Mənşəcə latın sözü olan konfet sözü elə latın sözü olan confectum feilindən əmələ gəlib və hazırlanmış, emal olunmuş mənasını ifadə edir. Söz əvvəlcə confetto şəklində italyan dilinə, oradan da başqa dillərə keçmişdir.
İtalyanlar bu sözü əvvəlcə tibb sahəsində işlətmişlər. XVI əsrdə italyan əczaçıları acı həblərin üzərini xəstə adamların, xüsusən uşaqların rahat qəbul edə bilməsi üçün şirin şərbətlə və ya şəkər qatılmış meyvə sirkəsi ilə örtürdülər. Zaman keçdikcə bu üsul tibb sahəsindən çıxıb yayılır və müstəqil şirniyyat növünə çevrilir, adı isə konfet olaraq qalır.
Çoxumuz bayramlarda, festivallarda, mükafatlandırma mərasimlərində və digər bu kimi tədbirlərdə yuxarıdan iştirakçıların üzərinə parlaq kağız parçalarının səpələndiyini görmüşük, adının konfetti olduğunu da bilirik. Müxtəlif dillərdə, o cümlədən bizim dilimizdə də işlənən həmin bu konfetti sözü konfet sözü ilə eyni kökdən gəlib. İtalyanca konfetti konfetto sözünün cəm formasıdır, yəni konfetlər deməkdir.
Bəs niyə bayramlarda, şənliklərdə istifadə olunan rəngbərəng kağız qırıntılarına konfetti deyilir?
Orta əsrlərdə İtaliyada karnaval və toy şənliklərində insanlar bir-birinin üzərinə şirin konfetlər, şəkərlənmiş qoz-fındıq və badam atırdılar. Amma bu həm baha başa gəldiyindən, həm də bəzən insanları zədələdiyindən şirniyyatı əvvəlcə rəngli tabaşir dənəcikləri, daha sonra isə rəngbərəng kiçik və dairəvi kağızlarla əvəz etdilər. Material dəyişsə də, ad dəyişmədi, əvvəlki kimi konfetti adlanmaqda davam etdi.Yəni yenə konfetti, amma həqiqi şirniyyat yox, kağızdan düzəldilmiş.
El arasında qanfet, qənfet, qənfit şəklində işlənən konfet və onun “qohumu” konfetti sözü haqqında qeydlərimiz bu qədər.
Konfetiniz, şirniyyatınız dolabınızda bol, menyunuzda isə az olsun.
İmarət Cəlilqızı








