- Köşə

Firidun AĞAZADƏ. Adamın hesab-kitabı olar və ya həqiqi işsiz, yalançı işsiz… 

 “Uçot kommunizmin yarısıdır” (V.İ. Lenin)

Belə mövzular mənlik deyil… Tələbəlikdə siyasi iqtisaddan iki dəfə imtahan verdim, başa düşmədim, nə istəyirlər… Amma “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyimini götür-qoy edəndə sözdən, qələmdən əl çəkib iqtisadiyyata qoşulmaq istəyirəm. Neynəyəsən ki, biz sovet uşaqlarında biznes təfəkkürü yoxdur.  İndi də ki, koronovirus şoğərib neçə yerimizi tərpədib.  Bu günlər bəzi sözlər qulağımızı yağır elədi: işsizlik səviyyəsi, sosial müdafiə, dəstək paketi (kiril hərflərinə o qədər öyrəşmişəm ki, bu söz ilk baxışda “raket” kimi dəyir gözümə), əmək müqaviləsi, həqiqi işsiz, yalançı işsiz (“yalançı bəhər”), məşğulluq, yalançı məşğul olanlar… hələ kölgə iqtisadiyyatı… (Görəsən, kölgədən çıxacaqlarmı? Heç olmasa çıxıb 190 manatı alsınlar, sonra yenə çəkilsinlər “kölgəyə”), yalançı pensionerlər, saxta əlillər…

Bəs, bunların hesabı, uçotu niyə aparılmır(mış)?

O gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, “…araşdırmalardan sonra kifayət qədər saxtakarlıqlar aşkarlanıb, nəticədə, 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib”. Dörd bir yanınıza baxın. Tanıdığımız minlərlə “əlil” və “pensiyaçı” gözümüzün qabağında pəhləvan kimi illərlə sap-sağlam gəzir, “cip”də cövlan edir… və pensiya alır, başqaları da onu “zirək” hesab edir… Hesab-kitabımız olsaydı, belə olmazdı. Uçot olsaydı, belə olmazdı…

Bəli, uçot, uçot..

Uşaqlıqda tez-tez eşitdiyim bir söz vardı: uçotçu. Pah, kolxozda bu uçotçudan necə qorxurdular! Böyük “avtoriteti” vardı. Bəs, deməzsənmi, gələr, fermadakı bütün sürünü uçota alar. Çobanın hesab-kitabdan gizlətdiyi davar, mal-qara üzə çıxar, “Kimindir?” sualı verilər… Və sualın cavabı kameral təsvir kimi bütün əyintiləri, sapıntıları göstərər…

Bax, belə bir uçotçuya bu gün daha çox ehtiyac var.

Uçot dedim, yaddaşımda “yanar odlar saçıldı”. Bu günlər məlum oldu ki, heç nəyimiz heç nə ilə uyğun gəlmir. Nə tələb, nə təklif? Dövlətin sahibkarlara dəstək göstərəcəyi bəlli olduqdan sonra əmək müqavilələrinin sayı aprelin 1-dən bəri 80 min artıb.  Həqiqi işləyənlərin, yəni,  məşğul olanların da sayı daha çoxdur, amma uçotda yoxdur. Mənim kimi bir idealist də hesablayıb yazıb ki, “Koronovirus olmasa idi, nə işləyənimiz bəlli idi, nə işsiz olanımız…”. Adını da qoyub: “190 manatın ortaya çıxardığı həqiqətlər”.  Bə, bunların uçotu niyə yoxdur? Onu da deyim ki, uçotda olmayan şeylərimiz çoxdur. Bir Şah Abbas gərəkdi ki, təğyiri-libas ola, düşə məmləkətin yollarına, özü bir-bir uçota ala bunları…  Həyatım boyu qanunla yaşadım, işə gedib gəldim, Vətəni sevdim, əsgəri oldum, harada işlədimsə, dörd bir yanım əsgər getməynlər oldu, yaşadığım yerdə işləməyənlər daha yaxşı yaşayır… Hanı o Şah Abbas, təğyiri-libas?… Gələ, uçota ala bunları.

O gün (o günnəri) BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinin rəisi, polkovnik Kamran Əliyev bir televiziya zənginə cavab verəndə əcəb-əcəb təəccübləndi, lap heyrət etdi: “Başa düşmürəm, siz rayonda uçotdasız, ailəniz Bakıda, uşağınız rayonda məktəbə gedir… maşınınız Bakı uçotunda…”. Mən də onun bu təəccübünə xas-xas təəccübləndim. Və “qah-qah güldüm”. Məgər bilmir ki, 30 ildir Azərbaycan insanı uçotsuz, hesab-kitabsız yaşayır? Bir nəfərin yeddi dərədə oymağı var?…

Uçot, məhz uçot bunları aşkara çıxarar. Amma “uçotçu”muz yoxdur.

Biri yazır ki, “təxminən 100 il bundan qabaq SSRİ kimi böyük ölkənin təməlini qoyan V.İ. Lenin “uçotu kommunizmin yarısı adlandırmışdı”. Koronovirus bircə həmlə etdi, məlum oldu ki, milli uçot siyasətimiz yoxdur. Niyə? Adamın hesab-kitabı olar… “Narxoz”, pardon, UNEC hara baxır? Bə, StatsKom? Allah belə həmlələrdən saxlasın bizi. Yoxsa bütün çatlarımız üzə çıxacaq. Tamam, bildik, xaos nəzəriyyəsinə görə (bəli, bəli, xaosun da nəzəriyyəsi var!), yolsuz cəmiyyətin uçotu, hesab-kitabı olmaz. Bəs, uçotçusu, hesabı, hesabdarı niyə yoxdur?

Adamın uçotu, hesab-kitabı olar…

“Ölkədə işsizlik səviyyəsi fevral və martda olduğundan 6 dəfədən çox artıb?” – bunu da o gün bir nazir deyib. Niyə? Nə xəbərdi? Artım yaxşı şeydi – məsələn, Lənkəran düyüsü artımlı düyüdür, yaxşı dəmlənəndə qazanda xeyli artım verir, yarım kilosu bir kiloya qədər artır. Və onunla neçə qonağı yola salmaq olar –  bunu baş kulinar Tahir Əmiraslanov daha yaxşı bilər.

Amma yenə uçot. Adamın uçotu, hesab-kitabı olar…

Bəs, hesabdarı? Hesabdarımız niyə yoxdur?

p.s. “Sovet vaxtı” mühasibə, “buxalter”ə “hesabdar” deyirdik, biləsiz…

p.p.s. Mən tez-tez “Sovet vaxtı ilə” yaşayıram… onu də biləsiz…