- Ədəbiyyat, Manşet

Ədəbiyyat təzkirəçiliyində Qulam Məmmədli fenomeni

Dosent  Aybəniz Rəhimova, Azərbaycan Milli  Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi

O, orta və ali  savadını,  həyat məktəbindən, yaşadığı dövrdən, əhatəsində olduğu mühitdən qazanmış və əlbəttə ki, bunlarla yanaşı, Allahın ona bəxş etdiyi xoş xasiyyət, istedad, qabiliyyət, həvəs, səbr və bacarıq kimi yüksək keyfiyyətlərdən almışdır. Hər kəsdə olmayan bu  keyfiyyətlər Onu uzaqlara aparmış, yüksəklərə qaldırmışdır. O, kimdir? Haqqında danışmaq istədiyim şəxs bu il 125 illiyini qeyd etdiyimiz görkəmli ədəbiyyatşünas, jurnalist, teatrşünas, salnaməçi Qulam Əli Məmməd oğlu Məmmədlidir. Bioqrafiyasını araşdırdıqca, əslində Qulam  Məmmədlinin  həyatı və əsərləriylə Oğuz coğrafiyasını simvollaşdıran bir şəxsiyyət göz önündə canlanır. O, Təbrizdə doğulmuş, Aşqabadda böyümüş, Bakıda yetkinləşmiş, Təbrizdə milli xalq hərəkatının öncüllərindən olmuş, nəhayət yenə Bakı şəhərində sona qədər ömür sürmüşdür. Qulam Məmmədlinin milli ədəbiyyat və mədəniyyətimiz sahəsindəki xidmətləri, topladığı və üzə çıxartdığı əsərlər qaynaq olaraq bu gün də əvəz olunmazdır.

Görkəmli mətnşünas alim, Professor Əziz Mirəhmədov Qulam Məmmədlinin 80 illik yubileyindəki məruzəsində onun həyat yolunu belə təsvir etmişdir: “Qulam Məmmədli orijinal bir həyat yolu keçmişdir. Maraqlı, ibrətamiz məzmunda olan bu yol, eyni zamanda bir çox cəhətdən qeyri-adidir. Orta və ali təhsili olmadan o, yazıçı, tədqiqatçı-alim, jurnalist, mətnşünas və əməkdar mədəniyyət işçisidir”. Əziz Mirəhmədovun dediyi sözlər Qulam  Məmmədli şəxsiyyətini tanımaq üçün bir panoramdır. Həqiqətən də, kiçik mətbəə işindən, kuryerlikdən atılan təməl Azərbaycanın fəxri mədəniyyət işçisi, əməkdar jurnalisti,  Jurnalistlər Birliyinin  “Qızıl qələm” laureatı, İttifaq üzrə Əmək veteranı, Ali sovetin deputatına qədər yüksəlmək, saysız mükafatların və fəxri adların sahibi olmaq,  insandan böyük fədakarlıq tələb edir. Onun prinsipial xarakteri, möhkəm iradəsi, əzm və qorxmazlığının nəticəsi idi ki, Azərbaycan ədəbiyyatşünaslığının ənənələrini həyata keçirərək, qiymətli tədqiqatlarla onu zənginləşdirmiş, milli ədəbiyyatın və mədəniyyətin inkişafı üçün əldə etdiyi tapıntıları gələcək nəsl üçün mənbə olaraq miras qoymuşdur.

Qulam Məmmədli Aşqabadda həyatının ilk addımlarında iki böyük qüvvənin; atasının mətbəə işində ona köməkliyini və yazdığı şeirləri Salman Mümtazın nəşr olunmuş kitablarında böyük sevinclə  qarşılamasını  heç unutmadığını xatirələrində yazırdı: “El ədəbiyyatına aid kitablarda bir vaxt ona, (Salman Mümtazı nəzərdə tutur. A.R.) yazıb verdiyim şeirlərdən görəndə, hər dəfə böyük sevinc və qürur hissi keçirmişəm”. 1923-cü il, gənc Qulamın Bakı  həyatına qədəm qoyması,  ədibimiz Mirzə Cəlil  vasitəsilə ilk dəfə mətbəə işinə başlaması, sonralar daha məsul, “Kommunist”, “Kəndli” qəzetlərinin redaksiyasında işləmək və bu sahədə peşəkarlıq qazanmaq üçün zəmin idi. O,Mirzə Cəlil haqqında yazdığı xatirələrində ona böyük minnətdarlıq hisslərini  belə ifadə  edirdi: “Mən o vaxt bu qeydkeşlik üçün Mirzə Cəlilə sadəcə razılıq etdim. Lakin bu razılığın nə qədər az olduğunu və onun bir telefon söhbəti mənim gələcək həyat yollarımda nə qədər mühüm rol oynadığını sonralar başa düşdüm”. Qeyd edək ki, Qulam Məmmədlinin həyat və yaradıcılığına Təbriz mühitinin güclü təsiri olmuşdur.

İkinci Dünya müharibəsi zamanı Tiflisdə hərbi qulluqda olan Qulam, Qafqaz cəbhəsi siyasi şöbəsinin ədəbi işçisi kimi fəaliyyət göstərirdi.Əsgərlikdən sonra Qulam Məmmədini Təbriz həyatı, 1941-ci il Cənubi Azərbaycanın Demokratik ”Tudə” partiyasının lideri seyid Cəfər Pişəvərinin məhrumiyyətlərə düçar olmuş xalqının müstəqilliyi uğrunda milli bütünlük taktikasını əsas tutaraq  apardığı mübarizəyə təsadüf edirdi. Milli hökumətə kömək məqsədilə Şimali Azərbaycandan, Güneyə  böyük  ziyalı  ordusu  göndərildi. Fədailər ordusunu müxtəlif ixtisaslı kadrlar, müəllimlər, həkimlər, alimlər, jurnalistlər, yazıçılar, mühəndislər  təşkil edirdi. Ziyalılar qrupunun  tərkibində Qulam Məmmədli də var idi. O, milli hərəkatın inkişaf və yüksəlişindən ruhlanır, millətin mənafeyinə uyğun işlərdən kənar qalmırdı. 1940-cı ildən etibarən Qulam Məmmədli başda olmaqla Təbrizə gəlmiş ziyalılar tərəfindən  “Vətən yolunda” qəzeti nəşr etdirilir. Azərbaycan dilində yeganə mətbu orqanı olan “Vətən yolunda”qəzetində, Qulam Məmmədli də məqalələr dərc etdirir və eyni zamanda redaktorluq xidmətləri ilə fəaliyyət göstərirdi.

Az müddət ərzində qəzetdə yaradıcı insanlardan, Balaş Azər oğlu, Əli Tudə, Məmməd Rahim, Süleyman Rüstəm, Qılman İlkin, Həkimə Billuri, Mədinə Gülgün, Cəfər Xəndan və digərziyalılarımız öz  şeirlərilə  çıxış edirdilər. Fəqət, heç biri bilmirdi ki, zaman gələcək bu şəxslərin  milli hökumətin fəaliyyət göstərdiyi illər ərzində mətbuatda nəşr olunan şeirləri və avtobioqrafiyaları Qulam Məmmədlinin təzkirəsində xatırlanacaqdır. 1940-46-cı illər Cənubda Q.Məmmədlinin publisistik fəaliyyətində, ümumiyyətlə, yaradıcılıq sahəsində parlaq dövr, yeniliklərlə dolu bir səhifə idi. O, milli hərəkatın quruculuq işlərində bilavasitə iştirak edir və yaradıcılıq dairəsini genişləndirirdi. Məhz bu dövrdə o tanınmış ziyalı şəxsiyyət, əlyazma kitablarının kolleksioneri, zəngin kitabxana  sahibi, mətnşünas-alim Məhəmmədəli Naxçıvani ilə tanış olur və onun sayəsində Mirzəli Möcüzün seçilmiş əsərlərindən ibarət əlyazmalarını, XIX əsrin qadın şairəsi Heyran xanımın şeirlərinin əlyazma toplusunu, Fədainin “Bəxtiyarnamə” əsərinin əlyazmalarından ibarət parçalar əldə edir və bu  kimi mənbələr  haqqında ilk sözü, Təbriz mətbuatında nəşr olunmuş məqalələrində söyləyir.

Məhəmməd Rza Pəhləvinin hakimiyyətə gəlməsi ilə 1946-cı il mayın 10-dan sovet qoşunlarının İran ərazisindən çıxarılması  haqqında mövcud əmr qısa müddət ərzində həyata keçirilir. Azərbaycanın müstəqilliyinin boğulmasında başlıca rol oynayan fars şovinizminin dahi diplomatı baş nazir Qəvam-üs-səltənənin başçılığı altında İran ordusu Azərbaycana girir və yenidən Təbriz işğal olunur. Demokratlara qarşı terror, təqib,  həbs, məşəqqətlər dövrü başlanır. Azərbaycan dilində məktəblər, mətbu orqanları bağlanır, Pişəvəri başda olmaqla elmi konseptual çıxışçılar, partiyanın digər üzvləri ölkəni tərk etmək məcburiyyətində qalırlar. Şimaldan gəlmiş azərbaycanlı ziyalı iş qrupu, “Vətən yolunda” qəzetinin heyəti  ilə bərabər Qulam  Məmmədli, Təbrizdə topladığı tarixə, ədəbiyyata, incəsənətə, demokratik hadisələrə dair küllü miqdarda mətbu və əlyazma materiallarını özü ilə  Bakıya  gətirir və müxtəlif arxivlərə təhvil verir.  Bunlar  həmin materiallar idi ki, gələcək tədqiqatçıların daim istifadə edəcəyi gərəkli əsərlər olacaqdı. Bakıya qayıdışı, Q.Məmmədlinin  həyatında yeni yaradıcılıq səhifələri açır. Topladığı və özü ilə gətirdiyi materialların əsasında demokratik hərəkatın  tarixinə həsr olunmuş yeni əsərlər  meydana gəlir. 1948-ci ildə “Səttərxan şeirlər toplusu”, 1949-cu ildə Xiyabani hərəkatından bəhs edən “Xiyabani” monoqrafiyası, 1950-ci ildə Cənublu klassiklərlə müasir demokrat şairlərin həyat və yaradıcılığından qısa məlumat və şeirlərindən nümunələr verməklə, “Cənubi  Azərbaycan şairlərinin antologiyası”, adlı əsərlərini çap etdirir.

Q.Məmmədli Azərbaycan ədəbiyyatı klassiklərinin ədəbi irsinin toplanması və nəşri yolunda gördüyü işlərlə yanaşı, həm də uzaqgörən, səliqəli bibliofil idi. O, görəcəyi işləri məqsədyönlü şəkildə həyata keçirdikdən sonra onların əlyazma nüsxələrini qoruyub, şəxsi arxivinə yerləşdirmiş, dünya ölkələrinin arxiv və kitabxanalarını gəzmiş, Azərbaycana aid olan küllü miqdarda əlyazma və çap kitablarını  vətəninə gətirərək Azərbaycan EA arxivlərinə və digər müvafiq yerlərə təhvil vermiş və öz şəxsi arxivində saxlamışdır. Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar  İnstitutunda şəxsi fondlar içərisində, Qulam Məmmədliyə məxsus şəxsi  arxivi və əlyazma fondunda “Azərbaycanın alim, yazıçı, şair və başqa görkəmli xadimləri haqqında biblioqrafik materiallar” adı altında çox dəyərli, həcmcə iri əlyazması şəkilində “Təzkirə”si mühafizə olunmaqdadır.  Əlyazmalar İnstitutunda 32 şəxsi fond arasında Q.Məmmədli arxivi zənginliyi ilə seçilir. Azərbaycanın nəşr tarixinə, teatr tarixinə dair topladığı materiallar elm, tarix, ədəbiyyat, incəsənət və başqa sahələrdə çalışmış  azərbaycanlı ziyalılara həsr edilmiş biblioqrafik yazılar, “Molla Nəsrəddin” məcmuəsində nəşr etdirdiyi satirik hekayə və lətifələr, şifahi xalq ədəbiyyatı nümunələri, qəzet və jurnalların biblioqrafiyası və digər materiallar arxivdə öz əksini tapmışdır.

Q.Məmmədlinin 1959-cu ilin əvvəlindən, sonuna qədər “Bakı” qəzetinin demək olar ki, hər nömrəsində nəşr olunmuş silsilə məqalələri müəllif tərəfindən kəsilmiş qəzet parçaları şəkilində yerləşdirilmişdir. Məqalələr maraqlı məzmunları ilə diqqətçəkicidir. Azərbaycanlılara daim hürriyyət, azadlıq ideyası və  sevdası ilə yaşayan  Qulam Məmmədli Cənubun siyasi xadimləri ilə birlikdə ədəbi-mədəni əlaqələr körpüsü yaradır, Təbriz inqilablarının istibdada qarşı mübariz, cəsarətli oğullarına məqalələr həsr edir, amalı, məsləki uğrunda mübarizə aparan gənc  demokratların uğursuz sonluqlarına kədər hissi ilə acıyırdı. Bu mövzuda nəşr olunmuş məqalələrdən birinin qısa məzmununu diqqətə çatdırmaq istəyərdim. Bu məktub, 1906-09-cu illərdə Təbriz küçələrində Səttərxan mücahidləri arasında vuruşan hərarətli nitqi, mübariz şerləri ilə inqilabçılara ruh verən bir fədai şair haqqındadır. Müəllif məqaləsində mübariz şairi belə təqdim edir: “İstibdadın barışmaz düşməni olan Mirzə Qafar, şair, fədai, həm də atəşin bir natiq idi. O, öz şerlərini Natiq təxəllüsü ilə yazırdı”. Q.Məmmədli, Pəhləvi hökumətinin Mirzə Qafarı susdurmaq məqsədilə çox alçaq tədbirlərə əl atdıqlarını, onu xidmətdən çıxarıb işsiz qoyduqlarını, sonra isə İranın cənubuna sürgünə göndərildiyini və nəhayət, 1933-cü ildə yeməyinə zəhər qatmaqla yaxalarını ondan qurtarmalarını ürək ağrısı ilə məqaləsində şərh etmişdir.

Digər məqalə Məhəmməd Aciz kimi tanınan, M.Füzuliyə nəzirələr, Vaqif qoşmalarına oxşar qoşmalar yazmış şairin əsl adının Məhəmməd Xəlifə,“Aciz”təxəllüsü ilə şeirlər yazmasını ilk dəfə aşkar etməsinə həsr olunmuşdur. Məqalələr arasında dilçi alim Hüsaməddin Həsən Əbülmömün oğlunun Azərbaycanda yetişməsi və ana dilində əsərlər yazması, ən əsası da “Töhfeyi-Hüssam” adlı mənzum lüğətindən məqalə müəllifi söz açmışdır. Q.Məmmədlinin şəxsi fondunda müxtəlif zamanlarda  çapdan çıxmış əsərlərinin  əlyazma nüsxələri ayrıca bölgüdə cəm edilmişdir. Buraya əsasən Azərbaycan ədəbiyyatının klassiklərinin həyat və yaradıcılığına həsr edilmiş çap əsərlərinin əsli, yəni əlyazma  şəklində olan materialları, sənədlər, arayışlar, müəllif qeydləri və s. daxildir. Qovluqlarda görkəmli şəxsiyyət, yazıçı-dramaturq N.Nərimanovun həyat və fəaliyyətinə dair materiallar,

C.Məmmədquluzadənin həyat və yaradıcılığına və ona məxsus toplanmış mətbu və qeyri-mətbu yazılar, məqalə və resenziyalar, məktublar  xatirələr və imzalar öz əksini tapmışdır. Xüsusilə, şəxsi fondda  yerləşən 104 vərəqdən ibarət Azərbaycan teatr tarixinə aid materiallar insanı heyrətdə qoyacaq dərəcədə sistemli olmaqla yanaşı, həm də çox maraqlıdır. 1903-cü ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində səhnəyə qoyulan teatr tamaşalarının afişaları, dramaturq və aktyorların fəaliyyətləri, “İsmailiyyə” binasında, “Tağıyev” teatrında, “Qırmızı gənclər” evində, Lənkəran şəhər klubunda, İrəvan teatr səhnələrində qoyulmuş tamaşalar və teatr tarixinə dair sənədlər burda öz əksini tapmışdır. Q.Məmmədlini yaradıcılığının yarıdan çox hissəsi Azərbaycan teatr tarixinin tədqiqinə həsr olunmuşdur. Bu baxımdan,  Azərbaycan  incəsənətinin parlaq  simalarından olan Hüseyn Ərəblinskinin, xalqın sevimli sənətkarı Cahangir Zeynalova aid arxiv materialları şəkil və sənədlər 1886-1906-cı illər arası Azərbaycanda çıxan “Kaspi”, “İrşad”, ”Həyat”, “Tərəqqi”, “Təzə həyat”, “İttifaq”, “Səda”, “Zənbur”, “Sədayi-həqq” və s. qəzet və jurnallarda aktyorlar haqqında məqalələr, resenziya, məruzələr,  ona yazılan məktublar, xatirələr, teatra aid sənədlər, Azərbaycan və rus dillərində cəm olmuşdur. Q.Məmmədli qeyd etdiyimiz kimi geniş ünsiyyət dairəsinə malik idi.

Bu baxımdan da istər Azərbaycan, istərsə də, ölkə hüdudundan kənarda dostları ilə məktublaşmış və bu məktubların çox hissəsi arxivdə qorunmaqdadır. Maraq doğuran məktublardan biri 1973-cü ildə Moskva xəstəxanasından Əziz Şərifin Qulam Məmmədliyə yazdığı səmimi cavab  məktubdur. Məktubun məzmunundan aydın olur ki, Q.Məmmədli Əziz Şərifə Abbas Mirzə Şərifzadə haqqında yazdığı əsərin əlyazma nüsxəsini göndərmişdir. Əziz Şərif də cavabında Qulam Məmmədlinin  yazdığı əsəri yüksək qiymətləndirmiş və əvəzsiz iş gördüyünü vurğulamış, çəkdiyi zəhmət onu heyrətə saldığını məktubunda qeyd etmişdir. Bu şəkilli məktubların sayı çoxdur xüsusilə də xarici ölkələrdən İrandan, Fransa, İngiltərə, Finlandiya, Kembric Universitetlərindən gəlmişdir. Əslində Məmmədlinin tədqiqatçı və mətnşünas kimi gördüyü  işlərə, böyük qiyməti məşhur rus yazıçısı Maksim Qorki 1934-cü ildə ona yazdığı məktubunda vermiş və Klassiklərin əsərlərini böyük maraq və həssaslıqla  toplayaraq çap etdirdiyinə  görə  ona  minnətdarlığını  bildirmişdi. Diqqətlə gördüyü işlərə görə müxtəlif ölkələrin elm qurumlarından, yazarlarından, alimlərindən, sənətkarlarından məktublar  alan Qulam Məmmədli, 1950-ci illərin əvvəllərindən  isə əcnəbi ölkələrin arxiv və kitabxanalarındakı fəaliyyəti diqqət cəlb edir.

Xarici ölkələrə ezamiyyətə getməyin çox çətin  olduğu o dövrdə  qardaş ölkə hesab  etdiyi  Türkiyəyə gedərək İstanbulun kitabxanalarında işləmiş, orada göstərilən diqqət və nəzakəti isə heç vaxt unutmamış, Bakıya qayıdandan sonra bunları gizli şəkildə yaxın dostlarına danışmışdır. Fövqəladə dərəcədə məhsuldar işləməsinə baxmayaraq, Qulam Əli Məmmədli kitablarının dövlət tərəfindən çapının ləngiməsindən əsərlərinin nəşrinin 10-15 il gözləməsindən  şikayət edərək, yazırdı: “Abbas Mirzə Şərifzadə haqqında yazılan salnamə düz 15 il sonra çapdan çıxdı. Nə etmək olar, görünür bir fransız filmində olduğu kimi çap maşınları mənim sürətimə uyğunlaşa bilmirlər” deyə, kinayə ilə dediyi ifadə fikrimizə aydınlıq gətirir. Yaradıcılıq  fəaliyyətinin son dönəmində salnamə janrında əsərlər qələmə alan Qulam Məmmədlinin “Hüseyn Cavid”, “Üzeyir Hacıbəyov” salnamələrdə çoxu arxivlərdən toplanmış mətbu materialların xronoloji qaydada sərrast şəkildə təqdiminin unikal örnəkləri olub bu günə istər ədəbiyyat və mədəniyyət tarixçiləri, istərsə də salnaməçilər və ensiklopediyaçılar üçün təkrar olunmaz mənbələr olaraq qalmaqdadır.

“Qulam Məmmədlinin təzkirəsi” haqda bir neçə söz

Firudun bəy Köçərlinin açdığı yeni ədəbiyyatşünaslıq cığırına baxmayaraq, dərin tarixi köklərə sahib olan təzkirəçilik nəinki tamamilə sıradan çıxmış, hətta çağdaş dövrə qədər davam etdiyi bəllidir. Bunu söyləmək üçün Qulam Məmmədli uzun illər topladığı, sonra böyük ehtimalla, dövrün şərtlərinə görə çap etdirə bilməyəcəyini nəzərə alaraq, “bir zaman işıq üzü görər” ümidi ilə, 1954-cü il, iyunun 15-də, o zamankı AEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat muzeyinin Əlyazmalar fonduna təhvil verdiyi təzkirədir. Əsərin xüsusiyyətləri barədə məlumat verməzdən  əvvəl, qeyd edim ki, yarım əsrdən çox diqqətdən kənarda qalmış təzkirəni 2012-ci ildə mərhum professor Məmməd Adilovun təşəbbüsü, Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr  etdirməyimin qürur  və sevinc hissini  bu gün bir daha   yaşayıram.  Əlyazmaşünaslıq və ədəbiyyat tarixi bucağından baxanda şübhəsiz, Qulam Məmmədlinin yaradıcılığında  ən çox maraqlı və faydalı  əsəri  mənbələr əsasında mənbə   olan   Təzkirəsidir. Kitab halındakı ümumi həcmi 700 səhifəni keçən, “Azərbaycanın alim, yazıçı, şair və başqa görkəmli xadimləri haqqında biblioqrafik materiallar adı altında  mühafizə olunan ensiklopedik əsərin əlyazmaları,  ayrı-ayrı vərəqlərdən ibarət olaraq,  fonda  qovluqlarda daxil olmuşdur. Sonralar 6 qovluğun hər biri, Əlyazmalar fondu tərəfindən, əlyazma kitabı şəkilində cildə tutulmuşdur.

B-2701 şifri altında qorunanəlyazma cəmi 1466 səhifə olub, əsas mətn 1418, 48 səhifə isə istifadə edilmiş mənbələrin siyahısı və müəllif tərəfindən əlifba sırası ilə tərtiblənmiş adlar göstəricisindən ibarətdir.Təzkirələri təsnifləşdirdikdə tarix boyu məlumatların ya tam fars, ya da qarışıq- farsca və türkcə olduğu müşahidə olunur. Q.Məmmədli təzkirəsini ona qədərki təzkirələrdən fərqləndirən mühüm cəhəti bir neçə nümunəni çıxmaq şərtilə  əsərin ana dilində olması və müəllifin əhəmiyyətli dərəcədə  şifahi xalq yaradıcılığına yer ayırmasıdır. Təzkirə universal xarakter daşıyır. Bu da o deməkdir ki, əsərə toplanan məlumatlara zaman, ərazi, millət, peşə məhdudiyyəti qoyulmadan, məşhurlar və dar çərçivədə tanınanların həyat və yaradıcılıqları təzkirədə yer almışdır. 733 müəllifin adı keçən təzkirədə istifadə olunan mənbələr və dövrü mətbuatların adları məlumatların altında verilmişdir.

Məmmədlinin “Təzkirə”sində başda Azərbaycan olmaqla, Türk-Oğuz coğrafiyasının ədəbiyyat, elm, tibb, memarlıq, xəttatlıq, incəsənət sahələrinin məşhurlarının qısa bioqrafiyası, əsərlərindən nümunələr verilmişdir. Buna görə də Qulam Məmmədlinin “Təzkirə”si təkcə Azərbaycanın yox, Oğuz coğrafiyasının Təzkirəsidir, ifadəsini cəsarətlə deyə bilərik. “Qulam Məmmədli Təzkirə”sindən əvvəl bu janrda qələmə alınmış əsər Məhəmməd Əli Tərbiyətin “Daneşməndane-Azərbaycan” adlı təzkirəsidir Dərindən analiz edəndə sosializmin qurulduğu çox ağır dövrdə qələmə alınmasına baxmayaraq, Məmmədlinin əsərində cəmiyyətə məcburən qəbul etdirilən ideologiyanın izlərinin olmadığını görürük. Məsələn, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Səməd bəy Mehmandarov  və adları qadağan edilmiş digər önəmli şəxsiyyətlərlə bağlı yazılarda ideoloji yanaşmanın bir kəlməsinə də rast gəlmək mümkün deyil. Bu hal Qulam  Məmmədlinin öz  peşəsinə verdiyi əhəmiyyətlə yanaşı, onun nə qədər obyektiv bir insan olduğuna işarə etməkdədir. Eyni yanaşma Məhəmməd Əli Tərbiyətin “Daneşməndani-Azərbaycan” əsərində də əsas qayə olduğu üçün əslində aralarındakı təxminən 15 illik  zaman fərqinə baxmayaraq, elmi varislik baxımından  Məmmədlinin əsəri Tərbiyətin əsərinin tamamlayıcısı hesab edilə bilər və Oğuz  coğrafiyasının  bu sahədə  fəaliyyət göstərən alimləri üçün hər ikisi  eyni dərəcədə dəyərlidir (5). Professor Azadə Musayeva Tərbiyət və Məmmədli təzkirələrini məzmun və coğrafi əhatə baxımından Bağdad təzkirəçilik məktəbinin davamı kimi qiymətləndirmişdir (6). Həm əhatə etdiyi 10 əsrlik dövr, həm səhifələrində sovet idealoji nəfəsinin duyulmaması baxımından hal-hazırda Tərbiyət və Məmmədli təzkirələri dəyərli məxəzlərdir.

Qulam Məmmədli “Təzkirə”sinin Oğuz coğrafiyasını simvolizə edən cəhətlərindən biri də belə demək mümkünsə, “sərhədsizlik”dir. Belə ki kitabın çox geniş və sərhədsiz coğrafiyanı əhatə edən səhifələri üzərində müşahidələr apararkən yaradıcı insanların ortaya çıxdığı və hərəkət etdiyi son dərəcə geniş  bir məkan xəritəsini  görmək mümkün olur:

  1. Xəritənin başlanğıc nöqtəsi kimi Azərbaycanın Şamaxı şəhəri, yəni Şirvan və Şirvanşahlar məktəbi, Şirvanilər təxəllüslü şairlər. Bir az arxada isə Oğuz coğrafiyasının şimaldakı ən son şəhəri Dərbəndin yaradıcı şəxsləri, “Dərbəndilər”görünməkdədir.
  2. Qarabağ(Qarabağilər əsasən də şuşalılar) və oranın Qərbindəki İrəvan coğrafiyasıİravanilər təxəllüslü şairlər).
  3. Başda Təbriz olmaqla, bu gün İran sərhədləri içində qalan Güney Azərbaycanın hamısı.(Əsasən, Təbrizilər, Ərdəbililər və s.)
  4. Azərbaycan ərazisinin və azərbaycanlıların böyük bir hissəsini təşkil edən Naxçıvan və naxçıvanilər.
  5. Mərkəzi Təbriz olmaqla oradan hərəkətlənmələrin iki istiqamətini görürük: Şərqdəki Əfqanıstan və Hindistana qədər gedilir və Qərbdəki Osmanlı imperiyasının Bursa, İznik, Amasya və İstanbul şəhərlərinə varılır. Bu əsas xəritədən kənara çıxanda yaradıcı insanların üz tutduqları yerlər Qahirə, Bağdad, Dəməşq və Hələb olur, bəzən isə Oğuz coğrafiyasından çıxmış yaradıcı insanların, memarların, təbiblərin son mənzilləri Məkkə və Mədinə olur.

Qulam Əli Məmmədlinin “Təzkirə”si  bizə bu həqiqəti bir daha öyrədən bir mənbədir: tarixin müxtəlif dövrlərində bir milləti sərhədlər ayıra bilər ancaq ədəbiyyat, sənət, memarlıq, tibb, mədəniyyət bəşəri fenomenlər kimi o sərhədləri həmişə açıq saxlamağa qadirdir. Oğuz coğrafiyasının bugünkü parçalanmış vəziyyətinə baxanda  Qulam Məmmədli  “Təzkirə”sinin təqdim etdiyi tablonun bu reallığı əks etdirən nə qədər  qiymətli  əsər olduğu daha bariz şəkildə görünür.

İstifadə edilmiş  ədəbiyyat.

  1. Əkrəm Bağırov, “İlk dəfə”, “Elm” qəzeti, 3 mart, 1987.
  2. Dilşad Cabbarova. Qulam Məmmədlinin Güney Azərbaycandakı fəaliyyəti. “Azərbaycan” jurnalı, sentyabr, 2006, s.171-178.
  3. Aybəniz Rəhimova. Qulam Məmmədli və Təzkirəsi. “Elm və tədris” nəşriyyatı, Bakı, 2012, 681 s.
  4. Məhəmməd Əli Tərbiyət. Danişməndani-Azərbaycan. (Tərcümə edənlər İsmayıl Şəms və  professor Qafar Kəndli). Bakı, 1987
  5. Afaq Əliyeva. Ödəmədiyimiz borcumuz. “Kaspi” qəzeti. Bakı, 30 May 2014
  6. Azadə Musabəyli. Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadi “Divan”ı. Birinci cild, Bakı, 2011, s.15-17.
    7.Məmmədli Q.”Təzkirə”, ƏYİ,B-2701”
    8.Məmmədli Q.ƏYİ, Arx.52 fond31, q-7(12),s.v.5.
    9Azərbaycan tarixi,Bakı-Elm-2003,VIIc.s.90-99