- Ədəbiyyat

Hanı meyvə, hanı gül?!.

Qar – papağı, meşə – donu, düz – ətəyi, çay – səsi,
Süzülübdür çəmən üstə bülbüllərin qanı – gül,
Söz tapılmır gözəlliyi yetərincə öyəsi,
İçi büllur çeşmələrin sağı, solu, önü gül.

Laləyə bax, qızıl tacı sanki yanar köz kimi,
Şahzadədir, cilvələnir təravətli yaz kimi,
Tər çiçəklər ətrafında qırx incəbel qız kimi,
Ləbbadəsi yaşıl atlaz, əlvan rəngli donu gül.

Gecə düşər, yaxın gələr şırıl-şırıl çay səsi,
Səhərəcən pıçıldayar həzin bir eşq nəğməsi,
Səma xalça – nur çiləyər hər közərən ilməsi,
İşıq saçan naxışların biri buta, mini gül.

Fikr-xəyal ürəklərdə arzu, ümid becərər,
Dən arzular, dən ümidlər ürkək-ürkək cücərər,
Kimi könül bağçasından meyvə, kimi gül dərər,
Kimisi də hey gözləyər: hanı meyvə, hanı gül?..

İmarət Cəlilqızı