Təqvimdə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu gün bizə sadəcə əlifba islahatlarını, Prezident fərmanlarını deyil, həm də sürətlə qloballaşan müasir dünyada özümüzü, kimliyimizi harada qoruyub saxladığımızı xatırladır.Xatırlatmaq azdır, hətta, başımıza “danqıldatsın” gərək. Çünki bu gün dilimizi qorumaq həm də daxili dünyamızı və səmimiyyətimizi qorumaq deməkdir.
Müasir şəhər həyatının ritmi bizi hər gün bir az daha da qloballaşan dünyanın rənglərinə qarışdırır. Səhərlər xarici dildə adlandırılmış kafelərdə qəhvə sifariş edir, günorta işgüzar yazışmalarda ingilis dilli terminlərdən bol-bol bəhrələnir, axşamlar isə sosial şəbəkələrdə əcnəbi filosofların sitatları ilə divarlarımızı bəzəyirik. Elə bil hər şey dəyişib, biz əvvəlki biz deyilik, tamamilə “modern” və bir az da yad olmuşuq. Amma bu bər-bəzəkli vitrinlərin arxasında dəyişməyən, toxunulmaz qalan bir reallıq var. Gündəlik həyatın axarında çox ironik bir mənzərə ilə qarşılaşırıq: Vitrində ‘Sale’ yazırıq, amma ürəkdə hələ də ana dilində sevirik. Bəli, nə qədər müasir görünsək də, duyğuların dili dəyişmir. Menyuda “Cappuccino” sifariş edirik, amma dərdləşmək, ürəyimizi boşaltmaq istəyəndə yenə armudu stəkanda çay axtarırıq. Çünki o çayın istisində, o stəkanın formasında sadəcə bir içki deyil, babalarımızdan qalan bir doğmalıq, bu dilin bizə bəxş etdiyi bir səmimiyyət gizlənib.
Bu gün çoxumuz texnologiyanın və trendlərin diktəsi ilə yaşayırıq. Müasir rəqəmsal xəritələr bizə hara gedəcəyimizi diktə edir. Lakin diqqətlə baxsaq, görərik ki, naviqatorda ünvanı xarici dildə yazsaq da, ruhumuz hələ də köhnə məhəllənin o dolanbac, dar döngələrində fırlanır. Çünki uşaqlığımızın, bu dildə danışan insanların arasında keçən ilk xatirələrimizin qoxusunu heç bir müasir texnologiya əvəz edə bilmir.
Ən maraqlısı isə virtual dünyadakı profilimizdir. Profilimizə xarici sitatlar düzürük, intellektual görünməyə çalışırıq, amma ən böyük rahatlığı, ruhun sakitliyini yenə də uşaqlıqda eşitdiyimiz ana laylasının doğmalığında tapırıq. Ağrılarımız, kədərlərimiz belə süni parıltı qəbul etmir. Statusda ingiliscə bəlağətli cümlələr qoyuruq, amma ürəyimiz ağrayanda, həyat bizi sıxanda lap dərindən, öz dilimizdə bir “of” deyirik. O bir hecalıq nidada əsrlərin ağrısı, doğmalığı və təsəllisi yatır.Vitrinlər nə qədər parlaq, ingilisdilli ifadələr nə qədər cəlbedici olsa da, insan öz daxili dünyasında həmişə köklərinə qayıdır. Çünki qloballaşma yalnız zahirimizi dəyişə bilər, ruhumuzu yox. Ruhun dili isə həmişə anamızdan eşitdiyimiz, ilk dəfə ana dediyimiz o təmiz, toxunulmaz ana dilidir.
Bu gün sadəcə bir bayram deyil; o vitrinlərlə ürəyimiz arasındakı gizli körpünün təməlinin qoyulduğu gündür. Vitrinlərimiz xarici ola bilər, amma varlığımız, ruhumuz və sevgimiz həmişə buralıdır — öz dilimizdədir_Azərbaycan dilində. Qoy bu vitrinlərin, kafe-restoranların vətənpərvər müştəriləri çox olsun, o qədər olsun ki, dilimiz və əlifbamız ruhumuzun səsinə qarışsın, ruhumuzun nəfəsi ilə ucalsın. O zaman gələcək, o günlər uzaqda deyil, onda vitrinlərimiz və ruhumuz eyni dildə anlaşacaq …









