Cahiliyyət dövrü poeziyasında məşhur şairlərdən biri Ləbid ibn Rəbiə ( بن ربيعة لبيد ) idi. Ləbid uzun ömür sürmüş, həm cahiliyyətdə yaşamış, sonradan İslamı qəbul etmişdir. Ləbid müəlləqə müəllifidir. Aida Qasımovanın ali məktəb tələbələri üçün hazırladığı “ Ərəb ədəbiyyatı tarixi V – VIII əsrlər” dərsliyində Ləbidin həyat və yaradıcılığı haqqında geniş məlumat verir və şeirlərindən tərcümələr təqdim edir.
Ləbidin mənsub olduğu Bənu Amir qəbiləsi öz şairləri ilə tanınırdı. Şair Ləbidin qadın qohumu Fatimə binti Hizam da ərəb-müsəlman ədəbiyyatı tarixinə şair qadın kimi düşmüşdür. Fatimə binti Hizam şair Ləbidin qardaşı nəvəsi olmaqla yanaşı, Kərbəla faciəsində şəhid olan Həzrət Abbasın anasıdır və Ümmülbənin, yəni “oğullar anası” ləqəbi ilə tanınır.
İmam Əli əleyhissalamın Ümmülbəninlə evlilik tarixçəsi belədir: “Umdətut- Talib” əsərinə görə, Həzrət Əli ənsab (soybilimi) elminin bilicisi olan qardaşı Əqilə ona elə bir nəsildən qadın tapmasını xahiş edir ki, ondan şücaətli övladları olsun. Əqil də ona Bənu Amir qəbiləsindən Ümmülbənini seçdi. Çünki onun qəbiləsi ərəblər arasında döyüşkənliyi və hünəri ilə ad qazanmışdı. Ümmülbənin adı Fatimənin ulu nənəsinin adı idi. Belə ki, şair Ləbid Hirə hökmdarı Numan ibn Munzirin hüzurunda belə bir şeir oxumuşdu:
نحن بني أم البنين ألأربعة
ألضاربون الهام تحت الخيضعة
و المطعمون الجفنة المدعدعة
و نحن خير عامر بن صعصعة
Biz – Ümmülbənin dörd oğlu
Dəbilqələr altındakı başlara zərbələr endirənlər,
Dolu-dolu qazanlarla yemək yedirənlərik.
Biz Səsəə oğlu Amirin (Bəni Amir qəbiləsinin) ən yaxşısıyıq.
Şeirdən göründüyü kimi, cahiliyyət dövründə ərəblərin öyündüyü iki əsas xüsusiyyətləri vardı: igidlik və səxavət. Ləbid də hökmdara öz qövmünün bu üstün keyfiyyətlərini təqdim edir. Şeirdə şair qəbiləsini nənəsinin adı ilə tanıtdırır.
İkinci misrada şair Bənu Amirdən nizə oynadan Əbul Bərranı nəzərdə tutur, igidlikdə ərəblər arasında ona tay olan yox idi. Tufeyl “Qərzəl” adlı atı ilə, oğlu Amir isə “Mərzuq “ la döyüşə atılırdı.
Fatimə binti Hizama gəlincə onu atası Əqilin elçliliyi ilə İmam Əlinin evinə gəlin köçürmüşdü. Fatimə binti Hizam zifaf gecəsi yoldaşına onu adı ilə deyil, Ümmülbənin, yəni “övladların anası” kimi çağırmağı xahiş edir. Çünki Fatimə onun övladları Həsənlə Hüseynin də anasının adı idi və bu ad onlara analarını xatırlayaraq qəlblərinə dəyə bilərdi. Fatimə ilə Əlinin evliliyindən dörd oğul – Abbas, Cəfər, Ovn, Osman dünyaya gəlir.
Ümmülbəninə İmam Əli vəfat etdikdən sonra çoxlu evlilik təklifləri gəlsə də, ailə qurmur.
İmam Hüseyn Mədinədən Kərbəlaya gələrkən həmin 4 qardaşı da onu müşayiət edir.
Aşura günü Ümmülbəninin dörd oğlu qardaşına sadiq qalaraq onu tərk etmirlər. Hətta bəzi məqtəllərin qeyd etdiyinə görə, əks tərəfin cinah başçısı Şimr ibn Zilcövşən Abbasa məktub göndərərək, anası Fatimə binti Hizamla ilə qəbilə qohumıuğunu əsas gətirərək: ”Sən bizim bacımızın oğlusan, gəl bizim tərəfə keç” – təklifini göndərir. Məktubu oxuyan kimi Abbas onu cırıb atır.
Kərbəlada 4 oğlunu qurban verən Fatimənin ədəbiyyat tarixində iki şeiri qalmışdır. O, bu şeirləri Aşura günündən sonra söyləmişdir:
“ Məni artıq Ümmülbənin (oğullar anası) çağırmayın.
Bu ad mənə meşə şirləri kimi igid olan oğullarımı xatırladır.
Oğlanlarım olduğu üçün mən bu adla çağrılardım.
Bu gün isə elə bir hala düşmüşəm ki, heç bir oğlum qalmayıb.
Yüksəklik qartallarına bənzəyən dörd oğlum
Şah damarları kəsilərək ölümə qovuşdular.
Düşmən nizələri onların pak bədənlərini parçaladı.
Hər biri qanına qəltan halda torpaq üzərinə sərildi.
Kaş biləydim, mənə xəbər verdikləri doğrudurmu?
Abbasın sağ qolu bədənindən ayrılıb?”
Dörd övladı Kərbəlada şəhid olan Həzrəti Ümmülbənin şeirində onun ilk övladı Abbas xüsusi vurğulanır:
Ey qorxaq düşmən qoşununun üzərinə şığıyan Abbası görənlər!
Onun arxasında Heydərin digər şir ürəkli oğulları da var idi.
Mənə xəbər verdilər ki, oğlum (Abbas) qolları kəsildikdən sonra başından yaralanıb.
Vay mənim aslan balamın halına! Başına dəyən ağır əmud zərbəsi onu atdan yerə yıxdı.
Əgər sənin qılıncın əlində olsaydı, heç kim sənə yaxın düşə bilməzdi.









