O gün “Məclisi-üns”də pambıqçılıq, Şamama Həsənova mövzusu ətrafında qızğın müzakirə gedirdi. Məktəb illərimiz yadıma düşdü. Orta məktəbdə oxuyanda heç vaxt pambıq işinə getməmişik. Ölkədə pambıqçılıq işləri tüğyan edəndə, məktəblər kütləvi şəkildə bağlanıb, şagirdlər pambıq tarlalarına aparılanda biz rahatca məktəbdə oxuyur, laboratoriyada natriumu suya atıb şütüməsini seyr edir, qışda məktəbin tüstülü peçindən bezəndə divar qəzetində karikaturasını çəkir və şeir yazır, yazda dərsdən çıxanda yol boyu Müşfiqdən, Səməd Vurğundan danışır şeirlər oxuyur, Süleyman Rüstəmi pisləyir, Məhəmmədəli müəllimin Sazes haqda danışdıqlarını təkrarlayıb gülürdük.
O povesti oxumamısınız? Qısa məzmunu hələ də yadımdadır. Alman romantik yazıçısı Hofmanın 1819-cu ildə qələmə alınmış məşhur qrotesk nağıl-povest. “Sinnober ləqəbli Balaca Zaxes” (almanca orijinalı: Klein Zaches, genannt Zinnober), adlanır. Qısa məzmunu belədir: Baş qəhrəman Balaca Zaxes həm fiziki, həm də mənəvi cəhətdən eybəcər, cırtdan və bədxah bir varlıqdır. Hamının ondan zəhləsi gedir, ikrah edir, uzaq olmağa çalışırlar. Günlərin birində xeyirxah bir pərinin Zaxesə yazığı gəlir və ona sehrli bir xüsusiyyət bəxş edir. Bundan sonra Zaxes hamıya ağıllı və gözəl görünür. Kim ağıllı bir söz desə və ya uğurlu bir iş görsə, hamı elə bilir ki, bunu Zaxes edib. Zaxesin etdiyi bütün pisliklər və qüsurlar isə başqalarının ayağına yazılır. Bu sehr sayəsində tamamilə istedadsız və axmaq olan Zaxes cəmiyyətdə sürətlə ucalır, yüksək dövlət vəzifələrinə gəlir, hamı tərəfindən dahi hesab olunur və “Sinnober” (mineral adıdır) ləqəbli hörmətli bir şəxsə çevrilir. İş o yerə çatır ki, nişanlı qızlar Zaxesə ərə getmək üçün nişanlarını geri qaytarır, ərli qadınlar Zaxesə ərə getmək üçün ərləri ilə dalaşmağa bəhanə axtarırlar.
Bu məsələ tələbə və şair Baltazarın dünyasını dağıdır. Baltazar Kandidanı sevir, amma qızın atası professor Moş Terpin onu Zaxesə verməyə hazırlaşır. Baltazar uzun axtarışdan sonra bir sehrbazdan Zaxesin sirrini öyrənir. Alpanusun tövsiyəsi ilə Baltazar gecə Zaxes yatanda onun başındakı üç sehrli tükü qopardır və yandırır. Nəticədə Zaxes əvvəlki vəziyyətinə qayıdır: eybəcər, cırtdan, iyrənc. Nişan mərasimi isə ləğv edilir.
Bəli, başqa rayonlarda şagirdlər qol çırmayıb tarlaya çıxanda biz beləcə gözəl təhsilin bütün zövqlərindən babəhrə olurduq. Sonradan öyrəndim ki, bizim pambıq tarlalarına sürülməməyimiz üçün çalışan və buna nail olan “görünməz” şəxslər var imiş. Onlar respublika rəhbərliyinin Qazağın pambıqçılıq üçün yararsız olması barədə qərar verməsinə nail olmuşdular. Biz uşaq olanda kəndimiz və Böyük Kəsik “Ət-süd” sovxozunda birləşmişdi. Sonradan sovxozun adı “Atçılıq zavodu” oldu. Azərbaycanda iki atçılıq zavodu vardı: Ağdamda Qarabağ, bizim zavodda Dilboz atları yetişdirilirdi. Elə o vaxtlar Anşlaq adlı atımız İngiltərədən qızıl medulla qayıtmışdı. Daha sonra – 80-ci illərdə isə Sadıqlı ilə Böyük Kəsik ayrıldı: Birinici üzümçülük sovxozu oldu, Böyük Kəsik isə “Atçılıq zavodu” kimi qaldı…
Beləcə pambıq tarlası ilə yollarımız kəsişmədi. Bircə dəfə bizi dərslə əlaqəsi olmayan işə apardıqları yadımdadır, onda da işi yarıtmadıq (hər halda mən@co).
…Onu da deyim ki, biz təkcə yazılı ədəbiyyatı yox, şifahi ədəbiyyatı da sevirdik və öyrəndiklərimizi həyata tətbiq edirdik. Düşünürdük ki, hər kəs atalar sözlərinə əməl etsə, həyat hamı üçün gözəl olar…
5-ci sinifdə oxuyanda bunun nəticəsini gördük. Qarğıdalı biçməyə aparmışdılar. Müəllimlərin tapşırığı üzrə iş paltarı geyindik, hərəmiz bir oraq tapdıq, kəsərkən qarğıdalını incitməsin deyə onu yaxşıca itilədik və iş yerinə yollandıq. Sinif rəhbəri dedi ki, qarğıdalıları yerdən bir qarış yuxarıdan biçin. Sinif yoldaşlarıma dedim:
-Atalar biçinlə bağlı nə deyib?
– Yüz ölç, bir biç.
-Ay sağ ol. Böyüklərin sözünə baxmayan haqda nə deyiblər?
– Axırda böyürə-böyürə qalar.
– Ona görə işimiz bu ardıcıllıqla gedəcək: ölç, say, biç,
Başladıq qarğıdalını yüz dəfə qarışlayıb ölçməyə. Bir nəfər ölçür, ikincisi sayırdı. Doxsan doqquza çatıb yenicə “bismillah” etmək istəyirdik ki, sinif rəhbəri gəldi. O, kənardan sakitcə söhbətimizə qulaq asırmış: “Avaralar, gedin evə, qoy sabah valideynləriniz məktəbə gəlsin” deyib bizi qovdu, Sonra arxamızca “tərbiyəsizlər” dedi. Biz də qalmışdıq belə: “Atalar sözlərinə əməl etmək nə vaxtdan tərbiyəsizlik olub?”.
Beləcə qarğıdalı işindən bizi atalar sözü xilas elədi… Qazağı pambıq tarlalarının şərindən xilas edən tanımadığımız yaxşı insanlara isə Allah rəhmət eləsin.
Xeyirli çərşənbələr…








