Bu yaxınlarda Azərbaycan elmi ictimaiyyəti dəyərli əruzşünas alim, professor Tərlan Quliyevi itirdi. Tərlan Quliyev dünya şöhrətli alim Əkrəm Cəfərin tələbəsi kimi onun yolunu davam etdirən, poetika elmində dəyərli tədqiqatları ilə seçilən bir telm adamı və pedaqoq olub. Diqqətimi cəlb edən belə bir alimin xidmətlərinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməməsi oldu. Bu yazıda alim zəhmətinin dəyərləndirilməsi prosesini ilk növbədə özüm üçün və oxucular üçün açıqlamaq istəyirəm. Prosesin texnologiyasını araşdırdıqda qərara gəldim ki, dövlətimizdən yox, aşağılardakı gəmirici məmurlardan inciməliyik.
Tutaq ki, A universitetinin yubileyidir. Universitet üzrə professor-müəllim heyətinin təltif edilməsi nəzərdə tutulur. B kafedrasının müdiri ətrafına dörd-beş “öz adamını” yığıb illərdir kreslosunda oturub. O, kafedrasında həmin dörd-beş nəfərdən başqa heç kimi görmür. Nəticədə, təqdimatlarda təltiflər də “öz adamlarına” yazılıb rektorluğa göndərilir. Rektorluq da yuxarı dairələrə və s. Əgər B kafedrasında 3 nəfər dəyərli alim-pedaqoq unudulubsa, onların dövlətdən incimək haqqı varmı? Əlbəttə, yox!
Əgər vəziyyət bu qədər acınacaqlıdırsa, nə etmək olar? Öz təcrübəmə qayıdıram. 2019-cu ilə qədər heç bir xidmətim nəzərə alınmayıb. Allah yerini behişt eləsin, kafedra müdirim mənə bir dəfə “Sən mənim diapazonuma girə biləməzsən!” deyərək “əlini üz” mesajı vermişdi. Mən də üz tutdum xarici ölkələrə, qrantlar, mükafatlar uddum, nüfuzlu jurnallara yol açdım. Sonra nə oldu? Rektorluq tərəfindən “İlin alimi” müsabiqəsi keçirildi. Sənədləri təqdim etmənin axırıncı günü kafedrada oturmuşdum; birdən gözümün qarşısında bir elan gördüm. Hələ də o elanı mənə kimin “cəsarət edib” göstərdiyini bilmirəm. Kağız sanki qarşıma göydən düşmüşdü. Son gün idi. Yarışmanın tələbi Web of Science sistemində indeksləşmiş jurnallarda məqalə nəşri idi. O vaxt humanitar sahədə ancaq mənim bu cür məqalələrim var idi. Və həmin son gün təcili materialları təqdim edib “İlin alimi” oldum. Deməli, texnologiyalar düzgün qurulsa, kafedra müdirlərinin, dekanların, qoçu dəstələrinin (düz eşidirsiz!) maneəsini adlamaq mümkündür.
Həmin ildən mənim doğma universitetimə münasibətim də dəyişdi. Əvvəllər ancaq tələbələrlə ünsiyyət məni cəlb edirdi, indi isə qarşımda “öz adamları” prinsipi ilə işləyənləri mat etmək imkanı açılmışdı. BDU-dakı bu sistemin əsas məziyyəti elmi əsərlərin qiymətləndirilməsində nəşriyyatın nüfuzu amilinin nəzərə alması, özünə olan istinadların saya salınmamasıdır. Bu da “elmmetrik” işbazlarının əl-qolunu bağlamaq deməkdir.
Yenə Tərlan Quliyevə qayıdaq. Tərlan müəllim respublikada tanınan bir alim olub. Onun hər hansı bir kafedra müdirinin, şöbə müdirinin, institut direktorunun təqdimat yazmasına ehtiyacı olmayıb axı… Məncə, humanitar elmlərdən az-çox xəbərdar olan və daha yuxarıda dayanan (məs. Elm və Təhsil Nazirliyində, və yaxud Prezident Administrasiyasının Humanitar Siyasət Şöbəsində işləyən) məmurlar da Tərlan müəllimi tanımamış olmazdı. Azərbaycan o qədər böyük ölkə deyil ki, tanımasınlar. Deməli, problemin bir qədər yuxarı dairələrdə də çatışmayan cəhətləri var. Bu qurumlarda işləyən məmurlar Prezidentimiz ilə ölkənin aparıcı alimləri arasında əlaqə yaratmalıdırlar. Onlar barədə Prezidentə məlumat verməlidirlər ki, dəyərli insanlar unudulmasın, onların xidməti qiymətləndirsin. Bu işə məsul insanların vəzifəsi ölkə alimləri, dəyərli incəsənət adamları ilə Prezident arasında təmas qurmaqdır.
Nə deyim… Gördüyüm odur ki, məmurun gözü məmurdan qeyrisini görmür.