- Təsəvvüf

Əbu Həmid əl-Qəzali. Səadət iksiri

I

Qəlbin həqiqi mahiyyətinin qavranılmasından asılı olan şeylər barədə fəsil, həmçinin, sənin mövcudluğunun təsdiqi barədə söz

Qəlbin həqiqi mahiyyətinin nə olduğunun dərki – sən onun mövcudluğunu dərk etməzsənsə, faydasız olar. Onun həqiqi mahiyyətinin nə olduğunu sən, yalnız bundan sonra dərk edəcəksən. Daha sonra onun qoşununu tanıyacaqsan, sonra onun, bu qoşuna münasibətlərindən agah olacaqsan, sonra onun keyfiyyətlərinin nə olduğunu anlayacaqsan, Hamıdan Uca Allahın dərki, onun üçün bəhrə verəndə və onun bu dərklə öz səadətinə yetişməyini biləcəksən və bütün bunlar barədə işarələr veriləcək.
Bil ki, O, (Qəlb) insanın öz mövcudluğuna şübhəsi olmadığı kimi, həqiqətən mövcuddu, lakin onun – ölünün bədəni olub, ruhu olmadığı kimi, görünən (maddi) örtüyü yoxdur. Odu ki, ruhun həqiqi mahiyyəti barədə danışarkən, biz Qəlbi nəzərdə tuturuq, o səbəbdən ki, onsuz bədən ölüdür.
Və əgər kimsə öz gözlərini yumub, öz (bədənini) qabığını unudarsa, mütləq öz mövcudluğunu dərk edər və bədəni barədə, yer və göy barədə, orda mövcud olanlar barədə bilməsə də, özü barədə bilər. Və əgər kimsə, diqqətini yaxşı-yaxşı bunda cəmləyərsə, o halda o, ali həyatın həqiqi mahiyyətindən olan nəyisə dərk edər və anlayar ki, elə bir vaxt gəlib yetişəcək ki, ondan bu bədəni ondan alacaqlar… o özü isə qalacaq… lakin, «heç nə»yə çevrilməyəcək.

Qəlbin həqiqi mahiyyətindən bəhs edən fəsil

O ki, qaldı Qəlbin həqiqi mahiyyətinə – O, nə olan şeydi, əsas xasiyyətiləri nədi, Şəriət bu mövzunun dərininə getməyi o səbəbdən yasaq edir ki, bunu Peyğəmbərimiz, Ona Allahın ona salamı olsun, ona görə izah etməyib ki, Hamıdan Uca Allah bu barədə belə deyib:
«…Və əgər səndən ruh barədə soruşsalar, de ki, o mənim Allahımın işlərindəndi4:»
Ruh barədə bundan savayı nə isə demək o səbəbdən yasaqdı ki, Ruh – İlahinin işlərindəndi və səbəblər dünyasına aiddir. «Yaradıcılıq və səbəblər məhz Ona məxsusdu…»
Yaradıcılıq dünyası bir məchulluqdu, səbəblər dünyası ayrı bir məchulluq. Ölçüsü və kəmiyyəti olan hər bir şey – Yaradıcılıq dünyasına aiddi. Yaradıcılıq isə, hərfi mənada – hesablanma deməkdi.
İnsan Qəlbininsə, nə ölçüsü, nə kəmiyyəti var. Bu səbəbdən, o bölünmür. Lakin əgər o, bölünən olsaydı, onda onun bir hissəsində – nəyinsə mücərrədliyi, digər bir tərəfində – həmin o mücərrədliyin dərki olardı və onda o, eyni zamanda, həm bilən, həm də bilməyən olardı ki, bu da Allahdan gələn cəzadı.
Baxmayaraq ki, Can, nə bölünən, nə də ölçüyə gələndi, O, aradılandı və yaradılanı da, bütün gələnlər tək, «hesablanan» adlandırırlar və bu səbəbdən, onları (yaradılanları) yaradıcı dünyaya aid edilərlər. Ayrı mənada isə, O, (Can) yaradılanlar (hesablananlar) dünyasına yox, səbəblər dünyasına o səbəbdən aid edilir ki, məhz səbəblər dünyası, ölçüsü və kəmiyyəti olmayanları özündə cəmləyir.
O kəs ki, inanır ki, Ruh (Can) əvvəlcədən mövcud olub, o, «Can – keyfiəyyətdir» – deyənlər kimi səhvə yol verir. O səbəbdən ki, keyfiyyət, özü-özlüyündə mövcud olmur, o, nəyəsə aid olur. Can isə, bütün keyfiyyətlərin artıq ondan asılı olduğu özüldür. Belə olan halda, o, bədənin keyfiyyətlərindən ola bilərmi?..
O kəs ki, deyir ki, O (Qəlb) – bədəndir, o da səhv edir. O səbəbdən ki, bədənlər bölünə, parçalana bilir, Can (Ruh) isə, bölünmür.
Lakin bir can da var ki, o, bölünəndir. Bu can, mal-qarada da var, lakin bizim, «Qəlb» adlandırdığımız Ruh – Hamıdan Güclü, Hamıdan Qüdrətli olan Allahın dərki yeridi.
Heyvanlarda isə beləsi yoxdu. Odu ki, bu Ruh (Can), nə keyfiyyət, nə də bədəndi, o, ilahi varlıqlar qisminə aid olan mahiyyətdi və onun əsil mahiyyətini dərk etmək, çox çətindi, izah etmək isə, sadəcə, mümkün deyil.
Bu bilik – inam yoluna yenicə qədəm qoyanlara lazım deyil. O səbəbdən ki, inam yolunun başlanğıcı – səy və çalışmalardı. Və o kəs ki, bu yolu, müvafiq qaydada keçməyə səy göstərəcək, bu qavrayışın özü onu haqlayacaq, bu barədə kimsənin o kəsə nə isə danışmağına ehtiyac qalmayacaq. Dərkə bu yolla çatılma – möminliyə aiddi. O səbəbdən ki, bu barədə Uca Tanrı deyib:
«O kəslər ki, səy göstərəcək, biz mütləq onlara öz incimizin işıltısını göstərəcəyik…» (Surə 29, ayə-69)
O kəslər ki, hələ ki, bütün səylərini inam yolunda qoymayıb, onlara, Canın həqiqi mahiyyəti barədə danışmağın mənası yoxdur. Lakin bu səylərə başlamazdan əvvəl, Qəlbin qoşunu barədə bilmək vacibdir. O səbəbdən ki, o kəs ki, öz qoşununu tanımır, o, heç zaman qalib gələ bilməz.

İnsanın, (bədən) örtüyündə olarkən, cismani ehtiyaclarının səbəblərindən, aşkarda (zahiri) və gizlidə (daxili) olan əsgərlərindən bəhs edən fəsil

«Bil ki, bədən – Qəlbin səltənətidir və bu səltənətdə, Qəlbin müxtəlif qoşunları var…» (Surə 74, ayə 31)
«Yalnız Allah öz qoşunları barədə bilir…»
Qəlb – Ali dünya üçün yaradılıb, onun işi – səadət axtarmaq, səadəti isə – Hamıdan Uca, Qüdrətli Allahı dərk etməkdi. Hamıdan Uca Allahın dərki isə – Onun yaratdıqlarının dərki ilə yarandığından, bu dərk, duyğular dünyasına aiddir. Onun dünyasından olan möcüzələrin dərki, duyğuların köməkliyi ilə həyata keçir, duyğular isə, bədən örtüyünə aiddir.
Dərk – Qəlbin qəniməti, duyğular – bu qəniməti ələ keçirmək üçün işlətdiyi əzaları bədən örtüyü – yedəyində getdiyi heyvanı və bu əzaları kürəyində aparan hambalıdır. Bədən örtüyü – Qəlbin, sudan, torpaqdan, temperaturdan və nəmişlikdən ibarət olan yük heyvanıdır. Bu səbəbdən də o, zəifdir, aclıq və suzluq üzündən, daxilən, düşmən hiyləsindən, yaxud, heyvan hücumundan, zahirən o səbəbdən ölümlüdür ki, aclıq və suzluq üzündən yeməyə və suya ehtiyaclıdır. Ona, bu nemətləri tapmaqdan ötrü qoşunu gərəkdir. İlk əvvəl bu, əllər, ayaqlar və digər köməkçi vasitələr kimi, zahiri (görünən) qoşundur. İkinci qoşun, bədənin təcavüzkar ehtiyacları qisminə aid olan gizli qüvvələrdir.
O səbəbdən ki, görmədiyini arzulamaq mümkün deyil, eləcə, görmədiyin düşmənlə döyüşə girmək də mümkünsüzdür. Bu səbəbdən ona, aşkarda işləyən kəşfiyyatçılar lazımdı ki, bunlar, bədənin beş hiss üzvləridi: görmə, qoxulama, eşitmə, dadbilmə və duyum.
Bir neçə gizli kəşfiyyatçılar da var. Onlar da beşdir və beşi də beyində məskunlaşar. Bu, qavrama, düşüncə, yaddaş, xatırlama qüvvəsi və təsəvvür qüvvələridir. Bu qabiliyyətlərin hər birinin öz işi var və onlardan hansı birisi korlanarsa, insanın işləri alt-üst olar.
İnam yolunda da, bu dünyada da, bütün bu qoşunlar Qəlbə tabedi. Onların hamısının şahı və hökmdarı, Qəlbdir. O, əmr edəndə, dil danışar, əmr edəndə, əl götürər, əmr edəndə, ayaqlar yeriyər, gözlərə əmr edəndə, onlar görər, əmr edəndə, insan düşünər. Onların hər biri Qəlbə, özxoşuna, öz təbiətlərinə görə tabe olurlar ki, Qəlb də öz növbəsində, bədəni nəzarətində saxlasın və öz qoşununu düzgün idarə etsin ki, bədən, öz qənimətlərini əldə edə bilsin və ali dünyayla bağlı öz işlərini elə qursun ki, Qəlbin səadət toxumu cücərə bilsin.
Bu qoşunun Qəlbə tabeliyi, Hamıdan Uca Allahın buyruqlarından çıxa bilməyən mələklərin Ona tabeçiliyinə bənzər. Lakin, bu qoşun, mələklərdən fərqli olaraq, Qəlbin buyruqlarını öz arzuları ilə, könüllü surətdə yerinə yetirər.

Bu qoşunun məqsədinin, oxşar misalın köməkliyi ilə dərki barədə fəsil

Qəlb qoşunu barədə bilik, kifayət qədər əhatəli məlumat tələb edir. Odu ki, onun məqsədlərini, sənin üçün, nümunələr və misallarla da izah edək.
Təsəvvür elə ki, bədən – dövlətdi. Ayaqlar və bədənin digər üzvləri – bu dövlətin fəhlələri, bədən (cismani) istəkləri – onun vergi müfəttişliyi, təcavüz qüvvəsi – polisi, Qəlb – sultanıdır, Ağıl isə, bütün hallarda Qəlbə vəzirlik edər.
Və bütün bunlar bu Sultana (Qəlbə) o səbəbdən lazımdı ki, o, bu dövlətin (bədənin) işlərini nizamlaya bilsin. Lakin, bu vergi müfəttişi, bədən istəkləri daim Ağlın dediyinin əksinə gedən və daim vergi bəhanəsiylə dövlətin əmlakını tar-mar eləməyə çalışan, riyakar fırıldaqçıdır. Təcavüz qüvvəsi isə – hər şeyi məhv edib dağıtmağı sevən acıqlı və qəddar polisdir.
İndi əgər bu Sultan daim öz vəziri ilə məsləhətləşərsə, tamahkar və riyakar vergi müfəttişini öz yerinə oturdarsa, onun, Vəzir barədə nə dediyindən asılı olmayaraq, dediyi heç bir sözə qulaq asmazsa və polisi, Vəzirin ixtiyarına verərsə ki, Vəzir də zəhləsini çox tökməsin, polisin özünü də, əlində möhkəm saxlayarsa ki, o da öz həddini aşa bilməsin, bax, onda dövlətin işləri qaydasında gedər. Necə ki, Sultan (Qəlb) daim Vəzirinin (Ağlının) məsləhətləri ilə hərəkət edərsə, cismani istəklərini və aqressivliyini Ağlın ixtiyarına verərsə və ağlını, onların nökərinə çevirməzsə, dövlətin (bədənin) işləri qaydasında gedər və səadətə – İlahi Kaşanəyə aparan yol qapıları onun üzünə bağlanmaz.
Yox, əgər Ağıl, cismani istəklərinin və aqressivliyinin əsirinə çevrilərsə, o dövlət tar-mar olar, Sultan isə, bədbəxtliyə düçar olub, sonda özünü məhv edər.

II

Cismani istəklərin, təcavüzün, bədənin, duyğuların və Qəlbin zəruriliyinin aşkar edilməsindən bəhs edən fəsil

Sən yuxarıda deyilənlərdən bildin ki, cismani ehtiraslar və təcavüz, bədənin, yemək və suyla, müdafiə ilə təmin edilməsi üçün yaradılıb. Deməli, onların hər ikisi bədənin nökəri, yemək və su isə – onun yemidir.
Bədən isə, duyğuları yaşatmaqdan ötrü yaradılıb.
Deməli, bədən – duyğuların quludur. Duyğular isə ondan ötrü yaradılıb ki, onlar, Ağıl üçün casusluq etsinlər, onun toru olsunlar ki, Ağıl, Hamıdan Uca Allahın möcüzələrindən xəbər tuta bilsin.
Deməli, duyğular – Ağılın nökərləridir. Ağıl isə Qəlbdən ötrü yaradılıb ki, O, İlahiyyatı, öz aydın şüalarının köməkliyi ilə Ona (Qəlbə) göstərmək üçün şam və çıraq olsun.
O səbəbdən ki, İlahiyyat, Onun (Qəlbin) Cənnətidir. Deməli, Ağıl – Qəlbin nökəridir, Qəlb isə, İlahinin gözəlliklərinin seyri üçün yaradılıb. Odu ki, Qəlb, İlahinin gözəlliklərini seyr edəndə O, (Ağıl) Qəlbin nökərinə və İlahi Kaşanənin quluna çevrilir. Və Hamıdan Uca Allahın dediyi:
«Mən, cinləri və insanları yalnız ondan ötrü yaratdım ki, mənə təzim etsinlər.» (51-ci surə, 56-cı ayə) kəlamının mənası da budur.
Beləliklə, Qəlbi yaratdılar və Ona, bu dövləti və qoşunu verdilər Yedəyində getdiyi heyvanı – bədəni verdilər ki, bu heyvanı, bu fəna dünya boyu sürsün və Ən Uca Ucalıqlara yetişsin. Və əgər O, (Qəlb), İlahidən gələn bu xeyirxahlığın əvəzini çıxmaq, fikrinə düşərsə və öhdəsinə düşən bu vəzifənin şərtlərini müvafiq qaydada yerinə yetirmək istəyərsə, onda bu dövlətin başında həqiqi Sultan kimi oturmaq, İlahiyyatı özünə Qiblə və məqsəd seçmək gərəkdi. Ali Dünyanın, doğma vətən və sığınacaq yeri, Yer dünyasının, müvəqqəti dayanacaq olduğunu qəbul (təsdiq) etmək, bədəni, yedəyində getdiyin heyvan, əlləri və ayaqları – nökərlər, ağlı – vəzir, bədən ehtiyaclarını – xəzinədar, aqressivliyi – bədənin mühafizəçisi, duyğuları – kəşfiyyatçılar bilib, onların hər birini, məlumat toplamaqdan ötrü, bu yad dünyaya göndərmək gərəkdi.
Beyinin qabaq hissəsində yerləşən qavrayış qüvvəsini, kəşfiyyatçıların rəisi təyin etmək gərəkdi ki, onlar əldə etdikləri məlumatları ona ötürə bilsinlər. Beyinin arxa hissəsində yerləşən yaddaş qüvvəsini, əldə olunan məlumatlar xəzinəsinin keşikçisi təyin etmək gərəkdi ki, o da öz növbəsində, bütün o məlumatları kəşfiyyat rəisindən ala bilsin, qoruyub saxlasın və onları öz qabiliyyəti müqabilində, Vəzirin ixtiyarına versin ki, Vəzir də, dövlətdən alınan bu məlumatların əsasında, dövlətin və Sultanın gələcəyi üçün müvafiq tədbirlər görə bilsin.
Yox, əgər O, (Qəlb) hiss etsə ki, cismani ehtiyacları, təcavüzkarlığı və sairə ona qarşı üsyan edir, ayaqları onun tabeçiliyindən çıxıb, ona birləşmək istəyir, belə olan halda, Qəlbin səy göstərib onlarla dil tapması vacibdir. Onları o səbəbdən məhv etmək mümkün deyil ki, onlarsız, dövlət işləri heç cür qaydasında gedə bilməz. Əksinə, elə bir tədbirin görülməsi gərəkdi ki, bu üsyankarlar itaətə gəlsin ki, onlar bu dövlətin oğruları və quldurları yox, vətəndaşlarına çevrilsinlər.
Əgər hər şey bu cür nizamlanarsa, Qəlb xoşbəxt olar və bu xeyirxahlığın əvəzini çıxar. Vaxtı yetişəndə isə, bu xidmətinə görə O özü də öz mükafatını alar. Yox, əgər əksinə olarsa, Qəlb, bu üsyankar düşmənlərini və quldurlarını sevindirərək, özü üsyana qalxarsa və Allahın Mərhəmətinə xəyanət edərsə, o halda o, layiqincə cəzalanar, törətdiyinin əvəzini alar.

Qəlbin qoşununu təşkil edən dörd növ gizli xisləti barədə fəsil

Bil ki, Qəlbin, öz daxili qoşunları ilə əlaqələri var ki, bu əlaqələr özlərini müxtəlif keyfiyyətlər və xislətlərlə biruzə verərlər. Bu xislətlərin bəziləri naqisdir və onu məhv edər. Bəziləri isə, faydalıdır və onlar Qəlbə səadət gətirər. Bu xislətlərin çoxluq təşkil etməsinə baxmayaraq, bütövlükdə onlar dörd qismə ayrılır: heyvan xisləti, mal-qara xisləti, şeytan xisləti və mələk xisləti.
Cismani arzularına və ehtiyaclarına görə, O (Qəlb) özünü mal-qara kimi aparar. Yəni acgözlük və qarınqululuq edər, əxlaqsızlıqla məşğul olar. Təcavüzkarlığına görə o, itlərin, şirlərin və canavarların etdiyini edər – yəni, öldürər, vuruşar. Satqınlığa, ikiüzlülüyə, biliyə və insanlar arasında nifaq salmağa meylliliyindən, o, şeytani əməllərlə də məşğul olar. Şüuruna görə isə, o, özünü mələk kimi aparar – yəni biliyi və qayda-qanunu sevər, pis işlərdən uzaq qaçar, xalq arasında əmin-amanlıq olmasına səy göstərər, öz qüdrətinin, alçaq və yaramaz işlər görməkdən həddən ziyadə böyük olduğunu dərk edər, öz əməllərində, Hamıdan Uca Allahı dərk etdiyinə sevinər və anlayar ki, cahillik və axmaqlıq – naqislikdir.
Və həqiqətən də… elə bil, insan təbiətində, dediyimiz həmin bu dörd əlamət var: it, qaban, donuz, şeytan və mələk…
Axı it, zahiri görünüşünə görə – pəncələrinə, qulaqlarına və quyruğuna görə yox, dalaşqan xasiyyəti ilə naqis hesab edilir və daim də bu xasiyyətinə görə pislənir. Donuzu da beləcə, onun sifətinə görə yox, tamahkarlığına və acgözlüyünə, natəmizliyə meylliliyinə görə bəyənməzlər və itin də, donuzun da ruhunun xisləti, əslində bundan ibarətdi.
Bu xislət, insanda da eynilə bu cür görünər. Şeytan və mələk xisləti də, onda eynilə bu cür aşkarlanar.
Odu ki, belə deyirlər ki, insana buyrulub ki, «özündə olan şeytanın alçaqlığını və hiyləgərliyini, mələkliyin işartısı və izi olan ağlının şüaları ilə aşkar et ki, onlar məhv olsunlar və bir daha ixtilaflar yarada bilməsinlər».
Bu barədə Peyğəmbərimiz, Ona Allahın salamı olsun, belə deyib:
«…Hər bir insanda şeytan var. O şeytan məndə də var, lakin Hamıdan Uca Allahım mənə kömək etdi və mən o şeytana qalib gəldim. Odu ki, o, daha mənə heç bir pislik edə bilməz…»
Beləcə, insana da buyruldu ki, o, onda olan cismani arzular qabanını və təcavüzkar iti, ağlının nəzarətində saxlasın ki, onlar yalnız onun əmri ilə hərəkət etsinlər.
Əgər insan, bu buyruğa əməl edib, buna nail olarsa, nəticədə o, yalnız xeyir tapar ki, bu xeyir, onun səadətini cücərdər. Yox, əgər o, əksinə hərəkət edərsə və bu naqis keyfiyyətlərinin qulluğunda dayanarsa və bu səbəbdən, daha xoşagəlməz keyfiyyətlər qazanarsa, bu, onun bədbəxtliyini cücərdər. Düşdüyü bu vəziyyəti ona yuxuda, yaxud ayıqlıqda, işarələr və misallarla əyan olan məqam, o, itə, ya donuza, yaxud şeytana qulluq etdiyini anlayar.
Müsəlmanı kafirə Əsir verənin halı barədə də bilirik. Təsəvvür edin ki, mələyi, itlərə, donuzlara, şeytanlara Əsir verəni nə gözləyər… Beləsinin halı çox acınacaqlıdır.
Əgər insanların əksər hissəsi, bir anlıq çönüb özlərinə nəzər salarlarsa, başa düşərlər ki, ömürləri uzunu öz cismani arzularının ehtiraslarını ödəməyə xidmət ediblər. Onların bu halı kənardan da görünər. Və baxmayaraq ki, onlar hələ insan görünüşündə qalmaqlarındadırlar, Qiyamət günü bu adamların əsil mahiyyətləri aşkar olunar və görünüşləri, mahiyyətlərinə uyğunlaşdırılar. Və o kəsə ki, öz cismani arzuları qalib gəlib, o – donuza, o kəsə ki, təcavüzkarlığı qalib gəlib, o – itə, yaxud, canavara çevrilər. Və məhz bu səbəbdən, kim ki, yuxusunda canavar görər, bil ki, bunun yozumu – acıqlı insandı. Kim ki, donuzu görər, bunun yozumu – natəmiz insandı. Bunun səbəbi odu ki, yuxu – Ali dünyanın işarəsidir.
O səbəbdən ki, yuxu, bu dünyadan uzaqdı və gizli mənaları ifadə edir, insana, bu yuxularda, əslində kim olduğunu anlamaq imkanı verilir.
Bu, böyük sirrdi ki, bu kitab bu sirin təhlili ilə məşğul olmayacaq.

Qayğıdan, əməllərdən və istirahətdən bəhs edən fəsil

Beləliklə, sən bildin ki, həmin bu dörd pəzəvəng səndə – gizlindədi. Odu ki, öz hərəkətlərini və istirahətini nizamla ki, bu dördündən hansına tabe olduğunu müəyyənləşdirə biləsən.
Bunu bilmək vacibdi ki, o əməlləri ki, sən törədirsən, onlardan, sənin qəlbində keyfiyyətlər yaranır, bu keyfiyyətlər sənin qəlbinə hopur və dünyayla münasibətlərində üzə çıxır, sənin xasiyyətlərinə çevrilir. Və bil ki, bütün o xasiyyətlərin hamısı, həmin bu dörd, gizli qəhrəmanın xislətindən yaranır.
Sən, səndə olan qabanın istəklərinə tabe olarsansa, səndə – natəmizlik, abırsızlıq, acgözlük, yaltaqlıq, paxıllıq, xəsislik, bədxahlıq və digər bu kimi keyfiyyətlər yaranar. Lakin, əgər sən bu qabana qalib gələrsənsə, onu əhilləşdirib, sənə xidmət etməyə məcbur edərsənsə, səndə – müntəzəmlik, dözümlülük, təvazökarlıq, dinclik, nəzakət, müdriklik, təmkin və qərəzsizlik kimi keyfiyyətlər yaranar.
Yaxud, əgər səni təcavüzkar it idarə edirsə, onda səndə – hədsizlik, natəmizlik, lovğalıq, şöhrətpərəstlik, qürur, həyasızlıq, təkəbbür, dikbaşlıq, acıq, sırtıqlıq və ədəbsizlik kimi keyfiyyətlər yaranar. Əgər səndəki şeytan ki, işi, bu qabanla iti şirnikləndirib oyatmaqdan ibarətdi, onları ürəkləndirib, alçaqlığa və satqınlığa öyrətməkdən ibarətdi, səni idarə etməyə başlasa, səndə ilk növbədə naşükürlük, satqınlıq, alçaqlıq, riyakarlıq və hiylə kimi keyfiyyətlər yaranar. Lakin, əgər sən, onun hiylələrinə uymadan, öz ağlının qoşununa köməklik göstərərək, ona qalib gələrsənsə, səndə – dərrakə, elimlilik, müdriklik, xeyirxahlıq, alicənablıq, alilik və başçı olmaq keyfiyyətləri yaranar. Bunun nəticəsində isə, səninlə qalacaq bu xoş xasiyyətlər, əbədi olaraq, sənin gələcək səadətini cücərdər.
Həmin bu pis xasiyyətləri yaradan səbəblər, «Günah», xoş xasiyyətləri yaradan səbəblər isə «Xeyirxahlıq» adlandırılar. Və bil ki, insanın əməllərində də, dincliyində də, həm bu, həm də o var.
Qəlb – təmiz güzgüyə bənzər, pis xasiyyətlər isə, bu güzgünü, hiss kimi, tüstü kimi, çirkləndirib qaraldarlar. Belə olan halda, bu güzgüdə İlahiyyat görünməz… Axı onun səthi tutqundur?!.. Xoş xasiyyətlər isə, Qəlbi, bütün günahlardan və çirkablardan təmizləyən işıqlı şüalara bənzər və bu səbəbdən, Peyğəmbərimiz, Ona Allahın salamı olsun, deyib:
«Hər axmaq hərəkətinin ardınca yaxşısını et ki, əvvəlkilər məhv olsun…»
«Qiyamət Günündə bütün qəlblər Allahın Məhkəməsinə, ya təmiz, ya natəmiz vəziyyətdə gələcəklər…» (29-cu surə, 88-ci ayə)
«Allahın hüzuruna saf Qəlblə gəlməyənlərdən savayı, heç kimə nə var-dövlət, nə də oğlu-uşaq verilməyəcək…»
İnsan qəlbi əzəl yaranışında elə bir dəmirə bənzər ki, bu dəmirdən, elə bir aydın güzgü düzəltmək mümkün olar ki, düzgün yonularsa, bu güzgüdə bütün dünya görünər… Əgər bu, baş tutmazsa, bu güzgünün üzü pas bağlayar və elə bir hala düşər ki, daha ondan heç nə düzəltmək mümkün olmaz və bu barədə, Hamıdan Uca Allahın dediyi başa yetər:
«Bundan da o tərəfə, onların qəlbləri, öz əməllərindən pas bağladı…» (83-cü surə, 14-cü ayə)

III

Soruşsan ki, indi ki, insan Qəlbində mal-qaranın, heyvanların, şeytanların və mələklərin keyfiyyətləri var, biz nədən bilək ki, Onun (Qəlbin) əsil mahiyyəti – mələk mahiyyətidi, qalanları isə, yad və ikinci dərəcəli keyfiyyətlərdi?.. Bu barədə fəsil

İndi biz hardan bilək ki, insan, məhz mələk xislətli yaradılıb və ona, özündə, ayrı yox, məz bu keyfiyyətləri aşılamaq buyrulub?..
Bil ki, sən bunu, insanın, mal-qaradan və heyvanlardan nəcib və kamil olduğunu biləndən sonra anlayacaqsan.
Biləcəksən ki, əslində hər bir şey onun öz imkanlarını, ən ali dərəcədə təmsil edə bilməsindən ötrü yaradılıb.
Məsələn, at eşşəkdən, o səbəbdən kamildi ki, eşşək – yük daşımaqdan ötrü yaradılıb, at isə, döyüşlərdə atlının altında çarpmaqdan ötrü. Deməli, qaçmaq qabiliyyəti ata verilib. Hərçənd ki, ona, eşşəyin yükdaşımaq qabiliyyəti də verilib, lakin atın kamilliyi eşşəyin kamilliyindən üstündü. Və əgər atın kamilliyi azalarsa, onu da eşşək kimi, yük heyvanına çevirərlər, bu isə atın zərərinəd və onu məhv edər.
Və beləcə də, kim ki, düşünür ki, insan, yemək, yatmaq və şəhvət üçün yaradılıb, ondan ötrü yaradılıb ki, o, elə gecə-gündüz bununla məşğul olsun və eləcə də, kim ki, ərəblər, türklər və kürdlər kimi, hesab edir ki, o, ərazilər zəbt edib o birilərin üzərində qələbə qazanmaqdan ötrü yaradılıb, onların hər ikisi səhv edərlər. O səbəbdən ki, yemək və şəhvət, cismani arzulara aiddi ki, bu arzular heyvanlara da verilib. Üstəlik, bunu da nəzərə alsaq ki, dəvələr – yediyi yeməyin miqdarına görə insanları üstələyirlər, sərçələr isə, insanları şəhvətdə adlayırlar, belə olan halda, insan onlardan nəyi ilə üstündü?..
Qələbələrə və zəbtlərə meyl, təcavüzkarlığa aiddi və bu xislət heyvanlara verilib. Hərçənd ki, insana, mal-qaraya və heyvanlara verilənlərdən də verilib, ona, üstəlik, elə bir kamillik də verilib ki, onun vasitəsi ilə insan Allahı dərk edə bilir və Onun yaratdıqlarının bütün möcüzələrindən xəbər tutur ki, bu da – Ağıldır. Həmin bu ağlın köməkliyi ilə o, cismani arzularının və təcavüzkar xislətinin əsarətindən qurtulur və məhz bu keyfiyyətinin (ağlının) köməkliyi ilə, o, özündəki mal-qaraya və heyvanlara qalib gəlir və onların hamısını, Yer üzündə olan hər bir şey daxil olmaqla, öz nökərinə çevirir. Hamıdan Uca Allahın bu barədə dediyi kimi:
«…Və Yer üzündə olan hər bir şeyi, sizlərə xidmətə verdim…» (45-ci surə, 13-cü ayə)
Odu ki, bil: insanın əsil mahiyyəti bundan ibarətdi və o, məhz bununla kamildi, qalan keyfiyyətlər isə ona yaddı və ona, müvəqqəti istifadədən ötrü, xidmətində dayanmaq etmək və köməklik göstərməkdən ötrü göndərilib.
Öləndə isə, insanda nə qəzəb, nə də cismani ehtiyaclar qalır. Onda qalan, onun, Hamıdan Uca Allahın dərki ilə, ayrı sözlə desək, mələklər xisləti ilə zinətlənmiş mahiyyətinin saf və işıltılı incisi olur. Həmin bu mahiyyətlə o, mələklərin yoldaşına, cəbrayılların sirdaşına çevrilir.
Onlar isə, daim İlahinin ən yaxın məsafələrində – «Hamıdan Qüdrətli Allahla yanaşı, onun şərəf taxtındadırlar…» (54-cü surə, 55-ci ayə)
Əks halda, bu mahiyyət (Qəlb) tündləşər və insanın başı, həmin bu tünd mahiyyəti ilə aşağı enər.
Onun Qəlbi o səbəbdən tündləşər ki, O, natəmiz işlər və günahlarla çirklənib. Cismani arzularına və təcavüzə meylli olduğundan isə, başı aşağı enər. Və bütün bu naqisliklər Yer dünyasında olduğu üçün, onun başı da, Qəlbi də, yenə bu dünyaya – bitib tükənməz arzularının qaldığı məkana can atar. Bu dünya isə, o dünyanın altında olduğundan, onun başı aşağıda qalar və deyilən bu sözlərin:
«…Və əgər onda sən günahlılara baxsan, görərsən ki, onların başları, öz Allahlarının hüzurunda aşağı endirilib…» (32-ci surə, 12-ci ayə) – mənası da budu.
Və bil: kiminlə ki, bu, baş verər, o kəs şeytanlarla və Siccimlə qalar. Və bu barədə:
«O!.. Əgər sən bilsəydin, Siccim nə olan şeydi?!..» (83-cü sürə, 8-ci ayə) – deyildiyi kimi, heç kim də Siccimin nə olduğunu bilə bilməz…

Qəlb dünyalarında möcüzələr səddininolmaması barədə fəsil.

Qəlbin nəcibliyi bir də ondan ibarətdi ki, O, bu dünyada mövcud olanların hamısından heyrətamizdi. Lakin, insanların əksəriyyəti bu barədə bilmir.
Qəlbin nəcibliyi iki cür olur: biri, anlam baxımından, o biri, qüdrət baxımından.
Onun anlamaq baxımından olan nəcibliyi ikipilləlidir:
birinci pilə: o pillədir ki, o pilləni hamı görür və tanıyır, ikincisi isə, görünmür, o, daha gizlindədi, onu heç kəs tanımır və bu, daha qiymətli pillədir.
Beləliklə, birinci, yəni görünən pillə özündə, bütün elmləri və peşə biliklərini dərk etmək qüvvəsini cəmləyir. Onun vasitəsi ilə bütün peşələrə yiyələnmək mümkündü. Əgər insan bütün kitabları oxuyarsa, o, həmin bu qüvvənin köməkliyi ilə bütün texniki elmləri, riyaziyyatı, tibbi və astronomiyanı, eləcə şəriəti də bilər. Və hərçənd ki, bu pillə bölünən, hissələrə ayrılan deyil, Yer üzündə mövcud olan bütün elmlər, gözəgörünməz atomlar dənizdə cəmləşən tək, onda cəmləşə bilir. Və əgər şüur istəsə, öz düşüncə qüvvəsi ilə bircə göz qırpımında, Yerdən göylərə, Şərqdən Qərbə adlayan təki, bu qüvvə də istənilən nöqtəyə ötürülə bilər, Yerdə olduğu halda, bütün göyləri ölçə, ulduzları saya, onlara qədər olan məsafələri hesablaya bilər. Məhz bu qüvvənin köməyi ilə insan, dəniz dibindən balıqlar tapıb çıxarar, göylərdən quşlar ovlayar, dəvələri, atları və fil kimi güclü heyvanları ələ keçirər və onları, özünə xidmət etməyə məcbur edər və dünya elmlərinin bütün möcüzələri onun, asanlıqla öhdəsindən gələ bildiyi sıravi məşğuliyyətinə çevrilər.
Bütün bu mövcud elmlərə beş hissin köməyi ilə çatılar. Bunun da səbəbi odu ki, bütün bu deyilənlər – aşkar biliklərdi, onların hər birinə aparan yol da, məlum və görünəndi. Lakin ən təəccüblüsü odu ki, duyğular vasitəsi ilə alınan bu elmi məlumatlar dünyasına, insan Qəlbində beş qapı olduğu halda, həmin o Qəlbdə İlahi Səltənətə açılan bircə kiçicik qapı var…
Bu dünyanı «Maddi dünya» adlandırarlar, İlahi Səltənəti isə, «Ruhi dünya» adlandırarlar. İnsanların əksər hissəsi, özü-özlüyündə məhdud olan maddi dünyanı, öz hisslərinin köməkliyi ilə tanıyar. Baxmayaraq ki, bu dünya özüldür və burdan elmlərə hisslər vasitəsi ilə çatılır, bu yolun özü də beləcə, məhduddu. Lakin, insan Qəlbində, ayrı bir bilik üçün, ayrı bir qapının olduğunu sübuta yetirən iki dəlil də var. Bu dəlillərin birincisi – yuxudur.
Məhz yuxuda, hisslərə aparan qapı bağlı, Qəlbə aparan qapı açıq olduğundan, İlahi Səltənətdən və Gizli Yazı Lövhəsindən olan gizli mətləblər məhz burda – yuxuda açılar. Bu səbəbdən, gələcəkdə olacaqları da burda (yuxuda) ya aşkar, ya da dolayısı yolla görmək mümkündü.
İnsanlar elə bilirlər ki, onların, aşkarda görüb anladıqları biliklər, əzəli biliklərdi. Lakin bununla yanaşı, onlar onu da anlayırlar ki, həmin o aşkarda onlar, gizlidə olanları görə bilmirlər. Yuxuda isə, həmin o bilmədiklərini, hisslərinin köməkliyi olmadan da, anlayırlar.
Lakin, bu kitabda biz, yuxuların yozumundan danışmaq fikrindən uzağıq. Hərçənd ki, bunu bilmək vacibdi ki, Qəlb – öz mahiyyəti etibarı ilə güzgüyə bənzər, Gizli Yazı Lövhəsi isə, bütün mövcud varlıqların simalarının əks olunduğu ayrı bir güzgüdü. Əgər bu güzgü, o biri güzgü ilə üzbəüz qoyularsa, onda hər bir şey, həmçinin, Gizli Yazı Lövhəsində olan bütün surətlər Qəlbdə də öz əksini tapar. Qəlb – Gizli Yazı Lövhəsi ilə əlaqə tapanda isə, o, hisslərdən azad olar və saflaşar.
Bunu da bilmək vacibdi ki, Qəlb, hisslərlə məşğul olarkən, onun, İlahi Səltənətə yolu bağlanar, yuxuda isə – insanın hisslərdən azad olduğu bir vaxt, mütləq İlahi Səltənətin dərk olunması ilə bərabər, Qəlbin mahiyyətində olanlar da üzə çıxar. Lakin, baxmayaraq ki, yuxu vaxtı hisslər yoxa çıxar, yaddaş qalar və bu səbəbdən insan, yuxuda gördüklərini, yaddaşının qəlibi ilə ikimənalı, yaxud olduğu kimi görər, onun bu gördükləri də, örtükdən və pərdədən azad olmaz.
Amma elə ki, insan ölər, onun, nə görmə yaddaşı, nə də hissləri qalar… Bax, yalnız onda, Olan hər bir şey onun qarşısında örtüksüz və təsəvvürsüz şahə qalxar və ona deyər:
«…Bütün örtükləri səndən çəkib çıxardım və bu gün sənin gözlərin hər şeyi, olduğu kimi görür…» (50-ci surə, 22-ci ayə)
Belədə insanlar deyirlər:
«İlahi, biz indi gördük və eşitdik, indi bizləri geriyə qaytar ki, xeyir əməllər edək, artıq biz həqiqət olanı anladıq…» (32-ci surə,12-ci ayə)
Digər dəlil bundan ibarətdi ki, elə bir insan yoxdu ki, onun Qəlbində, hansısa hisslərlə bağlı, hansısa təcrübədən yox, necəsə özü-özünə, birbaşa Qəlbdən olan dəqiq, intuitiv gümanlar, düzgün dammalar və ilhamlar olmasın. Və adətən belədə, insan anlamır ki, həmin bu gümanların, dammaların və ilhamların qaynaqlandığı mənbə nədir?.. Məhz bu səbəbdən, o, hisslərlə qazanılan məlumatların, bildiyinin hamısı olmadığından duyuq düşür.
Yuxarıda gətirilən səbəblərdən insan anlayır ki, Qəlb – bu dünyadan yox, İlahinin Səltənətindəndir, ona, bu dünya üçün verilən hisslər isə, O biri dünyanın anlanması üçün mütləq örtükdür və nə qədər ki, o, bu hisslərdən azad deyil, onun O dünyaya yolu bağlıdı.

Qəlbdən İlahi Səltənətə olan qapının yalnız yuxuda, yaxud ölümdən sonra açıldığını düşünməyin əsassız olduğu barədə fəsil

Lakin, əgər kimsə ayıq vəziyyətdə, öz Qəlbini cismani arzulardan, təcavüzdən, bu dünyanın pis və nalayiq xislətlərindən təmizləmək üçün çalışarsa, bomboş bir yerdə əyləşib gözünü göylərə zilləyərsə, bütün hisslərindən azad olub, öz Qəlbini İlahi Səltənətə yönəldərsə və daim: « – Allah… Allah…» – deyib İlahini çağırarsa və bunu, dili ilə yox, Qəlbi ilə edərsə və bunu, özü barədə və ümumiyyətlə, Hamıdan Uca Allahdan savayı, bütün olanlar barədə unudana qədər edərsə, bax, belə bir hadisə baş verəndə, o kəsin Qəlbinin İlahi Səltənətə tuşlanan qapıları, o, yuxuda olmasa da, açılar…
Və onda o, o birilərin yuxuda gördüklərini aşkarda görər… Mələklərin ruhlarını, peyğəmbərləri görər… və bu gördüklərindən məmnun olub onların köməyini qazanar və ona, yerin və göylərin İlahi Səltənəti göstərilər.
Və elə ki, o kəsə bu yol açılar, o – sərhədi, ölçüsü olmayan Böyük İşləri görər və bu, Peyğəmbərin, Allah Onu salamat eləsin, həmin bu dediyidir:
«…Mənə Yeri göstərdilər və mən Qərbi də, Şərqi də gördüm…»
Bu barədə Hamıdan Uca Allah da deyib:
«Beləliklə, biz İbrahimə, göylərin və Yerin İlahi Səltənətini göstərdik… Hər şey məhz belə olub…» (6-cı surə,75-ci ayə)
Bundan da əlavə, peyğəmbərlərin sahib olduqları bütün biliklər də, hisslərin, yaxud bütün bu deyilənlərin hər hansı bir təhsil vasitəsi ilə yox, həmin bu yolla qazanılıb. Bu yolun istiqaməti isə, səylərdən və çalışmalardan ibarətdi ki, bu barədə Hamıdan Uca Allah deyib:
«…Ona tam arxayınlıqla təslim ol…» (73-cü surə, 8-ci ayə) yəni, hər bir şeydən azad və saf ol, bütün varlığınla Ona uy, özünü Yer işləri ilə məşğul etmə, bu işlərin hamısını, onsuz da Allah özü düzəldəcək.
«Şərqin və Qərbin Allahı – Ondan savayı Allah yoxdu. Odu ki, Onu özünüzə rəhbər seçin…» (73-cü surə,9-cu ayə)
Odu ki, Özünə Onu rəhbər seç və bu dünyadan azad ol, insanlara qarışma.
«…Onların dediklərinə döz, onlarla uzaq və xoş münasibət saxla…» (73-cü surə, 10-cu ayə)
Bu biliklərin hamısı, öz üzərində çalışmalarla və Qəlbi, insanların çirkablı təsirindən – cismani arzulardan, hisslərin gətirdiyi məlumatlardan təmizlənməsi ilə qazanılır ki, bu da sufilərin və peyğəmbərlərin yoludu.
Bu biliyin təhsil yolu ilə əldə edilməsi isə, alimlərin yoludu. Bu da öz növbəsində, böyük bir yoldu, lakin bu yol – insan Qəlbinə heç bir köməkçi vasitə olmadan, birbaşa Hamıdan Qüdrətli Allah tərəfindən ötürülən biliklə, peyğəmbərliyin, peyğəmbərlər biliyinin və müqəddəslərin yolu ilə müqayisədə məhdud yoldu.
Məhz bu yolun haqq yolu olduğunu çoxları, ya təcrübənin köməkliyi ilə, yaxud öz ağlının köməkliyi ilə ona agah olan dəlillər vasitəsi ilə anlayıb. Əgər ki, bunu sən özün duymadın, yaxud təcrübənin və ağlının dəlillərindən anlamadın, pis olmazdı ki, heç olmasa, bu yola inanasan ki, sənin üçün həmin o üç səviyyə qapanmasın və sən, kafirə çevrilməyəsən. Axı, Qəlblər dünyasının möcüzələrindən məhz bu bilik agah edir. İnsan Qəlbinin nəcibliyi də, Allahın köməkliyi ilə məhz bu yolda qavranılır.

IV

Sən elə düşünməməlisən ki, bu cür qavrayış yalnız Peyğəmbərlərə xasdır, o səbəbdən ki, hər bir insan mahiyyətinin incisi, öz əzəli keyfiyyətlərinə görə bu qavrayışa malikdir. Bu barədə fəsil.

Öz əzəli keyfiyyətlərinin mahiyyətinə görə Yer üzündə mövcud olan hər bir şeyi, tərkibi, pas və ləkə götürməyən, və hər şeyi özündə əks etdirə bilən güzgü düzəltməyə yararlı ola bilən elə bir dəmirin olmadığı kimi, beləcə, Qəlb də, onu korroziya və pas kimi yeyən bu dünyaya və bədən həzzlərinə olan ehtirasını dəf etməzsə, onun bütün qabiliyyətini öz keyfiyyətini itirmiş olar.
«Hər doğulan körpə, bu dünyaya öz əzəli keyfiyyətləri ilə gəlir, onu sonradan, yəhudi, ya xaçpərəst, yaxud zərdüşt edən, onun valideynləri olur…»
Belə bir əzəli qabiliyyətin bütün insanlarda olması barədə, Hamıdan Uca Allah belə deyib:
«(Mən onlardan soruşdum): – Məgər Mən Sizin Allahınız deyiləmmi?.. Onlar da cavab verdilər: – Bəli…»
Əgər sən ağıllı bir adamdan soruşsan ki, «İki birdən çoxdu?» O, «hə, bu düzdü.» – deyəcək və əgər bu ağıllı adam bunu heç vaxt eşitməyibsə belə, bunu dilinə də gətirməyibsə də, o bunu, səmimi qəlbdən təsdiq edəcək.
Beləcə, həmin bu bilik də, bütün insanların əzəli keyfiyyətlərinə aiddi. Eləcə, İlahiyyatın qavranılması da, bütün insanların əzəli keyfiyyətlərinə aiddi və bu barədə deyilib:
«Əgər onlardan soruşsan ki, sizləri kim yaratdı, cavab verəcəklər: Allah!..» (43-cü surə, 87-ci ayə).
Və bir də deyilib:
«Əzəl olan – Allahın təbiətidi ki, O, insanı ona uyğun yaratdı…»
Şüurdan gələn məlumatlar və bu yolda əldə edilmiş təcrübə təkcə peyğəmbərlərə xas xüsusiyyətlər deyil, bu xüsusiyyətlər bütün insanlığa aiddi.
«De ki, həqiqətən, mən də sizlər kimi insanam…» (18-ci surə, 110-cu ayə)
Əgər bu yol kiməsə açılıbsa və həmin insana bu yolun faydasını bütün xalqa göstərmək nəsib olubsa, əgər o kəs qalan insanları da bu yolla getməyə dəvət edə bilibsə, o halda, onun insanlara anlatdığını – Şəriət, o kəsin özünü – Peyğəmbər, onun düşdüyü halı isə – möcüzə adlandırarlar.
Yox, əgər o kəs, xalqı öz ardınca apara bilməyibsə, ona «müdrik» adı verərlər, halını isə, «mərhəmətli» adlandırarlar.
Bu hala gəlib çatmış hər bir kəsin, insanları öz ardınca aparması vacib deyil. Bu da, Hamıdan Uca Allahın əlindədi ki, o həmin kəsə, insanları öz ardınca aparmaq hüququnu o səbəbdən də verməyə bilər ki, şəriət işləri öz qaydasındadı və insanları inama yönəltməyə ehtiyac yoxdu, yaxud, insanları idarə etməkdən ötrü ayrı bir qabiliyyət gərəkdi ki, o da bu müqəddəs insanda yoxdu. Odu ki, sənin buna inanmağın vacibdi ki, müqəddəslik – müqəddəslərin mərhəmətindədi və bu da həqiqətdi.
Bu işin başlanğıcı isə, dediyimiz kimi, çalışmalarla bağlıdı. O səbəbdən ki, bu yol səylər tələb edir. Lakin hər bıçaq – hər bir şeyi kəsə bilməyən kimi, hər yolçu da məqsədinə çata bilmir və hər axtaran, axtardığını tapmır. Lakin, hər işin, öz müqabilində çoxlu şərtləri olduğu kimi, burda bu şərtlərin özünü də arayıb tapmaq çətindi. Bu isə insanın qavrayış və axtarış səviyyəsinin pillələrindən ən nəcibidi. Bu işin öhdəsindən, çalışmalarsız və səylərsiz, bu yolu artıq keçmiş təcrübəli müəllimsiz gəlmək insan üçün çox çətindi. Və bütün bunlarla da yanaşı, Allahın bu barədə niyyəti və köməyi olmadan, bu iş başa yetməz və əgər bu xoşbəxtliyin kiməsə nəsib olması əzəldən yazılmayıbsa, o kəs, arzusuna çatmaz. Və bu, digər məsələlərə də – aşkar elmi dərəcələrin qazanılması və eləcə də, bütün qalan işlərə də aiddi.

Qəlbin, öz qüdrəti sarıdan da nəcib olmasını bilməyin zəruriliyi barədə fəsil

Sən, insan mahiyyətinin nəciblik incisini göstərən, ilk anlamda Qəlb adlandırılan nişanə barədə bildin. İndi isə bil ki, beləcə Qəlbin də, öz qüdrəti baxımından elə bir nəcibliyi var ki, bu nəciblik – mələklərdə olan xüsusiyyətlərdəndi, heyvanlarda isə beləsi yoxdu.
Beləliklə, Allahın buyruğu ilə maddi dünyanı idarə edən mələklər, insanın hər hansı bir xeyirxahlığa ehtiyaclı olduğunu gördükdə, baharda yağış və külək gətirər, heyvanların uşaqlığını balalarla, torpağı, otlar və bitkilərlə bəzəyərlər. Bu işlərin də hər birini idarə etməkdən ötrü müxtəlif mələklər ayrılıb.
Mələk varlıqları bölümünə aid olan insana da belə bir idarəçilik hüququ verilib. Onun idarəçiliyində ayrı nəsnələr də var, lakin hər bir insanın öz dünyası – onun öz bədənidi. Bu bədən isə Qəlbin idarəsindədi.
Məlum məsələdi ki, barmağın canı yoxdu və beləcə barmağın biliyi də, arzusu da yoxdu. Lakin elə ki, Qəlb əmr edər, barmaq tərpənməyə başlayar və elə ki, Qəlbdə təcavüzkarlıq yaranar, bədənin yeddi hissəsi tər tökər və bu, həmin o yağışlardı…
Qəlbdə bədən həzzlərinə ehtiyac baş qaldırarsa, külək yaranar. Bədən arzuları səmtinə əsən külək… İnsan, təsəvvürünə yemək gətirərsə, dilin altındakı qüvvə işə düşər, bu qüvvə, həmin o yeməyi yeməkdən ötrü onu islatmağa tələsər, şirə ifraz edər.
Bu, sirr deyil ki, Qəlbin malikanəsi bədəndə yerləşir, bədən özü isə Qəlbin quludur. Lakin bunu da bilmək vacibdi ki, qəlblərdən bəziləri daha nəcib və daha qüdrətlidi, öz mahiyyəti etibarı ilə mələklər mahiyyətinə yaxın olduğundan, belə qəlblərin idarə ərazisinə, onun öz bədəninin xaricində olan digər bədənlər də düşər və əgər belə bir Qəlbin sahibi, öz sirayətedici görkəmi ilə, məsələn, şiri görərsə, şir zəifləyər və ona təslim olar. Və əgər belə bir insan, bütün qüvvəsini xəstəyə yönəldərsə, o xəstənin halı yüngülləşər, yaxud sağlam adama yönəldərsə, o xəstələnər. Və əgər o, fikrində kiminsə gəlməsini arzulayarsa, o kəsin canında hərəkət yaranar. Və əgər o, bütün fikrini yağışa yönəldərsə, yağış yağar… Bütün bunlar, dəlillərə və təcrübəyə əsaslanan mümkün işlərdi.
Nəzər və cadu adlandırılanlar da, həmin bu yuxarıda deyilənlər silsiləsindəndi. Özgə malı, insan qəlbində təəssürat yaradır və əgər o qəlbdə paxıllıq varsa, onda o insan, məsələn, sağlam mal-qaranı görərsə, paxıllığından, bu heyvan sürüsünün ölümünü gözünün qabağına gətirərsə, bir müddətdən sonra bu mal-qara tələf olar. Bu barədə rəvayətdə də deyilib: «Pis göz insanı qəbrə, dəvəni qazana salar.»
Beləliklə, bu da Qəlbdə olan qüvvələr sırasına aiddi və əgər belə bir qabiliyyət kimdəsə yaranarsa və o kəs bu barədə xalqa moizə oxuyarsa, bunu möcüzə adlandırarlar. Belə bir qabiliyyətin yiyəsi xeyirxah əməl sahibi olarsa, onu Peyğəmbər, yaxud müqəddəs, şər əməllərlə məşğul olarsa, onu cadugər adlandırarlar. Odu ki, bil: cadugərlik də, mərhəmət də, möcüzə də Qəlbin qüdrətinin xüsusi keyfiyyətlərindəndi. Və hərçənd ki, bu keyfiyyətlər arasındakı fərq böyükdü, bu kitab onu izah etməyəcək.

Əgər kimsə, bizim yuxarıda dediklərimizi anlamırsa,o halda o kəs peyğəmbərliyin həqiqimahiyyətinin nə olduğunu yalnız o halda anlayacaq ki, səy göstərib deyilənlərə diqqətlə qulaq asacaq. Bu barədə fəsil.

Beləliklə, peyğəmbərlik və müqəddəslik – insan Qəlbinin nəciblik pillələrindəndir ki, onun qazanılmasının üç əlaməti var.
Bunun birinci əlaməti odur ki, adi insanlara yuxuda açılanlar, belə insana ayıqlıqda əyan olur.
İkincisi odur ki, adi insanın qəlbi, yalnız öz bədəninə təsir edə bilirsə, belə insanın Qəlbi, onun bədəninin xaricində olanlara da elə bir təsir göstərə bilir ki, bu təsirlərdən xalq faydalana bilir və bu işdə heç bir səhv, yaxud xəta olmur.
Üçüncü əlamət odu ki, adi insanların elmə yiyələnmək məqsədi ilə, təhsil vasitəsi ilə mənimsədiklərini, bu insan heç bir kitaba müraciət etmədən, özü öz Qəlbindən mənimsəyir. Bəzən də belə olur ki, bu kəsin gözüaçıqlığı və qəlb təmizliyi, bütün elmləri onun yaddaşına, o, heç bir təhsil almadan, salır. Daha gözüaçıq və qəlbi saf olan kəs özü-özündən hər şeyi mənimsəyir, yaxud belə deyək ki, bütün mövcud elmlərə sahib olur ki, həmin bu elmlər – İlahi biliklər adlanır və onlar barədə Hamıdan Uca Allah belə deyib:
«Ona biz, öz elmlərimizdən öyrətdik…»
İndi bil ki, hər kimdə ki, dediyimiz həmin bu üç əlamət yaranar, o kəs, ya böyük Peyğəmbər, ya böyük Müqəddəs olar. Və o kəsdə ki, bu üç əlamətin heç olmasa, biri tam şəkildə özünü büruzə verər, o da bu rütbələri qazanar. Lakin bu insanların da arasında böyük fərqlər mövcuddur.
Elə də olur ki, həmin bu keyfiyyətlər özünü kimdəsə azacıq, kimdəsə bir qədər çox büruzə verir və Peyğəmbərimizin kamilliyi, Allahın ona salamı olsun, ondan ibarət idi ki, bu keyfiyyətlər onda özünü, kamilliyin ən ali həddində büruzə vermişdi.
Hamıdan Uca Allah istədikdə ki, insanlar onun peyğəmbərliyini qəbul etsinlər, Onun ardıcılı olub Səadətə aparan Yolu ondan öyrənsinlər, O, insana, üç xüsusi keyfiyyət nişanəsi verdi.
Bu keyfiyyətlərin birinci nümunəsi – yuxudu; digər keyfiyyət nümunəsi – dəqiq intuisiya; üçüncü nümunə – biliklərin yadda düzgün saxlanılmasıdı.
Axı insanın, təsəvvürü olmadığı bir şeyə inanması çətindi və əgər haqqında danışılan nəyinsə nümunəsi onun gözü qarşısında olmazsa, o bunun nə olduğunu heç bir zaman anlamaz. Məhz bu səbəbdən, Allahın həqiqi varlığını, Allahın özündən savayı kamil dərəcədə anlamaq heç kəsə nəsib olmur. Və bu tədqiqatın izahı genişdi: bunun dəqiq arqumentlərini biz, «Allahın adlarının mənası» kitabında göstərmişik.
Yuxarıda deyilənlərin məqsədi bundan ibarətdi ki, necə ki, biz deyirik ki, Hamıdan Uca Allahı, Onun özündən savayı kamil dərəcədə qavramaq heç kimə nəsib olmur, biz bunu da deyirik ki, Peyğəmbəri də həmçinin, Allah onu şad eləsin və salamlasın, onun özündən və ondan yuxarıda Dayanandan savayı bir kimsə anlaya bilməz. Odu ki, peyğəmbərə bənzər insanlar haqqında yalnız Peyğəmbərlər bilər, bizlərə isə, bu ölçüdə bilik verilməyib.
Məsələn, bu, ona bənzəyir ki, əgər bizim yuxumuz olmasaydı və kimsə bizə yuxunun nə olduğunu təsvir eləməyə cəhd göstərib, bunu bizə belə izah eləsəydi ki, kimsə uzanıb, yerindən tərpənmir, görmür, eşitmir və danışmır, sabah nə olacağını bilmir, bir qədərdən sonra isə o, yenidən eşidən və görən olur, bunun nə demək olduğunu biz bilə bilməyəcəkdik və əgər həqiqətən də, belə bir vəziyyət yaranarsa, biz belə bir şeyə heç vaxt inanmarıq. O səbəbdən ki, insan, görmədiyinə inanmaz və bu səbəbdən də Hamıdan Uca Allah deyib:
«Öz biliklərinin o barədə məhdud olduğundan, onlar bunu uydurma hesab edəcəklər və izahlar onlara çatmayacaq…» (10-cu surə, 11 ayə)
O bu barədə həm də deyib:
«Bunu əlində əsas tutacağı məqamacan deyəcək ki: «bu ki, köhnə uydurmadı?!..» (46-cı surə, 11-ci ayə)
Odu ki, təəccüblənmə ki, peyğəmbərlərdə də, müqəddəslərdə də elə keyfiyyətlər var ki, o keyfiyyətlər barədə o birilər heç nə bilə bilməz. Heç bir kəs onların o keyfiyyətlərdən aldıqları xüsusi həzzlər barədə, çatdıqları nəcib hallar barədə bilə bilməz. Məsələn, əgər kimsə şeiri duymursa, o kəs heç vaxt şeiri dinləməkdən alınan həzzin səbəbini və ölçüsünü bilə bilməz. Və əgər kimsə ona, şeir dinləməkdən alınan həzzin mənasını izah etməyə çalışarsa, onun bu niyyəti o səbəbdən alınmaz ki, o birinin bu sayaq şeylər haqqında anlayışı belə yoxdu. Eyni ilə beləcə, kor adama da, rənglərin ahəngdarlığının mahiyyətini və onları seyr etməkdən alınan zövqün nə demək olduğunu anlatmaq mümkün deyil.

V

Qəlbin mahiyyətində olan incinin halları ilə bağlı deyilənlərin, bu həcmdə kitab üçün kifayət olduğu barədə fəsil

Kim ki, bu barədə daha ətraflı izahat istəyir, bu ətraflı izahı biz, «Qəlbin möcüzələri» kitabına daxil etmişik. Lakin, elə bu iki kitabla da tanış olan insan, ola biləcəyi qədərində, özü-özlüyündə arif ola biləcək. O səbəbdən ki, bu kitabda olanlar, Qəlb keyfiyyətlərinin qismən izahıdır. Burda deyilənlər, bir sütundur, ikinci sütun isə – insanın bədənidir və bu bədənin yaradılmasında da çoxlu möcüzələr var və bədənin hər bir hissəsində gizli və aşkar olan möcüzələr var ki, bu möcüzələrin də hər biri öz heyrətamiz müdrikliyinə malikdi.
İnsan bədənində minlərlə qan damarı, sinirlər və sümüklər var ki, onların hər biri, öz xüsusi formasına və keyfiyyətinə malikdi. Onların hər birinin, öz xüsusi vəzifəsi var ki, sən, bunların hamısı haqqında bilmirsən, bildiklərin də, o səviyyədədi ki, «əllər – tutmaq üçün, ayaqlar – yerimək üçün, dil isə danışmaq üçündü».
Lakin bil ki, göz – on müxtəlif hissədən ibarətdi və əgər o hissələrdən bircəciyi belə xarab olarsa, insanın görmə qabiliyyəti korlanar. Sənə isə, bu hissələrin hər birinin nədən ötrü olduğu, onların nədən ibarət olduğu və görmə üçün hansı rol oynadığı məlum deyil. Və əgər ki, gözün quruluşu bu qədər mürəkkəbdi və onun elmi izahı cildlərlə kitabları əhatə edir, sənin, bu barədə məlumatsız olmağın təəccüb doğurmur.
İndi ki, sən bunu bilmirsən, təəccüblü deyil ki, sən qara ciyər, dalaq, öd kisəsi, böyrəklər və sair bu kimi, daxili bədən üzvlərin barədə də heç nə bilmirsən.
Bil: qara ciyər ondan ötrüdü ki, mədəyə düşən müxtəlif növ qida ona daxil olub qanın rənginə və tərkibinə uyğunlaşsın ki, bədənin yeddi hissəsinin istifadəsi üçün yararlı olsun. Elə ki, qara ciyər həmin bu qanı yetişdirdi, ondan çürüntü əmələ gələr və o çürüntü qara ödə çevrilər. Dalaq isə – bu ödü qara ciyərdən çıxarmaq üçündü. Qara ciyərin kökündə sarımtıl fırça kimi görünən isə, sarı öddü. Öd kisəsi isə ondan ötrüdü ki, həmin bu sarımtıl ödü ciyərdən çəkib çıxarsın.
Qan, qara ciyərdən çıxarkən, duru olar, böyrəklər isə, qanın tərkibindəki suyu özünə çəkər ki, qara və sarı öddən təmizlənmiş qan, damarlarla axsın və əgər öd, kisəsi xəstələnərsə, öd, qanın tərkibində qalar və insanı sarılıq, yaxud ödlə bağlı digər xəstəliklər tutar. Əgər dalaq xəstələnərsə, onda qara öd qanda qalar və dalaqla bağlı xəstəliklər yaranar. Və əgər böyrəklər xəstələnərsə, su qanda qalar və insan bədənində suşişi və digər şişlər yaranar. Odu ki, insanın həm daxili, həm də xarici orqanlarının hər biri, öz işini görməkdən ötrü yaradılıb və onlardan birinin işi pozularsa, bədən məhv olar.
Ümumiyyətlə isə, insan bədəni, bütün dünyanın kiçicik nümunəsi kimi yaradılıb. Belə ki, onda, dünyada olan hər bir şeyin nümunəsi var. Sümüklər – dağlara bənzəyər, tər – yağışa, saçlar – ağaclara, beyin – səmaya, hisslər – ulduzlara və sair. Bütün nümunələri sadalamaq uzun çəkər, lakin bunu da mütləq deməliyik ki, bütün alçaq məxluqlar, insan bədənində, yuxarıda dediyimiz kimi, öz nümunəsi ilə – donuz, it, qurd, mal-qara, şeytanlar, pəri və mələklər timsalında mövcuddur və hətta olsun ki, bu dünyanın hər bir sənət sahibi belə, öz bədəndə, öz sənət nümunəsi ilə mövcuddu.
Məsələn, mədədə olan qüvvə – yeməyi bişirən aşpaza bənzər; təmizlənmiş qidanı qara ciyərə, ağır tullantıları isə bədəndən çıxarmaq üçün bağırsaqlara yollayan qüvvə, nehrə çalxayana bənzər; qara ciyərdəki qidanı qan rənginə salması ilə o, rəngkara, qadının döşündəki qanı ağappaq südə, kişinin qasığındakı qanı ağ toxuma çevirməyi ilə boyaqçıya, qidanı qara ciyərdən bütün orqanlara daşıması ilə naxırçı çobana, qandakı suyu böyrəklərdən çıxarıb sidik kisəsinə yollamağı ilə suçəkənə, bədəndən ağır tullantıları çıxarmağı ilə assenizatora bənzər. O qüvvə ki, bədən daxilində qara ödü sarı ödə qatar ki, nəticədə bədən korlansın, o, fitnəkar xuliqana bənzər. O qüvvə ki, bədəni öddən və xəstəliklərdən qoruyar – ədalətli hökmdara bənzər və bütün bunların da izahı daha geniş təfsilat tələb edər.
Bütün bu deyilənlərin məqsədi isə ondan ibarətdi ki, sən biləsən ki, sənin daxilində, çoxlu sayda müxtəlif növ qüvvə var ki, bu qüvvələrin hamısı gecə-gündüz sənin üçün çalışır. Sən, rahat yatırsan, onlar isə heç vaxt istirahət etmirlər. Sən isə onlar barədə heç nə bilmirsən. Onların hamısını sənə xidmət üçün Yaradana öz minnətdarlığını belə bildirmirsən. Əgər kimsə sənə, bir günlük qul göndərərsə ki, o qul bircə gün sənin xidmətində dursun, sən o adama, ömrün boyu minnətdar olarsan. Amma, O Kəsi ki, sənə, gecə-gündüz dayanmadan, bircə an belə özünə dinclik vermədən, işləyən minlərlə qüvvə verib, sən heç yada belə salmırsan.
Bədən quruluşu və onun hissələri barədə elm – anatomiya adlanır. Bu, böyük elmdir, lakin xalq, bu elmlə maraqlanmır, onu öyrənmir. Öyrənənlər də, tibb elmində usta olmaqdan ötrü öyrənir. Tibb isə, yerə endirilmiş məhdud bir elmdi. Hərçənd ki, ona tələbat çoxdu, bu elmin, inam yoluna heç bir aidiyyatı yoxdu.
Lakin, əgər kimsə anatomiyanı, Hamıdan Uca Allahın möcüzələrini görmək məqsədilə öyrənərsə, o kəs mütləq Allahın keyfiyyətlərindən olan üç keyfiyyətdən agah olar.
Birincisi – o agah olar ki, bu quruluşu Yaradan və bu bədəni nazil edən, Öz Kamilliyində Qüdrətlidi və Onun Qüdrətində heç bir naqislik, ya çatışmazlıq yoxdu və ola da bilməz. O nə istəyərsə, onu da edə bilər. Bundan heyrətamizi olanı yoxdu ki, bir damla mayedən belə bir bədəni yalnız O yarada bilir və belə bir şeyi bacaran Kəs üçün, ölümdən sonra bədənin diriltmək – asan bir işdi.
İkincisi – o kəs anlayar ki, Bu, elə bir Alimdi ki, biliyi bütün sahələri əhatə edir. Bütün heyrətamiz müdrikliklərlə müqayisədə, belə bir möcüzə (insan bədəni) kamil biliksiz ərsəyə gətirə bilməz.
Üçüncüsü – o kəs anlayar ki, Onun öz bəndələrinə olan rəhminin, qayğısının və mərhəmətinin həddi – hüdudu o səbəbdən yoxdu ki, O, insan üçün lazım olan hər bir şeyi yaratdısa da, özü heç nə götürmədi və insana, heyvan bədəninin əsasını təşkil edən qara ciyər, ürək, beyin kimi, zəruri olanları da verdi, əllər, ayaqlar, dil və digər kimi zəruri olmayıb, yararlı olanları da. Və hətta, nə zəruri, nə də yararlı olmayanları da, tək bir gözəllik artıranları, vücudu bəzəyənləri də – saç rənglərini, dodaq qırmızılığını, qaşların qövslüyünü, gözlərin və kirpiklərin biçimliliyini və sair və ilaxırı da verdi. Bu Mərhəməti o, təkcə insanlara yox, bütün yaratdıqlarına – hətta milçəklərə də, eşşəkarısı və mozalan kimi həşəratlara da əta etdi. O, hər kəsə, ona yararlı olanı verdi, üstəlik, onların quruluşlarını və vücudlarını, gözəl naxışlar və rənglərlə də bəzədi.
Odu ki, insanın yaranma mexanizminin öyrənilməsi, bir çox İlahi keyfiyyətlərin qavranılmasına açardır. Məhz bu səbəbdən və yalnız bu baxımdan, bu, nəcib elmdir. Yoxsa ona görə yox ki, onun sayəsində həkimlik peşəsi qazanmaq mümkündü.
Beləcə də, sən poeziyanın, ədəbiyyatın və incəsənətin möcüzələrini nə qədər çox qavrasan, sənin Qəlbində şairlərə, ədəbiyyatçılara, sənət xadimlərinə olan hörmət bir o qədər də artacaq. Eynilə də beləcə, Hamıdan Uca Allahın yaratdıqlarının möcüzələri, Onun böyük qüdrətinə eşq olsun, yaratdıqlarının misilsiz olduğunu anlamaqdan ötrü açardır.
Və bu da, özünü anlamaq üçün bir fəsildir. Lakin bu açar, Qəlbin qavranılması ilə müqayisədə o səbəbdən məhduddu ki, bu açar, bədənin qavranılması üçündür. Bədən isə, dediyimiz kimi, minik heyvanı, Qəlb isə – bu heyvanın yedəyində gedən atlıdır. Və bu səbəbdən, bu böyük yaranışın ilkin və əzəli məqsədi – minik heyvanı yox, bu heyvanın yedəyində gedən atlının özüdür. O səbəbdən ki, minik heyvanı, atlı üçün yaradılıb, atlı – minik heyvanı üçün yox.
Beləcə də, bu səbəbdən deyirlər ki, baxmayaraq ki, sənə, səndən yaxını yoxdu, özünü tam dərk etmək – asan məsələ deyil.
O kəs ki, özünü axıracan tanımadan, o birilərini tanımağa çalışar, o – özünün yeməyə heç nəyi olmadığı halda, ölkənin bütün kasıblarının, onun çörəyini yeməsini istəyən dilənçiyə bənzəyər ki, bu da faydasız şöhrətpərəstlikdən savayı ayrı bir şey deyil.

Qəlbin nəcibliyi, ləyaqəti və qüdrəti barədə bütün bu bildiklərindən sonra sənə aşağıdakıları da bilməyinin vacibliyi barədə fəsil

Bil ki, sənə, Qəlbin mahiyyətində olan qiymətli incisini veriblərsə də, bu incinin özünü, səndən gizlində saxlayıblar. Və əgər sən onu axtarıb tapmasan, yaxud boş yerə onu çirkləndirib zəhərləsən, yaxud, onun barədə bilgisiz qalsan, bunun sənə böyük zərəri və xatası dəyəcək.
Çalış, bütün qüvvəni sərf et ki, onu axtarıb tapasan, onu, bu dünyanın qayğılar bataqlığından çəkib çıxarasan, nəcibliyini kamilləşdirəsən ki, onun nəcibliyi və ləyaqəti, bu dünyada üzə çıxsın və o, bu dünyanın, kədər üzü olmayan səadətini, son ucu olmayan əbədiyyətini, zəif tərəfi olmayan qüdrətini, şübhə yeri qalmayan biliyini, naqisliyi olmayan gözəlliyini görə bilsin.
O ki, qaldı Qəlbin nəcibliyinə, bu, o biri dünyaya hazırlıqdan və burda ikən, ora üçün yararlanmaqdan ibarətdi. O səbəbdən ki, o (Qəlb) həqiqi nəcabətinə yalnız orda çatar. Yox, əgər belə olmazsa, o (Qəlb), ondan naqis və miskin olan nə varsa, soyuğun və istinin, aclığın və suzluğun, xəstəliklərin, həyəcanların və qüssələrin əsirinə çevrilər, harda firavanlıq və şənlik varsa, o, ora can atar. Bütün bunlar isə, o səbəbdən onun zərərinə yönələr ki, faydalandığı hər bir şey özü-özlüyündə ona kədər və təlaş, iztirab və qüssə gətirər.
Əgər hər hansı bir insan, alicənab və şöhrətpərəstdisə, bu, ya onun biliyinə, ya qüvvəsinə, yaxud qüdrətinə, genişürəkliyinə və iradəsinə, ya da gözəlliyinə və zahiri qüdrətinə görədi. Amma onun biliyinə gələndə, ondan cahil olanı varmı?.. Axı onun beynində bircə qan damarının çatlaması kifayətdi ki, o, dəliliyə, yaxud məhvə düçar olsun. Və bu kəs, bilməz də bilmir ki, onun bu halını yaradan nədi və bunu necə müalicə etmək olar. Və hətta bunun müalicəsi onun gözünün qabağında da olsa və o, onu görsə belə, tanımaz. Belə məqamlar, onun nəyə qadir olduğuna nəzər yetirsən, məlum olar ki, ondan zəifi yoxdu. Onun, milçəyə belə, gücü çatmaz və əgər başının üstünü ağcaqanadlar alarsa, o məhv olar, eşşəkarısı onu sancarsa o, yuxudan və rahatlıqdan məhrum olar.
Onun nəcibliyini bilmək istəsən əgər, görərsən ki, bircə gümüş pulun dəyərində zərərə düşərsə, o tamam dəyişər, yaxud ac qalarsa, yaxud bir tikə yeməyi yoxa çıxarsa o, huşunu itirər… Ondan tamahkarı varmı?..
Onun gözəlliyinə və xarici görkəminə baxsan əgər, görərsən ki, bu, sadəcə, zir-zibilin üstünə çəkilmiş dəridi, ikicə gün çimməsə, bu zibilin bütün üfunəti üzə çıxar, iyi aləmi bürüyər və o, özü-özünə nifrət edər. Ondan üfunətli və eybəcər olanı varmı?..
Onun, gündə iki dəfə yuyub-təmizlədiyi çirkabı, əslində öz içindədi. O çirkabın daşıyıcısı o özüdü…
Günlərin bir günü, Şeyx Əbu Səid sufilərlə yol gedirmiş. Necə olursa, onlar, çirkablı suların üzəri ilə nəcis üzən tullantı çalasının üstünə gəlib çıxırlar. Bu mənzərəni görənlər, burunlarını tutub kənara qaçırlar. Bircə Şeyx bu üfunətdən çəkinmir, yerindən tərpənmədən dayanıb bir müddət nəcisə baxır, sonra üzünü yanındakılara tutub:
– Ay camaat, bilirsiz bu nəcis indi mənə nə deyir?.. – deyir.
– Nə deyir?.. – o birilər soruşur.
– O deyir ki, «Dünən mən bazarda, piştaxtanın ən hündür yerində idim… Siz pul kisələrinizin ağzını açdınız, məni almaqdan ötrü yarışa girdiniz. Mən, sizinlə bircə gecəni keçirdim və görün nə günə düşdüm… İndi deyin, kim-kimdən qaçmalıdı: siz məndən, ya mən sizdən?..»
Həqiqətən də, insan, bu dünyada sonsuz dərəcədə naqisdi. Zəif və gücsüzdü. Və əgər o, Əbədi Səadətə qovuşmağın ən sadə yolunu, öz Qəlbinin mahiyyətini açmağa yönəldərsə, onu mal-qara səviyyəsindən, mələk halına çatdırarsa, onun Əbədi Dincliyə, günü sabah yetişəcək. Yox əgər, o, üzünü bu dünyaya və bu dünyanın arzularına çevirərsə, bu halda onun canındakı donuzlar və itlər, ondan ağıllı çıxacaq.
Son həddə onun bu canındakılar heçə çevriləcəklər və iztirablardan azad olacaqlar, o isə o iztirablarda əbədi qalacaq…

Tərcümə Afaq Məsudundur