- Dil, Manşet, Müsahibə

Bəşəriyyətin vahid ulu dili olub

Q.Zelenkonun Sergey STAROSTINlə söhbəti. «Znanie – sila» jurnalı. — M., 2003, № 8.

         Vahid ulu dil 40–50 min il əvvəl yaranıb

ZELENKO: — İstərdim ki, dilin mənşəyi və onun inkişafının ilk mərhələləri haqqında danışasınız. Qəbilə və ya qrup dilləri səviyyəsində.

STARİSTİN: — Düşünürəm ki, bu suala dəqiq cavab yoxdur. Necə ki, təxminən 18 il əvvəl bizim seminara gəldiyiniz zaman da yox idi.

ZELENKO: — Dəqiq cavab olmasın. Bizə mütəxəssislərin bu barədə nə düşündüyü maraqlıdır. Həmin seminarda təxminən 15 min il rəqəmi səslənmişdi. Bu rəqəm dəyişib?

STAROSTIN: — 15 min il — sonradan hind-Avropa, Altay, Ural və bəzi digər dilləri meydana gətirmiş qədim dil birliyi olan nostratik dil ailəsinin mövcudluq müddətidir. Amma bu, çoxsaylı makroailələrdən yalnız biridir.

ZELENKO: — Hazırda nə ilə məşğulsunuz?

STAROSTIN: — Hazırda Anna Vladimirovna Dıbo və Oleq Mudrakla birlikdə, nəhayət, müqayisəli Altay lüğətini başa çatdırıb təhvil vermişik. Buraya türk, monqol, tunqus-mancur, Koreya və yapon dilləri daxildir. Onun üzərində təxminən 15 il işləmişik. Yazda Hollandiyada nəşr olunmalıdır. Lüğət üç cilddən ibarətdir və çox böyük həcmli əsərdir. Son bir neçə il ərzində əsasən bununla məşğul olmuşam.

Altay dilləri ailəsinin ümumiyyətlə mövcud olub-olmaması ilə bağlı çoxlu mübahisələr gedirdi. Belə bir fikir də vardı ki, bəlkə, bunlar sadəcə ayrı-ayrı ailələrdir və bir-birindən asılı olmayaraq, nostratik makroailənin tərkibinə daxil olurlar? Türklər ayrıca, monqollar ayrıca, tunqus-mancurlar ayrıca, koreyalılar və yaponlar isə ayrıca.

Mənim doktorluq dissertasiyam yapon dilinin qohumluq əlaqələri probleminə həsr olunmuşdu. Ümumilikdə isə belə nəticəyə gəldik ki, həqiqətən də, ümumi Altay ulu dilindən qaynaqlanan Altay dil ailəsi mövcuddur. Bu, elə həmin nostratik rekonstruksiya üçün, nostratik dillərin daxili təsnifatının necə olduğunu anlamaq üçün çox əhəmiyyətlidir.

ZELENKO: — Vaxtilə Ural-Altay dil ailəsindən danışılırdı. Belə başa düşürəm ki, siz «Ural» hissəsini kənara atırsınız?

STAROSTIN: — Altaydan «Ural»ı, əlbəttə, çıxarıram. Amma Ural qrupu nostratik ailə çərçivəsində Altay ailəsinə ən yaxın qrup ola bilər.

Nostratik ailənin strukturu hazırda kifayət qədər aydın görünür. Hər şeydən əvvəl, onun nüvəsi var və bu nüvəyə Ural, Altay və hind-Avropa dilləri daxildir. Hind-Avropa dilləri Ural və Altay dillərindən bir qədər daha uzaqdadır. Bu nüvə Qrinberqin «Avrasiya» və ya «Avroasiya» adlandırdığı ailə ilə demək olar ki, üst-üstə düşür.

Eskimos-aleut dilləri və çukot-kamçatka dilləri ilə bağlı hələ mübahisəli məsələlər var, onların yeri indiyədək tam aydın deyil. Bundan başqa, kartvel və dravid dilləri də var və onlar da açıq şəkildə nostratiklərin tərkibinə daxildir.

Nəhayət, ən son və ən mübahisəli məsələ afraziya (və ya semit-hamit) dilləri ilə bağlıdır. İlliş-Svitıç onları nostratik dillərə aid edirdi, Dolqopolski də bu günədək onları nostratiklərə aid edir. Lakin biz Militarevlə uzun düşüncələrdən sonra onları yenə də ayırdıq. Bütün parametrlər göstərir ki, bu dillər nostratik ailə qədər dərin bir ailədir. Yəni əgər qohumdurlarsa belə, bu qohumluq daha dərin səviyyədədir.

Militarev və Lenya Koqan hazırda semit lüğəti üzərində işləyirlər, amma semit dilləri cəmi bir yarımqrupdur və qarşıda hələ çox böyük iş var. Şübhəsiz ki, afraziya və nostratik dillər arasında uyğunluqlar, çoxlu sayda ortaq leksika var. Lakin görünür, onların birliyini daha dərin səviyyəyə keçirmək lazımdır.

Amma onda sual yaranır: bu nədir? Afraziya və nostratik dillərin spesifik birliyi, yoxsa buraya başqa ailələr də daxildir? Sonuncunun ehtimalı kifayət qədər yüksəkdir.

Məşğul olduğum üçüncü ailə 1970-ci illərin əvvəllərindən etibarən üzərində işlədiyim sino-Qafqaz dil ailəsidir. Onun nüvəsini Şimali Qafqaz, Yenisey dilləri və, ehtimal ki, bask dili, eləcə də sino-tibet dilləri təşkil edir. Buraya na-dene dillərinin də daxil olması barədə nəzəriyyə var. Na-dene Şimali Amerikanın tamamilə xüsusi dil ailəsidir. O, Amerikadakı digər dillərlə açıq şəkildə qohum deyil, eyni zamanda nostratik də deyil.

ZELENKO: — Sino-tibet dillərini hansı dərinliyə aid edirsiniz?

STAROSTIN: — Eramızdan əvvəl IV, maksimum V minilliyə. Hind-Avropa dillərində olduğu kimi. Bu, kənd təsərrüfatı və maldarlıq terminologiyasına malik klassik, tamamilə neolit dövrünə aid ailədir.

ZELENKO: — Bəs onların məskunlaşdığı ərazi?

STAROSTIN: — Maraqlı sualdır. Onları adətən Çində, Çin neolit mədəniyyətlərinin mövcud olduğu ərazidə yerləşdirirlər. Amma mənə elə gəlir ki, bu, kifayət qədər şübhəlidir. Düşünürəm ki, ən real ərazi Şərqi Himalaylar, Nepal istiqamətidir. Təəssüf ki, orada arxeoloji məlumatlar çox azdır, amma coğrafi baxımdan ən ehtimal olunan yer məhz buradır.

Cənub-Şərqi Asiyada sino-tibet xalqları açıq şəkildə gəlmədir. Orada avstroneziyalılar məskunlaşmışdılar və çox güman ki, sino-tibetlərin gəlişi dinc olmayıb. Bu, avstroneziyalıların oradan çıxmasına təkan verib. Onların sonrakı adalara yayılması bütövlükdə sıxışdırılmalarının nəticəsidir.

ZELENKO: — Nostratik təbəqə ilə bağlı vəziyyəti az-çox müəyyən şəkildə təsvir etdiniz. Bəs onu hansı dövrə aid etmək olar?
STAROSTIN: — Afraziya dilləri olmadan nostratik ailənin yaşı, görünür, təxminən 14 min ildir.

ZELENKO: — Bəs nostratik, afraziya və sino-Qafqaz dillərinin vahidliyini hansı dövrə aid edirsiniz?

STAROSTIN: — Ola bilsin, 18–20 min il əvvələ. Hazırda bunu tarixləndirmək kifayət qədər çətindir. Məsələ burasındadır ki, bu üç ailə indilik müəyyən ehtimalla və dəqiqliklə rekonstruksiya olunmuş ailələrdir. Bunlar arasında uyğunluqlar müəyyən edilib, təsnifatları az-çox başa düşülür və xronoloji hesablamalar aparılıb.

Bundan sonra vəziyyət həqiqətən də çox qeyri-müəyyən olur. Avrasiyada bundan başqa cəmi iki ailə qalır — avstroneziya və avstroasiya dilləri. Bunlar bütün Cənub-Şərqi Asiyanı əhatə edir. Bəzən onları avstrik adı altında vahid makroailədə birləşdirirlər, amma hələlik heç kim onun mövcudluğunu sübut etməyib. Bununla belə, burada da müəyyən işlər görülüb. Bununla Avstraliyada yaşayan soydaşımız İlya Peyros məşğul olur.

Amma çoxlu qeyri-müəyyənlik var: onların bir-biri ilə necə əlaqəli olduğu, digər üç makroailə ilə münasibətlərinin necə olduğu və s. aydın deyil.

Bundan başqa, dünyanın qalan hissəsi var. Amerika qitəsi qalır. Qrinberqin nəzəriyyəsinə görə, orada bir ailə — amerind ailəsi var, amma əslində bunu heç kim dəqiq bilmir. Mən hesab edirəm ki, orada makroailələrin sayı daha çox ola bilər. Qarşıda isə çox böyük iş var. Orada çoxlu sayda zəif təsvir olunmuş dil mövcuddur, rekonstruksiyalar çox az aparılıb və görüləsi işlərin ucu-bucağı yoxdur.

Afrika var. Burada afraziya dillərindən başqa daha üç makroailə mövcuddur: Niger-Konqo, Nilo-Sahara və koysan dilləri.

Koysan dilləri — bəzən onları buşmen-hotentot dilləri də adlandırırlar — yəqin ki, ən böyük sirrlərdən biridir. Hazırda bununla mənim oğlum Georgi STAROSTIN məşğul olur. O, mənim yolumu davam etdirir, artıq namizədlik dissertasiyasını müdafiə edib. Yenisey və dravid dilləri ilə kifayət qədər uğurla məşğul olub, indi isə koysan dillərini araşdırmağa başlayıb.

Bundan başqa, Avstraliya var. Orada böyük ehtimalla cəmi bir dil ailəsi mövcuddur, amma bu ailə çox böyükdür və zəif öyrənilib.

Ən böyük sirr isə Yeni Qvineyadır — papuas dilləridir. Onların sayı təxminən 800-dür və ən təvazökar, ilkin hesablamalara görə, orada nostratik səviyyəsində təxminən on makroailə var. Bunlar bir-birindən ağlasığmaz dərəcədə uzaq olan, çox dərin tarixə malik dillərdir. Əlbəttə, ərazi baxımından yox — ərazi baxımından onlar qonşu kəndlərdə yerləşirlər.

ZELENKO: — Bu o deməkdir ki, uzaq keçmişdə onlar həm də ərazi baxımından bir-birindən uzaq olublar və buna görə belə fərqləniblər?

STAROSTIN: — Bunu demək çətindir. Yeni Qvineya, papuas dilləri həqiqətən də dillər adasıdır — tamamilə heyrətamiz, dünyada ən böyük linqvistik müxtəlifliyə malik ərazi. Və orada demək olar ki, heç nə öyrənilməyib. Bunu araşdıracaq adam da yoxdur.

Bizim layihədə Yeni Qvineya ilə iki nəfər məşğul olur: biri San-Fransiskodan olan Tim Aşer, digəri isə Londondan Pol Uaytqauzdur. Onların hər ikisi böyük məlumat bazaları toplayıb, amma hələ kütləvi müqayisədən o yana keçməyiblər.

Ümumilikdə, gördüyümüz kimi, Avrasiya nisbətən yaxşı araşdırılıb. Dünyanın qalan hissəsinin dilləri isə öyrənilmənin ilkin mərhələsindədir və onlarla məşğul olan müqayisəli dilçilik mütəxəssisləri çox azdır.

Dünyada müqayisəli dilçiliklə məşğul olan insanların ümumi sayının təxminən 90 faizinin hind-Avropa dillərini araşdırdığını düşünürəm. Bu ailədə az-çox hər şey aydındır, baxmayaraq ki, burada da problemlər qalır. Artıq çoxlu sayda etimoloji lüğətlər, ümumiləşdirici əsərlər və s. yazılıb.

Sonra hər şey tədricən azalır: Ural dilləri üzrə mütəxəssislərin sayı hind-Avropa dilləri üzrə mütəxəssislərdən bir tərtib azdır, Altayşünasların sayı daha da azdır, afraziyaşünasları isə barmaqla saymaq olar.

Vəziyyət çox mürəkkəbdir. Buna görə də bəşəriyyətin ulu dilinə tezliklə çatacağımıza dair böyük nikbinliyim yoxdur. Bunun üçün nəhəng komandalar lazım olardı.

Bununla belə, nəsə etmək olar və lazımdır. Məhz buna görə Amerika və Rusiya məktəblərini birləşdirməyə çalışıram. Bizim yanaşmamızla — pedantik, addım-addım yanaşma ilə — bu, bir neçə onillik tələb edən işdir.

Amerika yanaşması ilə isə prinsip etibarilə müəyyən ilkin təsnifatlar aparmaq, onların əsasında çox təxmini rekonstruksiyalar hazırlamaq mümkündür. Bu, işi sürətləndirməyə, heç olmasa ümumi şəkildə müəyyən təsnifata gəlməyə imkan verə bilər.

Layihəmizin məqsədi məhz budur. Hər şeydən əvvəl, məlumatları toplamaq lazımdır. Axı onların sayı çoxdur, ədəbiyyatda səpələnmiş vəziyyətdədir və hamısını vahid məlumat bazasına toplamaq lazımdır.

Bunun üçün müxtəlif metodikalardan və kompüter proqramlarından istifadə olunur. Onların əksəriyyəti artıq internetdə əlçatandır (starling.rinet.ru). O qədər böyük həcmdə məlumatı emal
etmək lazım gəlir ki, kompüter emalı olmadan bunu etmək mümkün deyil.

ZELENKO: — Bəs daha dərinə nəzər salmağa çalışsaq? Dillər hansısa vahid ümumi təbəqədənmi yaranıb, yəni dilin hamısının bir kökü varmı? Təbii ki, mən bir insanı, hətta bir insan qrupunu nəzərdə tutmuram, hansısa çoxsaylı topluluğu nəzərdə tuturam. Yoxsa bu, müxtəlif qruplarda, hətta müxtəlif qitələrdə yaranan bir hadisədir?

STAROSTIN: — Hazırda ən ehtimal olunan nəzəriyyə monogenezdir. Yəni dilin vahid mənbədən yaranması. Sübutlardan danışmaq çətindir, amma bunun lehinə çoxlu dəlillər var.

«Qlobal etimologiyalar» adlanan bir istiqamət mövcuddur. Bununla həm Cozef Qrinberq, həm Merritt Rulen, bizimkilərdən isə Vitali Viktoroviç Şevoroşkin məşğul olublar.

Bu nədir? Dünyanın müxtəlif yerlərində bu və ya digər formada üzə çıxan köklər toplusudur. Əlbəttə, yenə də söhbət zahiri oxşarlıq səviyyəsindən gedir, amma buna baxmayaraq, onlar çox geniş yayılıb.

Kifayət qədər maraqlı nümunələr var — məsələn, «mama» və «papa». Bir çoxları hesab edir ki, bunlar sözdə elementar qohumluğun nümunələridir, çünki bunlar uşaq nitqində yaranan ilk səslərdən biri, dodaq samitləri olan «m» və «p» səsləridir.

Amma «aka» və ya «kaka» tipli, böyük qardaş mənasını verən son dərəcə geniş yayılmış söz də var. Çoxlu dil ailələrində böyük qardaş üçün məhz bu tip termin mövcuddur və onun səs təqlidi ilə izah edilməsi çox çətindir. Tamamilə mümkündür ki, bu cür sözlər çox qədim mənşəyə gedib çıxır.

Başqa belə sözlər də çoxdur. Məsələn, «yarpaq» mənasını verən bir kök var. İngiliscədə «leaf», rus dilində isə «лепесток» — «ləçək» deməkdir; hind-Avropa kökü «леп» və ya «лоп»dur. Bu kök demək olar ki, bütün dünyada məhz «yarpaq» mənasında üzə çıxır.

Həm sino-tibet, həm Şimali Qafqaz, həm afraziya, həm də Avstraliya dillərində buna rast gəlinir və hər yerdə təxminən «lapo», «lep» kimi səslənir. Bu artıq uşaq sözü deyil, açıq şəkildə səs təqlidi də deyil. Buna baxmayaraq, bu qədər uzaq dil ailələrində üzə çıxır.

Belə qlobal etimologiyalardan kifayət qədər çox tapılıb və mən bu hadisəni onların hansısa ümumi mənbəyə gedib çıxan sözlər olduğunu fərz etməkdən başqa cür izah edə bilmirəm. Bu fərziyyənin lehinə dəlillər daim artır.

Bundan başqa, ümumi mülahizələr də var — dilin strukturu ilə bağlı mülahizələr. Müqayisəli dilçilikdə məşğul olduğumuz hər şey dilin zahiri qabığıdır, yəni onun sırf səs tərəfidir, konkret mənaların müxtəlif dillərdə necə ifadə olunmasıdır.

Bu qabıq çox efemerdir, daim dəyişir: səslər başqa səslərə keçir və ya tamamilə yox olur, mürəkkəb fonetik dəyişikliklər baş verir, sözlər itir. Amma bu qabığı kənara qoyub içərisinə baxsaq, məlum olar ki, əslində hamımız eyni dildə danışırıq.

İnsan dillərinin dərin strukturu tamamilə oxşardır. Hər bir insan dilində universal şəkildə mövcud olan bir sıra xüsusiyyətləri sadalamaq olar. Bunlar sait və samitlərin olması, mübtəda, xəbər və tamamlığın — yəni sintaktik aktantların — iştirak etdiyi sintaktik struktur və s.-dir.

Detallar barədə çox danışmaq olar, amma prinsip etibarilə dilin ümumi quruluşu tamamilə eynidir. Bu «dərin strukturun» müxtəlif yerlərdə bir-birindən asılı olmayaraq yaranması çox şübhəlidir.

Lakin məhz bu fərziyyəni — ümumi genetik strukturun, yoxsa müstəqil şəkildə yaranmış kommunikasiya sistemlərinin mövcudluğunu — yoxlamaq üçün dilin zahiri səs qabığına müraciət etmək lazım gəlir. Yalnız konkret səthi paralellər dilləri qruplara, ailələrə və s. üzrə təsnif etməyə imkan verir.

ZELENKO: — Əgər sizin monogenez fərziyyənizi qəbul etsək, onda bir neçə çox maraqlı sual yaranır. Birinci sual: nəzəri və hesablama baxımından bu monodilin yaranmasını hansı dövrə aid edə bilərsiniz?

STAROSTIN: — Linqvistik məlumatlara görə, bu, heç bir halda 40–50 min ildən daha qədim ola bilməz. Bu, əhəmiyyətli müddətdir, amma Homo sapiens növünün yaranma tarixindən nəzərəçarpacaq dərəcədə azdır.

40–50 min il maksimum həddir. Çünki bizə məlum olan makroailələrin yaşı təxminən 15–17 min ildir. Digər dil ailələrini bir araya gətirmək üçün daha iki-üç mərhələ lazım gələ bilər. Amma makroailənin ilkin başlanğıcı 40–50 min ildən qədim ola bilməz. Əks halda qlobal etimologiyalar qorunub saxlanmazdı, ümumiyyətlə heç nə görə bilməzdik. Bunu sırf riyazi şəkildə göstərmək mümkündür.

ZELENKO: — İkinci sual ulu dilin yaranma yeri ilə bağlıdır. Bunun haqqında hər hansı fərziyyə irəli sürmək mümkündürmü?

STAROSTIN: — Koysan dillərinin sirri burada kifayət qədər ciddi problemdir. Koysan dilləri ona görə diqqətəlayiqdir ki, onların tərkibində dünyanın heç bir yerində artıq mövcud olmayan samitlər sinfi var. Bunlar klikslər, yəni şaqqıldayan samitlərdir.

Problem ondadır ki, bunlar ilkin xüsusiyyətdirmi, sonradanmı yaranıb, ümumiyyətlə haradan meydana gəlib və koysan dillərindən kənarda nəyə uyğun gəlir?

Əgər klikslərin arxaik olduğunu qəbul etsək, onda onların bir dəfə — ilk «kliksiz» budağın ayrılması zamanı — itirildiyini düşünmək, bütün digər areallarda klikslərin sonradan müstəqil şəkildə itməsi fərziyyəsindən daha asandır.

Bu halda hesab etmək lazımdır ki, insan dilinin ilk parçalanması kliksli və kliksiz budaqlara ayrılma olub. Hazırda əsas məsələlərdən biri məhz budur: koysan dillərindəki vəziyyətin nə demək olduğunu başa düşmək.

Əgər yaranma yeri məsələsinə qayıtsaq, bu halda dilin Mərkəzi Afrikada meydana gəldiyini, sonra ilk parçalanmanın baş verdiyini və daha sonra kliksiz budağın bütün dünyaya yayıldığını düşünmək olar.

ZELENKO: — Deməli, 40–50 min il əvvəl dil yaranır. 30–35 min il əvvəl isə Avropada kromanyonları aşkar edirik. Onlar Avropanın böyük ərazilərində və bir-birindən çox ayrı qruplar halında yaşayırlar. Əgər dil hətta 50 min il əvvəl yaranıbsa, bu iki tarix arasında cəmi 15 min il var. Bu o deməkdirmi ki, kromanyonlar artıq bu dili vahid kökdən mənimsəmiş və onu öz vətənlərindən Avropaya gətirmişdilər? Məncə, bu mümkündür. 15 min il Keniya ərazisindən İspaniyaya və ya Fransanın cənubuna çatmaq üçün kifayət qədər uzun müddətdir.

STAROSTIN: — Düşünürəm ki, çox güman, məhz belə olub. Əlbəttə, bütün bunlar qaranlıqla örtülüb, amma həqiqətən də, bəzi dil ailələri artıq Afrikada yaranmalı idi. Sonra isə Yaxın Şərq üzərindən şimala, daha sonra qərbə, şərqə, Cənub-Şərqi Asiyaya və s. istiqamətlərdə daim hərəkət baş verib.

Burada arxeoloqlar və genetiklərlə çox fəal əməkdaşlıq etmək lazımdır.

ZELENKO: — Bəs dil ailələrinin ayrılması necə baş verirdi? Kənardan belə görünür ki, bu, ayrı-ayrı qrupların təcrid olunması ilə bağlı olub.

STAROSTIN: — Əksər hallarda, əlbəttə, bu, təcrid olunma ilə bağlıdır. Erkən dövrlərdə isə bu, ilk növbədə miqrasiyalar, daimi miqrasiyalarla əlaqədar idi. Məsələn, Yaxın Şərqdən köçlər baş verirdi.

Neolit inqilabından sonra əhali daim artırdı, ayrı-ayrı qruplar da bu arealdan davamlı olaraq ayrılır və başqa ərazilərə gedirdilər.

ZELENKO: — Belə çıxır ki, texnologiyalar nə qədər inkişaf edirdisə, əhali də bir o qədər artır, miqrasiyalara ehtiyac çoxalır və dil xüsusiyyətlərinin yaranması üçün imkanlar da bir o qədər genişlənirdi.

STAROSTIN: — Qruplar ayrılan kimi onların dilləri də qaçılmaz olaraq ayrılır. Dil daim dəyişir və təxminən min ildən sonra tanınmaz dərəcədə dəyişmiş olur. Dillərin bir-birini başa düşmək imkanını itirməsi üçün min il adi müddətdir.

Biz hər dövr üçün yaxşı hazırlanmış linqvistik xəritələrin olmasını arzulayırıq. Eyni cür xəritələr arxeoloqlar və genetiklər tərəfindən də hazırlanmalıdır. O zaman həqiqi əməkdaşlıq qurmaq mümkün olardı.