- Ədəbiyyat

Quzu

Cəlil MƏMMƏDQULUZADƏ

Məmmədhüseyn kasıb bir kəndli idi. Günlərin bir günü kirvəsinin oğlu ona bir quzu sovqat göndərdi. Məmmədhüseyn istədi quzunu kəsə. Amma heyvanın belini sığallayıb gördü ki, bir dəridir, bir sümük. Bıçağı tulladı yerə. Quzunu da bağçaya ötürdü ki, bir neçə gün otlayıb əmələ gəlsin.

Həmin vaxt qonşuluqda, Əziz xanın evində yenə çal-çağır vardı. Əziz xan içib keflənmişdi, uca səslə mahnı oxuyurdu. Məmmədhüseyn nə fikirləşdisə, quzunu bağçadan çıxardı. Qucağına alıb xanın evinə sarı yollandı. Həyətə girəndə gördü ki, burada yekə tut ağacı var, altında da üç-dörd quzu otlayır. Çardağın altında bir ağ at bağlanmışdı. Mətbəxdən qab-qacaq səsi gəlirdi. Qulluqçular mətbəxdən evə xörək, evdən də mətbəxə boş qab-qacaq daşıyırdılar. Məmmədhüseyn pilləkənlərlə eyvana qalxdı və nökərlərdən birinə dedi:
− Sadıq əmioğlu, xana ərz elə ki, Məmmədhüseyn quzu gətirib.
Bir az keçdi. Əziz xan kefli halda bayıra çıxdı. Məmmədhüseynin qucağında quzunu görüb tumarlamağa başladı. Məmmədhüseyn də o saat dedi:
− Xan, maşallah, çox yeməli quzudur. Bir kəndli aparırdı satmağa. Üç manat verib aldım. Bildim ki, qonağınız var, dedim, bəlkə, lazım olar.
Xan ayaqda güclə dura-dura cibindən bir şax üçlük çıxardı, Məmmədhüseynə verdi. Sonra içəri – qonaq otağına qayıtdı. Məmmədhüseyn üçlüyü cibinə basdı, gördü ki, həyətdəkilərdən ona baxan yoxdur. Quzunu da götürüb evə gəldi. Həmin gün quzunu kəsdi, külfətlə yedilər.
Aradan bir həftə keçdi. Məmmədhüseyn baxdı ki, Əziz xanın evindən genə çal-çağır səsi gəlir. Çuxasını geydi, Əziz xanın həyətinə gəldi. Nökərlərdən birini çağırıb dedi:
− Vəliqulu əmioğlu, axı mən kasıb adamam. Xana ərz elə ki, quzunun pulunu versin.
Vəliqulu qalxdı qonaqlar olan otağa, Əziz xana yaxınlaşıb dedi:
− Xan, Məmmədhüseyn deyir, mümkünsə, quzunun pulunu verəsiniz.
Əziz xan yenə çox içmişdi. Ləngər vura-vura yaxınlaşdı Məmmədhüseynə. Dili zorla söz tuturdu:
− Məmmədhüseyn, mən keçən dəfə quzunun pulunu vermədim sənə?
− Xeyr, xan, keçən dəfə xırda pulunuz olmadı ki, verəsiniz.
Əziz xanın içkidən qızarmış gözləri hədəqəsindən çıxdı. Dili topuq vura-vura bir neçə əlaqəsiz cümlə dedi:
− Hələ quzunun pulu qalır? Niyə qalır? Yaxşı, get, sonra verərəm! Quzunun pulu nədi? Hansı quzu? Xırda pul yoxdur. Niyə yoxdur?
Bunları deyə-deyə Əziz xan bir-iki badəni də başına çəkdi. Sonra əlini cibinə saldı, qonaqlara tərəf döndü. Cibindən bir dəstə kağız pul çıxardı. Bir üçlük qaval çalanın papağına taxdı. Bir üçlük də kamançaçının cibinə basdı. Sonra bir üçlük atdı Vəliquluya ki, Məmmədhüseynə versin.
Məmmədhüseyn kefi kök halda xanın həyətindən çıxdı, evinə gəldi.
Əhvalatdan bir neçə ay keçdi. Məmmədhüseyn küçədə durmuşdu. Bu vaxt gördü Əziz xan gəlir, arxasınca da bir neçə kəndli. Xanın qarşısına keçib dayandı, iki əlini döşünə qoyub təzim etdi və dedi:
− Xan, utanıram da deməyə, axı o quzunun pulu indiyə kimi qalır.
− Necə yəni qalır? Bəyəm mən sənə quzunun pulunu vermədim?
− Xan, doğrudur, cibinizdən bir üçlük çıxartdınız ki, mənə verəsiniz.
Amma nə oldusa, sonra fikrinizi dəyişdiniz, həmən üçlüyü kamançaçalana verdiniz. İstəyirsiniz, kamança çalanı çağırıb özündən soruşun. Yoxsa üç manat nə böyük puldur ki, ondan ötrü sizə yalan danışım.
Xan əsəbiləşdi:
− Əşi, mən bilmirəm quzu nədi, pul nədi! Küçənin ortasında başlamısan ki, quzu belə gəldi, kamança elə getdi. Utanmırsan?
Əziz xan bu sözləri deyib, yoluna davam etdi. Məmmədhüseyn də xanın dalınca dedi:
− Xan, nə mən o üç manatla varlı olacam, nə də sən kasıb olacaqsan. Qurban olsun sənə o üç manat. Ürəyini də sıxma.
Xan bu sözləri eşidəndə dayandı. Cibindən üç manat çıxarıb Məmmədhüseyni çağırdı:
− Al quzunun pulunu.
Məmmədhüseyn pulu alıb qoydu cibinə. Sonra da dedi:
− Allah xana ömür versin!