- Dil

İngilis bölmələrində dərslərin 70 faizi azərbaycanca keçirilir

Azərbaycanda tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin və müəllimlərin dil səviyyəsi ilə bağlı problemlər mövcuddur.

Təhsil eksperti Ramin Nurəliyev Modern.az-a bildirib ki, bəzi ali təhsil müəssisələrində tələbələrin ingilis dili səviyyəsi tədrisi tam şəkildə mənimsəmək üçün kifayət etmir. Eyni zamanda, həmin ixtisaslarda dərs deyən müəllimlərin də ingilis dilində tədris aparmaq imkanları məhdud olur.

Ekspertin sözlərinə görə, bu vəziyyət nəticədə dərslərin Azərbaycan dilində keçirilməsinə gətirib çıxarır:

“Bəzi tələbələr şikayət edirlər ki, dərslərin 70 faizi Azərbaycan dilində, 30 faizi ingilis dilində keçirilir. Bunun harası oldu tədris ingilis dili?”

R.Nurəliyev qeyd edib ki, tələbə aşağı səviyyədə ingilis dili biliyi ilə ixtisasa qəbul olunur, dərslər isə tam şəkildə ingilis dilində aparılmır. Lakin semestr imtahanlarında tələbədən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur. Bu isə onun imtahanda aşağı nəticə göstərməsinə və GPA göstəricisinin azalmasına səbəb ola bilər.

Ekspert hesab edir ki, universitetlər tədrisi ingilis dilində olan ixtisaslara qəbul zamanı tələbələrin dil səviyyəsinə xüsusi diqqət yetirməlidir.

“Əgər sən tələbəni tədrisi ingilis dilində olan ixtisasa qəbul etmisənsə, ilkin növbədə həmin tələbəni ingilis dilində keçəcəyin tədrisə uyğunlaşdırmalı, dil biliyini artırmalısan”, – deyə R.Nurəliyev vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə də tələbənin ingilis dilində təhsil almağa hazır olub-olmaması əvvəlcədən müəyyənləşdirilir. Dil səviyyəsi kifayət etməyən tələbələr isə birbaşa ixtisas təhsilinə deyil, hazırlıq proqramlarına yönləndirilirlər.

R.Nurəliyev Azərbaycanda da bu istiqamətdə xüsusi nəzarət mexanizminin yaradılmasının vacibliyini bildirib.

Ekspert bəzi universitetlərdə tədrisi ingilis dilində olan ixtisasları seçməkdənsə, tələbələrə ixtisası Azərbaycan dilində oxumağı və paralel olaraq ingilis dili üzrə, o cümlədən IELTS hazırlığı keçməyi tövsiyə edib.

“Əgər sən bu ixtisası yarım-yamalaq ingilis dilində oxuyacaqsansa, oxuma. Azərbaycan dilində yaxşı oxu, ixtisası mənimsə, ingilis dili biliyini isə IELTS vasitəsilə inkişaf etdir”, – deyə ekspert əlavə edib.