- Köşə

Pərvanə BAYRAMQIZI. Pandemiya ilə “döyüşənlər”

Yaşayış tərzimiz dəyişib. Texniki yeniliklərin təsiri ilə baş verən dəyişikləri demirəm. “Davam” pandemiya ilədir. Elə bir mühit yaratdılar ki, insanların həyat haqqında təsəvvürləri də, gələcək haqqında proqnozları da dəyişdi. Ünsiyyət zəiflədi, münasibətlər soyudu. İndi tanışlar bir-birindən uzaq dururlar. Çoxu telefonla da danışmağa qorxur. Psixikası korlananlar elə bilirlər, ümumiyyətlə əlaqəni kəsmək lazımdır. Mənəvi böhran keçirənlər az deyil. Kiminlə söhbət etsək dialoqumuz virus üzərində qurulur. Mehribanlıqla görüşüb ayrıldığımız insanları, ziyalıları bu zəhirmar xəstəlik əlimizdən zorla alıb aparır. Kimdən ki iki-üç gündən artıq xəbər tutmuram, narahat olmağa başlayıram. Başım atamın qırx mərasiminə qarışdığından bir müddət idi ki, ondan xəbərim yox idi. Xəstələndiyini eşidəndə təəccübləndim. Axı pandemiya qaydalarına ciddi riayət edən idi, necə oldu xəstələndi. Onunla telefon vasitəsilə əlaqə saxladım.

– Özünüzü necə hiss edirsiniz?

– Koronaya yaxalanmışam, Pərvanə, xəstəxanadayam.

Şəfa diləyirəm, ürək-dirək verirəm. Bu gün eşitdiyimi bildirirəm.

Səsindən yaxşılaşdığı duyulur. Xəstəlik qalır bir yanda, xəstəxanadan danışır. Yox, şikayətlənmir. Əksinə gördüklərini həvəslə çatdırır:

– Yaxşı ki, bu xəstəxanaya gəldim.

– Hansı xəstəxanadasınız?

– Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalında. Burda elə gözəl həkim heyəti var ki.

– Olmamışam orda, tanımıram heç kəsi.

– Əvvəllər mən də tanımırdım. Koronavirus diaqnozu ilə buraya yerləşdiriləndən görmüşəm hamısını. Peşəsinə layiq həkimlər, tibb bacıları, tibb qardaşları var. Görsən, sən də sevəcəksən, elə mehriban gənclərdir ki.

– Həvəsləndirməyin, yoluxub gələcəm ora – deyə zarafat edirəm.

Təranə xanım müşahidələrini danışmaqdan yorulmur, gənc həkimləri hey tərifləyir. Xəstəxana olsa da, doğrusu ürəyim açıldı. Adətən, həkim soyuqqanlılığı və digər xoşagəlməz hallar mövzusunda şikayət eşidirik. Bu dəfə əksinə olmasına şad oldum.

– Çox istəyərdim bu həkimlərdən yazasan, Pərvanə.

– Oxuyan elə biləcək reklam edirəm və yaxud orda tanışım işləyir – dedim.

– Obyektiv qızsan heç kəs elə bilməz. Yaz, tərifə layiqdirlər.

Bir az da mənim ünvanıma xoş söz deyir. Elə biləcəksiniz xoşuma gəldi, vallah utandım. Amma gənc həkimlərin haqqında danışdıqları ürəyimə yağ kimi yayıldı. Belə gənclərin varlığı gələcəcəyə ümidi artırır.

Təranə xanım müşahidələrini həvəslə danışırdı:

– On yeddinci mərtəbədə ikinci korpusun şöbə müdiri Zeynəb Cəfərova, həkimlər Fərid Cavadzadəylə Nuranə Hacıyeva xəsətlərə öz ailə üzvləri kimi qayğı göstərirlər.

– Bəzi məsuliyyətsizlər gözümüzü qorxudub deyə yaxşılarını görəndə onları əlverişsiz şəraitdən qorumaq istəyirəm. Yaxşı insanların, peşəsinə layiq olanların çox olması adamı sevindirir.

– Hələ tələbələri görəsən necə nəvazişlə yanaşırlar xəstələrə.

– Tələbə də var orda?

– Hə, Ləman Ağazadə Nərmin Ələkbərli, Ülvi Məmmədov tələbədirlər.

Təranə xanımın xoş təəssüratı bitmir. Ağızdolusu danışır. Mütləq bunlardan yaz deyir. Sevinc Xudayarovanın qayğısını xüsusi vurğulayır. Tərəddüd içindəyəm. Səbəbini özünə izah etdim.  Bu dəfə Ülvi Məmmədovun ona övlad kimi göstərdiyi nəvazişdən kövrəlir. Axırda yazacağıma qərar verirəm. Belə gözəl gənclərdən yazmağa dəyər. Yaxşı insanları təbliğ etmək köhnə adətimdir. İstəyirəm ruhlansınlar, yaxşı olduqlarına peşman olmasınlar. Bilsinlər ki, onları dəyərləndirən insanlar var. Xalq onlara möhtacdır. Bu çətin aylarda ümidimiz həkimlərədir. Çox pis xəstəliklə mübarizə aparırlar. Allah hifz eləsin onları.

Xəstədən xüsusi sevgi qazanmaq da həkim üçün ayrı bir mükafatdır. Tanımadığım  o həkimlərə sevgilərimi yetirirəm. Soraqları yaxşı gəlir. Bu yazı Təranə xanımın onlara təşəkkürü,  mənim də insanlıq borcumdur.

Tibbdə yeni nailiyyətlər əldə etməkləri diləyiylə…

 896 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova