- Dil, Manşet

Sual işarəsinin mənşəyi barədə

Kim BİLİR

Nöqtə, vergül, iki nöqtə, nida və sual işarələri… İndi istifadə etdiyimiz yazını bunlarsız təsəvvür etmək olmaz. Amma bəşəriyyət piktoqrafik yazıdan ideoqrafik, ondan sillabik və ya morfemik, elə ordan da fonetik yazıya keçincə nə qədər zaman ötübsə, fonetik yazı yaranandan durğu işarələrinin işlənməsinə qədər də təxminən bir o qədər vaxt keçib.

İlk dəfə fonetik yazının (konsonant – yalnız samitlərdən ibarət olsa da) finikiyalılar tərəfindən istifadə edildiyi məlumdur. Bu, bəşəriyyətin yazı tarixində yeni bir dövrün başlanğıcı idi. Finikiyalıların özlərinin kəşf etdikləri və ya onların daha qədim yazıdan iqtibas etdikləri yazı sistemi e.ə. XI-X əsr əsrlərə gedib çıxır. Finikiya əlifbası yunan əlifbasının və eyni zamanda bir sıra müasir əlifbaların sələfidir. Sonralar yunanlar bu əlifbaya müəyyən dəyişikliklər edərək mənimsəyiblər. Onlar bu əlifbanı soldan sağa yazarıq bir neçə sait səs əlavə edib. Amma bu əlifbanın da öz nöqsanları vardı. Yunanlar öz mətnlərini elə yazırdılar ki, hərflər bir-birinə qarışır, aralarında durğu işarələri və boşluqlar olmurdu. Böyük və kiçik hərflər arasında da heç bir fərq yox idi. Oxucu bir sözün və ya cümlənin harada bitdiyini və digərinin harada başladığını anlamaq üçün hərf işarələrinin bu amansız qarışıqlığından keçməli olurdu.

Bu nöqsanı aradan qaldırmaq üçün ilk addımı eramızdan əvvəl III əsrdə Bizanslı Aristofan (e.ə. 257-180-ci illər) atıb (onu e.ə V- IV əsrlərdə yaşamış komediya ustası Aristofanla qarışdırmayaq). Misirin İsgəndəriyyə şəhərində yaşayan Aristofan tanınmış antik filoloq idi. Homeri, Hesiodu araşdırıb, Sofokl və Evripidin faciələrini nəşrə hazırlayıb. Bizanslı Aristofan həm də yunan dilinin ilk izahlı lüğətlərindən birinin («Attik qlossari») müəllifi kimi tanınır.

Onun ən böyük xidmətlərindən biri isə yunan yazısına durğu işarələrini gətirməyi olub. Mətnlər üzərində işləyərkən hərflərin bir-birinə qarışmasından, durğu işarələri və boşluqların olmamasından əziyyət çəkən Aristofan bu qarışıqlığı aradan qaldırmaq üçün sətrin aşağısı, ortası və yuxarısında nöqtələr qoyaraq kiçik, orta və böyük mətn fraqmenlərini bir-birindən ayırır. Doğrudur, Aristofan öz işarələrini adi fasilə işarəsi kimi istifadə edirdi, amma artıq toxum səpilmişdi. Roma imperiyası dövründə Aristofanın təklif etdiyi nöqtələrdən imtina edilib. Amma Avropada xristianlıq yayılandan sonra durğu işarələrinə maraq yenidən artır.

VII əsrdə Seviliyalı İsidor Aristofanın durğu işarələri sistemini təkmilləşdirir. O, ilk dəfə punktuasiyanı məna ilə əlaqələndirir, sətrin aşağısındaı nöqtədən vergül, yuxarısındakı nöqtədən isə nöqtə kimi işlətməyə başlayır. Bundan sonra sözlər arasında məsafə də qoyulmağa başlayır.

Belə. İndi gələk mətləb üstünə. Bildiyimiz kimi, sual işarəsi sual və ya şübhə ifadə etmək üçündür və adətən, cümlənin sonunda qoyulur.

Bu işarənin indiki şəkli latın dilindəki quæstio (sual) sözünün müvafiq olaraq ilk və son hərfləri olan “q” və “o” latın hərflərindən yaranıb. Əvvəllər latın dilində hər bir sual cümləsinin sonunda qısaldılmış formada “quæstio” sözünün ilk və son hərfi yazılırdı: qo. Sonralar o, liqaturaya çevrilib.

Dünyanın əksər dillərində sual işarəsi yalnız cümlənin sonunda qoyulur. Amma ispan dilində sual və nida işarəsi əvvəlcə cümlənin əvvəlinə tərsinə, sonra isə cümlənin sonuna “normal” şəkildə, qoyulur: “¡…!” və “¿…?”, Məsələn, ispan dilində “Necəsən?” belə yazılır: ¿Cómo estás?

Fransız dilində sual işarəsi bəzi digər durğu işarələri kimi sözdən bir boşluqla ayrılır, məsələn:Qu’est-ce que tu dis ?Ərəb dilində və ərəb qrafikasından istifadə edən dillərdə (məsələn, farsca) sual işarəsi tərsinə çevrilir (؟).
Burda nöqtə qoymaq olar.

Xeyirli nəbilimnə günləri