Misirin İslam İşləri üzrə Ali Şurasının Xarici Əlaqələr Mərkəzi seminar keçirib.
Seminarda, Misir–Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov məruzə ilə çıxış edib. O, beynəlxalq münasibətlərlə bağlı bir sıra məsələlərə, dövlətlər, xalqlar arasında qarşılıqlı əlaqələrin əsas xüsusiyyətlərinə toxunaraq vurğulayıb ki, dialoq, qarşılıqlı anlaşma və birgə əməkdaşlığa əsaslanan millətlərarası əlaqələrin qurulmasında siyasi və mədəni kontekstlərin düzgün anlaşılması mühüm amildir.
Tədqiqatçı-alim Mərkəzin əməkdaşlarının beynəlxalq məsələlərə dair məlumatlarının artırılmasının, dövlətlərarası münasibətlərin mahiyyəti haqqında biliklərinin dərinləşdirilməsinin, regional və beynəlxalq problemlərin müxtəlif aspektlərinin əhatəli şəkildə öyrənilməsinin vacibliyini qeyd edib. O bildirilib ki, bu istiqamətdə fəaliyyət qlobal yeniliklərə bilik və obyektiv təhlilə əsaslanan şüurlu yanaşma ilə münasibət bildirmək bacarığını gücləndirir. Eyni zamanda, tədqiqatçı-alim mədəni ünsiyyətin cəmiyyətlər arasında anlaşma körpülərinin qurulmasında, xalqlar arasında dostluq və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Seminarda Xarici Əlaqələr Mərkəzinin rəhbəri doktor Cəlal Ğanim, İslam Əlaqələri üzrə Baş idarənin direktoru doktor Məhəmməd Əmin Sultan, xaricdəki İslam mərkəzləri üzrə Baş idarənin direktoru doktor Əymən Əbu əl-Fütuh, eləcə də Mərkəzin əməkdaşları iştirak ediblər.
Alimin çıxışı yerli media, eləcə də Misirin Vəqflər Nazirliyinin və İslam İşləri üzrə Ali Şuranın veb-saytlarında dərc olunub.










