Pərvanə BAYRAMQIZ
(Yazıların xronoloji ardıcıllığı gözlənilməyib)
Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir. Lev Tolstoy
Yaradan yaratdığı torpaqdan, daşdan bizə də pay verdi. Verdiyinə göz dikən düşmənlə də üz-üzə qoydu ki, payının qiymətini, dəyərini anlayaq. Yaradanın əmanətini yadellilərdən qoruduqca qanımız axıb torpağa qarışdı, qarışdıqca da Vətənə döndü o torpaq. Biz də Vətənin ağır olub düşmən başına düşən daşını çiynimizə qaldırıb vətəndaş olduq.
İnsan-insan, ordu-ordu, döyüş-döyüş tarix yazıldı. İtki və qazancıyla birgə Azərbaycan var oldu. Hərb tarixini, mədəniyyətini, sənətkarlığını, elmini inkişaf etdirən övladlarının ismi dillərə düşdü. Hər bir vətəndaş vicdanla, ləyaqətlə gördüyü işlərlə bərabər Vətənın yarısıdır. Biz də əcdadlarımız kimi Vətən olaq; bir-birimizi sevməklə, Vətən olaq; gələcək nəsillərə əmanət Vətən qoymaq üçün.
Dərdimiz bir deyil, iki deyil… birini mən desəm, minini siz sadalayarsınız. Qarabağın işğalınadək nələr yaşadığımızı hamımız bilirik. Qarabağla sinəmizə daha bir yara vuruldu. Hər il torpaqlarımızın işğal günlərini ürək ağrısı ilə yada salıb: “Allah bizə səbir verməsin” deyə-deyə otuz il gözlədik. Bu illər ərzində Qarabağ həsrətilə dünyadan nə qədər insan köçdü… Şükür ki Allah səbrimizi kəsdi. Axırda orduyla Prezident birləşib erməni tapdağında olan torpaqlarımızı işağaldan azad etdilər.
Yazını başlayanda qələbə çalacağımız arzu idi. İndi isə reallığın təsirilə donan ümidimin buzu əriyib. Hər şeyi qram-qıram əldə etdik. Millətimiz qəhrəmanlıq, birlik nümayiş etdirdilər, zəfər çalıb, tarix yazdıq.
Xalqımızın taleyindən keçən bir tariximiz də var: Azadlığa gedən yolun başlanğıcı olan qanlı tariximiz – 20 Yanvar faciəsi.
Çətin bir dönəm keçdik. Həmin dönəm indi “Ədəbiyyat və incəsənət” qəzetinin səhifələrində sözbəsöz, cümləbəcümlə gözlərimizdən keçib yaddaşımıza hopur. Oxuduqca bağrımızın başı göynəyir.
Bu işimi səfərə bənzətsək deyə bilərəm ki, yola “20 yanvar faciəsi ədəbi dərgilərdə” mövzusunu təhlil etmək niyyətilə çıxmışdım. Bilmək istəyirdim ki, o illərdə faciə ədəbi mətbuatda necə işıqlandırılıb, qələm adamları bu ağrının təbliğatını necə aparıblar.
Təmənnasız iş görmədiyindən qarşılıq gözləmədən çalışan adamların olduğuna inanmayanlar üçün deyim ki, nə haqqında bəhs edəcəyim qəzetin keçmiş əməkdaşlarını tanıyır, nə də yazını yazmaq üçün bir kəsdən tapşırıq almışam. Qəzetin indiki əməkdaşları ilə də dostluğum yoxdur. “Ədəbiyyat və incəsənət” qəzetini seçməyimə səbəb səhifələrindəki millilik, ana dili, vətənpərvərlik mövzularında olan dipdiri yazılar oldu. Həmin müəlliflər vətəndaşlıq borclarını layincə yerinə yetiriblər.
Bolluca vaxtım ola arxivlərdə, kitabxanalarda axtarış aparmaqla, istədiyim movzularda yazmaqla özümü hamıdan xoşbəxt sanaram. Kitabxananın pilləkənlərində hansınızla qarşılaşsaydıq, bunu gözlərimdən duyardınız. Beşgünlük iş həftəsindən sonra istirahət etməyib kitabxanaya üz tutmuşdum.
Milli Kitabxananın “Mətbuat zalı”. Qarşımda “Ədəbiyyat və incəsənət” qəzetinin 5 yanvar 1990-cı ilin 1-ci nömrəsi.
Əvvəlcə kiçik qeydlər apardım. Qəzet getdikcə məni özünə elə çəkdi ki, heç cür ayrıla bilmir, naharı da unudurdum. Bir neçə həftə kitabxanaya gedib gəldim. Həmin günləri ən gözəl günlər sandım. Vaxt çatmayanda telefona çəkib evə gələndə yazdım. Qəzetlə ümumi tanışlıqdan sonra hiss etdim ki, axtardığımdır. Ürəyimi oxuyan yazıları görüncə acgözlüklə oxudum. Yazılar 20 Yanvar faciəsinin ağır dərdinin böyüklərin, xofunun da uşaqların ürəklərinə yenicə yüklənən dövrünün qələm məhsullarıdır.
Bir neçə gün gedib-gəldikdən sonra xəstələndim, yarımçıq qoymalı oldum. Daha betəri qabaqda imiş. Pandemiya dövrü başladı və karantin elan edildi. Rejimin bitməyini, kitabxananın açılmağını gözləməli oldum. Gələcəkdə tədqiqat obyekti olsun deyə qəzetin bütün nömrələrindəki yazıları əhatəli təhlil etmək niyyətim baş tutmadı. Oxucu qəbulu dayandırıldığından mövzunu istədiyim kimi işləyə bilmədim.
Harda olur-olsun üzərində 1990-cı il tarixi qeyd edilmiş əşya və yaxud maddi daşıyıcılara rast gələndə ürəyindən ağrı keçməyən, o Qanlı faciəni xatırlamayan azərbaycanlı tapmaq mümkün deyil. Vətənimizin tarixində, vətəndaşlarımızın ürəyində dərin yara açmış qan-qadalı 1990-cı ildə birinci sinifdə oxuyurdum. Atamın qohumlarından rəhmətə gedən vardı, evimizdə hamı hüznlü idi. Qanlı yanvar faciəsi baş verəndən sonra böyüklər bu boyda faciəni qoyub öz ölüsünü ağlamağa utandılar. Hamı yetim kimi boy-boya verib şəhidlərə yas saxladı. Televizorda Şəhidlər Xiyabanından edilən çəkilişə baxırdıq. Beynimdə o qədər suallar vardı ki bağrım partlayırdı. Vətənimizdə kim bizi belə qəddarlıqla qətlə yetirmişdi və səbəb nə idi? Biz niyə onlara etiraz edə bilməmişdik? Siyasi məsələlərdən xəbərsiz olsam da içimdə ağrı qarışıq gözəl hisslər baş qaldırırdı. Bəli, gözəl hisslər. O məqamda adını qoya bilmədiyim hisslərin gözəl olduğunun sübutunu indi sizə göstərəcəm.
Uşaqlar əvvəlcə kiçik istəklərilə özlərini tanıyırlar; təzə paltar və oyuncaq marağı, dostları ilə doyunca əylənmək, valideynləri ilə gəzməyə getmək və s. Böyüyəndə uşaq vaxtı ən çox məhrum olduqları nəsnələrin dalınca gedirlər. Mən də həmin gün arzuladım ki, böyüyəndə Bakıya gedəcəm, millətimizə bu acını niyə yaşadıqlarını öyrənəcəm,
Siyasi görüşlərim məktəbdə müəllimlərin, o zamankı informasiya xarakterli verilişləri izləmək üçün bizə yığışan qohum-qonşunun danışdıqlarından o yana keçmirdi.
Faciədən bir il sonra Bakıya gələsi olduq. Qohumun evində “Şəhidlər” kitabını görəndə suallarıma cavab tapacağıma sevindim. Kitabı Gədəbəyə qayıdanacan oxudum. Anam hey deyindi ki, “tezdir, qorxarsan, oxuma” eşitmədim. Amma bu kitabdan yalnız qətlə yetirilən soydaşlarımız haqqında məlumat aldım. Digər qaranlıq məqamlarsa yenə qaranlığında qaldı.
Sonralar Bakıya bir neçə dəfə gəlsəm də uşaqlıqda arzuladığım məqsədlə axtarış aparmaq 2020-ci il mart ayına təsadüf etdi. Bilirəm, çox gecdir. Bu vaxtadək 20 Yanvar faciəsi haqqında kitab da oxumuşam, şeir də yazmışam, suallarımın çoxuna da cavab tapmışam. Amma içimdə illərlə gəzdirdiyim istək hələ dururdu. Bu ağrıdan yazmağa bu dəfə məni bir başqa hisslər təhrik edirdi – faciəni unutmamalı, dost-düşməni tanımalı, canımızı kimlərə borclu olduğumuzu bilməli, gələcək nəsillərin bu tarixi unutmamaqları üçün təbliğat aparmalıyıq.
Biz qardaşıq, anamız Azərbaycandır. O yox olsa sən də yetim qalarsan, mən də. Yetimin əzablarını da bilirsiniz. Yetimlik yaşamamaq üçün anamızı qorumalıyıq.
Boşluğu doldurmaq, itirdikləri bərpa etmək çətin prosesdir. İstər söz kimi istər də əməl kimi adamdan böyük qüvvə, bol enerji tələb edir. Səhhətimdə də, həyatımda bir zaman buraxdığım boşluqların zədələri özünü göstərməkdədir. Bu illər ərzində qəlbimdə Vətənə, insanlara olan sevgim ölmədi, əksinə itirdiyim zaman kəsiyi məni geri çəkdikcə bu sevgiylə alovlanıb irəliyə can atdım. Bu xalq üçün yaşamağa da, ölməyə də dəyər.
“Ədəbiyyat və İncəsənət” qəzetinin 1990-cı il yanvar nömrəsinin lk səhifəsi “Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçovun Sovet xalqına yeni il müraciəti” başlıqlı yazı ilə başlayır.
1989-cu ilin son dəqiqələridir.
“…qurtarmaqda olan ildə elə toxumlar səplib ki, bunlar şübhəsiz cücərəcəkdir. Bizim torpaqda onlar asan cücərmir, onlara daim qulluq etmək və qayğı göstərmək tələb olunur. Lakin onlar tələf olmayıb kök salsalar onda bizim ölkəyə və hər kəsə bolluca bar gətirərlər”. Sosializmi demokratiya ilə birləşdirməyin zəruri olduğunu bildirir.
Sətirlər tanış gəldi… Xüsusilə də, “toxum əkməklə onun cücərməsi”. Deyəsən, “Vremya” proqramı idi. Atamla anam baxıb müzakirə edirdilər. Biz uşaqlar da səssizliyə riayət edirdik. Proqram başa çatdıqdan sonra anam dedi ki, deyir, biz elə bir toxum əkmişik ki, o cücərəcək. Soveti dağıtmaq ideyasını nəzərdə tutur. Atam tərcüməyə düzəliş etdi. O düzəliş indi qəzetdə gözlərimin qarşısında daş altından çıxmış qarışqalar kimi qaynayırdı.
Sabiq ABŞ prezidenti Franklin Delano Ruzvelt deyir ki, “…Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutlub”. Bu fikrə əsaslanaraq 1989-cu ildən üzü bəri başımıza gələnlərin hamısının ssenari olduğu məlum olur.
Uşaq vaxtı evimizdə Qulam Məmmədlinin “Dostluq şarjları” kitabçasında gördüyüm şarjlar qəzetin bu nömrəsində səhifələrə səpələnmişdi.
Növbəti səhifədə Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı verilib. Fərmanda deyilir:
Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çox saylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (8-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova,
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi R.Qazıyeva.
Bakı şəhəri, 30 dekabr 1989-cu il.
Əliağa Bakirin “Gəncə” şeirini Fərmandan sonra oxuyuruq.
“Gözün aydın qayıdıb ismi-vüqarın, Gəncə.”
Demək addım-addım müstəqilliyə doğru gedirik. Biz olmağa başlayırıq. Amma bu yolda cəmi on beş gün sonra başımıza nələr gələcəyini bilmirik.
Fevralın 16-da qəzetin 5-ci nömrəsində Famil Mehdinin “Cavab istəyirəm” yazısından artıq nə baş verdiyi bəlli olur. Müəllif mərkəzi qəzetlərin “Bakıda qan tökülüb” ikibaşlı sözlərini tez-tez işlətdiyinə etiraz edir: “Xeyir, qan tökülmək nədir, Bakıda bir xalqa açıq-aşkar qəsd edilib, əli-ayağı yalın günahsız insanlar, qocalar, analar, uşaqlar gülləbarana tutulub, al qanına qəltan edilib.” Şairin: “…bu düşünülmüş milli-qəsd deyildisə nə üçün fövqəladə vəziyyət elan edilmədən qaragüruhçu adamöldürənlər dəstəsi şəhərə daxil olmuşdur?” soruşması o zaman bütöv bir xalqın cavabını bilmək istədiyi sual idi.
Azərbaycan KP MK-nın plenumu haqqında məlumatı, Azərbaycan KP MK-nın birinci katibi A.N.Mütəllibovun 1990-cı il yanvarın 27-də respublika televiziyası ilə çıxışının, Azərbaycan KP Bakı şəhər komitəsiylə Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin şəhidlərin, həlak olanların ailələrinə verdikləri başsağlığının mətnini oxuduqca müstəqilliyə necə çətinliklə nail olduğumuzu bir daha dərindən dərk edirik. 20 Yanvar faciəsinə Türkiyə, Özbəkistan yazıçıları, Tiblisidən gənc alimlər, Pravoslav gürcülər, Parisdən Azərbaycana Yardım Komitəsi münasibət bildirir, Qorki vilayətində hərbi xidmətdə olan əsgərlər xalqa başsağlığı verirlər.
Azərinformın “Zərərçəkənlərə yardım” elanı adamın yarasını qoparır.
29 yanvar – doqquz gündür millət yas içindədir.
“Nə təsəlli sözləri tapıram, nə ürək-dirək vermək istəyirəm”. Bütün sözlər deyilib qurtarıb, deməyə söz qalmayıb, elə bil sözlərin içi boşalıb. Dünya sanki sözsüzlük səhrasıdır…Danışa bilmirəm, düşünə bilmirəm, söz tapmıram deməyə”.
Yazıçı Anarın “Danışa bilmirəm” mətnindən
B.Vahabzadə də millətini “Dərdə dözümlü xalqım” deyib oxşayır.
Fevralın üçündə Hamlet Xanızadənin ölüm xəbəri yayılır.
Bu ölümə vətəndaşın xalqının faciəsinə həssaslığı da deyə bilərik.
Elçinin siyasi mövzuda “Ağır sınaq günləri” məqaləsinə də nəzər salaq:
“Mərkəzi mətbuat, televiziya, radio teleqraf agentlikləri Azərbaycan xalqının problemlərini, ilk növbədə isə Qarabağ problemini tendensiyalı, bir tərəfli yarımçıq işıqlandırır”.
Yazıçı Moskvada erməni mədəniyyət cəmiyyəti tərəfindən “Hay gruver” adlı qəzetin nəşr olunduğunu, Moskvada Azərbaycan mədəniyyət Mərkəzinin açılmasını tezləşdirməyin vacibliyini bildirir.
Qəzetin bütün nömrələrində faciəni əks etdirən fotolar yer alır.
Fevralın 9-da 20 Yanvar hadisələrinin xəstəxanada yatan iştirakçıları ilə aparılan söhbət “Bu faciə olmaya da bilərdi” adlı məqalədə yer alıb.
Sinəmizdə köhnə dərdlərimiz də yurd salıb. Sağalası yaralar deyil. Teymur Elçinin 1937-ci və sonrakı illərdə Stalin zindanlarında həlak olmuş azərbaycanlıların xatirəsinə həsr etdiyi “Analar yanar ağlar” şeiri bunu sübut edir.
Bir dərdimiz də Kamilə Nemətin “Xatirəyə döndülər” məqaləsinin sətirlərindədir. Bir səhifə bütövlükdə Ermənistana yardım aparan təyyarənin qəzaya uğramasından bəhs edir: “1988-ci il, dekabr ayının 11-də Azərbaycana bir bəd xəbər yayıldı. Bakıdan Leninakana (Ermənistan SSR) uçan İl-76 hərbi nəqliyyat təyyarəsi nəzərdə tutulan şəhərin aeroportuna yaxınlaşarkən qəzaya uğramışdır. Doqquz nəfər heyət üzvü və zəlzələnin nəticələrinin ləğv edilməsində iştirak etmək üçün Leninakana göndərilmiş 80 hərbi qulluqçudan 79-u həlak olmuşdur.
Gərək ki, hamının yaxşı yadındadır. O vaxt baş vermiş ikinci təyyarə qəzasına uğramış yeddi nəfər Yuqoslaviya vətəndaşı üçün Ermənistan hökuməti başsağlığı verdi. Azərbaycanlı ailələrinə başsağlığı vermək isə tamamilə unuduldu. İstər Mərkəzi mətbuat, istərsə də yerli qəzetlər bu hadisənin üstündən elə sükutla keçdilər ki, Qazaxstan Yazıçılar İttifaqı İdarə heyətinin birinci katibi Oljas Süleymənovun SSRİ xalq deputatları qurultayında dediyi kimi həlak olanların haqqında yalnız gözüyaşlı anaları bildi.
Bu da görünür, təsadüfi deyil ki, Ermənistan hökuməti qəzaya uğramış Yuqoslaviya vətəndaşlarının xatirəsini əbədiləşdirmək üçün bu günlərdə hadisə yerində abidə qoydular. Azərbaycanlılarınsa heç adları belə çəkilmədi.
Almaz Binnətovanın “Ülviləşən Ülvim”, Süleyman Vəliyevin “Şəhidlərin əziz xatirəsinə” məqaləsi, Aqil Abbasın “Bu yaradan qan damır” yazısı dərdlərimizin çoxluğundan xəbər verir. (Aqil Abbas yazını Qarabağ hadisələrində ilk qurbanların- Əli ilə Bəxtiyarın ölümünün 2-ci ilinə həsr edilib.)
Martın 2-də şəhidlərin qırx mərasimi olur. Qəzet “Azərinform”un şəhidlərin qırx mərasimi xəbəri ilə başlayır. Faciəni əks etdirən fotolar görür, (S.Rasim, H.Enura məxsus), bəstəkar Şəfiqə Axundovanın “Belimiz bükülməsin” yazısını oxuyuruq.
Ayın 16-da isə (9-cu nömrədə) ilk səhifədə Novruz bayramını əks etdirən fotolar və “Novruz nəğmələri” adlı şeir dərc edilib. Xonça tutub şəkil çəkdirən xanımın üzündə bayram sevincindən əsər-əlamət görünmür, əksinə cizgilərindən kədər yağır. Yanvarın 20-də faciə, martın 2-də şəhidlərin qırx mərasimi, 16-da novruz bayramı… başqa necə olacaqdı ki?
Qəzetin tam orta hissəsində iri hərflərlə verilmiş: “İngiltərə Azərbaycan görüşləri” başlığı diqqətimi çəkir. Cabir Novruz İngiltərə təəssüratlarını bölüşür. Tutuldum. “Anaların, bacıların ahı dəhşət!” yazan şair deyəsən, “Kaş millətdə ruh yaşasın” dediyinə birinci özü əməl edir. Xalqının matəm günündə şair səyahətmi həvəsinə düşüb? Oxuyanda bunu özünün də vurğuladığını bildim. Şair səfərin əvvəldən planlaşdırıldığını bildirir. Hava limanına gedəndə küçələrin qərənfillərə qərq edildiyini gördüyünü yazır.
23 martda Novruz ab-havası davam, A.Mütəllibov da xalqa müraciət edir.
6 aprel 1990-cı il Azərbaycan KP MK Bürosunun məruzəsi geniş şəkildə dərc edilib.
“Ən yaxşı estrada mahnısı” üçün müsabiqə elanı B.Vahabzadənin “Dərdə dözümlü xalqım” mətnini doğruldur. Yanvar ayından üzü bəri millət qan-yaş tökür, aprel ayında estrada müsabiqəsi elan edilir. Adətən, qonşuda yaşlı adam öləndə də yas saxlanar, ruhuna hörmət əlaməti olaraq televizor açılmaz, musiqi dinlənilməzdi. Xalqın faciəsindən cəmi dörd ay sonra estrada müsabiqəsi həvəsinə düşənlər olub. Yaxşı ki estrada musiqisi ilə yanaşı milli alət də unudulmayıb. “Sazın hikməti” Müzəffər Şükürlü (9 fevral 1990-cı il № 4 (2399), “Bu bulaq niyə quruyub?” Mahud Ələsgəroğlu (aşıq Şamaxıdan), “Gəncədə çatılan ocaq” Tərlan Göyçəlinin yazıları saza həsr olunub.
Folklorçu-tədqiqatçı Əkbər Yaşılyurdun (Türkiyə) “On min il əvvəldən bu günə qədər türk xalq oyunları” yazısı da təqdirəlayiqdir. “Yallı” Urfanın halayları” türk bağlılığından bəhs olunan mətni Hüseyn Sadıqov tərcümə edib.
Oxunulması vacib olan daha bir yazı professor Həbib Babayevdən: “Bakını nə gözləyir?” Erməni-Azərbaycan münaqişəsindən bəhs edir. “Nə üçün heç yerdə düz və açıq-aşkar deyilmir ki, Bakı talanlarının birbaşa səbəbi Dağlıq Qarabağla Ermənistanın “birləşdirilməsi” (1 dekabr 1989-cu il) və xüsusən Dağlıq Qarabağı Ermənistanın təsərrüfat planına daxil etmək barədə (9 yanvar 1990-cı il) Ermənistan SSR Ali Sovetinin qərarları olmuşdur? Məhz həmin qərarlar ölüm və zorakılıq dalğasını qaldırdı”.
Dərdi şeirə çevirmək də bir ayrı dərd verir. Dərd sözə dönəndə ağı, səsə qoşulanda nalə olur.
12 yanvar tarixində Qabilin dərc edilən “Türkün qəbri” şeiri ilə başlayan poeziyanı getdikcə ağrılardan doğulan digər poeziya nümunələri (N.Kəsəmənlinin sözlərinə M.Babayevin bəstəsi “Ağlama, torpağım, ağlama”, Svetlana Nəcəfovanın “Analar şərəfinə elegiya”, Fikrət Əfəndiyev “Cavanların məzarına”, Fəsat Zeynal “Qərənfil”, Elnarə Buzovnalı “Vətən şəhidlərinin xatirəsinə”, Nəriman Həsənzadənin “Ankarada Rəsulzadənin məzarı önündə”) davam etdirir. Bundan başqa Camal Yusifzadənin Ülvi Bünyadzadə haqqında yazdığı şeirlər, Ülvinin qəlbindən axan misralar, B.Vahabzadənin “Şəhidlər” poemasından parçalar da dərc edilib.
“Biz sizin zəkanıza inanırıq” – Azərbaycan və Ermənistan xalqlarının mədəniyyət xadimlərinə bir qrup əcnəbi ziyalıların, o cümlədən Çingiz Aytmatovla, Tengiz Abdullazadənin və 31 avqust SSRİ Prezidenti M.Qorbaçova Azərbaycan yazıçılarının müraciət etmələri də üzücüdür.
Həmin il qəzetin müxtəlif nömrələrində xarici mətbuatın Azərbaycana qərəzli mövqeyi də diqqətdə saxlanılır:
Milis baş leytenantı Mehman Mehmanovun “Həqiqəti günəş kimi görmək lazımdır” məqaləsindən bilinir ki, rus mətbuatı bizə qarşı qərəzli məlumat yayır. “Son iki ildən artıqdır ki, Mərkəzi mətbuat sayıb daha sanballı, daha nüfuzlu təbliğat vasitəsi hesab elədiyimiz və yazdığının “daşdan keçənliyinə” yəqinlik hasil etdiyimiz “Pravda”, “İzvestiya”, “Literaturnaya qazeta”, “Krasnaya zvezda”nın Azərbaycanla bağlı ürəksiz, soyuq, bəzən ikrah, bəzən də lağ, istehza işartıları açıq-aydın hiss olunan məqalələrini oxuduqca, “Zaman” xəbərlər verilişinə baxdıqca həm içində qovrulur, həm öz SSR Vətəninin bir parça torpağına bu cür ögey-doğmalıq istər-istəməz səndə ümumi Vətən hisslərini öldürür, həm də 70 ildir ki, saf bildiyimiz bir xalqın bu cür jurnalist oğullarının belə riyakar və ikiüzlüyü sənin başından elə bil bir qazan qaynar su tökür. Axı mətbuat işçisi lap münasibətimiz pis olan hər hansı bir xarici ölkədən də yazanda faktları təhrif etməməli, öz qələminə, jurnalist məfkurəsinə, nəhayət bir şəxsiyyət kimi həqiqət adlı müqəddəs bir mənəvi sərvətə ehtiramla yanaşmağı bacarmalıdır. Lakin çox təəssüf…
Mən bu yazımda, “Literaturnaya qazeta”nın 7 fevral tarixli nömrəsində dərc olunmuş “Baku do i posle prikaza” məqaləsi haqqında öz rəyimi bildirmək istəyirəm. Müəllifi Andrey Krujilindir. Yazının ümumi ruhundan xəbərdar olmaq üçün onun sərlövhəsinə diqqət yetirmək kifayət edər. Müəllifə görə ordu Bakıya gəlməmişdən qabaq bura dünyanın ən hərc-mərclik yuvası imiş, Sovet hökuməti yıxılıbmış, hamı dönüb ekstremist, terrorçu olubmuş və ordunun buraya yeridilməsi dərdimizə ən yeganə məlhəm imiş. Müəllifin bu qənaəti bilavasitə onun məsələləri kökündən bilməməsi və cərəyan edən hadisələrə əvvəlcədən birtərəfli yanaşmasından irəli gəlir.
Axı Bakıdakı son həyəcan (Dağlıq Qarabağ bir yana dursun) Şaumyan rayonunda, Xanların Kamo, Azad, Çaykənd yerlərində ermənilərin necə deyərlər gəmidə oturub gəmiçiylə dava etməsi, Azərbaycan respublikasının nəinki suveren hüquqlarına hörmətsizliyi, eləcə də bu xalqın şərəfinə, milli hisslərinə meydan oxuması ilə bağlı idi.
Bir şey də qəribədir, vaxtilə A.Volski, bizi siyasi cəhətdən naşı adlandırırdı, indi də A.Kurujilin bizi liberal, kor hesab edir. Biz kor deyilik, həqiqəti günəş kimi görürük. Ancaq sizin kimi əlinə qələm alanlar kor yapalaq kimi günəşdən qorxub ağa qara deyirsiniz. Lakin unutmayın, “haqqın da əyilməz qolu, dönməz üzü vardır.” ”
“Şeytan yuvaları yaxud erməni mətbuatının uydurmaları”
Rövşən Vəliyev:
“Ətrafımızı bürüyən şübhələrdən, yaranmış ziddiyyət və uçurumlardan ideoloji düşmənlərimiz, xüsusən Qərb mətbuatı və kütləvi məlumat vasitələri geniş və istədikləri tərzdə istifadə edirlər. Necə deyərlər, bu hadisələrin gedişində düşmən tərəf həmişə ümidləri, közü el tərəfinə çəkir. O da təəssüf doğurur ki, bəzilərimiz hətta bu axına qoşulmaqdan da çəkinmirik. Belə olanda şübhəsiz, qurunun oduna yaş da yanır. Dağlıq Qarabağ hadisələrini nə unutmaq olur, nə də biganə qalmaq. Bütün bəlaların düyünləri də məhz, Dağlıq Qarabağın ətrafında və mərkəzində baş verən hadisələr zamanı açılır. Həmin hadisələrin ilk aylarını müşahidə edən Qərb jurnalistləri belə bir ssenarinin mətnini xatırladırlar:
“Qarabağ hadisələri əvvəlcədən düşünülmüş və hazırlanmış plan əsasında baş verdi. Fikrimizcə, bədbəxt hadisələr vilayətə rəhbərlik edən Boris Sarkisoviçik Gevorkovun adı ilə bağlıdır.
Onu da qeyd edək ki, Qərbdə Azərbaycanı öyrənən səkkiz yeni müxtəlif mərkəz yaradılıb. Yaponiyada, Almaniya federativ Respublikasında, Amerikada, Fransada açılmış bu təxribat mərkəzlərinin məqsədi də aydındır: Sovet azərbaycanını bütövlükdə tədqiq etmək, onun ədəbiyyat və tarixini, adət və ənənəsini saf-çürük etmək, tarixən qədim inqilabi ənənələrini saxtalaşdırmaq.” ”
“Bakı hadisələri xarici mətbuatda” adlı daha bir məqalənin müəllifi tarix elmləri doktoru, professor Yaqub Mahmudovdur.
Əməkdar müəllim Mirhaşım Talışlının “Yalan ayaq tutar yeriməz” məqaləsində Erməni alimi Vartan Qriqoryannın talış milləti ilə azərbaycanlıların qarşı-qarşıya qoyulması pislənilir.
“Milli Azərbaycan hərəkatı” Akademik Ziya Bünyadov. Mövsüm Vəliyev. Tarixdən 1905-1911, 1917-ci illər hadisələri vərəqlənir, 1918-ci ildə mayın 28-də Azərbaycan Demokratik Respublikasının elan olunması ilə başa çatır.
Nəsib Nəsibzadənin “Azərbaycan Parlamenti” adlı məqaləsində 1918-ci ildə baş verən siyasi hadisələrdən bəhs olunur. Qəzet səhifəsində həmin hadisələri oxuyanda adamda azadlıq duyğuları baş qaldırır. “Azərbaycan hökuməti” məqaləsi, (“Azərbaycan hökumətinin tərkibi”nin siyahısı) “Vicdan komissiyasının sədri” Murtuz Sadıqovun “Rəsulzadənin ailə üzvlərinin taleyi”, Nəriman Əbdülrəhmanlının “Bir dəfə yüksələn bayraq” adlı Rəsulzadədən bəhs edən yazısı artıq milli özünəqayıdışın başlanğıcıdır.
R.Rzanın Azərbaycan KP MK katibi C.Cəfərov yoldaşa məktubunda Azərbaycanda yer adlarının dəyişdirilməsindən şikayət var.
Nəsib Ələkbərov atanın şəhid oğlu haqqında danışdıqlarını “Belimi bükdün” məqaləsində ipə-sapa düzüb. “20 Yanvar gecəsi”, (Hikmət Mahmudov) “Üç dostdan ikisi (K.Aslan və Elman Bədəlov), “Susmaq həmişə qızıldırmı?” (Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun rektoru Zemfira Verdiyeva), “Cavabsız sual” (“Kəmərli xeyriyyə Cəmiyyəti İdarə heyyətinin sədri” Aslan Kəmərli), “Naxçıvanda dörd gün” (Aydın Uluxanlı) məqalələri və İ.Əhmədovun “İz” hekayəsi ağrılarımızın sözlə ifadəsidir. Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin əməkdaşları “Quldurlar” mətnində son dörd ayda Kəlbəcərdə şəhid olanların siyahısını veriblər. Güldəstənin yazısının mövzusu da adından bəllidir: “Məhəbbət ölüncə var” İlhamla Fərizə haqqında”.
“Namərd gülləsi Bəhruza dəydi”, İnqilab imzalı “Ayıl ey, millət, ayıl” oxucu məktublarının, Almaz Binnətovanın “İgid Rüstəm-şəhid Rüstəm” və Xankəndindən Ramiz Məmmədzadənin “Bəsdir, Sero xanzodyan” yazılarının hər birində xalqın faciəsi əks olunub. Almaz Binnətovanın daha bir məqaləsində (“Qazax: torpaq namusumdur”) sakinlər danışdırılır, Qazaxdakı yurd yerlərindən, ermənilərin orda törətdiklərindən bəhs olunur.
Qəzet o zamankı Azərbaycanı, mühiti, ab-havanı, siyasi hadisələri tam ehtiva edir. Bütün nömrələrdə 20 Yanvar faciəsi tez-tez xatırlanır. Lap əvvəldən Qarboçovun nitqindən başlayaraq son nömrəyədək oxuyanda böyük faciələrə doğru getdiyimiz bəlli olur. Müstəqillik, ana dili problemi və digər vacib mövzulara həsr edilən mətnlərlə zəngin olan qəzet vətənpərvərlik ruhu aşılayır. Təkcə bu qəzetin illik nömrələrini oxusaq, o illərdə nələr baş verdiyindən ətraflı məlumat ala bilərik.
Şəhid fotoları. (H.Elnurun), “Hələ yara istidir”, “Şəhidlər bizim qəlbimizdədir”. (Ağəli Mansurzadə), “Sərhəd rayonlarımız”, Şəhidlər xiyabanı (fotolar), (Erməni quldurlarından alınmış silah şəkilləri)
“Azərinform”un çap olunan iki kitab haqqında məlumatı. “Qara yanvar, Bakı – 1990 sənədlər və materiallar” “İki ildən bəri davam edən faciə, hadisələrin fotoxronikası” albomu “Azərinform”un jurnalistləri tərəfindən hazırlanmışdır.
“Qızıl qərənfillər” Zemfira Rzayeva 20 Yanvar hadisəsi haqqında:
“Şəhidlərin qırxı verilən gün dəfn komissiyası öz işini bitmiş elan etdi. Amma nahaq. Komissiya heç olmasa şəhidlərin ilinə kimi işini davam etdirməli idi.
Şəhidlər üçün ağlayırıq. Bəs itkin düşənlərin, yaralıların taleyi necə oldu?”
“Yaralılardan birinin ərizəsini oxuyanda gözlərimə inanmadım. Ayağını və qolunu itirmiş yaralının vəziyyəti çox ağırdır. Həyat yoldaşı işləmir. Körpə uşaqları var. Özü də hara gedirsə eyni cavabı alır: “Kim sənə demişdi ora gedəsən?” Deməli, şəhidlər üçün ağlayır, Vətən yolunda öldükləri üçün onları qəhrəman adlandırırıq, sağ qalan yaralıları isə ekstremist.”
Nizami Cəfərovun Gürgüstan təəssüratları, Dilarə Əliyevanın “Dərdimizə şərikdirlər” yazısı, Vəli Musayevin gürcü xalqına minnətdarlıq məqaləsi Gürcüstan-Azərbaycan əlaqələrinə həsr edilib.
Dilarə Əliyevanın daha bir mətni də (“Ürək harayı, vicdan səsiylə”) Gürcüstan-Azərbaycan şəhidlərinə həsr olunub.
Nəriman Baxışlı (Əliyev) isə “Dərdimiz birdir” adlı məqaləsində gürcülərlə gərgin münasibətdən yazır.
“Beynəlmiləlçilik, yoxsa millətçilik?”
Məqalədə dil məsələləri, milli şüurun formalaşması, xalqların birgəyaşayış qaydalarına, beynəlmiləlçilik, erməni həyasızlığı və s. mövzulara toxunulub. Müəlliflər fəlsəfə elmləri doktoru professoru Nurələm Mikayılov və fəlsəfə elmləri namizədi dosent Əlikram Tağıyevdir.
“Səbr acı olsa da…” Atabala Hacıbabayevin (?) məqaləsi Bakı şəhər təcili yardım xəstəxanasında yatan Ermənistandan döyülüb təhqir olunaraq qovulan azərbaycanlılardan bəhs edir. Məqaləni oxuyanda adam dəhşətə gəlir.
Faciədə itkin düşənlərin sonda Xızır İlyas kimi qayıdacaqlarına inam hissini Musa İsmayılsoylunun “İtkin düşən balam hey” məqaləsi oyadır.
Valideyn harayını bu dəfə “Ağlar ana məktubu” adıyla Nəriman Həsənəliyev hazırlayıb. Mövzunun daim diqqətdə saxlanıldığı Əminə Tuncayın (Abbasova) “Şəhid anasıyla görüş” yazısından da bəllidir.
Qərənfil Dünyamalıqızının “Gərək belə olmayaydı”, İntiqam Səmədovun “Vüsal Baxışov və Elşad İsmayılov haqqında” yazıları da eyni mövzudadır.
“Qarabağ dərsləri” “Ləmbəli həsrəti” yenə soydaşlarımızın doğma yurdlarından qovulması haqqında.
Qılman İsmayılov tarix elmləri namizədi. Səfalı Nəzərli
Aprelin 27-də “Ümidlə gözləyirik” başlığıyla Gədəbəyin Şınıx kəndinin iqtisadi vəziyyəti ilə əlaqədar məktub dərc edilib. Məktubda Şınıxın boş, viran qaldığı bildirilir. Uşaqlığımı xatırladım. Müharibənin ağır havası bizi də az vurmadı. Təpəyə çıxıb atəşə tutulan kəndlərə baxıb ağlayırdıq. Ermənistanla sərhəddə yaşayan qohumlar kəndimizə üz tuturdular, onların qorxu və həyəcanları bizə də sirayət edirdi.
28 dekabrda Atabala İsmayıloğlunun “Şəhidlər, didərginlər” yazısı faciənin ildönümünün yaxınlaşmasından xəbər verir. 1991-ci ilin yanvar ayının 11-dən faciənin il dönümü ilə bağlı yazılar görünməyə başlayır.
Ağdam Dövlət Dram Teatrının təqaüddə olan aktrisası ilə söhbəti Yaqub Məmmədov “Rollarım yuxuma girir” sərlövhəsilə qələmə alıb. Məqalə hazır olunca Ağdam şəhəri noyabr ayının 20-də işğaldan azad edildi. Erməni vandallarının dağıtdığı şəhərin yayılan görüntülərində sözügedən teatrın binasını xaraba vəziyyətdə gördük.
Qələbə qazansaq da ehtiyatlı olmalıyıq. Erməni xisləti dəyişməyib. Havadarları da iş başındadırlar. Buna sübut olaraq xronologiyanı pozub qəzetdə ilk aylarda dərc edilən oxucu məktubunu sona keçirməli oluram.
“Oxucu səsləri” Əşrəf İbrahimov:
“Şəkidən S.Məmmədov yazır ki, nə üçün təzə qoşun hissəsi çağırmaq fikrinə düşmüşük? Yaxşı olardı ki, o qoşun torpağımıza gözünü dikənlərin respublikasına göndərilsin və orada sakitlik yaradılsın. Bir də qol gücünə yaradılan sakitliyin (Dağlıq Qarabağdakı) daimi olacağına kim təminat verə bilər?”
Göründüyü kimi, bu gün də Qarabağa rus sülhməramlılarının gətirilməsi məsələsi müzakirə olunur. Faciələrimizin təkrarlanmaması üçün bu gün bu hadisəni tərəddüdlə qarşılayırıq. Xalq haqsız deyil, tarixdən dərs götürmüşük. Şuşanı əlbəyaxa döyüşlərlə azad etməyimiz Xocalını ovundura bilərmi?
Otuz bir yaşlı 20 Yanvar faciəmiz yaşa dolduqca çox şey dəyişdi, həqiqətisə yerindən tərpədə bilmədilər – Qarabağ Azərbaycandır!
Nə vaxtsa kimsə məni kimi kitabxanalarda 2020-ci ilin dərgilərini axtaracaq. Qəzetlərin və yaxud jurnalların səhifələrində Azərbaycan xalqının 2020-ci il boyunca pandemiya dövründəki çətinliklərindən bəhs olunacaq. Araşdırmaçı isə daha çox bir mövzu üzərində dayanacaq – sentyabrın 27-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin başladığı müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı . Bu onu göstərdi ki, aləm koronavirusa dönsə də yaddan çıxmadı Qarabağ! Azərbaycan xalqı qırx dörd gün ərzində işğalda olan torpaqlarını düşmən tapdağından azad etdi.