2019-cu ilin may ayında DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Ötən il bu mərkəzlərdə 411 min vətəndaşa xidmət göstərilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin ötənilki fəaliyyətinə və agentlik qarşısında duran hədəflərə dair iclasda bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir. Əsas hədəflərdən biri Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılmasıdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən 525.az-a verilən məlumata görə, iclasda qeyd edilib ki, bütün Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. Bakıdakı DOST mərkəzlərinə müraciət üçün qeydiyyat prinsipi də artıq ötən il aradan qaldırılıb, paytaxtın hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq Bakı sakinləri paytaxtdakı istənilən DOST mərkəzinə müraciət edə bilər.
Regionlarda da DOST xidmətləri şəbəkəsinin qurulması üçün hazırlıq işləri aparılır. Hazırda Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST mərkəzlərinin, həmçinin Bakıda daha bir DOST mərkəzinin açılması üçün layihələndirmə, təmir-tikinti işləri aparılır.
Dövlət başçısının bu günlərdə imzaladığı yeni Fərmanla DOST mərkəzləri xidmətlərinin siyahısına daha bir xidmət – dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidməti də əlavə edilib. Ümumilikdə DOST xidmətlərinin sayı 2019-cu ilin may ayından 30 faiz genişlənərək 156-ya çatıb.
“Virtual DOST mərkəzi” platforması da bu il istifadəyə veriləcək ki, bu da ölkənin istənilən yerindən DOST xidmətlərinə müraciət edərək onlardan faydalanmaq imkanı yaradacaq.