- Maraqlı

Əlifbanın yaranması

Qədimdə Aralıq dənizinin sahillərində Finikiya adlı bir ölkə olub. Finikiyalılar bir neçə ixtira ilə tarixin yaddaşında qalıblar. Onlardan biri də əlifbadır.

Finikiya tacirləri başqa şəhərlərə mal aparır, alış-veriş edirdilər. Çox vaxt onlar borc pul və ya nisyə mal verir və bu zaman həmin şəxslərlə sövdələşirdilər. Şifahi sövdələşmələr tez-tez pozulurdu. Beləliklə, tacirlər danışıq səslərini işarə edən hərflər düşünüb yaratmalı oldular. Bundan sonra onlar müqavilənin şərtlərini heyvan dərisi üzərində yazır və öz möhürlərini qoyurdular.

Zaman keçdikcə Finikiya əlifbası unuduldu, lakin sonradan bu əlifbanın əsasında yunan və latın əlifbaları yaradıldı.

Dünyada 3 əlifba var ki, bir çox xalqar öz hərf sistemlərini yaradarkən onlardan istifadə etmişlər. Bunlar latın, ərəb və kiril əlifbalarıdır.

Türkdilli xalqların, eləcədə də Azərbaycan türklərinin istifadə etdiyi əlifbalar içərisində ən qədimi Orxon-Yenisey əlifbasıdır. Bu əlifbada 35 hərf vardır. Sait səsləri ifadə etmək üçün burada  dörd işarə mövcuddur. Bu əlifba ilə yazılmış mətnləri ilk dəfə danimarkalı alim Vilhelm Tomsen oxuya bilmişdir. Onun ilk oxuduğu söz “Tanrı” olmuşdur.

Sonradan Azərbaycan xalqı uzun əsrlərboyu ərəb əlifbasından istifadə etmişdir. Keçən əsrdə biz gah latın, gah kiril əlifbasını qəbul etmiş, nəhayət, əsrin sonuna yaxın yenidən müstəqillik qazandıqdan sonra latın əlifbasını seçmişik.

“Əlifba” sözü ərəb əlifbasındakı ilk iki hərfin (əlif, bey) adını bildirir. Bir çox başqa dillərdə də belədir: rus dilində “azbuka” kiril əlifbasının ilk iki hərfini (az, bukı), bir sıra Avropa dillərində “alfabet” yunan əlifbasının ilk iki hərfini (alfa, beta) bildirir.

portal.azertag.az