- Cəmiyyət, Manşet, Xəbərlər

22 mart – Ümumdünya Su Resursları Günüdür

22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il Ümumdünya Su Günü “Suyu qiymətləndirmək” devizi ilə qeyd olunur. Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Həmin məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.

Dünyadakı bütün canlıların orqanizmi müəyyən miqdarda sudan ibarətdir. İnsanın vücudunun hər yerində – qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. İnsan orqanizminin 60-70 faizi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də suyun daxil olması lazımdır. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.

Su orqanizmin həyat fəaliyyəti ilə əlaqədar olan bütün kimyəvi dəyişikliklərin baş verməsi üçün mühit yaradan amildir. Bütün qida maddələri yalnız suda həll olmuş halda bağırsaqlardan qana və oradan da toxumalara keçir. Mübadilə nəticəsində əmələ gələn son məhsullar, həmçinin, su vasitəsilə yuyulub orqanizmdən xaric olur. Su, həmçinin, orqanizmdə gedən bir sıra mübadilə reaksiyalarında bilavasitə iştirak edir.

Bundan başqa, suyun sanitariya-gigiyenik əhəmiyyəti də böyükdür. Dünyanı çənginə alan yeni növ koronavirusdan (COVID-19) qorunmaq üçün mütəxəssislər əllərin tez-tez 20-30 saniyə ərzində sabunla axar suda təmiz yuyulmasını tövsiyə edirlər. Bu, suyun nə dərəcədə həyati əhəmiyyətə malik olduğunu bir daha sübut edir.

Yer kürəsinin su ehtiyatları

Yer kürəsi səthinin üçdə ikisi su ilə örtülüdür. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insan istifadəsi üçün əlçatandır. Bu gün 663 milyondan çox insanın yaşayış yerlərinin yaxınlığında içməli su mənbələri yoxdur. 1990-cı ildən bəri yalnız 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunub.

Ötən əsrdə sudan istifadə 6 dəfə artıb ki, bu da dünya əhalisinin artım tempindən 2 dəfə çoxdur. Hazırda inkişaf etmiş ölkələrdə sızma səbəbindən şirin su ehtiyatlarının təxminən 30 faizi itirilir. Hətta bəzi böyük şəhərlərdə su itkisi 70 faizə çata bilir.

Planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.

2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur.

Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir

Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Respublikamızın yerüstü su ehtiyatları cəmi 30 kubkilometrdir. Bunun 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. Quraq illərdə yerüstü su ehtiyatları 20-21 kubkilometrə qədər azalır. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.

Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl müəyyən edilib ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Əsas böyük su anbarları Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng su anbarlarıdır. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tam həcmi 21,5 kubkilometr təşkil edir.

Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 324 çayın uzunluğu 11-100 kilometr arasındadır. Əksər çayların uzunluğu isə 10 kilometrdən azdır.

Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur. Burada buzlaqlar qar xəttinin yüksək olduğu və onların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrdə və həmin zirvələrin yamaclarında saxlanılıb. Ölkəmizdəki daimi buzlaqların sahəsi 6-6,5 kvadratkilometrdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara, qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.

İqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəlib. Nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azalıb. Ölkəmizdə əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalı və digər addımlar atılmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib ki, son 7-8 ildə, Azərbaycanda, o cümlədən də regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir.

Onun sözlərinə görə, quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: “Bütün bunları nəzərə alaraq son 5-6 ildə ölkəmizdə su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirilib. Sudan qənaətlə istifadə məktəblərdə, tədris müəssisələrində kifayət qədər tədris olunub. Maarifləndirici tədbirlər davam etdirilməlidir”.

Nazirliyin nümayəndəsi, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində 10 su anbarının yenidən qurulması və ya yenilərinin inşası nəzərdə tutulur. Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay üzərində su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarlarının texniki iqtisadi əsaslandırılması hazırlanır. Yaxın illərdə həmin su anbarlarının tikintisinə başlanılacaq.

Ermənistan, həmçinin su ehtiyatları ilə bağlı uzun illər terrorçu fəaliyyətini davam etdirib

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanın azsulu ölkələrdən olduğunu və suya olan tələbatın 70 faizinin kənardan formalaşdığını diqqətə çatdırıb: “Respublikamızın su ehtiyatının çox hissəsi işğaldan azad edilmiş ərazilərdədir. Torpaqlarımız işğalda olarkən Ermənistan su ehtiyatları ilə bağlı da uzun illər terrorçu fəaliyyətini davam etdirib. Ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib, cəbhəboyu yaşayan əhalinin su anbarlarından istifadəsinə imkan verilməyib. Həmçinin su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradıb. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Suya ehtiyac olmayan mövsümlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurub. Şükürlər olsun ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğalda olan torpaqlarımızı ötən il 44 gün ərzində düşmən tapdağından azad etdi. Hazırda erməni vandallarının 30 il ərzində bizim təbiətimizə vurduğu ziyan araşdırılır. Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı da monitorinqlər gedir. İlkin araşdırmaların nəticələri də var. Beynəlxalq qurumlar qarşısında bununla bağlı məsələ qaldırılacaq”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qurban Yetirmişli deyib: “Qarabağ ərazisində olan Sərsəng su anbarı Tərtərçayın üzərində inşa edilib. Sərsəng su anbarı uzun müddət erməni işğalında olan ərazidə qalıb və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Həmin su anbarı respublikanın 6 rayonunun – Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədinin 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndiyə kimi su anbarının bəndinə və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Hazırda Sərsəng su anbarının əhali üçün ciddi təhlükəsi var, dağılma ehtimalı olan yerləri seysmoloji-geofiziki üsullarla öyrənilməli, qabaqlayıcı mühəndis texniki tədbirlər görülməlidir. Sərsəng su anbarının yerləşdiyi ərazinin relyefi çox mürəkkəbdir, yamaclar kəskin bucaq altında yatır. Ərazinin seysmikliyi burada sürüşməyə meyilli sahələrin yaranmasına səbəb ola bilir. Ərazinin geodinamik aktivliyi daima nəzarətdə saxlanılmalı, orada müvafiq müşahidələr aparılmalıdır.

Mərkəzin baş direktoru bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə ətraf mühit həmişə çirkləndirilib, ermənilər bilərəkdən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığı yaradıb, həmçinin həmin anbarlarda suyu yayda saxlayıb və qışda bəndləri açaraq əkin sahələrini, kəndləri suya basıblar. İndiyə kimi ətraf ərazilərdə, anbarın bənd hissəsində dağıntı riski ola biləcək yerlər müəyyənləşdirilməyib, qəza riski olan ərazilərin seysmoloji-geofiziki tədqiqatı aparılmayıb. Uzun illərdir ki, vəhşi ermənilər tərəfindən istismar olunduğundan Sərsəng bəndinin texniki cəhətdən hansı vəziyyətdə olması yoxlanılmalıdır.

Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunub. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altında saxlanılıb.

Azərbaycanın şanlı ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlığın təmin olunmasında mühüm addımlar atılır. Su anbarı kompleksinə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə, bənddə qəza riskinin seysmoloji-geofiziki üsullarla öyrənilməsinə çox ehtiyac var.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilir, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Mingəçevir və Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığı öyrənilir. Biz qazandığımız təcrübəni yaxın perspektivdə Sərsəng, Suqovuşan su anbarlarında tətbiq edəcəyik. İşğaldan azad edilən ərazilərdə seysmik-geofiziki tədqiqatların aparılması üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları çox böyük təcrübəyə və texniki potensiala malikdirlər”.