- Köşə

Dəmir KƏRİMOV. İsti nəfəs

Uzun bir qış gecəsi…Həzin bir musiqi kimi dərinliklərə işləyən səssizlik və sükütun ruhuma hopdurduğu duyğularla baş-başa… Ağlayırdı…Çarəsiz idi. Özü-özünə heç bir kömək edə bilmirdi. Sadəcə ağlayırdı. Bir tanış nəfəsi, qoxunu axtarırdı…bir tanış qucağın istisini axtarırdı… Sadəcə o nəfəs quruducaqdı göz yaşlarını, o qollarda tapacaqdı rahatlığı, sakitliyi… Nə qədər də vəfalı idi o qollar… onun kimi bir yar oldumu ömrü boyunca? Əsla!

Və qovuşdurdu Rəbbim, o qolların ağuşuna atdı özünü. İsti nəfəsi göz yaşlarını yanaqlarında qurutdu. Qəlbi fərəhlə doldu. Şirin dərin bir yuxuya təslim etdi özünü. Ömrünün sonuna qədər unuda bilməyəcəyi bir yuxu. Şirinliyi bəzi zaman acı bir nisgilə dönən bir yuxu…

Bəlkə də, nə vaxtsa nankorluq edəcək, unutduğunu düşünəcək, ya da qəsdən dili bu cür söyləyəcək, əslində isə əsla unuda bilməyəcək.
Anamın əsəriyəm mən. Gecə- gündüz yoruldum deməyən, qabar bağlamış əllərinin, dən düşmüş tellərinin əsəriyəm…Onun canındanam… Necə inkar edə bilərsiniz həyatımda ilk və ən böyük məhəbbətimi? O qədər böyük və dərindir ki, bizim sevgimiz? Nəymiş gül və bülbül? Nəymiş Leyla ilə Məcnun?

Nə qədər gözəl bir qoxudur onun qoxusu…O qədər təkrarsız, o qədər müdhiş, bir ömür boyu silinməyən bir qoxu! Dəyəri yoxdur o qoxunun, o rayihənin.  Bu dünyanın milyonları onun qarşısında acizdir. Körpəykən rahatlatdığı halda böyüdükcə hər addımda burnumun ucunu göynədən, bütün qəlbimə, canıma qanıma yayılan anamın qoxusu…

Toxunmayın mənim anama… Qoyun,yuxusuz gecələri xətrinə oxşayum qabar olmuş əllərini, dən düşmüş tellərini, qırışmış yanaqlarını. Yerə-göyə sığmayan sevgimizin xatrinə incitməyin anamı… Boğmayın adını dilimdə… Sevgimə toxunmayın, anama toxunmayın!!!…