“Biz Şuşada, Bakıda olduq. Füzulini gördük. Füzuli şəhər olub, tamamilə dağıdılıb. Bunları görmək çox ağrılıdır”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu gürcüstanlı bloger Tamuna Mumladze Ermənistanın Gəncəyə raket atəşi nəticəsində dağılmış yerlərə baş çəkərkən deyib.
Gürcü bloger Ermənistanın atəşi nəticəsində Gəncədə evlərin dağılmasının yolverilməz olduğunu bildirib: “Mülki şəxslər müharibədə ölməməlidir. Gəncə müharibə bölgəsindən çox uzaqdır. Mən bunu gözləmirdim. Burda qadınlar, balaca uşaqlar ölüb. Müharibənin də bir mədəniyyəti olmalıdır. Bizim burda gördüklərimiz, sadəcə, dəhşətdir. Belə olmaz”.
O, işğaldan azad edilmiş ərazilərdə aparılan işlər barədə də danışıb: “Mən bu təəssüratlarımı gizlədə bilmərəm. Azərbaycanlılar 24 saat işləyib, yollar çəkirlər, hər şeyi yenidən qururlar. Buna ancaq afərin demək olar”.
Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili üç gündür, Azərbaycanda olduqlarını, müxtəlif təmasların baş tutduğunu deyib: “Qarabağı, Gəncəni ziyarət etdik. Xarabalıqları, döyüşlər getmiş, yanmış yerləri gördük. Ancaq bilirik ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan xalqı ağıllı xalqdır. Ümid edirəm ki, o şəhərlər, o kəndlər yenidən qurulacaq, insanlar öz evlərinə dönəcək. Aparılan işləri gördük, yollar çəkilir, binalar tikilir. Ümid edirəm ki, gələcəkdə belə müharibələr və faciələr bir daha təkrarlanmayacaq. Bu gün Gəncəni ziyarət etdik, faciə yerini gördük. Azərbaycan xalqına təkrar başsağlığı veririk. Bir vaxtlar oxşar hadisələr Gürcüstanda da baş vermişdi. Biz bunun nə olduğunu çox yaxşı başa düşürük”.