Noyabrın 25-27-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Konfrans “Nizami Gəncəvi irsi və Avropa ədəbi-mədəni mühiti”, “Sələflər və xələflər – Nizami Gəncəvinin Şərq və Qərb qaynaqları, Şərq və Qərb ədəbiyyatlarında Nizami təsiri”, “Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri”, “Nizami əsərlərinin əlyazmaları və “Xəmsə”yə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində”, “Nizami ədəbi məktəbi: başlıca xüsusiyyətləri, aparıcı simaları, qovuşduruculuq missiyası”, “Nizami və Azərbaycan ədəbiyyatı”, “Nizami “Xəmsə”si və “Divan”ının müxtəlif dillərə tərcüməsi problemləri”, “Nizaminin fəlsəfi dünyası Xəmsə” əxlaqi və mənəvi dəyərlər toplusu”, “Nizami “Xəmsə”si ensiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi”, “Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri”, “Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində” bölmələri üzrə təşkil olunacaq.
Konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 20-dək nizamimuzeyikonfrans@mail.ru elektron ünvanına göndərə bilərlər.