- Köşə

Gülyaz ƏLİYEVA. Düşüncələr…

Bu gün müəllimlərin günüdür, əslində hər gün müəllim günü olmalıdlr. Təhsil sahəsində çox irəli getmiş Yaponiyada müəllim günü yoxdur, çünki orada hər gün müəllim günü sayılır.

Uzun illərdir müəllim işləyirəm. Əvvəllər sinifdəki qızların hamısı məktəbi bitirəndə müəllim olmaq istəyərdi. Bu gün 7-ci sinifdə uşaqlara bir günlük müəllim olmağı, məni əvəz etməyi tapşırdım. Müəllimlərimizin belə təklifi üçün bizim ürəyimiz gedərdi. Gözlədiyimin əksi olaraq, bütün sinif yox, uşaqların çox az qismi müəllim olmaq üçün əl qaldırdı. 10-cu sinifdə isə heç kəs müəllim olmaq istəmədi, yalnız bir nəfər qız müəllim olmaq istədiyini bildirdi və sonda müəllimliyin çox yorucu və hövsələ tələb edən bir iş olduğunu söylədi…

Qəribədir, mən uşaqlıqdan üzü bu yana “müəllim-müəllim” oynamağıma, qonşu uşaqlara “dərs keçməyimə”, uzun illərdir müəllim işləməyimə rəğmən, öz peşəmə sevgim heç zaman  azalmadı. Yorğunluğum isə dərs dediyim uşaların sevgi və ümid dolu gözlərinə sataşarkən bir andaca yox oldu…

Yeni nəsildə  müəllimliyə həvəs göstərənlərin sayı ildən-ilə azalır… Buna səbəb nədir, görəsən? Müəllim nüfuzdan düşüb, ya cəmiyyət onu nüfuzdan salıb? Kim nə deyir-desin, müəllimlik bütün dövrlərdə ən şərəfli peşələrdən biri olub və olacaq. Yetər ki, əsl müəllim olasan və canında öyrətmək həvəsi, eşqi ola…

Dərsarası “pəncərə”də fikrə daldım. Arxaya qanrılıb gəldiyim yollara boylandım. Ağdamda atamın direktoru olduğu birmərtəbəli məktəb binamız olduğu kimi, səs-küyü, ağ döşlüklü, ağ bantikli, ağ kolfili, ağ sandallı qara, sonralar tünd göy rəngli formalı məktəbliləri ilə birlikdə… O şagirdlərin içərisindən mənə ağıllı gözləri olan, səhərlər orta məktəbə, günortalar xeyli uzaqda yerləşən musiqi məktəbinə piyada gedib-gələn, bütün dərslərindən “5” alan, məktəbin bütün tədbirlərində fəal iştirak edən, şeir söyləyən, mahnı oxuyan bir qız boylanır… Arzusu, istəyi gələcəkdə atası kimi müəllim olmaq olan bir qız… onun müqəddəs sandığı bütün müəllimlərinin nurlu çöhrəsi bir anda gözlərimin qarşısından gəlib keçir… Heç kəs, heç biri yadından çıxmayıb. Hətta səhərin alatoranında siniflərindəki kömür peçini qalayan məktəb xadimələri Səmərqə və Pakizə nənə, onların kömür peçini yaxşı yansın deyə qurdalamaq üçün əllərində tutduqları şiş, yaz gələndə Səmərqə nənədən aldıqları göy zanbaq və müsənbərin, nəlbəki, məxmər gülünün ətri, məktəb bufetindən 10 qəpiyə aldığı sadə, kənarları qırçınlı, 25 qəpiyə aldığı üstü qozlu korjiklərin dadı hələ də damağındadır. Hələ ildə 3-4 dəfə bütün məktəb kollektivi ilə birgə getdikləri Ağdam Dövlət Dram Teatrında baxdığı teatr tamaşalarının həyəcanı, teatrın fasiləsində yedikləri tort dilimlərinin dadı onu bir də geri qayıtmayacaq əlçatmaz, sehrli, əfsanəvi  bir aləmə aparır. Qəfil cingilti ilə səslənən  məktəb zənginə fikirdən ayrılıram….

Yenə məktəb dənlizini səs-küy, uşaqların ora-bura qaçışı, çırpılan qapı səslərinin taqqıltısı bürüyür… Zəng içəri vurulur. Uşaqlar və müəllimlər siniflərə daxil olur. Müəllimlər otağında yenə səssizlik hökm sürür…  Bu dəfə fikir məni təyinatla getdiyim, ilk dəfə sinfə müəllim kimi qədəm qoyduğum Gülablı kənd orta məktəbinə aparır. O dövrdə müəllimə necə böyük hörmət qoyulurdu. Ağdam – Abdal-Gülablı avtobusundan düşüb məktəbə tərəf gedən bu gənc müəlliməni kim görsə, yaşından asılı olmayaraq oturubsa, ayağa durar, ədəblə salam verib keçərdi. Nədənsə təyinatla getdiyim Ağdamın Gülablı kənd məktəbini, orada cəmi 1 il dərs deyiyim şagirdləri heç vaxt unutmadım. O qanlı-qadalı illərin şagirdlərini… Top-tüfəng səsləri altlnda keçilən o dərslər, bir saat belə dərsdən yayınmayan, öz işini vicdanla yerinə yetirən, gecələrsə qazdıqları səngərdə torpağı qoruyan məktəb kollektivini… Gündüzlər dərs keçən, gecələr əllərinə silah alan, çoxları döyüşdən qayıtmayan, itkin düşən, namərd gülləsinə tuş gələn uşaqları və müəllimləri…

Bu gün müəllim günüdür, bizim günümüz… Qarabağdan köçüb gəlsələr də, torpaq, Vətən, Qarabağ sevgisini uşaqların qəlbinə yazan, Qarabağı unudulmağa qoymayan, şanlı Zəfər tarixi yazan şagirdlər yetirmiş müəllimlərin günü. Günün mübarək, əziz müəllim! Zəhmətin sayəsində yetişən oğullar Azərbaycanın şanlı Zəfər tarixini yazdılar. Bu qələbədə sənin də əməyin danılmazdır. Başın həmişə uca olsun, Azərbaycan  müəllimi! Qarabağlı, Qələbə sevincli ilk peşə bayramın mübarək.