgə və işıq” əsərini oxuyuram. Kitabdan bəzi parçaları qeyd dəftərimə köçürmüşəm. İndi həmin parçalara baxıram, sanki bu günlər üçün qələmə alınıb. Əsərdə Mixail Bakuninin Rusiya çarına məhbəsdən yazdığı «Исповедь» məktubu tam həcmdə dərc edilib. Məktubdan qeyd dəftərimə köçürdüyüm sitat hazırda Ukraynaya Rusiya təcavüzünün ideoloji fonunda çox aktual səslənir. Sitatı dilimizə tərcümədə təqdim edirəm:
“…Mən özümə də bu sualı verirdim: Rusiyanın ərazi işğallarından qazancı nədir? Əgər dünyanın tam yarısı Rusiyaya ram olsa, ölkə daha xoşbəxt, daha azad, daha zənginmi olar?… Fəqət rus, daha doğrusu, velikorus milliyyəti bütün dünyanın milliyyətinəmi çevrilməlidir, yaxud çevrilə bilərmi? Qərbi Avropa ruhən və qəlbən nə zamansa rus dilli ola bilərmi? Bütün slavyan tayfaları necə, rusa çevrilə bilərmi? Axı nəyə görə kimlərsə öz dilini unutmalıdır? Heç kiçik Rusiyanın (ruscada Malorossiya, yəni rus imperiyasının Ukrayna ərazisindəki Kiyev, Poltava, Çerniqov, Çerkas vilyayətlərinə aid işlətdiyi coğrafi ad – N.Q.) özü belə öz dilini unutmamışdır. Başqaları öz ədəbiyyatı, doğma maarifi, isti evini ona görəmi unutsunlar ki, özlərini tamamilə itirsinlər də, Puşkinin təbirincə, “rus dənizinə qarışsınlar”? Belə məcburi assimilyasidan onların qazancı nə olacaq, Rusiyanın qazancı nə? Onlarınkı Belorusiyanın uzun müqddət Polşa təbəəliyi nəticəsində əldə etdiyi olacaq: xalqın tamamən tükənməsi, kütləşməsi. Bəs Rusiya? Rusiya bu nəhayətsiz, çoxşaxəli, mürəkkəb, məcburi mərkəzləşdirmənin bütün ağırlığını öz çiyinlərində daşımalı olacaq. Rusiya necə ki, hazırda polyaklara mənfurdur, eləcə də bütün digər slavyanların nifrət etdiyi ölkəyə çevriləcək” (Жак Дюкло, «Бакунин и Маркс. Тень и свет», Москва, изд. «Прогресс», 1975, стр 388).

“Qərb gəncliyinin həyəcanları” (Януш Яницкий, «Тревоги молодежи Запада», Москва, изд-во «Прогресс», 1976), “Kuba povesti – üç povest” («Кубинская повесть – три повести», Москва, изд-во «Прогресс», 1976), “1776-cı ilin 4 iyulu” (Олга Степанова, «4 июля 1776», Москва, изд-во «молодая Гвардия», 1976) kitabları da sanatoriyada oxuduqlarımın sırasında.
Mənim təhkim edildiyim yəmənli ərəbin stolüstü kitabları isə Leninin “Seçimiş əsərləri”, “Sovet İtifaqı kommunist partiyasının tarixi”dir. Zalım sovetlərin xalis fanatı imiş. Ara bir axşamlar özünə araq süzə-süzə hər dəfə məni əyləndirircəsinə elə hey deyir:
– hə:zihi-l-vudkə nazı:fə kə-n-nazariyyəti-l-mərkisiyyə va qavıyyə kə-s-sultatı-s-su:fyi:tiyyə (yəni “bu araq Marksizm nəzəriyyəsi kimi təmiz, sovet hakimiyyəti kimi qüvvətlidir).
Evə məktublarımda Qasım müəllimdən təkidlə soruşuram, məktub məsələsi necə oldu. Cavab vermir ki, vermir… İstirahətimin sonuna yaxın özüm üçün aydınlaşdırıram, Moskvada oxumağımı istəmir. Görəsən niyə? Nədir səbəb? Danışdıq axı. Kiməsə söz verib yerinə yetirmədiyini də olmayıb heç. Hələ öz övladına vədi bir yana.
Ərəb rəsmisini Moskvadan yola salıb ovqatım təlx qayıdıram Bakıya. Evdə Qasım müəllimi istintaqa çəkirəm:
– Axı niyə karyera inkişafıma maneəni başqası yox, məhz sən törədirsən, – deyə onu incik halda qınağa tuturam.
Pərt-pərt gülümsəyir:
– Bakı, ya Moskva, nə fərqi. Müəllimin Ələsgər Məmmədov da Bakı şərqşünaslıq məktəbinin Moskvadakından daha güclü olduğunu deyir.
Əlbəttə, heç cür qane ola bilmirəm. Az sonra məsələnin nə yerdə olduğu mənə çatır. Nadir müəllimin mənə rus qızı ilə evlənmək təklifi Qasım müəllimi narahat edirmiş, düşünürmüş, dünyanın işini bilmək olmaz, Moskvada bir rus qızına vurular, onunla evlənər, qalar oralarda. Bir zaman övladlarını niyə rus məktəbində deyil, Azərbaycan məktəbində oxutdurduğunu dostlarından birinə belə əsaslandırmışdı ki, ölkəni bürüyən ruslaşmannın rus dili vasitəsilə onun evinə girməyini heç istəməz. İndi isə onun dərdini çəkirmiş ki, evinin içinə təkcə rus dili yox, rusun özü də girə bilər. Hərçənd dərindən yanılırdı. Ailə həyatımı başqa milliyyətdən olanla təsəvvürümə gətirmirdim heç. Çox sonralar məhz həmin ovqatımı ifadə edərək Mayakovskiyə bənzətmə üslubunda rusca zarafatyana bu sətirləri yazacaqdım:
Да будь я влюбленным преклонных годов
Я бы осчастливил лишь Ханпери.
Так, на то и есть родины зов
Любить тех, чей говор по-азери.
… Qasım müəllimə deyə bilmirəm, sənin bu ziddiyyətli əhvalını necə başa düşüm. Həm milliyyətçiliyimdən ehtiyat edirsən ki, hökumət dairələri məni qara siyahıya salar, xaricə-filan çıxışlarıma qadağa qoyar, həm də ağlından keçirmiş birdən evimizə rus gəlini gətirərəm.







