- Manşet, Mədəniyyət

UNESCO Nubiya heykəllərinin mühafizəsində Misirə yardım edəcək

UNESCO eramızdan əvvəl XIII əsrə aid Nubiya heykəllərinin mühafizə və bərpa olunmasında Misirlə sız əməkdaşlıq edəcək.

AZƏRTAC xəbər verir ki, bunu təşkilatın Baş direktoru Odri Azule Misir Prezidenti Əbdülfəttah əl-Sisinin qəbulunda bəyan edib.

Aprelin 3-də Misirdə keçirilmiş möhtəşəm fironlar paradında iştirak edən UNESCO-nun Baş direktoru qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə maddi irs nümunələrinin mühafizəsi və təbliğinə böyük diqqətlə yanaşır. Nubiya mədəniyyətinin qalıqları üzərində Əbu-Simbel əyalətində firon II Ramzesin tikdirdiyi əzəmətli heykəllər və məbədi bəşər mədəniyyətinin ən dəyərli nümunələrindən biri adlandıran O.Azule deyib ki, UNESCO ötən əsrin ortalarında bu heykəllərin aşkar edilməsində iştirakını dünya mədəni irsinə verilmiş töhfə hesab edir.

Misir Prezidenti və UNESCO-nun Baş direktoru Qahirənin tarixi hissəsində qədim məscid, abidə və binaların bərpası, habelə elm-təhsil sahəsində əməkdaşlığın inkişafı məsələlərini də müzakirə ediblər.