Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq,
Artar bizə yüz mərtəbə odlarına yanmaq.
Mən aşiqəm, ey gül sən, olmaz bunu danmaq,
Ölən günədək eyləməzəm səndən usanmaq,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Allaha şükür, lalə yanağında eyib yox,
Dişində, dəhanındə, dodağmda eyib yox…
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Qaşında, gözündə, qabağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Mən ha sənin ol məh üzünü görmüşəm yüz yol,
Ox kirpiyini, şux gözünü görmüşəm yüz yol,
Həm yoldaşını, həm özünü görmüşəm yüz yol,
Şəkkər kimi şirin sözünü görmüşəm yüz yol,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Mən xud deyiləm bədnəzər, ey gözləri şəhla,
Məndən üzünü yaşınsan sən elə bica.
Qoysan, eləyim üzünə doyunca tamaşa,
Öldürdün axır, məndə ki* can qalmadı əsla,
Dəxi nə yaşınmaq, nə burünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Qeyridən əgər ki, edəsən sən bu hicabı,
Billəm ki, sözündür vəli məqbulu hesabı,
Yoxsa məni görcək, üzünə çəkmə niqabı,
Gəl, tanrı üçün, Vaqifə çox vermə əzabı,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!








