Vasif SADIQLI
Ötən əsrin 40-cı illərinin ikinci yarısı. Azərbaycanın ən ucqar kəndlərinin birində 8 illik məktəb. Adi günlərdən biri deyil. Məktəbə inspektor gəlib. Müəllimlər, rəhbərlik bir qədər qayğılıdır. Zəng vurulur, inspektor ibtidai siniflərdən birinə girir. Sinif pis təsir bağışlamır, mənimsəmə yaxşıdır. Amma inspektorun diqqətini sual verilən zaman əlləri daim yüksəkdə olan bir uşaq cəlb edir. Ona əlavə suallar verir, hamısına da cavab alır. Hamı məmnundur, inspektordan başqa.
İnspektor dərsdən sonra müəlliməyə irad bildirir: “Uşağın boyu balacadır deyə yuxarı sinifdən gətirib burda oturtmusunuz? Yaxşı deyil..”. Sənədləri göstərirlər. Hər şey qaydasında… İnspektor “Bu, vunderkinddir”, deyib gedir. Dərs ilinin sonunda xüsusi komissiya yoxlamasından sonra həmin uşaq I sinifdən IV, sonra isə IV sinifdən VII sinfə keçirilir, orta məktəbi qızıl medalla bitirir… Bu uşağın adı Əbdülqədir idi.
Bir insanın təşəkkülündə bioloji və sosial amillərin rolu danılmazdır. Bioloji amil irsiyyətdir. Elm sübut edir ki, bütün irsi məlumatlar gen kodunda şifrələnir. Hər bir insan valideynləri və digər yaxın qohumlarının xarici irqi xüsusiyyətlər, bədən quruluşu, konstitusiyası, üz xüsusiyyətləri, saçlar, gözlər, dəri rəngi, sinir sisteminin xüsusiyyətləri: beyin qabığının və onun periferik aparatlarının quruluşu (görmə, eşitmə, qoxu və s.) və s daşıyır. Həmçinin məlumdur ki, irsən xüsusi qabiliyyətli uşaqlar müvafiq fəaliyyət sahəsində daha sürətlə irəliləyir. Məsələn, İ.S.Baxın əcdadlarının beş nəslində 18 məşhur musiqiçinin olduğu məlumdur. Amma insanın qabiliyyətinin realizə olunmasında sosial mühitin də rolu böyükdür. Bunlardan biri makromühitdir. Yəni yaşadığın cəmiyyət, sosial və dövlət sistemi, iqtisadi, siyasi, ideoloji, mənəvi və hüquqi həyat şərtləri…
Sosial amil o vaxtlar heç də qaydasında olmayıb. Pedaqoji İnstitutun fizika fakültəsində Əbdülqədirin bəxti gətirməyib. Onun xüsusi qabiliyyəti qiymətləndirilməyib, əksinə, narahatlıqlar doğurub, qısqanclıq yaradıb. Qəribədir ki, ümumtəhsil məktəblərində, bir qayda olaraq, müəllimlər öz şagirdlərinin paxıllığını çəkmir, onları rəqib kimi görmür. Amma bir çox ali məktəblər haqda bunu demək olmaz. Gənc fizikin institutda müəllimlərlə problemi olur və əlaçı olmasına baxmayaq, irəli çəkilmir. Təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna göndərilir.
…Çox israfçı idi. Deyəsən, həmin institutda çalışan Qara Bəhram adlı bir müəllim – əlində hər zaman təbaşir olan, peşəsini sevən, üstü-başı təbaşirə bulaşmış və buna fikir verməyən alim haqda çox həvəslə danışırdı. Özü də geyimə elə fikir vermirdi. İbrahim müəllim (atam) danışırdı. “Tələbə olanda bir dəfə dedi ki, mənə ayaqqabı almaq lazımdı. Dedim, axı biz eyni gündə ayaqqabı almışıq. Mən hələ də onu geyinirəm, sən artıq üçüncü cüt ayaqqabını istəyirsən. Cavabı belə oldu: “Siz bir kilometr məsafə qət edəndə təxminən 1500 addım atırsınız, mənsə boyum balaca olduğu üçün bundan iki dəfə çox, ona görə ayaqqabım iki dəfə tez sürtülüb sıradan çıxır”. Bundan sonra bu məsələdə ona irad tutmadım”.
Bəzi işləri barədə özü danışmazdı. Bir dəfə müəllim yoldaşları ilə Qazağa gəlmişdi. O vaxt Puşkin rayonu sərhəd zonası olduğu üçün xüsusi cazə olmadan ora getmək olmurdu. İş yoldaşlarının biri belə bir hadisə danışdı. Rayona təzə gələndə uçan aparat düzəldibmiş. Altına iki “kubik” daş bağladığı aparat gedib bir mollanın evinin damına düşür. Ev sahibi milisə şikayət edir. “Gedib mollaya dedik ki, uzağı iki şiferin qırılmış olar, pulunu verək, şikayətini geri götür. Beləcə şikayətini geri götürdü”.
80-ci illərdə “qravitasiya silahı” və yanacaq kimi su ilə işləyən avtomobil mühərriki yaratmaq utopik hədəflər üzrə çalışdığını demişdi: “Azərbaycanın müstəqil yaşaması üçün bunlara ehtiyac var”. Təbii ki, rayon yerində nəyəsə nail olmaq mümkün deyildi. İndi internetdə oxuyuram ki, qravitasiya silahı qravitasiya dalğaları vasitələri ilə bu və ya digər obyektləri dağıdan, amma atom, hidrogen və digər silahlardan fərqli olaraq, ərazini çirkləndirməyən bir silah olmalı idi. Hazırda belə bir silahın yaradılması üzrə işlərin sona yaxınlaşdığı deyilir. Eləcə də qravitasiya mühərriki üzrə tədqiqatlar davam edir, belə mühərrikərin reaktiv mühərriklədən 165 dəfə güclü olması barədə İnternetdə məlumatlar var. Bundan əlavə, bədii yaradıcılıq, lüğətçilik (azərbaycanca-almanca lüğət) sahəsində də çalışırdı. Bir povesti, bir neçə hekayəsi və təmsilləri qalıb. Hekayənin birinin məzmunu qismən yadımdadır. Xarici ölkələrin birində bir alim insanların gerçək əqli və mənəvi göstəricilərini müəyyən edən cihaz yaratmaq üzərində işləyir. İxtira başa çatandan sonra prezident nazirləri də götürüb laboratoriyaya gedir. Nazirlərini qürurla yoxlamaya göndərir. Məlum olur ki, iqtisadiyyat naziri ağıldankəm və dələduz, maarif naziri riyakar və cahildir. Yeni cihaz yoxlanan hər bir şəxsin hansı işə yaradığını da göstərir: bu nazirdən yaxşı baytar həkimi olar və s. Belə bir “diaqnoz” prezidentin özünü də gözləyirmiş. Hamı çaşqınlıq içində. Laboratoriyanı havaya sovrurlar, alim isə ölkəni tərk edir…
Əvvəllər dinə münasibəti bir qədər fərqli idi. Müqəddəs kitabları yadplanetlilərin gətirdiyini iddia edirdi. “Görürlər ki, insanlar vəhşidir, bizi tərbiyə etmək istəyirlər”. 80-ci illərdə mənim üçün bir kitab ayırmışdı. Bu, məşhur Amerika şərqşünası Frans Rouzentalın “Elmin təntənəsi” monoqrafiyası idi. Saqadeyevin ön söz yazdığı kitabda islamın elmə verdiyi dəyərdən bəhs olunur.
80-ci illərdə Biləsuvarda təsərrüfat hesablı eksperimental məktəb açmaq istədiyini bildirdi. O vaxt Azərbaycanda belə məktəb yox idi. Maarif Nazirliyi ideyanı dəstəkləmədi, nəhayət, SSRİ Maarif Nazirliyinə müraciət etdi və rayonun Səmədabad kəndində belə bir məktəb açdı. Bu eksperimental məktəbin bir neçə yüz hektar əkin sahəsi vardı və onun hesabına digər məktəblərə nisbətən çox yüksək maaş verirdi. SSRİ dağılandan sonra o məktəb də ləğv edildi. Ölkəmiz müstəqillik əldə edəndən sonra rayondakı kitab mağazaları da artıq bağlanırdı. Bu vaxt bütün mağazalarda olan kitabları alıb binanın qarşısına yığmışdı. Rayon sakinlərinə demişdilər ki, hər kəs gəlib istədiyi kitabları apara bilər. Sakinlər deyir ki, iki yük maşınından çox kitab olub. Özü də mənzilində bir divar boyu rəf düzətdirib, xeyli kitab yığımışdı. Həyətə yığılan kitabların heç də hamısı daşınmadı. Bir dəfə mən Biləsuvara gedəndə həyətdə minə yaxın kitab gördüm. Taya kimi yığılmış kitabların üstünə yağış yağmış, ayaqlanmışdı. Artıq qonşular onlardan təndir qalamaq üçün istifadə edirdi.
89-cu ildə Biləsuvar zonasında İranla sərhədin açılmasına rəhbərlik etmiş və qonşu ölkənin ərazisinə keçmişdi. O vaxt iki ölkə arasında qiymət fərqindən istifadə edib hər iki tərəfə xeyli qazanc əldə edənlər olmuşdu, o isə bir dəfə keçib. “İrana keçdim, bir qədər gəzdim, bir “ruçka” alıb köynəyimin yaxasına keçirib qayıtdım”, – deyə bir dəfə özü məmnunluqla danışırdı. Orda yaşayanların çoxu bu hərəkətinə birmənalı yanaşmır, hesab edirdilər ki, çox ciddi qazanc imkanlarını düzgün qiymətləndirməyib.
Dostlarından biri Valeh Səfiyev idi. Səfiyev bir müddət Biləsuvarda icra başçısı işləmiş, sonra vəzifədən azad edilmişdi. Valeh müəllim Əbdülqədirin şagirdi olub. Sovet dövründə yaxşı şeirlər yazırdı. Səhv etmirəmsə, sərbəst şeirə üstünlük verirdi. Şeirlərində bir üsyankarlıq vardı. Mən Biləsuvara gedəndə Əbdülqədirgildə söhbət edirdik. Valeh müəllim az danışan idi, bəzən sadəcə susurdu. Sifətində şairanə bir dalğınlıq olurdu. Damağındakı və ya barmağındakı siqaret aramsız yanır, kül böyüyəndən sonra pencəyinin yaxasına tökülür, elə ordaca qalırdı. Arada əlinin arxası ilə yaxasındakı külü çırpırdı. İcra başçısı olanda da fərqli üslübda çalışıb, xalqın, dövlətin malına göz dikməyib. Yeni icra başçısı evdən işə piyada getməsi ilə də rayon əhlini təəccübləndirə bilmişdi. İşdən çıxarılandan sonra ən yaxşı olmaq cəhdinin yanlış olması qənaətinə gəlmişdi və yüksək qiymətləndirdiyim iş üslubundan sanki bir qədər peşman olmuşdu. Artıq yeni iş arzusunda idi – indi başqa cür işləyəcəkdi…
Bu gün Əbdülqədirin ad günüdür, 2013-cü ildə dünyasını dəyişdi. Bu, təkcə qardaşımın həyat hekayəsi deyil, hələ 50-ci illərdən üzü bu yana ölkəmizdə olan mühit haqda məlumat vermək istədim. İstedadları boğan, məhv edən bir mühit barədə. Yəqin ki, başqa ölkədə yaşasaydı, başqa nəticələr əldə edərdi. Özü üçün də, elm üçün də faydalı olardı.
Belə. Xeyirli çərşənbələr…
23 fevral 2021