- Təsəvvüf

Nizami Gəncəvinin əsərlərində təsəvvüf – sufi motivlərinin yeri

Orta əsrlərdə Şərq islam alimlərinin əsərlərində ən çox yer verilən mövzulardan biri ilahi eşq mövzusu olmuşdur. XII-XII əsrdə yaşayıb yaratmış dahi şair Nizami Gəncəvinin əsərlərində də təsəvvüf (sufi) düşüncələrə, motivlərə daha çox yer vermişdir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Nizami Gəncəvi əsərlərində təsəvvüf motivlərinin yeri barədə danışarkən tarixçi Bəxtiyar Məhərrəmov bildirib.

Tarixçi deyib ki, ədəbiyyatımızda İmadəddin Nəsimi, Əbu Müəyyəd əl-Cənzi, Şihabəddin Yəhya Sührəvərdi, Məhəmməd Fizuli kimi kifayət qədər böyük təsəvvüf alimləri var. Lakin Nizami Gəncəvi təsəvvüf şairi olmasa da, əsərlərində sufi düşüncələrə yer verməsinin səbəbi onun müəllimlərinin təsəvvüf əhli olmasıdır.

Təsəvvüf düşüncəsinin əsasını Allaha eşq, ilahi məhəbbət və təvəkkül təşkil edir. Tarixdə ilk təsəvvüf (sufi) alimi Həsən Bəsri göstərilir. “Belə bir rəvayət olunur ki, təsəvvüf alimlərindən olan İmam Qəzali ilə filosof İbn Sina arasında çadırda uzun müddət davam edən bir görüş olur. Görüşün sonunda çadırdan ilk İmam Qəzali çıxır və ona təəssüratları barədə sual veriləndə deyir ki, “Mənim gördüyümü o, bilir”. İbn Sina çadırdan çıxanda eyni sual ona da ünvanlanır və o deyir: “Mənim bildiyimi o, görür”. Elə təsəvvüfün də əsas qayəsi budur. Bu cərəyan hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır,” – deyə tarixçi söyləyib.

Nizami Gəncəvinin müəllimi olan Fərəc Zəncani də sufi cərəyanının aparıcı alimlərindən olan İmam Qəzalinin tələbələrindən dərs almışdır. Bu da Nizaminin həm yetişməsinə, həm də əsərlərinə öz təsirini göstərmişdir. İsgəndərnamə poemasında da o, filosofların deyişməsini eşqlə nəticələndirərək, sonda hər zaman məhəbbət və ilahi eşqin qalib gəldiyini bildirir.

“Nizami “Sirlər Xəzinəsi” poemasında “Kərpickəsən kişinin dastanı” əsəri ilə də kərpickəsən kişinin simasında ənənəvi zahid düşüncəsində olan bir insan obrazını yaratmışdır. Ancaq Nizaminin əsərlərində təsəvvüf fikirlərin zirvəsi “Leyli və Məcnun” poemasıdır. Şair, Məcnun simasında ilahi eşqin bütün dünyəvi sərvətlərə qalib gəldiyini göstərərək, onu böyük bir hikmət sahibi, dövrünün böyük şəxsiyyəti kimi qələmə vermişdir. Şair “İsgəndərnamə” poemasında da dünyanı fəth edən hökmdarın sonda daxilində sakitlik tapa bilməməsini, yalnız ilahi eşqə qovuşduqdan sonra sakitləşdiyini çox ustalıqla göstərmişdir,” – deyə Bəxtiyar Məhərrəmov bildirib.