- Dil

9 aylığında 9 yaşlı FADMM

Gülyaz ƏLİYEVA

Gözəl bayramlar ayı martda, yazın gəlişi ilə hər tərəf yenilənəndə, ağaclar tumurcuqlayıb yaşıllananda Azərbaycan məkanında yeni bir ictimai qurum, bir mərkəz də ilk tumurcuqlarını açmağa başladı. Bu, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” idi. Yarandığı mart ayının 11-dən üzü bəri uzun incə bir yola çıxan, bu yolda qarşıya qoyduğu məqsədə doğru yorulmadan inamla, əmin addımlarla irəliləyən bu ictimai birliyin məqsədi, məramı xalqa, onun dilinə qəlbən, təmənnasız xidmət, dili korlayanlara qarşı barışmaz münasibət idi. Yola çıxarkən 7 yoldaş olub yola düzəldi FADMM-çilər.

Cəsarətini, təmənnasızlığını, gücünü dil düşmənlərinə qarşı barışmazlığını, əzmini, mübarizəsini gördükcə get-gedə ona inananların, ona qoşulanların, ümid edənlərin, etimad göstərənlərin sayı artdı, çoxaldı, gücünə ziyalılardan ibarət güc qatdı. Arxasınca mindən artıq ziyalı o yola yolçu oldu. Ziyalıların da gücünə arxalanan FADMM qarşıya qoyulan vəzifələrin həyata keçirllməsi üçün ictimaiyyətə müraciət edərək İnternet saytları, xəbər portalları, radio və televiziya kanalları, o cümlədən dublyaj edilən filmlərdə, metroda, küçə və meydanlardakı reklamlarda, afişalarda ədəbi dil normalarının kobud şəkildə pozulması hallarına qarşı amansız mübarizəyə başladı. Əsas məqsədi ədəbi dilimizin saflığının qorunması oldu.

Belə ki, qısa müddətdə ədəbi dil normalarının pozulması ilə bağlı materialları yaymaq üçün Mərkəzin veb səhifəsi yaradıldı. Bakının müxtəlif ərazilərində ticarət, ictimai iaşə və digər obyektlərdə ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinqlər keçirdi. Yarandığı dövrdən paytaxtda və ölkənin digər ərazilərində pandemiya ilə əlaqədar karantin rejimi tətbiq edilsə də, monitorinqləri məhsuldar oldu. Belə ki, Bakının müxtəlif yerlərində 500-ə yaxın foto çəkildi,  sosial şəbəkələrdə paylaşıldı, ayrı-ayrı məqalələrə əlavə edilərək ictimailəşdirilidi. Monitorinqlərin nəticəsində məlum oldu ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir. Televiziya və radio verilişlərində də ədəbi dil normaları kobud şəkildə pozulur.

Dövlət başçısının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında Fərmanında deyildiyi kimi, “ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”. Odur ki bu cür hallara qarşı mübarizə üçün bir cəbhə açdı FADMM. 9 ay ərzində ədəbi dil normalarının pozulması halları ilə müxtəlif veb saytlarda yüzədək  məqalə dərc edildi. Məqalə müəllifləri həm FADMM-çilər, həm onu dəstəkləyən, ona  qoşulan ziyalılar idi. Onlar bu məqalələrdə öncə dilimizin gözəlliyini, saflığını yorulmadan təbliğ etdilər, . sonra paytaxt küçələrində xarici dillərin hegemonluğuna,  paytaxtı və olkənin bütün rayon və kəndlərinin  küçələrini, idarə və müəssələrinin, ticarət və iaşə obyektlərinin, reklamlarını ağzına almış əcnəbi dillərə qarşı bu cür faktları özündə əks etdirən şəkillər də əlavə olunmuş məqalələrlə çıxış edərək  mübarizəyə qalxdılar.

Qanunun pozulması halları ilə bağlı Bakının “Fəvvarələr Meydanı”, Azərbaycan prospekti, Cavid prospekti, 28 May küçəsi və Bakı Dəmiryol Vağzalı ətrafının, M.Ə.Rəsulzadə, M.Füzuli, B.Vahabzadə, Ə.Haqverdiyev, M.Şərifzadə, A.Bakıxanov , Ş. Qurbanov küçələrindəki reklam və idarə , ictimai iaşə obyektlərinin adlarının linqvistik təhlilini aparıb, hər küçədəki obyektlərin dil cəhətdən təsnifatını verərək  ona məqalə həsr etdilər. FADMM -in monitorinqlərinin birində belə bir  fakt   aşkar olundu ki, M.Ə.Rəsulzadə küçəsindəki 42 obyekt və müəssisə adlarınin 41-ində əcnəbi dildən istifadə olunmuşdur. Həmçinin başqa küçələrdə də vəziyyət eynilə bu cür acınacaqlı durumda idi. Sanki Bakı küçələrində hansısa görünməz bir əl ana dilimizi sıxışdırıb ucuz kiosklara, balaca dükanlara dirəmişdi.

Odur ki, FADMM ədəbi dil normalarının pozulması halları ilə əlaqədar aidiyyəti orqanlara  müraciətlər etdi. Həmçinin FADMM tərəfindən Milli Məclisin 120 deputatına müraciət edilərək e-mail poçtlarına və ya MM-in poçtuna göndərildi.

Müraciətdə radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarından narahatlıq ifadə olundu. Bu barədə FADMM-in ilk müraciəti Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, sonra millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova oldu. İlk reaksiya Bakı Şəhər İcra Hakimiyyətindən gəldi. İcra hakimiyyətindən məktuba cavab yazaraq qeyd etdilər ki, müraciətdə qaldırılan məsələ BŞİH tərəfindən yüksək qiymətləndirilmiş və təqdirəlayiq hesab edilmişdir.

Müraciətdə qaldırılan məsələnin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi tərəfindən birgə komissiya yaradıldı. Komissiya tərəfindən Bakının küçə və prospektlərində mövcud Qanunun tələblərinin pozulmasının aşkar olunması, məsələnin mahiyyəti üzrə araşdırılması və monitorinqlərin aparılması istiqamətində yoxlamalara başlanıldı, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Reklam Agentliyinə rəsmi müraciət edildi.

FADMM-in müraciətinə növbəti cavab Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə xanim Paşayevadan gəldi. “Çox aktual, vacib, ciddi mövzudur, hamımızı narahat edən məsələdir. Mən bununla bağlı Mədəniyyət komitəsinin sədri kimi həm öz adımdan, həm də komitə üzvləri adından müvafiq qurumlara müraciət göndərəcəyəm. Dilimizin saflığının qorunması, dövlət dili haqqında qanuna əməl edilməsi üçün səlahiyyətim daxilində hər cür kömək edəcəyəm”, – deyə Q.Paşayeva bizə bildirdi.

Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anardan isə hələ də cavab gözləyirik…

Mərkəzin üzvləri müraciətin hazırlanmasında gecə-gündüz bilmədən bir ailə kimi birlikdə çalışdı, hər sözün, hər kəlmənin yerində işlənməsinə, tutarlı olmasına diqqət yetirdi. Hazırlanmış müraciəti bir-bir 120 deputata, onların köməkçilərinə göndərdi. Deputatların e-mail ünvanını almaq istəyərkən FADMM üzvləri müraciət etdikləri deputat köməkçilərindən  bəzən “namünasib sözlər” eşidib , “namübarək üzlər” gördü, bəzən təqdir edildi, öyüldü, bəzən müraciət olunan deputat köməkçilərindən kobud sözlər eşitdilər, üstlərinə qışqırıldı, lakin onlar geri çəkilmədilər, qorxmadılar. Yaxşı ki, belələri çox deyildi. Millət vəkillərinin əksəriyyəti bizim təşəbbüsümüzə məsuliyyətlə, çox ciddi yanaşdılar. Nəhayət,  BŞİH -ə məsələnin müzakirəsi ilə bağlı dəvət aldılar. (Onlara qoşularaq bu məsələni həll etmək üçün Dilçilik İnstitutuna da müraciət olunsa da, ) Dilçilik İnstitutu  nümayəndə göndərməkdən imtina etdi.

Hətta kömək bir yana, bəzi dairələrin təxribat cəhdləri də oldu. FADMM -ın işinə əngəl törətməkdən, üzvlərə hədə-qorxu gəlməkdən belə çəkinmədilər.

2020 -ci ilin iyun ayında müraciətlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində tanınmış ziyalılar görüşə dəvət olundular. Görüşə FADMM sədri Vasif Sadıqlı olmaqla 6 nəfər  ziyalı yollandı. Bunlar: AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, professor Qulu Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Musayeva, filologiya üzrə fəlsəfə doktoru dosent Nuridə Novruzova, hüquqşünas Səməd Vəkilov idi. Gərgin və yorucu bir müzakirə getdi. Nümayəndə heyəti bu yoldan dönməyəcəklərini, öncə paytaxt Bakının küçələrini, sonra ölkənin digər  şəhər, rayon və kəndlərini əcnəbi dillərin ekspansiyasından qurtaracaqlarını  israrlı şəkildə bildirdi.

Görüşdə qərara alındı ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün ilk addımlar atmaq məqsədilə yeni layihələr hazırlansın.

Nümayəndə Heyətinin bu işdə qətiyyətini  gördükdən sonra  birlikdə məsələni çözmək üçün 2-ci dəfə görüş təyin edildi.  Müzakirələrdən məlum oldu ki, məsələ o qədər də asan həll olunası məsələ deyil. Arxasında güclü, qüvvətli, görünməz əllər var. Lakin FADMM  öz yolundan dönmədi, o gizli əlləri geri çəkməyə qadir oldu, nəticə hasil etməyi bacardı. BŞİH-in FADMM -a yazdığı cavabda deyilirdi ki, Azərbaycan Dövlət Reklam Agentliyi monitorinqlərə başlayıb və nəticələri barədə FADMM -a məlumat veriləcək. Hələ gözləyirik…

Qeyd edək ki , Bakı küçələrini ağzına almış əcnəbi dilə qarşı mübarizə heç də ondan az qorxulu olmayan çətin pandemiya şəraitində gedirdi. Qurumun sədri Vasif Sadıqlı hər fəsil-yazın yağışlı , soyuq, yayın qızmar, payızın  küləkli, yağışlı-yağmurlu günlərində  Bakı küçələrində , çətin şəraitdə bu reklam və müəssisə adlarındakı çatışmazlıqları, qüsurları, orfoqrafik, leksik, qrammatik, səhvləri özündə əks etdirən 500-ədək  şəkil çəkmiş və  yazılan məqalələrə əlavə etdirmişdir. Bakının Fəvvarəlır Meydanını, Azərbaycan prospektini, Cavid prospekti, 28 May küçəsi və Bakı Dəmiryol Vağzalı ətrafı, M.Şərifzadə , Ə.Haqverdiyev, M.Ə. Rəsulzadə, B. Vahabzadə, A.Bakıxanov, M. Füzuli, Ş. Qurbanov küçələrini qarış-qarış gəzərək, ona dikilən təəccüblü, qınayıcı, sınayıcı nəzərlərə fikir vermədən şəkillər çəkmişdir.

Bu işdə aidiyyəti olan , dövlətdən məvacib alan qurumların maaşlı işçılərindən qat-qat artıq iş görən FADMM sədri və  əməkdaşları öz işlərini vicdanla, məsuliyyətlə yerinə yetirdiklərindən FADMM  9 ay ərzində 9 il böyüdü.

Həmçinin FADMM il ərzində  bu məsələ ilə bağlı ölkənin bir çox tanınmış adamlarından ədəbi dillə bağlı müsahibələrin götürülməsi ilə də  yaddaqalan oldu .Belə ki,   FADMM sədri Vasif Sadıqlı bir neçə dəfə həm Azərbaycan , həm də Rusiya saytlarına məsələ ilə bağlı müsahibələr vermiş., həmçinin özü də AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə və yazıçı Yeganə Kərimzadədən müsahibələr almışdır.

FADMM -in icraçı direktoru Gülyaz Əliyeva tanınmış ədəbi tənqidçi, dosent İradə Musayeva, şair, AYB-nin sədr müavini Fikrət Qoca, Bakı Slavyan Universiteti Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova, ərəbşünas alim, tərcüməçi Nəriman Qasımoğlu, Milli Məclisin deputatı, Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, Xalq şairi Sabir Rüstəmxanlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Səadət Şıxıyevadan,  FADMM üzvü  Pərvanə Bayramqızı  yazıçı Seyran Səxavətdən ədəbi dil, müstəqillik dövründə ədəbi dilimizin inkişafı üçün təhdidlər,  kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında, radio, televiziya verilişlərində aparıcı və iştirakçiların ədəbi dil normalarını pozması, küçə və prospektlərimizin  “əcnəbiləşməsi” haqda geniş müsahibələr almışdır.

Daha sonra ADRA-dan, Milli Məclis üzvlərindən FADMM sədri V. Sadıqlıya müraciətlə əlaqədar geniş cavab məktubları gəldi. FADMM -ın qaldırdığı təşəbbüs, ziyalıların müraciətləri və BŞİH-dəki görüş nəticəsiz qalmadı.   FADMM -ın həyəcan siqnalından sonra artıq dövlət başçısının sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı, həmçinin cərimələr tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Onlarla aidiyyəti olan vəzifəli şəxsə və quruma, 120 deputata, BŞİH-ə edilən  müraciətlər , BŞİH-də görüş ictimaiyyət arasında geniş rezonans doğurmuş, bir çox KİV-lərdə, saytlarda dərc edildı, hətta ölkədən kənara çıxdı.

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) sədri Vasif Sadıqlının təşəbbüsü ilə başlanan hərəkat Türkiyədə də rezonans doğurdu və bəlkə də, ilk dəfə idi ki, biz Türkiyədən deyil, Türkiyə bizdən örnək götürdü. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı.

Olkədə müharibə getdiyi ərəfədə də FADMM işini dayandırmayaraq başqa səmtə yönəltdi. Sentyabrın 27 -dən dekabradək olan bir vaxtda FADMM işğal olunmuş ərazilərdə toponimlərin dəyişdirilməsi, erməniləşdirilməsi ilə bağlı yazılar yazaraq saytlarda dərc elətdirdi.Noyabrın 11-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təqdim olunan 109 səhifəlik “Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına  dair hesabat”ın  müəlliflərindən biri, FADMM və Din və Demokratiya Mərkəzinin sədri Vasif Sadıqlı olmuşdur. O, sözügedən hesabatı

“Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovla birgə hazırlamışdır.

Qurumun  9 ay ərzində gördüyü işlər: yazılan məsalələr , alınan müsahibələr, həmçinin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anara, MM-in deputatı Mədəniyyət şöbəsinin müdiri Qənirə Paşayevaya müraciətlər, BŞİN-ə, Milli Məclisin deputatlarına ADRA-nın cavab məktubu, Milli Məclisdən gələn cavablar  geniş ictimaiyyətə çatdırıldı, müxtəlif VEB saytlarda işıqlandırıldı.

Bunların sırasında “Atalar.ru”, “Azerinform .com”, “Moderator.az”, “Straterq.az”, “rupor.az”, “İlkxeber.org”, “baymedia.az”, “xalqcebhesi,az”, “teref.az”, “təzadlar.az”, “axar .az”, “publika.az”,  “news 24.az”,  ”teleqraf.com”,  “turkustan.info”, “dialoqinfo”, “publika.az” saytlarının adlarını çəkə bilərik.

FADMM fədakarlıqla çalışan üzvlərini və ona kömək edənləri qiymətləndirməyi, ruhlandırmağı da unutmadı. FADMM üzvləri Pərvanə Bayramqızı, baş məsləhətçi Sima Cəfərova, icraçı direktor Gülyaz Əliyeva, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Səadət Şıxıyeva və FADMM-in dostu, ərəbşünas alim, tərcüməçi Nəriman Qasımoğlu Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fəaliyyətinə, işində göstərdiyi əzmkalığa və zəhmətə görə qurumun rəhbəri Vasif Sadiqli tərəfindən təşəkkürnamə ilə təltif edildi.

FADMM dilimizin təmizliyi uğrunda apardığı mübarizənin səmərəli olacağına və tezliklə paytaxtın ticarət və digər xidmət obyektlərində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəlarının tətbiq edilməsinə nail olacağına inanır!

Biz də 9 ayında 9 yaşlı FADMM-in zəfər çalacağına ürəkdən inanırıq!

Gülyaz ƏLİYEVA, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin icraçı direktoru