- Köşə

Nərgiz ALLAHYAROVA. “Gül açar gül bağçasında”

“Gül açar gül bağçasında,
Sultanım, Əfəndimin…
Adı güldür, özü gül,
Sultanım, Əfəndimin…”

Bu ilahi dinlənilmək üçün deyil, yaşanılmaq üçündür. Onun sözləri qulağa, mənası isə qəlbə nazil olur. Zahirdə bir gül, bir bağça və bir bülbül görünür. Batində isə eşqin sirri, mərifətin yolu və Məhəmmədi nurun təcəllisi açılır.

İrfan əhli bilir ki, gül heç vaxt yalnız gül olmamışdır. O, ilahi camalın rəmzidir. Ətri görünməyən, lakin hər yeri bürüyən həqiqət kimi, Məhəmməd (s.ə.s.) sevgisi də gözlə görünməz, amma könülləri dəyişdirər. Gülün ləçəkləri bir-bir açıldığı kimi, insanın qəlbi də zikr, təfəkkür, tövbə və məhəbbətlə mərhələ-mərhələ açılır.
“Gül bağçası” haradadır?

Ariflər deyərdilər: daşdan tikilən divarların arasında deyil, Allaha yönəlmiş qəlbdə. Qəlb Allahdan qeyrisi ilə doludursa, orada tikan bitər; Allahın zikri ilə dirilirsə, orada gül açar. Buna görə də ilahinin ilk misrası əslində insana belə səslənir: “Öz qəlbinə qayıt; çünki axtardığın bağça sənin daxilindədir.”
“Sultanım, Əfəndimin…”

Bu nida uzaqda olan birinə deyil, hər an ümmətinin qəlbində yaşayan Rəsulullaha (s.ə.s.) olan məhəbbətin dilidir. Buradakı “Sultan” hakimiyyət sahibi deyil; qəlbləri mərhəmətlə fəth edən rəhbərdir. Onun səltənəti torpaqlarda yox, vicdanlarda qurulmuşdur.
“Adı güldür, özü gül…”

Bu misrada təsəvvüfün incə bir həqiqəti gizlidir: kamil insanın sözü ilə əməli arasında ayrılıq olmaz. Gül necə ətrini özündən ayırmırsa, Rəsulun nuru da onun əxlaqından ayrılmaz. Onu sevən yalnız bir adı deyil, yaşanmış bir həqiqəti sevir.
O da məlumdur ki, nəfs qırılmadan qəlb dirilməz. Hər təkəbbür bir tikandır, hər kin quru budaqdır, hər tamah bağçanı susuz qoyan küləkdir. Bu tikanlar təmizlənmədən ilahi məhəbbətin gülü açmaz.

Bülbülün naləsi də sirrdir. O, gülə çatmadığı üçün ağlamır; gülün ətrində duyduğu həqiqətə qovuşmaq üçün yanır. Eşq onu yandırdıqca saflaşdırır. Füzulinin eşq fəlsəfəsində olduğu kimi, bu yanmaq məhv olmaq deyil, mənəvi dirilməkdir.
Bu ilahinin hər misrası bir zikr kimidir. Zikr yalnız dillə deyil, hal ilə də edilir. Dil susanda qəlb danışır, qəlb susanda ruh eşidir. Məhz o zaman insan anlayır ki, ilahi nəğmələr musiqi deyil, ruhun yaddaşıdır.

Ən böyük möcüzə budur ki, Mədinəyə aparan yol bir könlü incitməməkdən, bir göz yaşını silməkdən, bir yetimin başını sığallamaqdan, bir səhvi bağışlamaqdan keçir. Çünki Rəsulullahın (s.ə.s.) əxlaqı məhz bu mərhəmətin adıdır.

Elə buna görə də “Gül açar gül bağçasında…” misrası hər dəfə oxunanda yenidən doğulur. Çünki o gül zamanın bağına yox, əbədiyyətin bağına məxsusdur. Onu nə payız soldurar, nə qış dondurar. O gül Allah sevgisi ilə suvarılan, Məhəmməd məhəbbəti ilə ətrini yayan kamil qəlbin gülüdür.
İnsan bir gün öz daxilində bu gülün ətrini duyarsa, artıq ilahini oxumayacaq – ilahinin özü olacaq. Çünki irfanın son mənzili söz demək deyil, sözə çevrilməkdir; gülü seyr etmək deyil, gülün ətrini öz əxlaqında yaşatmaqdır.