- Dil, Manşet

1 yaşlı FADMM

11 mart 2020-ci il. Təqvimdə qırmızı qələmlə qeyd etdiyimiz əlamətdar günlərdən biri. 11 mart. Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi bir il əvvəl həmin gün Azərbaycan ictimai fikir tarixində bir ulduz, sonra günəş kimi parladı. Bir il əvvəl bu tarixdə bir Mərkəz doğdu bir yaz səhərində və  öz şəfəqlərini ana dili üzərinə səpələdi.

Bu gün FADMM-in 1 yaşı tamam olur. Odur ki,  “İlkxəbər”in bugünkü qonağı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzidir. Daha doğrusu, qonaqları FADMM-çilərdir. Onlarla FADMM-in yaranması  və fəailiyyətindən danışmaq, onu tanıtmaq məqsədilə hər biri ilə bir qədər fərqli müsahibə qurmaq fikrindəyik. Gəlin “FADMM-in fədailəri”ni yaxından tanıyaq. Onları sizə təqdim etmək istəyirəm. Amma mənə elə gəlir ki, nə qədər cəhd etsəm də, FADMM-i  və FADMM-çiləri heç vaxt Könül Rəhimova kimi gözəl tanıda və təqdim edə bilməyəcəyəm. Odur ki, onun sözlərini olduğu kimi sitat gətirirəm: “FADMM – “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”… Bu abreviaturanı rahatlıqla “Fədakar Azərbaycanlıların Dilə Mehrü Məhəbbəti”, “Füsunkar Ana Dilimizin Müdafiə və  Mühafizəsi” kimi də izah etmək olar. Belə ki, bu mərkəz qısa müddətdə, yəni bir il ərzində böyük məhəbbətlə, fədakarlıqla, əzm və qətiyyətlə çalışaraq ciddi və genişmiqyaslı işlər görmüşdür. FADMM Azərbaycan ədəbi dilinin ləyaqətli daşıyıcıları, təmənnasız təəssübkeşləri sayəsində yaradılmışdır. Məhz bu səbəbdəndir ki, mərkəz öz ətrafına dərin biliyi, zəngin mütaliəsi, geniş dünyagörüşü, ən əsası isə, böyük və sarsılmaz dil sevgisi olan vətənpərvər ziyalıları toplayıb. Mərkəzin yaranma zərurəti də öncədən bir-birini tanımayan, lakin ortaq bir qayəni rəhbər tutaraq rəsmi dövlət dilimizin təmizliyinin, toxunulmazlığının keşiyində dayanan, bütün qəlbi, ruhu, zehni ilə bu dilə gələn yad təsirləri və ögey münasibətləri dəf etməyə çalışan dil fədailərinin uzunmüddətli müşahidə və təhlillərindən irəli gəlmişdir. Onları vahid bir amal birləşdirirdi – Azərbaycan ədəbi dilini işğaldan qorumaq!”

Tanınmış ərəbşünas alim Nəriman Qasımoğlu isə öz fikirlərini belə ifadə edib: “Hansısa qeyri-hökumət təşkilatını bircə illik fəaıiyyəti dövründə həyata keçirdiyi işlərin miqyasına görə dəyərləndirməli olanda, ən yaxşı halda, adətən 1-2 layihədən, özü də maliyyələşən layihələrdən söz salırlar. Bu mənada Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – FADMM çoxsaylı qeyri-hökumət təşkilatları içində istisnadır. Özü də hər mənada:

1 il ərzində maliyyə qrantlarından istifadə etmədən çalışdı;

1 ildə gördüyü işlər FADMM-i ölkədə ictimai fikrin dövlət dilinin qarşılaşdığı problemlərin həllinə yönəldilməsində, demək olar, əsas intellektual mərkəzə çevrilə bildi…”

Bu sözləri oxuyanda qürur duyuruq.

“Mübarizə ruhu önəmlidir. Əsgər silahla, vətənpərvər ziyalı isə qələmlə vətəni üçün mücadilə edər. Bu, bir həqiqətdir ki, çoxumuz dil ilə bağlı naxoş hallarla qarşılaşanda heyfslənib köks ötürməklə kifayətlənirik. Amma FADMM bu kimi hallarla mübarizə aparmağa qərar verdi”.

Bu isə dosent Afina Məmmədli Barmanbayın fikridir.

Həri… Deyir, əvvəl evin içi, sonra çölü… Biz də indiyədək çölündən danışdıq, dilimizin problemləri ilə əlaqədar ölkənin bir çox tanınmış adamları: ictimai xadim, şair, nasir, publisist, deputat, dilçi-alimlərindən müsahibə götürdük, dillə bağlı fikirləri ilə sizi tanış etdik. Bakı küçələrini qarış-qarış gəzib reklam lövhələri və obyekt adlarının bir-bir şəklini çəkib təhlillər apardıq, problemin həlli məqsədilə Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, sonra millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, MM-in 120 deputatına, Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət ünvanladıq.

İndi də evin içinə keçək, mətbəxlə tanış olaq. Bu gözəl “yeməkləri” hazırlayanlarla maraqlanaq. Görək, bu FADMM-çilər kimdirlər, nəçidirlər, nə işin sahibidirlər, nə işlər görüblər bu bir ildə? Əksəriyyəti, Könül Rəhimovanın sözləri ilə desək: “Çoxillik təcrübəsi olan dil-ədəbiyyat müəllimlərinin, obyektiv mövqeyi, iti qələmi, öz sahəsində məhsuldar fəaliyyəti ilə cəmiyyətimizdə böyük nüfuz qazanmış şair, alim və jurnalistlərin təmsil olunduğu böyük ziyalı ordusunun bu “cəbhə”dəki fəal iştirakı FADMM-in işinin necə bir ulu amala xidmət etdiyini göstərdi. Ana dilimizi sevən, ədəbi dilimizi hər vəchlə qorumağı lazım və vacib hesab edən bir fərd olaraq bütün bunları təqdirlə qarşılayır, bir ildə az qala bir dövlətin işini görən FADMM” üzvləri ilə sizləri tanış edirəm.

Əvvəl-əvvəl sizə kimdən deyim, kimdən danışım, FADMM-in baş məsləhətçisi, görən gözü, danışan dili, bütün yazıları diqqətlə oxuyub öz dəyərli məsləhətlərini əsirgəməyən Sİma xanım Cəfərovadan. Baxmayın, yaşına, onda bir ürək var, bir enerji, bir fəallıq, işgüzarlıq var,  qibtə etməmək olmur. Gözündən də ki bir orfoqrafik səhv və ya durğu işarəsi cürət edib yayına bilməz. Hünəri nədir? Sima xanım anındaca qarşısını kəsib, onu düzgünlüyə, qayda-qanuna tabe etdirəcək. Maşallah deməsək, olmaz. Gəlin Sima xanımla yaxından tanış olaq:

Cəfərova Sima İslam qızı:

– 25.12.1945 – ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub.

– 1963/1964-cü dərs ilində onbirinci sinfi bitirib APİ –yə daxil olub.

– 1967/1968-ci dərs ilində institutu bitirib, təyinatla Göyçay rayonunun İncə kəndində əmək fəaliyyətinə başlayıb.

1982-ci ildən sonra Füzuli, Xızı rayonlarında, Sumqayıt şəhərində müxtəlif vəzifələrdə çalışıb. “Yeni həyat”, “Araz”, Dağlar yurdu” rayon qəzetlərinin əməkdaşı olub.

2012-ci ildən təqaüdçü kimi dövlət müəssisəsindən işdən azad edildiyinə görə özəl Universitetdə əmək fəaliyyətimi davam etdirib.

1969-cu ildə ailə qurub.

Bir qızı, iki oğlu, altı nəvəsi var.

–  FADMM-ə ən çox hansı hissin tələbi ilə qoşuldunuz? Ana dilinin xilası üçün, ya dosta dəstək məqsədilə?

– Mən FADMM-ə qoşulmadım. Çətin anlar yaşadığım bir dövrdə (pandemiya, işsizlik) FADMM məni öz ağuşuna aldı. Xilaskarım oldu. İş tapdım. Amma deyə bilərsiniz ki, niyə məhz FADMM? Bəli, burada əqidə yaxınlığı vardı. Dilimizə yersiz müdaxilələr, KİV-də baş alıb gedən ləhcələşmə, yersiz işlənən alınma sözlər, ifadə tərzləri məni narahat edirdi. Təsadüfi deyil ki, mən FADMM-ə “Ədəbiyyatçılar və dilçilər” qrupundan gəlmişdim.

Orta məktəb dərsliklərində olan orfoepiya qaydalarının üzdən iraq tədrisi, ləhcələşmə məndə FADMM-in axarına qoşulmaq ehtiyacı yaratdı. Paytaxtın küçə və prospektlərində aparılan monitorinqlər, yuxarı instansiyalara müraciətlər, böyük və sanballı ziyalı qrupunun səsimizə səs verməsi bizi ruhlandırdı. Ana dilindən dövlət qanunlarına uyğun istifadə uğrunda mücadilə ehtiyacdan doğan bir mücadıləyə çevrildi.

Burda çox səbatlı, ardıcıl dostlar da tapdım.

– Bu aylar ərzində Sizi ən çox nə təəccübləndirdi?

– Ümumiyyətlə, məni təəccübləndirmək elə də asan deyil. Amma vəzifəli, səlahiyyətli, dil fədaisi kimi təsəvvür etdiyim şəxslərin ana dilimizə olan müdaxilələrə biganə qalmasına, silkələyəndə belə oyanmamasına təəccübləndim. Belələri oturduqları kreslonun səlahiyyətindən az da olsa, istifadə edib xalqa mənfəət verməyəcəklərsə, orada nə işləri var?

– Mübarizəmizin nəticə verəcəyinə inanırsınızmı?

-İnsan belədir: öz amalı uğrunda mücadilə edir. Haqlı olduğuna əmindirsə, nəticəyə də əmindir. Bu gün deyilsə, sabah, özü deyilsə, xələfləri! Biz Mirzə Cəlillərin, S.Vurğunların, B.Çobanzadələrin xələfləriyik.

Bahar xanım Ağayeva:

Feysbuka ilk qədəm qoyduğum gündən bu xanımın intellekti, mədəniyyəti, elmi, savadı, təvazökarlığı diqqətimi çəkdi. Əsl müəllimə xas bütün keyfiyyətləri özündə cəmləşdirib. FADMM-in dirəklərindən biridir. İntizamı, dəqiqliyi, işgüzarlığı ilə hamını heyran qoyub.

– Bahar xanım, Sizinlə yaxından tanış olaq:

– Əslən Qarabağlı olsam da, 30 mart 1955-ci ildə Bakıda anadan olmuşam. Kitablar aləmində boya-başa çatmışam. Valideynlərim hər ikisi kimyaçı olsa da, ədəbiyyatı, mütaliəni çox sevən, poeziya vurğunu insanlar idi. Anam əzbərdən şeirlər deyər, xalq mahnılarımızı zümzümə etməyi çox sevərdi. Atam Füzulinin vurğunu idi, hətta 6 yaşımda mənə oxumağı öyrədəndən sonra Füzulinin qəzəllərini üzündən oxutdurardı. Orta məktəbdə oxuyanda mənə və qardaşlarıma ən qiymətli hədiyyəsi yeni çıxan kitablar olardı. Həm də bunların içində yalnız bədii kitablar yox, filologiyaya, tarixə, diplomatiyaya aid məşhur alimlərin tədqiqatları da olurdu. Belə bir mühitdə filoloq olmağım çox təbii idi.

Ali təhsilimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində almışam. Füzuli məhəbbəti ixtisas seçimimə də təsir etdi, ədəbiyyatı seçdim. Amma dilçiliyin ayrı-ayrı şöbələrini öyrəndikcə, elmin dərin qatlarına endikcə dilçiliyə daha çox meyl etdim, daha çox diqqət göstərdim. Mərhum akademik, gözəl pedaqoq, sevimli müəlimim Tofiq Hacıyevin imtahanda cavabımdan sonra bir qədər gileylə dediyi: “Bilmirəm, bu istedadlı uşaqlar niyə dili yox, ədəbiyyatı seçirlər?”- sözləri dilçiliyə bağlılığımı daha da artırdı. Sonralar orta məktəbdə işlədiyim illərdə də əsas məqsədim balalarımıza təmiz, saf ana dilini öyrətmək, düzgün yazı və danışıq qaydalarını aşılamaq, savadlı insanlar yetişdirmək oldu.

Ata-anam haqqında bir də onu qeyd etmək istəyirəm ki, atam Füzulidən, anam Şəkidən olsa da, danışıqlarında qətiyyən ləhcə hiss olunmurdu, dialektizmlərdən istifadə etmirdilər. Həm evdə, həm cəmiyyət arasında təmiz ədəbi dildə danışırdılar. Ümumiyyətlə, o dövrdə Bakıda yaşadığım mühitdə, məktəbdə təmiz ədəbi ana dili eşitmişəm. O illərdə dilini, ədəbiyyatını sevən, milli kimliyinə sahib çıxan ziyalılar çox təmiz, qüsursuz nitqə malik idilər. İndi həm adi danışıqda, həm radio-televiziya verilişlərində, mətbuatda bəzi ziyalıların nitqini eşitdikdə çox dərin təəssüf hissi keçirirəm.

-Sizcə, doğma dilə laqeyd münasibət hardan qaynaqlanır?

-Yadıma gəlir ki, 60-70-ci illərin Bakısında rus dilində təhsilə üstünlük verənlər çox olsa da, anadilli ziyalılar təmiz ədəbi dildə danışır, dilimizin saflığını qorumağa çalışırdılar. Sovet dövrü olsa da, mükəmməl bir Azərbaycan  dilimiz var idi, dilçilik elmi inkişaf edib təkmilləşirdi. Müstəqilliyimizin ilk illərində bizdə çox sürətlə dünyaya inteqrasiya prosesləri getməyə başlandı. Ziyalılarımız, gənclərimiz gördü ki, təkcə ana dilini, hətta rus dilini də bilməklə beynəlxalq aləm tərəfindən qəbul olunmaq mümkün deyil, xarici dillərə meyl artdı. Hər kəs ingilis, alman, fransız, ispan və s. dilləri bilməyin vacibliyini dərk etdi və bu prosesdə bəzən ana dilimiz unuduldu, arxa planda qaldı.

Amma səbəb təkcə bu deyil, səbəblər çoxdur. Orfoqrafiya dəyişiklikləri, mətbuata və televiziya kanallarına zəif savada malik, naşı adamların kütləvi axını, nəzarət sisteminin zəifləməsi, inzibati tədbirlərin yoxluğu və s. Üstəgəl, təhsil sistemindəki boşluqlar bir çox problemlər yaratdı, yeni kurikulum metodunun tam anlaşılmadan tədris prosesinə tətbiqi dilimizin şagirdlər tərəfindən yaxşı mənimsənilməsinə əngəl oldu.

Suallara görə təşəkkür edirəm və sonda Sizin haqqınızda müşahidələrimi də söyləmək istəyirəm. Gülyaz xanm, Sizi 2017-ci ilin payızından tanıyıram, “Ədəbiyyatçılar və dilçilər” qrupuna qoşulduğunuz dövrdən. Qrupa elə ilk gəldiyiniz gündən diqqəti cəlb etməyi bacardınız. Əvvəlcə ehtiyatla, bir qədər çəkingənliklə sözünüzü dediniz, özünüzü təqdim etdiniz. Və getdikcə səsiniz daha da ucaldı, yazılarınızdakı ehtiyat, çəkingənlik tədricən çəkildi. Biz qarşımızda istedadlı qələm sahibi, gözəl esselər müəllifi, Qarabağ həsrətli vətənpərvər bir xanım gördük. İndi virtual aləmdə gözümüzün önündə qələmi itiləşən, püxtələşən, sözü kəskinləşən, kamilləşən, Ağdam, Şuşa harayı dilindən düşməyən bir Gülyaz xanım var… Ana dilimizin saflığı uğrunda h

İradə xanım Qayıbova.

Öz dəsti-xətti ilə seçilən bu xanım çalışqanlığı, təsəbbüşkarlığı, zəhmətsevərliyi ilə seçilir.

İradə Qayıbova 1965- ci ilin dekabrında ziyalı ailəsində dünyaya göz açıb.1986-cı ildə APİ-nin filologiya fakültəsini bitirib, 6 il kənddə müəllim işləyib.. Hazırda Bakı şəhəri, Yasamal rayonu, 286 nömrəli məktəbin dil-ədəbiyyat müəllimidir.

Qızı Dillər Universitetini, oğlu isə Memarlıq və İnşaat Universitetini bitirib. Həyat yoldaşı Birinci Qarabağ savaşında iştirak edib, yaralanıb gəlib. Qarabağ qazisidir. Bir nəvəsi var.

– İradə xanım, FADMM-a ən çox hansı hissin tələbi ilə qoşuldunuz?

-FADMM məni həmişə düşündürən problemləri yerli-yataqlı işıqlandırması ilə diqqətimi çəkib. Həmişə yazmaq, demək istədiklərimi burada görmüşəm. Məni ən çox narahat edən dilin “korroziyaya” uğraması, dilimizin yad təsirlərə məruz qalaraq xoşagəlməz və ya anlaşılmaz hala düşməsi problemidir. Bu haqda FADMM  öz sözünü deyib. Arxasınca getmək Vətənini, millətini sevən hər vətəndaşın borcudur. Mən belə düşünürəm.

– Bu aylar ərzində sizi ən çox nə təəccübləndirdi?

– Bu müddət ərzində məni ən çox təəccübləndirən ziyalıların laqeyd münasibətidir. Doğrudur, deyə bilərsiniz ki, çox imzalar toplanıb. Amma mənə elə gəlirdi ki, ziyalılar laqeyd qala bilməz, əksinə, çox fərqli düşünənlər gördüm, hətta şəhərdə ingiliscə lövhələrin vurulmasını inteqrasiya adlandıranlar da oldu.

– Mübarizəmizin nəticə verəcəyinə inanırsınızmı?

– Əlbəttə, inanıram. Bu işdə hamı əl-ələ verib birgə mübarizə aparmalıdır.

Mübarizə bu gün də var, yarın da

Mən də onun ən ön sıralarında.

– İradə xanım, hiss olunur ki, Səməd Vurğunun poeziyasını çox sevirsiniz. Müəyyən əhval-ruhiyyənizlə, baş verən hadisələrlə bağlı tez-tez Vurğun poeziyasına müraciət edir, sitatlar gətirirsiniz. Sizcə, Vurğun dilimizin hazırkı vəziyyətinə, FADMM-ın fəaliyyətinə aid nə deyərdi?

– Şairin yerinə danışmaq mənə düşməz. Mən, sadəcə olaraq, çox sözləri Səməd Vurğun poeziyasından öyrənmişəm. Şair hər sətrində yurddaşlarına yeni sözlər öyrədir. Sovet vaxtı olsa da, o zamanlar dil indiki qədər ” çirklənməmişdi”. Dilə hörmət indikindən çox idi.

– FADMM-lə bağlı ən yaddaqalan xatirə…

– Ən yaddaqalan xatirə…

Bir yay səhəri, Haqverdiyev küçəsi haqqında yazarkən Sima xanım öz  gözəl kəlmələri, diqqəti ilə mənə unudulmaz anlar yaşatdı. Və fikirləşdim ki, nə yaxşı ki..FADMM var və bizi öz ətrafında birləşdirir.

Fizzə xanım Heydərova –  FADMM-in ən təvazökar, iş görüb, gözə görünmək istəməyən, məsuliyyətli və dəqiqliyi ilə seçilən üzvlərindən biri. İti qələmi olan jurnalist, həmçinin FADMM yazılarının yayımlanmasında əməyi keçən silahdaşımız. Üzərunə götürdüyü işlərin öhdəsindən layiqincə gələn Fizzə Heydərova özü haqqında danışmağı sevmir. Odur ki, onun haqqında müşahidələrimi, düşüncələrimi mən söylədim.

FADMM-in işığına yığışan elm pərvanələri –  Pərvanə xanım Qədirli və Pərvanə xanım Bayramqızı. İkisiniin də gözəl qələmi, Vasif bəy demiş, pardon, yaxşı klaviaturası var.

Növbəti müsahibim yazıçı-publisist, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının İnnovativ layihələr və metodik təminat şöbəsinin mütəxəssisi Pərvanə Bayramqızıdır.

İmzası mətbuat səhifələrində ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. Müxtəlif illərdə “Savalan”, “Rəy” (Gəncə), “Bütöv Azərbaycan”, “Ədalət” qəzetlərində, “Günəş”, “Yazı”, “Xəzan”, “Ustad”, “Mədəniyyət”, “Kitabxanaşünaslıq və informasiya”, “Azərbaycan” və “Ulduz” jurnallarında şeir, hekayə və köşə yazıları dərc edilmişdir.

İki kitab müəllifi olan yazıçı hazırda üçüncü kitabının nəşri ilə məşğuldur.

– FADMM Sizə nə verdi?

– Sualınız əvvəlcə bir-neçə cümlə ilə özümdən danışmağı qaçılmaz edir. Geniş izahdan sonra cavab bircə cümlədə aydın olacaq.

Babam rus dili müəllimi olub, atam da ali təhsilini Rusiyada alıb. Əksər azərbaycanlılar kimi, ətrafımdakıların da işlətdikləri sözlərin yarısı rusca idi. Maraqlıdır ki, belə bir mühitdə böyüməyimə baxmayaraq, adamların rusca danışmağına təəccüblənir, hamıya irad tuturdum ki, rus deyilsiniz axı niyə bu dildə danışırsınız? Cizgi filmlərinin rus dilində çəkilməsinə də qəzəblənirdim. Valideyn olanda da övladlarıma ana dilini qorumaq, sevmək şərtilə başqa dilləri öyrənməli olduqlarını izah etdim.

Növbə cavab verməyə çatdı.

FADMM mənə meydan verdi. Ana dilinə duyduğum sevginin mübarizəyə çevrilməsi bu mərkəzin fəaliyyətə başlaması ilə bağlı oldu.  Burda dilimizi qorumağa çalışan gözəl insanlarla tanış oldum. Belə insanların varlığı millətə yalnız xeyir verər.

İndi isə daha əvvəldən Feysbuk səhifəsində “Ədəbiyyatçılar və dilçilər” qrupundan tanıdığım, məşhur “Marşrutnamə”ləri ilə yadda qalan

Pərvanə xanım Qədirlidən  danışmaq istəyirəm.

“Bir balaca boyu var, dam dolusu toyu var” buna deyərlər. Çox cəsarətli, haqqı heç vaxt nahaqqa verməməsi, haqqın yanında olması, sözünü həmişə çəkinmədən deməsi ilə yadımda qalmışdı feysbuka – “Ədəbiyyatçılar və dilçilər” qrupuna ilk qədəmlərimi basdığımda və ilk gündən də dostlaşdıq. Nəsə onda  məni özünə çəkən bir cəhət vardı.

Qədirova Pərvanə Saməddin qızı Zərdab rayonunun Şıxbağı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub. 2005-ci ildə universiteti bitirərək, 2005/2006-cı tədris ilində Zərdab rayon Şıxbağı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.

Hazırda Lənkəran Dövlət Universitetində magistratura pilləsinin birinci kursunda təhsilini davam etdirir. Bakı şəhərində “Unikal” kurslarında müəllim kimi çalışır. Ailəlidir, 2 oğlu var.

– Adınız bədii ədəbiyyatda, xüsusən də, klassik poeziyada çox səslənən, dilə gətirilən sözlərdən biridir, məhəbbət və fədakarlıq, təmənnasız heyranlıq simvoludur. Həyatda da adınızın mənasına uyğun insansınızmı?

–  Adımın mənasına uyğun insanam desəm, özümə heyranlıq kimi çıxar, bəlkə də. Ona uyğun davranmağa, elə olmağa çalışıram, nə qədər nail oluram? – bunu deyə bilmərəm.

– Doğma dilə laqeyd münasibətin kökləri hardan gəlir, Sizcə?

–  Doğma dilə ögey münasibətin kökləri haqqında danışmaq mənim üçün çətin olar. Lakin düşünürəm ki, bunlar da səbəb ola bilər:  özündən daha çox özgəni sevmək, özgəyə bənzəmək, yadları təqlid etmək istəyi, süni intelligentlik.

– Ölkəni cənginə alan əcnəbi dil aşiqlərinə qarşı mübarizədə daha hansı vasitələri mümkün hesab edirsiz? Nə etmək lazım ki, uğurlu nəticə alınsın?

– Yazıçı, publisist, ictimai xadim Nəriman Nərimanov yazırdı: ” Bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır”.

Bu fikirlərin üstündən illər keçib və biz o hürriyyətə qovuşmuşuq. Lakin N. Nərimanovun dediyi milli dil məsələsi hələ də, demək olar ki, həll olunmamış qalır . Hürriyyətini əldə etmiş bir ölkədə xarici dillərin ana dilini üstələməsi bizim düşüncəmizin sözdə milli olsa da, əməldə hələ də milli olmadığının göstəricisidir.

Ölkəni cənginə alan əcnəbi dil aşiqlərinə qarşı mübarizə vasitələrindən biri, həm də əsası təbliğatdır. Bu işdə əsas məsuliyyət KİV-in üzərinə düşür. N.Nərimanovun diqqəti çəkən belə bir fikri var: “Mətbuat ikinci bir dövlət qüvvətindədir”. Bu gün qəzetlərin oxunması yüksək səviyyədə olmasa da, tv-lərin yetərincə tamaşaçısı var. Əksəriyyəti maarifləndirmədən uzaqdırlar, lakin bu işdə ən böyük vasitəçi ola bilərlər və olmalıdırlar. Bu, onların vətəndaşlıq  borcu və vəzifəsidir .

– Pərvanə xanım, FADMM-ın fəaliyyətini necə qiymətləndirirsiz?

– FADMM-ın fəaliyyətinin qiyməti yoxdur. Çünki bu, elə bir fəaliyyətdir ki, burada ana, Vətən, dil məsələsi var, bir az da dəqiq desək, ANA DİLİ məsələsi var. Ana dilinin qorunması istiqamətində aparılan işin qiyməti ölçüyə gəlməz.

-Bu fəaliyyətin nəticəsindən bir şey gözləyirsizmi?

– Fəaliyyətin nəticəsindən uğur gözləyirəm. “Çəkilən zəhmətlər öz bəhrəsini verir” deyirlər, buna görə də bədbin olmaq istəmirəm, ümid edirəm ki, ana dilimizi qorumaqda FADMM-i yarı yolda qoymayacaqlar  (səlahiyyəti olan qurumlar).

– Klassik ədəbiyyatda “pərvanə” sözü işlənən ən çox bəyəndiyiniz nümunə hansıdır?

– Əslində bəyəndiyim nümunələr çoxdur, lakin son vaxtlar ən çox bəyəndiyim (klassik ədəbiyyatdan deyil) Gülağa Tənhanın ” Pərvanə” şeiridir (Tünzalə Ağayevanın ifasında mahnısı da var).

Əynindən soyunub qaranlıqları,

Qədərin hökmündən ayrılıb gəlir.

Pərvanə can atır şam işığına,

Gecənin içindən sıyrılıb gəlir.

Necə möcüzədir, İlahi, görən,

Ölümə gələnlər beləmi gəlir ?

Əcəli gizlənib qanadlarında

Ömürdən sıyrılıb ölümə gəlir.

Ocaq deyək dünyanın dərdini daşıyanlara.

Nur deyək pərvanə ömrü yaşayanlara.

Sevgisi ömürdür, bu sevgisiylə

Tək gəlib dünyaya, cahana tənha.

Pərvanəlik var xislətində

Тənha pərvanədir, Pərvanə tənha.

Xanoğlan Əhmədov.

1961-ci ildə Yardımlı rayonunun Şiləvəngə kəndində anadan olmuşam. 1982-1987-ci illərdə ADU-da (indiki BDU) ali təhsil alıb. Hazırda “ilkxeber.org” saytının təsisçisi və baş redaktoru, eyni zamanda, “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin təsisçisi və sədridir.

– Necə oldu ki, bu təşkilata gəldiniz?

–  FADMM sədri Vasif Sadıqlı ilə uzun müddətdir tanışıq və bir yerdə müxtəlif layihələr həyata keçirmişik. Yaxşı yadımdadır, mənim sədri olduğum “Media və Mülki Cəmiyyət” İctimai Birliyi 2014-cü ildə “Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin istifadəsi problemlərinin ictimai müzakirəsi” adlı bir layihə həyata keçirirdi. Vasif Sadıqlı həmin layihədə ekspert qismində iştirak edirdi. Layihə çərçivəsində apardığımız monitorinq zamanı istər Bakı küçələrində, istərsə də, televiziya və saytlarda dillə bağlı xeyli nöqsanlar aşkarlayıb mətbuatda çap etdirmişdik. Bu işdə Vasif müəllimin əməyi daha çox idi. Gördüyümüz işin miqyası o qədər böyük idi ki, hətta AMEA-nın Dilçilik İnstitunun da diqqətini cəlb etmişdi. İnsitutun o zamankı direktoru, mərhum Tofiq Hacıyevin adından bizi görüşə dəvət etdilər. Həmin görüşə Tofiq müəllim bütün institut əməkdaşlarını cəlb etmişdi. Mən təşkilat haqqında məlumat verəndən sonra Vasif Sadıqlını təqdim etdim. Vasif bəy dilimizin problemləri ilə bağlı olduqca ətraflı və gözəl bir çıxış elədi. Tofiq məllim onun çıxışından çox məmnun qalmışdı. Hətta zarafatla dedi ki, “təşkilatın məruzəçisi bu qədər bilirsə, görün sədr nə qədər bilir”…

Dillə bağlı sonradan da birlikdə bir layihə həyata keçirdik. Ancaq Vasif elə o vaxtdan istəyirdi ki, dillə bağlı konkret bir QHT təsis edək. Bu istiqamətdə bir neçə dilçi alimlərlə görüşsək də, niyyətimiz alınmadı. Mən bu barədə geniş danışmaq istəmirəm. Ancaq Vasif bəy ruhdan düşmədi və əziyyətinin bəhrəsi kimi FADMM təsis edildi.

Daha bir yazar xanım üzvümüz – Həcər xanım Paşayeva.

1959-cu il fevralın 3-də Naxçıvanda doğulub. Naxçıvan DPİ-nin dil və ədəbiyyat fakuktəsini bitirib. 12 il Laçında müəllim işləyib. 1992-ci ildən Bakıda məcburi köçkün kimi yaşayır və  işləyir. İki oğlu var. Evlidirlər.

– Gülyaz xanım, FADMM mənə çox həssaslıqla yanaşıb. Ailə, iş problemləri ilə  bağlı vaxtım o qədər qıt olur ki, FADMM-da bilirlər ki, mən vaxtımı daha çox yaradıcılıqla bağlı işlərə sərf edirəm. Axşam vaxtım olanda da çox vaxt gözlərimlə bağlı problemə görə noutbuk arxasına keçə bilmirəm. Əldə yazmaq vərdişim də sanki itib. Ancaq FADMM-in işini hər an izləməyə, dəstək verməyə vaxt tapmışam. FADMM-in başçısı Vasif Sadıqlı və Sima xanım da mənə dəstək verib bəzən. Onun fəaliyyətini çox sevir və bəyənirəm. Son hadisələr, Vətən müharibəsi, şəhidlərin ağrı-acısı, yarımçıq qalmış qələbəmiz işimizi sanki arxa plana keçirmişdi. Ancaq başladığımız iş elə Vətən müharibəsi kimi bir şeydir. Dili qorumaq, vətəni qorumaqla təndir. Bizim ağrılı yerimiz budur ki, müharibədə düşmən qarşı tərəfdədir, dil müharibəsində isə “düşmən” öz içimizdədir.

– FADMM Sizə nə verdi?

– FADMM mənə əsl vətəndaş yanğısı ilə dilin keşiyini çəkən dostlar verdi. Bunu təklikdə həmişə düşünmüş və yazılarımda, işimdə önəm vermişəm. Qrup halında mübarizə daha effektli olar.

– Həcər xanım, FADMM-in mübarizə obyektlərindən biri də ədəbi dilimizdə ləhcələşmə, dialektizmlərdən gen-bol istifadə hallarıdır. Siz yazdığınız hekayələrdə ləhcə, şivə elementlərindən, dialektizmlərdən elə məharətlə istifadə edirsiniz ki, yazının “canına hopur” və heç bir dil pozuntusu, leksik pozuntu hiss olunmur. Buna necə nail olursunuz? Oxuduqca hiss olunur ki, təsvir edilən bənzərsiz təbiət mənzərələrini, təbii insan münasibətlərini ancaq bu sözlərlə ifadə etmək olar. Bunun üçün nəyə, yaxud kimə borclusunuz?

– Ədəbi mətn iki hissədən – müəllifin və personajların dilindən ibarətdir. Obrazın və bəzən ehtiyac olduqda müəllifin dilində buna yol vermək əsəri daha oxunaqlı edir, oxucu ilə ünsiyyət, munislik çoxalır.

Ədəbi dildə ləhcələşməyin də həddi, qaydaları var və dil ləhcələrdən heç vaxt xali olmayıb, olmayacaq. Qazaxlıları məcbur etmək olmaz ki, “gəlerəm” demə. Və yaxud qarabağlılara əmr edə bilmərik, “gələjəm” demə. Bunu bədii mətnə gətirmək yazıçıdan xalq dilinin incəliklərini, dialektləri bilməyi tələb edir. Şirin, ürəyəyatımlı dildə yazılmış adi publisistik-bədii mətn quru, bütün qayda-qanunlara tabe olaraq “özünü dartan” bədii əsərdən daha çox oxunur, yadda qalır. Unutmaq olmaz ki, bütün yazılar oxunmaq üçündür. Bir də xalq həyatına yaxından bağlılıq, yaşam təcrübəsi də rol oynayır. Bunları yazmaqda yalnız taleyə və Tanrıya borcluyam. Kürədən çıxmış taleyə.

Növbəti müsahibim Rəmzi Sadıqlıdır.

– Bir neçə kəlmə özünüz haqqında məlumat verin.

– Rəmzi Yusif oğlu Sadıqlı. 12 aprel 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirmişəm. 2009-cu ildən bu günə kimi “Azərişıq” ASC-də SCADA üzrə mühəndis vəzifəsində çalışıram.

– Rəmzi bəy, FADMM Sizin fəaliyyətinizin hansı qatında yer alır? Necə oldu ki, bu təşkilata gəldiniz?

– Azərbaycan dilinin zənginliyi və gözəlliyi mənim ona bağlılığımı daha da möhkəmləndirir. FADMM mənim fəaliyyətimin ən yüksək qatında yer alır, çünki bu ictimai birlik dilimizin düzgün istifadəsinə nəzarətlə yanaşı, maarifləndirmə işi ilə də məşğul olur. Məhz buna görə bu təşkilata gəldim.

– Ədəbi dilimizdən istifadə ilə bağlı hansı problemlər Sizi daha çox narahat edir?

– Əsasən dilin öz doğma ölkəmizdə ən arxa plana düşməsi, ona digər dillərdən olan sözləri qataraq çirkin formada televiziyada və kütləvi informasiya vasitələrində işlədilməsi.

Sonbeşiyimiz Aytac xanım Əliyarlıdır.

FADMM-ın ən gənc üzvü, istedadlı, çalışqan, elm, bilik yolunda qarşısında çox gözəl perspektivlər olan yeni üzvümüz Əliyarli Aytac Qəhrəman qızı 15 aprel 1989-cu ildə  İmişli şəhərində anadan olub. 2007-ci ildə BDU-nun filologiya fakültəsinə qəbul olub, 2011-ci ildə universiteti bitirib. Elə həmin il ölkədə ilk dəfə tətbiq olunan Müəllimlərin İşə Qəbulu müsabiqəsindən keçərək İmişli rayonunun Qaralar kənd N. Abışov adına tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin olunub. Bir il sonar, 2012-ci ildə İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyə dəyişilib. Hazırda həmin məktəbdə işləyir. Ailəlidir. Bir qızı var.

– FADMM-ə necə gəldiniz?

– FADMM-ın fəaliyyəti, dilimizin saflığı uğrunda apardığı mübarizə bir gənc dil-ədəbiyyat müəllimi kimi məni cəlb etdi. FADMM üzvlərinin hər biri hörmətli ziyalılar olduğundan onların əhatəsində olmaq, onlardan faydalanaraq öyrənmək istədim. Xüsusən də əvvəldən qrupdan tanıyıb hörmət etdiyim Bahar müəllimə və Gülyaz xanımla bir yerdə olmaq istədim.

– Gələcək üçün xəyalınız nədir, özünüzü harada görmək istəyərdiniz?

– Magistraturaya qəbul olub, güclü filoloq kimi özümü yetişdirmek istəyirəm. Həm elmdə, həm də karyerada çox irəlidə olmaq ən böyük xəyalımdlr. Özümü BDU-da görmək, elmi-pedaqoji fəaliyyətimi orda davam etdirmək istəyirəm.

Nəhayət, növbə çatdı FADMM sədri Vasif Sadıqlıya.

Qazax rayonunun Sadıqlı kəndində anadan olub. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1998-ci ildən Din və Demokratiya Mərkəzinin üzvü, hazırda həmin ictimai birliyin sədridir. 2006-cı ildə ABŞ-la Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Texas ştatının Dallas şəhərınin fəxri vətəndaşı adına layiq görülüb.

Vasif Sadıqlının 3 il ürəyində bəsləyib, həyata keçirə bilmədiyi FADMM yaratmaq arzusu, axır ki, 2020-ci ilin 11 martında həyata keçdi. Vasif Sadıqlı üçün ən unudulmaz günlərdən biridir 11 mart tarixi. Çox çətinliklərdən sonra, nəhayət, bu tarixdə xəyalındakı  FADMM-i reallaşdıra bildı. Əvvəl 7, indi 12 üzvü olan FADMM-in ətrafına az müddətdə ziyalılar ordusu toplandı.

Onu da qeyd edim ki, FADMM-in çox sərt Nizamnaməsi var. Vasif Sadıqlının hər kəsdən əməl etməsini tələb etdiyi  Nizamnaməyə görə,   məyus olmaq, ümidsizliyə qapılmaq, xəstələnmək, xüsusən, Covid 19-a yoluxmaq, ruhdan düşmək, daha nələr, nələr FADMM üzvü olan hər kəsə qadağandır. Bu sərt rejimə mütləq əməl edilməlidir. Bax belə…

Sizi FADMM üzvləri ilə tanış edənsə mənəm – Gülyaz Əliyeva. Uşaqlıqdan arzusu  atasının yolunu davam etdirərək ana dili və ədəbiyyat müəllimi olmaq olan, FADMM vasitəsilə özünü yenidən tapan, kəşf edən, insanlara inanmağı, güvənməyi məhz burada öyrənən FADMM-in icraçı direktoru Gülyaz Əliyeva…