Qanlı Yanvar hadisələrindən 32 il keçir. 1990–cı il yanvarın 20–si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən–dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 32 il bundan əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
19 yanvar 2022–ci il tarixində Sosial Xidmətlər Agentliyinin 13 saylı filial müdiri Ramin Hüccətov, Həzi Aslanov adına Lənkəran şəhər 3 saylı tam orta məktəbin direktoru Aqil Sadıyev, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d. Cəmil Quliyev Lənkəran Şəhidlər Xiyabanında uyuyan qəhrəmanların xatirəsini yad etmiş, abidələri önünə gül–dəstələri düzmüşlər. Daha sonra 26 yanvar 1990–cı ildə rus hərbçilərinin Lənkəranda törətdikləri faciənin qurbanı olmuş şəhid Rövşən Bədəlovun evinə baş çəkmiş, şəhidin böyük qardaşı Əsəd Bədəlov ilə Rövşənin qəhrəmanlığı barədə söhbət etmişlər.
Qeyd edim ki, Bədəlov Rövşən Seyfulla oğlu 1965–ci il sentyabrın 25–də Lənkəranda anadan olmuşdur. Yanvarın 26–da Bədəlov Rövşən, Məmmədov Şahin və Allahverdiyev Rövşən motosikllə Haftoni kəndindən Kirov kəndinə gedən yolda hərbçilərlə rastlaşıblar. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutmuşlar. Bədəlov Rövşən və Məmmədov Şahin öldürüləndən sonra yandırılmışdır. Rövşən subay idi. Lənkərandakı Şəhidlər qəbirstanlığında dəfn edilib. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998–ci il tarixli fərmanı ilə ölümündən sonra “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Qanlı yanvar hadisələrində Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə 11 nəfər Lənkəran sakini şəhid olmuşdur. Onlardan 5–i Telman Bağırov, Mirsalam Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19–dan 20–nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanı olub. Qanlı Faciədən 6 gün sonra isə daha daha 5 nəfər Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov Lənkəranın Haftoni meşəliyində, Tariyel Abdullayev isə vertolyotda aparılarkən məftillə boğularaq vəhşicəsinə qətlə yetiriliblər. Həbs olunanlardan 46 nəfəri Rusiya ərazisindəki həbsxanalara göndərilmişdir. Yanvarın 20–i Bakıda, 25–i Neftçalada və 26–ı Lənkəranda törədilən qırğınlar nəticəsində: 135 azərbaycanlı, 6 rus, 3 yəhudi və 3 tatar öldürülmüş, 744 yaralı, 4 nəfər itkin düşmüş, 400 nəfər isə həbs edilmişdir. Sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147–yə çatmışdır.
1994–cü il martın 29–da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi–siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990–cı il yanvarın 20–də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir…
Cəmil Quliyev, tarix üzrə fəlsəfə doktoru