“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Əhmədovadır. Onunla Böyükağa Mirzəzadənin “Pambıq tarlasında” əsəri haqqında danışmışıq.
***
– Əsərin təhlilinə keçmədən öncə Böyükağa Mirzəzadə yaradıcılığı haqqında qısa məlumat verə bilərsinizmi?
– Böyükağa Mirzəzadə 1921-ci ildə Abşeronun Fatmayı kəndində anadan olub. Atası onun həkim olmasını arzulayırdı, ancaq gələcək rəssamın yoldaşları – sonradan Azərbaycanın böyük sənətkarları olacaq – Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığına erkən yaşlarında başlayır. Onun hələ gənclik illərində rəng, qrafika rəsm və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərləri qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Böyükağa Mirzəzadənin süjetli tablo əsərləri, portret əsərləri, tamaşa tərtibatları mövzusunda təsvir etdiyi əsərləri kifayət qədərdir. Süjetli tablo əsərlərindən – “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkaranda” adlı əsərləri var. Tamaşa tərtibatlarında isə “Qaynana”, “Milyonçunun dilənçi oğlu”, “Bayedera”, “Mənim Günahım” adlı əsərləri vardı. Haqqında danışacağımız “Pambıq tarlasında” əsəri də süjetli tablo əsərlərinə daxildir.
– Əsərdə dövrün tələbləri aydın görünür. Zəhmətkeş insanlar, kolxoz, sosialist ideologiya və s.
– Bəli. Həmin dövrdə rəssamların bölgələrə yaradıcılıq səfərləri praktikası geniş vüsət almışdı. Rəssamın yaradıcılığında bu cür mövzu çeşidliyinə baxmayaraq, həmin dövrün dominantı tematik rəsmlər idi. Tematik janrda işlənmiş tabloların qəhrəmanları zamanı ideoloji tələblərinə uyğun olaraq zəhmətkeş insanlar – fəhlə və kolxozçular idi. Əsərlər əsasən sosialist ideologiyasının görüntüsündən ibarət idi. Burada da gördüyümüz kimi, açıq havada isti bir yay fəslində pambıq tarlasında qadınlar pambıq yığımı ilə məşğuldular və ön planda təsvir edilmiş digər qadın obrazları isə nahar edir, kimisi isə yaxınından gələn məktubu oxuyur.
– Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?
– Böyükağa Mirzəzadənin fırçasından çıxan bu əsərlər rənglərin özünəməxsus ton keçidləri, improvizə təsvir üslubu, işıq-kölgə effektlərinin səlistliyi və rəsmin dəqiqliyi ilə fərqlənir. Onun rəsmlərindəki işıqlı, günəşli mühitdə artıq kolxozçu və fəhlələr cansız və şablon görüntü kimi çıxış etmir. Təsvir olunan obrazlar mühitlə üzvi surətdə bağlı olduqca təbii görünür. Rənglərin ton keçidini və tematik tabloda dəqiq kompozisiya quruluşunu məharətlə verə bilmək bacarığı Böyükağa Mirzəzadə yaradıcılığına xas cəhətdir. Bu əsərdə sarı, yaşıl ağ, qırmızı, bir sözlə, al-əlvan zəngin kolorit rəngləri yer alır.
– Əsər hazırda harada saxlanılır?
– Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində bir çox Azərbaycan rəssamlarının, o cümlədən, dünya üzrə tanınmış rəssamların əsərləri sərgilənməkdədir, məşhur rəssamımız Böyükağa Mirzəzadənin də bir sıra əsərləri, həmçinin, “Pambıq tarlasında” adlı əsəri də burada qorunub saxlanılır.
– Rəssamın yaradıcılığına xas cəhətər özünü necə göstərir?
– Böyükağa Mirzəzadənin müxtəlif janrlarda əsərləri var, lakin rəssamın daha çox üz tutduğu janr süjetli tablo janrıdır. Bu janrda rəssam daha çox məişət mövzularına toxunub.
– Sizcə, bu rəsm bizə nə deyir?
– Əsərdə pambıq tarlasını görürük. Əsərin arxa planında dörd nəfər qadın obrazı təsvir olunub. Qadınlar günəşli havada pambıq yığımı ilə məşğuldular. Ön planda isə bir neçə qadın, kişi və uşaqlar təsvir olunub, yerdən süfrə açılıb və nahar etdikləri bir məqamda poçtalyon pambıq yığan qadınlardan birinə yaxınlaşaraq ona məktubu uzadır və qadın məktuba təəccüblü bir şəkildə diqqətini zilləyir. Məlumdur ki, yaxınından gələn məktubdur. Əsər süjetli tablo janrındandır, məişət mövzusunda təsvir edilib. Burada daha çox qadın obrazına yer verilib. Rəssamın məişət mövzularında bir sıra qadın obrazlarını görə bilərik ki, onlar dayanmadan əziyyət çəkərək işlərinin öhdəsindən gəlməyə çalışırlar. Buradan məlum olur ki, rəssam tamaşaçılara qadınların əziyyətli işlə məşğul olduqlarını göstərməyə çalışıb.
Aytac SAHƏD
525.az