- Dil

Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb

Almatıda Azərbaycan və qazax dillərinin pulsuz tədris ediləcəyi, eləcə də şagirdlərin Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə tanış ola biləcəyi Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb.

“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, məktəb Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Almatıdakı Azərbaycan etnomədəni birliklərinin və Qazaxıstanda yaşayan soydaşların dəstəyi ilə yaradılıb.

Mərasim Azərbaycan və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Almatıdakı səfirliyinin nümayəndəliyinin rəhbəri Vüsal Əliyev bildirib ki, məktəb tarixi vətəndən kənarda yaşayan azərbaycanlıların ikinci və üçüncü nəslinin nümayəndələri üçün xüsusi əhəmiyyət kəsb edir.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımızın ana dilini, milli mədəniyyətini və Azərbaycanla əlaqələrini qoruyub saxlamasının vacibliyini xüsusi vurğulayıb.

V.Əliyevin sözlərinə görə, məktəbin açılması Azərbaycan və Qazaxıstan arasında münasibətlərin inkişafı baxımından da əhəmiyyət daşıyır.

“Biz sadəcə təhsil platforması yaratmırıq, Azərbaycanla Qazaxıstan arasında daha bir körpü qururuq. Əminəm ki, bazar günü məktəbi təkcə təhsil deyil, həm də ünsiyyət, mədəni mübadilə, yeni tanışlıqlar və birgə təşəbbüslər məkanına çevriləcək”, – o bildirib.