- Köşə

Sirlər dünyasına, möcüzələr aləminə səyahət

Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Qədim tarixə, zəngin mədəniyyətə malik bəşəriyyətə dünyanın yeddi möcüzəsindən ikisini – dörd min illik tarixi olan  ehramları və yeni eradan əvvəl tikilmiş, Aralıq dənizinin bütün nöqtələrindən görünən, 120 metr hündürlüyündə heyrətamiz İskəndəriyyə Mayakını bəxş edən, müsəlman Şərqinin elm və mədəniyyət mərkəzi Qahirəni iki yerə bölən Nil çayının yaratdığı əfsanəvi gözəllikdən, hələ eramızın əvvəlində bir milyona yaxın kitabları olan İskəndəriyyə kitabxanasından, bəşəriyyət tarixinə neçə-neçə parlaq səhifələr bəxş edən, təzadlarla dolu ölkə haqqında yazmaq o qədər də asan deyil.

Hələ mən sivilizasiyanın yarandığı bu ölkənin paytaxtı Qahirəyə bitişik, dünyada bənzəri olmayan, xalqın faciəsindən bəhs edən “Ölülər şəhəri”ni, Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən, qum səhrasından keçib gedən Süveyş kanalını, İskəndəriyyədə dərinliyi beşmərtəbəli bina hündürlüyündə olan yeraltı qəbiristanlığı (Makedoniyalı İskəndər burada basdırılıb. Lakin qəbri sirr olaraq saxlanılıb) və Qahirə Tarix Muzeyini demirəm. Əslində bunlar da möcüzədir.

Prof.Dr.Qənirə Paşayeva nəfis şəkildə yenicə çapdan çıxmış, üz qabığından tutmuş adına qədər gəl-gəl deyən “Sirlər dünyasına səyahət: Misir” kitabında (Bakı, “CBS PP”, 2021, 288 səh.) bütün bunlardan böyük məhəbbətlə söz açır və yazır:

“Qədim misirlilər astronomiya, riyaziyyat, mühəndislik, tibb sahəsində çox inkişaf etmiş, bir çox ixtiralara imza atmışlar. Dörd elmdən başqa, beşinci elmi də bilirlərmiş, lakin onun nə olduğu bu gün də müəmma olaraq qalır. Qədim Misir həqiqətən də sirlərlə doludur. Mən bu sirlərin ən azı bəzilərini öyrənməyə çalışıram”.

Beləliklə, müəllifin məramı və məqsədi aydın olur və oxucunu özünə yol yoldaşı edir.

Bu çox maraqlı kitab adamı gah qəm, qüssə, kədərə qərq edir, gah da bu möhtəşəm qədim ölkənin keçmişinə heyran olmağa, heyrətlənməyə səsləyir.

Kitab məni ağuşuna alıb əlçatmaz, ünyetməz gənclik illərimə apardı. 1962-ci ildə Dillər İnstitutunu bitirən kimi ingilis və rus dilləri üzrə tərcüməçi işləmək üçün İraq Respublikasına göndərildim. O vaxtlar birbaşa uçuşlar yox idi. Yolumuz Qahirədən idi. Üç gün Qahirədə qaldıq.  Sonralar Yunanıstan daxil bir çox Şərq və Qərb ölkələrində oldum. Bu, mənə müqayisələr aparmağa imkan verdi. Səmimiyyətlə deyirəm, əgər qədim dünya tarixini görmək və dərk etmək istəyirsinizsə, Qənirə xanımın kitabının bələdçiliyi ilə bu möcüzələr ölkəsinə gedin. Bu kitab Misir tarixini tarix kitablarından daha yaxşı mənimsədir. İstedadlı abituriyent kitabın 5-9-cu səhifələrini oxuyub Misir tarixindən ən azı “tramvay altında qalmış” bir üç alardı.

Mən Misirdə üç dəfə olmuşam. Ölkəni başdan-başa gəzmişəm. Etiraf edirəm, gördüklərimi Qənirə xanım kimi mənalandıra bilməmişəm.

“Sirlər dünyasına səyahət: Misir” əsəri “elmi publisistika” janrının ən gözəl nümunəsidir. Yazıçının publisistikası heyranedicidir.

Kitabda yer alan, bir çoxları üçün nümunə ola biləcək bir məsələdən söz açmaq istəyirəm.  Sovet quruluşu çökdükdən sonra hamı axın-axın (ellikcə) Umra və Həcc ziyarətinə gedirdilər. Qənirə xanım da anası və başqa qohumlarımızla Umra və Həcc ziyarətində olub.

Gözümüzün qabağında olan hadisədir. Bəziləri Həcc ziyarətindən qayıdandan sonra özlərini “həci-hacı” statusuna uyğun apara bilmədilər.
Həcc ziyarətinə sidq-qəlbnən, inamla gedən Qənirə xanım bu kitabda da bir çoxlarına nümunə ola biləcək inam və etiqadını ortaya qoyub.
Misirə ziyarətini dörd məşhur məscidə ziyarətlə başlayıb. Ziyarət zamanı  müasir dövrdə ilahiyyat elmi və təhsilin səviyyəsi və vəziyyəti ilə dərindən maraqlanıb, təəssüratını və mülahizələrini qələmə alıb. Gəldiyi nəticə budur: “Qürrələnmə, insan oğlu, səni də bir yaradan var”.
Mənə çox maraqlı gələn Sultan Həsən Cəmil məscidində Hənəfilik, Hənbəlilik, Malikilik, Şafilik məzhəblərinin nümayəndələrinin bir yerdə oxuması oldu. Məlumdur ki, bu məzhəblərin hər birinin ilahiyyata öz baxışı vardır. Bu məsciddə müdrikliklə məzhəblərin yaxınlaşmasına nail olublar. Məzhəblərin birliyi mənim yadıma 1417-ci ildə Hələb şəhərində Azərbaycanın böyük şairi, dilimizi qüdrətli poeziyası ilə hakim ərəb-fars dilləri səviyyəsinə qaldıran Nəsiminin məhkəməsini saldı. Məhkəmədə dörd məzhəbin dördünün də qazisi hünər göstərərək şairin edamına fətva verməmişdilər. Şairi siyasi baxışlarına görə edam etmişdilər. Tamahkar, qəddar və pozğun olan Hələb canişini Yəşbək Abdulla əl-Yusifi 1421-ci ildə qətlə yetirildikdən az sonra Hələb Ədliyyə məhkəməsi şairə bəraət vermişdi.

Xalq şairi Qabil demiş, bu öz yerində.

Qənirə xanım böyük məhəbbətlə Misir mətbəxindən, musiqisindən, kinosundan söz açır.

Məlumdur ki, keçən əsrin 50-60-cı illərində Azərbaycanda ən çox baxılan və sevilən hind və Misir filmləri, ən çox sevilən Misir musiqisi və müğənniləri idi.

Müəllif keçən əsrin ortalarında yaşayan, ərəb dünyasının ən məşhur müğənnisi Ümm Külsümdən kitabda ehtiramla söz açır. Ümm Külsüm  təkcə gözəl səsinə, qəlblərə od salan mahnılarına görə deyil, həm də  vətənpərvəliyinə görə Misir-İsrail müharibəsi zamanı bir milyon ianə verdiyinə görə xalqın sevimlisinə çevrilmişdi.

Müəllif zamanında bütün dünyada məşhur olan, haqqında əfsanələr yaranmış Misir kraliçası Kleopatranı da məhəbbətlə vəsf etmişdir. Əsərin Kleopatranın hakimiyyətə gəlişi, Tarixin sevdiyi qadın, Kleopatranın müəmmalı ölümü hissəsini həyəcansız oxumaq olmur.

Qənirə xanım əfsanələşmiş Kleopatra haqqında öz cazibədar əfsanəsini yaratmışdır.

“Sirlər dünyasına səyahət: Misir” kitabında əfsanələr, tarix, günümüzdəki real həyatla elə çulğalanıb ki, əsəri oxuyanda ondan ayrılmaq olmur.
Bəşəriyyətin ən böyük kəşfi kitablar haqqında kimsə deyib: “Kitabı əvvəllər oxuyardılar ki, düşünsünlər, dövranın gərdişini anlasınlar. İndi isə kitabı düşünməmək, vaxtı öldürmək naminə oxuyurlar”.

Prof.Dr. Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: Misir” kitabını oxuyan hər kəs mütləq düşünəcək. Kitabın təkcə “Ölülər şəhəri”ndə bir gün” bölümünü oxumaq kifayətdir ki, fani dünyanın keşməkeşləri haqda dərindən düşünəsən: “Qahirədə ölülər bizdəki kimi torpağa tapşırılmır, xüsusi tikilən – “məzar evlər”ində dəfn olunurlar. İkimərtəbəli “məzar evlər”i tikilir. Hər ailənin bir məzar evi var. Ölülər bu evlərin alt mərtəbəsində gömülür. Üst mərtəbələr isə boş buraxılır. Boş buraxılan mərtəbədə Qahirənin yoxsul təbəqəsi yaşayır. Bu ailələr məzarlara gözətçilik edib uşaqları ilə birlikdə ölülərlə bir evdə yaşayır. Bu bir gerçəklikdir – günümüzəcən gəlib çıxan Misir gerçəkliyi!”

Bu məzarlığın diri sakinlərinin sayı isə nə az, nə çox, təxminən 500 min nəfərdir. Ölümlə həyatın iç-içə olduğu, başqa adı ilə “Qahirə nekropolu” da deyilən bu yer Qahirənin turizm mərkəzlərindən birinə çevrilmişdir”.

Qənirə xanımın ürəkağrısı ilə təsvir etdiyi, axirət dünyası ilə reallığı birləşdirən bu məzarlığı 2000-ci ildə, həyat yoldaşım və oğlum Muradla bu qədim diyara səfər edəndə biz də ziyarət etdik və gördüyümüz mənzərə bizi heyrətləndirdi. Qənirə xanım kimi bizi də  psixoloji təsir günlərlə tərk etmədi.

Bizi başqa bir mənzərə də heyrətləndirdi.

Qahirənin mərkəzindən azca kənarda uca mərtəbəli binaların üstü bağlanmır, armatur çubuqları açıq-aşkar görünür. İllərlə binalar beləcə qalır. Sən demə bu, vergidən yayınmaq üçün bir vasitə imiş. Binanın üstünü bağlayan kimi orada yaşayan sakinlər vergiyə cəlb olunurmuş.

Lakin bu təzadlarla bərabər Prof.Dr. Q.Paşayeva Misirin böyük tarixə, mədəniyyətə, ənənəyə malik olduğunu və onun günümüzdə də davam etdiyini inkarolunmaz faktlarla ön plana çəkir. Göstərir ki, müsəlman aləmində ilk Nobel Mükafatı laureatları yazıçı Nəcib Məhfuz, kimyagər

Əhməd Zəvail, ictimai və siyasi xadimlər Ənvər Sədat və Məhəmməd əl-Baradey misirli olmuşlar.

Onu da xüsusi qeyd etmək ibrətamizdir ki, müəllif əsər boyu azərbaycançılıq mövqeyindən çıxış edir. Keçmişdə Misirdə yaşayıb-yaradan, bizdə elmi dövriyyədə adlarına rast gəlinməyən 11 (on bir) azərbaycanlı alim və şairdən söz açır.

Əslən Urmiyadan, Təbrizdən, Naxçıvandan, Bərdədən, Bakı və Şirvandan (4 nəfər) olan bu şəxsiyyətlər barədə ətraflı məlumat verir.

Əsərdə Azərbaycan-Misir ədəbi-mədəni, elmi, siyasi əlaqələrinə xüsusi fəsil ayrılması da deyilənlərə dayaq olur.

Tədqiqatçının “Sirlər dünyasına səyahət: Misir” əsəri böyük əhəmiyyət kəsb edir. Qəti qənaətim budur ki, Yaxın Şərqə ezamiyyətə, xüsusən də səyahətə gedənlər mütləq onlara bələdçilik etmək gücündə olan bu qiymətli kitabı əldə edəcəklər. Misir haqqında məqalə, kitab, dissertasiya yazanlar da bu kitabdan yan keçməyəcəklər.

Misir fironları əbədilik qazanmaq üçün mumiyanı icad etmişdilər. Tarixə şahidlik edən nəhəng ehramlar ucaltmışdılar. Zəmanəmizdə bunun ən ümdə yolu dəyərli kitablar yazmaqdır. Prof.Dr. Qənirə Paşayeva bu yolu seçmişdir.Bizə istedadlı qələm sahibinə bu yolda yeni-yeni uğurlar diləmək qalır.