Nadir YALÇIN
Mənə görə, bu küçənin hər yanı bombozdur. Çopur-çopur uzanan yollar əyri talelərin əyani paralelləridir. Elə bil, daşlar da öz yerində deyil. Bu məhlə bir dəfə möhkəm silkələnib. Hər şey müvazinətini itirib. Bakı ağ-qara həyatdan rəngli həyata keçəndə bu məhlə unudulub, xatirələrdə ilişib qalıb. Söhbət keçmiş “Dostluq” (“Drujba”) kinoteatrının yaxınlağından keçən Ülvi Bünyadzadə küçəsindən gedir.
Uşaq idik… Onda bilmirdik müharibə nədir, şəhid kimidir. Onda bir şeyi bilirdik: bura bizim torpağımızdır, torpağımız bizim Vətənimizdir və biz bu vətəni ana bilirik. Anamıza səslənəndə necə “can” deyirsə, Vətənimiz də bizi həmin hərarətlə bağrına basır. Onda sinifdən-xaric mütaliə üçün “Ana sözü” kitabını oxuyurduq. Hamı bu bəndi əzbər bilirdi:
Bisutunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq,
Sazımızda ağlayaraq
Biz həyata gülməliyik.
Bir sinif rəhbərimiz var idi – Dilarə müəllimə. Əslən Qubadlıdan idi Həcər qeyrətli o qadın. Bu şeirin mahiyyətini bizə elə aşılamışdı ki, uzun illər keçməsinə baxmayaraq, həmin misralar xatirimdədir. Belə tanımışdıq Ülvi Bünyadzadəni.
Gözümüzün önündə bir Ülvi böyütmüşdük. Uşaqlıq dostumuz İlqar Bürcəliyev Vətən müharibəsində şəhid oldu, bizim “Ülvi”miz Ülvi Bünyadzadədən 2 il az yaşamışdı, 19 yaşında torpağa tapşırıldı. O torpağa tapşırılanda iki nüans gözümün önündə dayandı: Ülvi Bünyadzadənin müəllifi olduğu “Vətən üçün ölməliyik” şeirini əzbərləməyimiz və hər səhər Şəmistan Əlizamanlının ifasında “Cənab leytenant” mahnısının sədaları ilə sinif otaqlarına yollanmağımız.
İndi mən də 21 yaşımdayam. Ülvi Bünyadzadənin şəhid olduğu yaşda. Ürəyimiz eyni hərarətlə döyünür. Şair demiş, indi mənim başıma od ələnən yaşımdı, söykənib bir divara, güllələnən yaşımdı…
Yolumu bu sazaqlı yanvar günlərində həmin bomboz məhləyə – Ülvi Bünyadzadə küçəsinə saldım.
Ülvi Bünyadzadə 20 Yanvar şəhididir. Onu belə tanımışıq. Amma hər şeydən əvvəl şair olub. Sözə könül verib, poeziyadan güc alıb. Onun bədii portretini oxuculara təqdim eləmək üçün ömrünün son aylarını yaşadığı baba evinə gəldim. Bacısı – görkəmli alim Könül Bünyadzadə və bibisi Həqiqət xanımla həmsöhbət oldum.
Ülvi universitetə girəndən son günlərinə qədər bu evdə yaşayıb. Təkcə əsgərlik müddətində bu məhlədən uzaqda olub. Bu evdə onun hənirtisini hiss elədim. Mənim üçün də, müsahiblərim üçün də çox ağır idi…
– Həqiqət xanım, şüşəbəndiniz var, lap keçmiş evlər kimi…
– Hə, bura bizim Kəsəmən evimizdir.
– Kəsəmən?
– Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndindənik. 80-ci illərin sonu hamı köçəndə Bakıya gəlmişik.
Evin ab-havası, həqiqətən, kənd ocaqlarını xatırladırdı.
– Könül xanım, siz də hamı köçəndə gəlmisiz?
– Yox, atam geoloq idi. İşi ilə əlaqədar Daşkəsənə köçdük. Onda hamı öz elində, obasında idi. Mənim beş yaşım var idi, Ülvinin isə 10 yaşı. Ülvi 4-cü sinifdə oxuyurdu, qardaşım Şövqi 2-ci sinifdə, mən isə məktəbə getmirdim.
– Deməli, bir bacı, iki qardaş olmusunuz.
– Bir bacı, iki qardaşıq elə.
Bu cavab nə küçədəki sazağa bənzəyirdi, nə də başqa bir şeyə. Şillə kimi bütün ağrıların üzünə vurulurdu. Mən “Ülvi” deyib xitab edəndə utanırdım. Axı yaşasaydı, 50-ni keçmişdi yaşı. Onda “Ülvi müəllim”, “Ülvi əmi” deyə müraciət edərdim. İndi “Ülvi” deyirəm. Amma Könül xanımın bu cavabından sonra bildim ki, Ülvi hələ də mənlə yaşıddı, 21-indədir…
Könül xanım:
– Mənə maraqlıdı, Ülvi yaşasaydı, indi necə olardı. Amma əminəm ki, bəzi yaşıdlarından fərqli olaraq öz vicdanını qoruyub-saxlayardı. Orta məktəbdə hamı özünə ideal kimi nağıl qəhrəmanını seçərdi. Mən isə özümə ideal kimi Ülvini seçmişdim. Mənim qardaşım hamıdan gözəldi… Feysbukda yazmışdım bir dəfə: “Sən demə, neçə ildi, onun səsini eşitmirəm”.
– Kəsəməndən köçməyinizi xatırlayırsınız?
– Hə, bizim üçün böyük travma idi. Böyük evimiz var idi. Köçüb gəldik, doğmalarımız orda qaldı. Amma hər yay dincəlməyə gedirdik. Bir itimiz var idi – “Totuş”… Köçəndə ardımızca atılıb-düşməyi gözümün qabağından getmir. Amma yerli-dibli o yerlərdən insanların köçürülməsi daha böyük travma idi. Biz burda bir-birimizə hayan idik. Onda Ülvi əsgərlikdə idi. Həmin vaxtlar məktublaşırdıq. Onun üçün bu, iki qat ağır idi. Qağamgil Bakıda, indi olduğumuz evdə məskunlaşdılar.
– Ülvi haylı-küylü idi?
Könül xanım:
– Qəti. Türkiyədə onun bir qrup yoldaşı var. Danışır ki, BDU-da bir təşkilat yaratmışdıq. O təşkilatın iclaslarına gedəndə qışqırır, ağır sözlər işlədirdik, tez-tez siqaret çəkirdik. Ülvinin səsi də çıxmırdı, siqaret də çəkmirdi. Bir dəfə ona dedim ki, ay rəhmətliyin nəvəsi, sənin ürəyin partlayacaq, barı bir siqaret çək. Üz-gözünü turşutdu ki, yox, siqaret mənlik deyil, əsas – işdi, işimizi görək.
Könül xanım mənə “Gəncliyin fəlsəfəsi” adlı kitabını gətirmişdi. Kitab Ülvi ilə yanaşı dünyadan cavan yaşda köç edən məşhur fikir adamlarına həsr olunub.
– Könül xanım, niyə təkcə Ülviyə kitab həsr eləmədiniz, Ülvi bu kitabın yalnız bir hissəsidir…
– Digər haqqında söhbət açılan nakam insanlar mənə təsəlli oldu. Sırf Ülvi üçün kitab yazmaq mənim üçün çox ağır olardı.
– Yaxşı, bəs bu kitab necə yarandı?
-Günlərin bir günü atam gəldi ki, Könül, hamıdan yazı yazmısan, niyə Ülviyə bir kitab həsr eləmirsən? Bunu deyəndən sonra mənə bir sirr açdı. Bunu heç bilmirdim. Bəlkə bu sirr məni yazmağa vadar elədi.
– Bu sirr nə ilə bağlı idi?
– Məhz Ülvi, onun adı ilə bağlı sirr idi. Deməli, atam tələbə vaxtı bir gizli təşkilatın üzvü olub. Nələrsə uğrunda mübarizə aparıb. Müxtəlif təqiblərə də məruz qalıb. Atam mənə sirrini açdı: “Düşünürdüm, iki sandıq var. Yaxşı əməllərimi yığdığım sandığın adı Ülvidir. Beynimə belə həkk olmuşdu. Həm də Ülvi adında yaraşıqlı, ağıllı, elmli bir tələbə var imiş. Ürəyimdə paxıllıq edirdim ki, niyə mənim yaxşı əməllərin adı ilə həmin oğlanın adı eynidi. Ürəyimdə həmin adı yaşadırdım. Bilirdim ki, ilk övladım oğlan olacaq və adını Ülvi qoyacağam. Hətta Ülvi doğulmamışdan onun yaş vərəqini yazdırmışdım. O mənim yaxşı əməllərim idi. Bütün bu yaxşı əməllərimi mən Ülvi kodunun altına yığırdım. Bəlkə də Ülvi kodunun xatirinə belə düşündürücü, yaradıcı əməllərə qaçırdım, milli təfəkkürümün cilalanmasına, dilimin, düşüncəmin saflığının qorunmasına xüsusi diqqət yetirirdim”.
Təsadüfi deyil ki, atasının şair təbi, əsarətə qarşı mübarizlik hissi Ülviyə də sirayət eləmişdi…
– Könül xanım, Ülvi ilk dəfə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Şərqşünaslıq fakültəsinə sənədlərini verib, amma qəbul ola bilməyib. Bunu necə qarşıladı?
– Mən o vaxtı “şərqşünaslıq” sözünü başa düşmürdüm. Amma Ülvi 8-ci sinifdə oxuyandan deyirdi ki, mən şərqşünas olacam. Ərəb dilini, qədim mənbələri öyrənmək istəyirdi. Amma “konkurs”a düşdü, daxil ola bilmədi.
– Ruhdan düşdümü?
– Ruhdan düşəndə bir otağımız var idi, özünü ora qapadırdı. Qələmə aldığı şeirlər vasitəsilə ürəyini boşaldırdı və beləcə arzudan arzu doğurdu, yenidən onda stimul qazanırdı. Yenidən hazırlaşdı. Əvvəl dedilər imtahana Tarixdən suallar düşəcək. Gecə-gündüz tarix oxuyurdu. Sonra qərar dəyişdi, dedilər, İctimaiyyətdir. Başladı onu oxumağa. Sonra təzədən xəbər çıxdı ki, Tarix olacaq. Bax beləcə çətinliklə yenidən hazırlaşdı və Xarici Dillər Universitetinə daxil oldu.
– Ülvi həm də poliqlot idi, çoxlu dil bilirdi: fars, özbək, ingilis, rus və s. Bu qısa zamanda dilləri necə öyrəndi?
– Ülvi Azərbaycan bölməsində oxuyub, amma rus dilini də öyrənirdilər. Bizdə eyni kitabı həm rus, həm Azərbaycan dilində alırdılar. O vaxtı dünya ədəbiyyatı seriyası var idi. Bir gün Firdovsinin “Şahnamə”si gəldi. Atam götürdü, vərəqlədi. Dedi ki, tərcümədi də, deyilənə görə, “Şahnamə”dəki döyüş səhnələrini fars dilində oxuyanda qılıncların şaqqıltısı eşidilir. Bizdə dəhşət maraq oyandı. Görünür, Ülvinin fars dilinə də marağı belə yarandı. Əvvəllər şərqşünas olmaq istəyirdi deyə, ərəb dilinə də həvəsi ordan qaynaqlanırdı. Əsgərlikdə özbək dilini öyrəndi. İngilis dilini imtahana hazırlıq vaxtı öyrənmişdi. Bir müəllimimiz var idi, ingilis dilini Ülviyə Bayronun şeirləri ilə öyrədirdi.
– Ülvinin tərcümələri də var…
– Həmin müəllimimiz Ülviyə tərcümə üçün kiçik şeirlər, hekayələr verirdi. Çox həvəslə tərcümə edirdi. Onun ingilis dilindən ilk tərcüməsi Bayronun “Alatoran” şeiri idi. Şilleri, Şevçenkonu, Lermontovu, Cek Londonu çox sevirdi, mütəmadi tərcümələr edirdi. Poetik təfəkkürünün formalaşmasında dünya ədəbiyatının rolu böyük olub. Hətta onun ingiliscə danışığının səs yazısı arxivdə var.
Həqiqət xanım:
– Qarmon çalğısının səs yazısı da var. Hətta səs yazısında Basarkeçərin səs-küyü də eşidilir….
– Hə, elə onu soruşacaqdım, necə oldu musiqiyə marağı yarandı, bildiyimə görə bir neçə alətdə ifa etməyi bacarırdı.
– Hə, bir qonşumuz var idi. Pəncərənin önündə oturub qarmon çalırdı. Bir gün Ülvi gəldi ki, mən də qarmon çalmaq istəyirəm. O vaxtı elə də gen-bol yaşamırdı. Belə qərara gəldik ki, Ülvi şampan butulkasına 10 qəpikliklər yığsın, yığılan pula qarmon alaq. Bir gün yığdığımız pula Ülviyə qarmon aldılar. Ülvi musiqi məktəbinə getməyə başladı, qarmon sinfinə daxil oldu, Şövqi isə tar sinfinə. Onda ağladım ki, bəs mən? Ülvi dedi ki, yaxşı, sənə də piano alaq.
Həqiqət xanım:
– Ailə ansamblı yaranmışdı. Axşamlar, oynayan kim, deyib-gülən, oxuyan, əl çalan kim, heyif o günlərdən.
Könül xanım:
– Atam işdən gəlirdi, deyirdi, Ülvi, bir “Göyçəgülü” havası çal. Ülvi bilmirdi. Anam zümzümə edirdi, həmin havanı öyrədirdi, Ülvi başlayırdı ifa eləməyə, atam da oynayırdı, hamımızın kefi kökəlirdi, bütün qonşular yığılırdı, həyətdə toy-bayram olurdu.
– Adətən, qardaşlar bacılarla sirdaş olurlar. Ülvinin könül verib könül aldığı kimsə var idimi? Bu barədə nəsə demişdi?
– Ülvi yaraşıqlı oğlan idi. Konkret kiminsə adını çəkmirdi. Amma bir gün bir xanım qız kimdənsə mənə xəbər göndərdi ki, qardaşına denən, özünü yığışdırsın haa… Gəldim Ülvinin üstünə. Dedi, yox eee, mənlik deyil… Mən də inandım, nə edim…
– Həqiqət xanım, siz nəsə hiss eləməmişdiz?
– Ülvinin bir şeiri var: “Bu qız hara gedir”. Qonşuluqda iki bacı var idi. Biri universitetdə oxuyurdu, o biri 10-cu sinifdə. Gözəl də qızlar idi. Bir gün Ülvi gələndə qızlardan biri çıxdı qabağına. Dedi ki, hardan gəlirsən? Ülvi dedi ki, bulvardan gəlirəm. Qız qayıtdı ki, məni niyə aparmadın? Ülvi güldü, dedi, sonra da sənlə gedərik. Tez çıxıb Ülvini səslədik. Evə gəldi, balaca bir vərəq tapdı, həmin şeiri yazdı. Pəncərəni döydü, böyük qız çıxdı. Amma əslində, bayaq qabağına çıxan balaca bacı idi. Elə böyük bacıya verdi şeiri, əlini cibinə qoyub harasa getdi. Bir də gördük qonşuda qırğındı, o bacı deyir mənə yazıb, bu bacı deyir mənə yazıb. Axırı böyük bacı Almaz dedi ki, ay qızlar bu şeiri heç birinizə yazmayıb, tələbə yoldaşına yazıb. Güclə sakitləşdilər… (Gülüşdük)
Beləcə gah gülüşürdük, gah kədərlənirdik. Gah araya sükut çökürdü, heç kim danışmırdı. Mən Ülvinin ruhunu otaqda hiss edirdim. Sükutun bir anı azan səsi o şüşəbəndi keçib otağa doldu, içəri təravətləndi. Azan səsi ilə birlikdə Ülvinin ruhu da otağa daxil oldu sanki…
– Deməli, Ülvi universitetə qəbul olandan bu evdə yaşayıb, hə?
Könül xanım:
– Yox, universitetə daxil olanda qardaşımgildə qalırdı. Birinci kursu bitirib əsgər getdi. Əsgərlikdən qayıdanda bu evə gəldi. O, əsgərlikdə olanda tələbələrlə bağlı qərar çıxdı ki, xidmət müddəti qısadıldı. Qağam universitetdən kağız alıb Ülviyə yolladı. 89-cu ilin axırları idi…
– Könül xanım, həmişə 20 Yanvar faciəsi barədə danışırıq. Amma əminəm ki, o hadisələrə qədər Ülvidə bu hisslər baş qaldırmışdı, içində üsyan var idi. Dədə-baba yurdunuzdan əhalinin köçü də onu qıcıqlandırırdı…
– Əvvəla, qeyd etdim ki, atam tələbə vaxtı mücahidlərdən olub. Bizim evimizdə bu cür söhbətlər adət halı almışdı. Üç uşaq idik, evdə ancaq dava-dava oynayırdıq. Bu baxımdan, Ülvinin poeziyasında mübarizlik ab-havası daim duyulub. O vaxtı atam yaratdıqları gizli təşkilat, o təşkilatın iclaslarına gizlin getmələri barədə danışardı. Yoxsa, Ülvi hardan bilirdi Şimali Azərbaycan, Cənubi Azərbaycan məsələsi nədir? Şeirlərində də bu hiss olunurdu. Daha sonra Əfqanıstan məsələsi haqqında iki poema, bir povest necə yazılmışdı? Gözümüzlə Əfqanıstandan gələn dəmir tabutların şahidi olmuşduq. O vaxtı Hüseyn Arifin bir şeiri məşhurlaşdı: “Göyçəlilər, dağılmayın Göyçədən”. Həmin şeirdə milli kimliyə, adət-ənənələrə sadiqliyə çağırış var idi. Bir gün atam evə gəldi. Dedi ki, vəssalam, köçürük Göyçəyə! Onda hələ kütləvi köç olmamışdı, camaat yurdunda-yuvasında idi. Sonra qaçaqaç oldu, köçə bilmədik. Cek Londonun əsərlərini oxuyurduq. Evdə böyük müzakirə başlayırdı və mütləq Azərbaycanla müqayisələr aparılırdı, paralellər üzə çıxırdı.
– Ülvini atanızın şah əsəri adlandırmaq olar…
– Əlbəttə… Sabirin bir şeiri var idi: “Şairəm, çünki vəzifəm budur…” Ülvi bu şeiri əzbərləmişdi. Atam dəfələrlə Ülviyə o şeiri dedizdirdi, ta ki lap yaxşı deyənə qədər. Ülviyə qarşı çox tələbkar idi.
– Ülvi o vaxtın qərarına əsasən 9 ay tez gəlib əgərlikdən. Gec gəlsəydi, 20 Yanvar hadisəsində şəhid olmayacaqdı. Heç demisiz, kaş tez gəlməyəydi?
– Təbii ki, kiminsə ürəyindən keçir. Ən azı, anamızın ürəyindən keçir ki, ay bala, niyə gəlirdin…
– Həqiqət xanım, Ülvi ömrünün son 4 ayını bu evdə yaşayıb. Əsgərlikdən qayıdandan sonra hadisələrə necə reaksiya verdi?
– O gəlməmişdən hazırlıqlı idi. Tez-tez atası ilə məktublaşırdı. Xaosdan xəbəri var idi. Gəldi, təmkinlə hadisələri izlədi və öz qənaətləri formalaşdı. Mübarizəyə tam hazır idi. Paralel olaraq təhsilini də davam etdirirdi, əlaçı idi. Yazı-pozusundan, tərcüməsindən də qalmırdı.
– Ülvinin bir “And”ı da var idi…
– Əsgərlikdən gələn kimi o “And”ı yazdı. Ümumiyyətlə, nə yazıbsa, hər şey qalıb. Heç nə itib-batmayıb.
– Könül xanım, heç olubmu ki, neçə müddət sonra hansısa şeirini hardansa tapmısınız?
– Olub… Bizdə 78-ci ildən etibarən “Azərbaycan” jurnalının müxtəlif nömrələri toplanmışdı. Ülvi onları maraqla oxuyurdu. Bir dəfə həmin jurnalları vərəqləyəndə birinin arxa səhifəsində Ülvinin şeirini tapdım. İnanmadım… Dedim, bəlkə, öz şeiri deyil, hansısa bəyəndiyi şeirdi… Çox axtarış elədim. Hətta bir dəfə səvhliklə tərcümə şeirinin biri öz şeiri kimi getmişd. Ona görə, çox diqqətlə yanaşırdıq. Çox axtardım, araşdırdım. Məlum oldu ki, jurnalının arxasında tapdığım şeirlər Ülviyə məxsus imiş. Şeirləri qəzetə verdim, amma heç bir kitaba düşmədi. Türk Ədəbiyyat Vəqfi Ülvinin şeirlərini türk dilində kitab şəklində çap edəndə son anda İmdat Avşardan xahiş etdim ki, bu şeirlər də olsun. Sağ olsun, sözümü yerə salmadı.
– Niyə o iki şeirə belə həssaslıqla yanaşırsız?
– Bu şeirlər bir vaxt onun ürəyindən gəlib, yazıb. Heç özü də bilməzdi ki, nə vaxtsa bu şeirlər üzə çıxar. Ona görə bu şeirlərə çox sevindim. Sevindim ki, ürəyinin bir çırpıntısı yaddan çıxmadı…
– O Qanlı yanvar günlərini necə xatırlayırsız?
– İşdə hamı deyib-gülür. Soruşurlar ki, ay Həqiqət, sənə nə olub? Deyirəm, yanvar ayı gələndə mən özümə yer tapa bilmirəm. Çox dəhşətli günlər idi. O hadisələr bu evdə yaşandı. Siz o günləri görmüsüz?
– Yox, Həqiqət xanım, onda mən dünyaya gəlməmişdim.
-Yaxşı ki, görməmisiz…
Könül xanım tez müdaxilə edir:
– Yox, deməzdim. Düzdü, çətin günlər idi, amma kaş o günlərin şahidi olardız. Bilirsiz, əgər Ülvi həmin gündən sağ çıxsaydı, onun yaradıcılığında ayrıca bir səhifə açılardı. Əgər dağa-daşa, atasının mübarizəsinə baxıb nəyisə yazmağı bacarırdısa. O, rus ordusunda hərbi xidmət eləmişdi. Amma gəlib and içdi ki, mən öz millətimə xidmət edəcəyəm. Sovet ordusunda da yaxşı xidmət eləmişdi. Orda divar qəzetinin redaktoru idi, özünün “Xətai” təşkilatını yaratmışdı. Azərbaycan həqiqətlərini öyrənmək istəyən gəncləri başına yığırdı. Həmin Ülvi Bünyadzadə vətəninə qayıdıb o “And”ı yazmalı idi. O hərəkata “And”la qoşuldu. Bəzən anama deyirəm ki, sənə analıq hissi mane olur ki, hər şeyi başqa cür görəsən. Amma siz yaşda gənc üçün Ülvi nə oğul deyil, nə də 90-cı ildə həyatı bitmiş bir gənc deyil. Ülvi qəhrəman şairdi. O, dövrünün ruhunu duyan, dövründən çıxan şairdi. Onun oğul, qardaş, nəvə kimi portreti tamam başqadı, onu qoyun bir tərəfə. O millətinin şairi kimi tamam başqadı. Onun ədəbi portretini tamamlamaq üçün bu lazımdır. Ürəyimdə axan qara qanlar mənim dərdimdi, amma bizi birləşdirən Ülvinin yaradıcılığıdır.
Könül xanım danışdıqca hiss edirdim ki, o, Ülvinin şəhid olduğu günlə bağlı xatirələri yaxına buraxmaq istəmir. Hər cəhdlə söhbətin yönünü dəyişir. Mən də qaysaq bağlamayan yarasını bir az da göynətməkdən çəkindim.
Həqiqət xanım həmin günləri təfsilatı ilə danışdı. Sözün əsl mənasında, faciədir…
Anası xalçaçı, atası mühəndis, həm də şair təbiətli bir mühəndis olan Ülvini valideynləri bu millət üçün ilmə-ilmə toxumuşdu. Ülvi və Ülvi kimi neçə-neçə günahsız, əliyalın insana tuşlanan düşmən gülləsi Bisutunu yardı. Onlar xalqın mübarizə simvoluna çevrildilər.
Bu evdən ayrılanda artıq axşam düşmüşdü. Kədərli idim. Kaş Ülvini görə biləydim deyə heyfislənirdim. Amma o hamımızın tanımadığımız tanışımıza çevrildi. Ülvi Bünyadzadə son nəfəsinə qədər “And”ına sadiq qaldı. Ruhun şad olsun, yaşıdım Ülvi…