- Köşə

Şəlalə XƏLİLOVA. Sızlara

 (felyeton)

Bu günlərdə bir soydaşımız yazır: “İranda yer adlarımız farslaşdırılır… Televiziyada azərbaycanca veriliş aparmağa məhdudiyyətlər qoyulur…” Digər soydaşımız Gürcüstandan: “Ay aman, qoymayın, burda çoxdandır ki, yer adlarımız gürcüləşdirilir… Gürcücə danışmayana dükanda mal satılmır…” 

Vallah-billah, bu şikayətləri eşidəndə məni gic gülmək tutur. Ay balam, sənin öz ölkəndə rus, ingilis dillərini bilməyəni işə götürmürlər. Adında MİLLİ olan Elmlər Akademiyanda ƏKSƏRİYYƏT rusca danışır. Sənin Xalq şairi, professorun tabeliyində olan müəllimin Azərbaycan ədəbiyyatından keçdiyi açıq dərsindən çıxanda tək iradı “sən rus dilini bilmirsən” olur. Sənin ölkə üzrə tanınmış baş həkimin xəstəyə “Sən Bakıda doğulmusan, niyə mənim rusca verdiyim suallara azərbaycanca cavab verirsən?” – deyə matı-qutu quruyur. Sənin yüksək vəzifədə çalışan bir çox ölkədaşın övladlarıyla rusca danışır, nəvələrinə azərbaycanca sual verəndə gözlərini döyür… Və sair, və ilaxır…

Ay bacım, ay qardaşım, nə istəyirsiniz bu farsdan, bu gürcüdən?
Bəziləri də burda oturub bizə burdan xəbər verir. Ay nə bilim, dilimiz ölür, əldən gedir, can üstədir…
Ay gecə-gündüz bu xalqın, millətin, dilin dərdini çəkənim, yuxusu ərşə çəkilənim, nə ağlarsan? Bu qədər yazırsan, əlin qabar olmadımı? Bu qədər düşünüb əsəblərini tarıma çəkirsən, məcnunsanmı?
Siz ən yaxşısı Sabir babamızın sözlərini qulağınıza sırğa edin və onun nəsihətini unutmayın: “Tək-tək oyanan varsa da, qoy hələ yatsın, Yatmışları razı deyiləm, kimsə oyatsın”. Ağıllı olun! Gedin, yatın! Və ARSIZ olun!
Ey boş qazan kimi danqıldayanlar, yağa bilməsə də guruldayanlar, bəsdirin, səsiniz başıma düşdü, qoyun rahat yataq! Siz də başınızı atın və yatın! Atalar deyib:” Palaza bürün, ellə sürün”. Palazınıza möhkəm bürünün ki, aradan soyuq sızmasın, ay SIZLAR! Cəlil babamız demiş: Yatın, ÖLÜLƏR!

İMZA: ZƏHƏR TULUĞU

Doğma dilim, Vətən dilim,
Bilsin rişxənd edən ellim.
Əgər səni mən unutsam,
Dilim olsun dilim-dilim.
***
Torpağından çörək yeyir,
Çeşməsindən suyun içir.
Çanağından çıxan bağa,
Çönüb sənə “çuşka” deyir.
***
Öz sözüm var əski, qədim.
Felim, sayım, əvəzliyim…
Ahəngdardır, axıcıdır,

Şirin, şəkər, həlim dilim.

(Ş.X)

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova