Qarabağın çox yerləri işğaldan azad olundu. Arzusunda olduğumuz Şuşa da, Kəlbəcər də, Laçın da…
Ən çox arzuladığımız Xocalı işğalda qaldı. Millətin və dövlətin üstündəki qara ləkə. Ən böyük faciə.
Dünya hərb tarixinə yeni səlnamə yazaraq Şuşanı azad edən, Ağoğlanı (Hadrutu) ermənilərdən təmizləyən bu hərbi güclə biz erməniləri Qarabağdan təmizləyə bilərdik.
Əsas məsələ bizə harada “dur!” deyə biləcəkləri idi. Bunu əvvəldən bilirdikmi? Yoxsa sondamı məlum oldu. Bu, bizim üçün sual olaraq qalır… Amma bilməmiş olmazdıq. Bunlar görünən idi. Biz hara kimi gedə biləcəyimizi bu görünənlər müqabilində nəzərə almalıydıq. Belə bir ağır, həlledici məsələni reallaşdırmağa başlayanda, girişəndə hər şey ölçülüb-biçilməliydi. Üstün və zəif nöqtələr götür-qoy edilməliydi.
Döyüşdə əsas məsələ düşmənin (düşmənlərin) gücünü nəzərə almaqdır.
Faciələrimizin faciəsi Xocalının intiqamı, qisası müharibəylə, döyüşlə alınmalıydı. Bu hamının canına, ruhuna təsəlli gətirəcək hadisə olardı.
Özümüz sevinərdik. Torpaq sevinərdi. Üstümüzdən ləkə silinərdi. Yad iz, muradlıq, çirkab təmizlənərdi.
Xocalı strateji, ya coğrafi baxımdanmı ruslara sərf etmədi? Ya özlərinin ermənilərlə birlikdə törətdikləri faciənin, işğalın üzərində Azərbaycan Ordusunun qalibiyyətinimi qəbul etmək istəmədilər?..
Çox suallar cavabsız qaldı.
Ermənistanın baş naziri N.Paşinyan etiraf edir ki, vaxt yox idi, bu qərar cəmi bir neçə saat içində verilməli idi, əks halda ağır nəticələrlə qarşılaşacaqdılar.
“Əgər birgə bəyanatı imzalamasaydım, qısa müddətdə, nəinki Xankəndi, 20-30 min əsgər də mühasirəyə düşəcəkdi”.
Demək ki, Paşinyan gücümüzü görürdü.
Olasılar olmadı. Alınmadı.
Səni minalardan təmizləyib düzləyirlər, Xocalı!
Başqalarına ev tikmək, özlərinə yer etmək, məskən salmaq üçün…
Tarixi və hüquqi-inzibati cəhətdən Azərbaycana aid olan, ancaq faktiki Rusiya sülhməramlıları və separatçı-terrorçu xuntanın nəzarətində qalan, Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında “Əsgəran rayonunun İvanyan” məntəqəsi adlandıran Xocalı şəhərinin ərazisi və ətrafı “HALO Trust” ABŞ-Britaniya qeyri-hökumət təşkilatının əməkdaşları tərəfindən mina və digər partlamamış döyüş sursatlarından təmizləndi.
Xocalıda ermənilərə 180 mənzilli 9 binanın tikilməsi nəzərdə tutulur.
Tikintidə İran şirkətləri də iştirak edir…
10 noyabr 2020-ci il bəyanatında qaçqınların Dağlıq Qarabağdakı ərazilərinə qaytarılması göstərilir. Hələ də diqqətdən kənarda qalan bu məsələnin bizim üçün reallaşıb-reallaşmayacağı üfüqdə görünmür. Bəyanatın məlum bəndi ancaq ermənilərə şamil edilir. Və çox böyük bəh-bəhlə nə qədər erməninin Xankəndiyə qayıtdığını (qaytarıldığını) sülhməramlılar reklamla təqdim edirlər.
Rusiya sülhməramlılarının Qarabağda hələ nə qədər qalacaqları bilinmir (5 ildən sonra rusların Qarabağdan çıxması çətin məsələdi).
Xocalı İvanyan adlandırılanda mən şübhələnmişdim.
Bugünkü xəbərlər ağrıların üstünə əlavə ağırlıq gətirdi…
Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı hərbi düşərgəsinin yerləşdiyi Xocalı rayonu ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb.
Xocalı rayonu ərazisində xristian pravoslav kilsəsinin açılışı da oldu.
Xocalı da…
Ardınca…
Qondarma qurumun qondarma prezidenti Arayik Harutyunyan Rusiya prezidenti Vladimir Putinə minnətdarlıq edərək bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcək.
Bundan sonra nə deyəcəyimi bilmirəm. Təkcə onu deyə bilərəm ki, Rusiya Xocalıya və işğalda qalan torpaqlarımıza artıq öz mülkiyyəti kimi baxır.
Bu, nə qədər uzanacaq?
Nə qədər?
Cavab verən yoxdur…
Ruslar da girdikləri yerdən heç vaxt könüllü çıxmırlar. Özü də çoxdan arzuladıqları bölgə, yer ola.
Rusların müqaviləni saymadıqlarını, hər zaman onu kənara atdıqlarını, ya da əlavələr etdiklərini biz bilirik axı…
Qriboyedovun Tehranda Türkmənçay müqaviləsinin maddələrinə əlavələr etməsindən tutmuş son bəyanatadək…
Bizimkilər ora nə vaxt qayıdacaq? Ermənilərin Qarabağdan bezəcəyinimi gözləyək?!
Onların getməsi üçün azərbaycanlıların ora – öz doğma yurdlarına qayıtması lazımdır. Ermənilər bizimkilərin “bu torpaqlar bizimdir!” ifadələrinə, şimşək qalib baxışlarına dözə bilməyib gedəcəklər. Həmişə komfortda yaşayanlar o baxışlara, davranışlara çətin tab gətirsinlər.
Şuşanın işğaldan azad olunmasına çoxları ümidsiz olanda mən ümidliydim.
İndi də ümidliyəm…
Bakıdan Şuşaya, Kəlbəcərə gediləcək yol çox uzandı.
28 km-lik məsafəni, indi təxminən 150 km-ə qət etsək də, biz Ağdamdan Şuşaya qədim yolla gedəndə yoldan xocalıları da götürəcəyik.
Kəlbəcərə də indi Göygöldən, Murovdan keçib gedirik. Yenə Ağdərədən keçib gedəcəyik.
Xocalıya, Xankəndiyə, Əskərana, Ağdərəyə gedəcəyik. Mütləq gedəcəyik. Özü də Ağdamdan.
Təki gediləsi zaman uzanmasın.
Torpaqlarımıza həmişə getdiyimiz yollarla getmək ümidiylə!
Həm yollarımız sevinər, həm də özümüz!
Rəfail Tağızadə
10.11.2021