- Manşet, Müsahibə

“Göyçay bağlarında” – “Bir rəsmin dedikləri” rubrikası

“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Aygün Sərbazovadır. Onunla Xalq rəssamı Toğrul Nərimanbəyovun “Göyçay bağlarında” əsəri haqqında danışmışıq.

***

– Toğrul Nərimanbəyov haqqında çoxumuz məlumatlıyıq. Ancaq rubrikamızın ənənəsinə sadiq qalaraq bu sualı verməliyəm. Kim idi Nərimanbəyov?

– Toğrul Nərimanbəyov yaradıcılığı ilə ilk dəfə tanış olanda görmək olar ki, yalnız onun kimi nur saçan, millətinə, vətəninə bağlı, incəsənətə eşqi aşıb-daşan insan belə əsərlərin müəllifi ola bilər. Rəssam Toğrul Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. O, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Sonra təhsilini davam etdirmək üçün Litva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunub. 1955-ci ildə həmin institutu müvəfəqqiyyətlə başa vurub. İnstitutda diplom işi üçün “Baltik dənizçiləri” mövzusunu seçərək əsər yaradıb. Məhz bu əsər Toğrul Nərimanbəyovun naturalizmi, səthi təsvirçiliyi inkar edən rəssam olduğunu deyir. Sənətkar dinamik kompozisiya quruluşuna, gərgin hərəkət və ekspressiyaya xüsusi meyl edirdi. Həmişə romantik hava onun diqqət mərkəzində olurdu. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayıb. Yaradıcılığının ilk dövrünə aid əsərlərindən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə” və başqalarını qeyd etmək olar.

– Toğrul Nərimanbəyov yaradıcılığı əsasən nə ilə səciyyələnir?

– Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnir.

– Əsərin yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?

– Rəssamın çəkdiyi “Göyçay bağlarında” adlı əsərində xalça üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Əsər 1965-ci ildə kətan üzərində yağlı boya texnikası ilə işlənib. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzuusna dəfələrlə müraciət edib.

– Görəsən, rəssamın nar sevdası nədən qaynaqlanırdı?

– Sənətkar Toğrul Nərimanbəyov narın vurğunu olmağını belə ifadə edib: “Mən narı, xüsusilə Göyçaya gedəndən sonra sevdim. Bakıya qayıtdım və onları çəkməyə başladım. Onda anladım ki, nar özündə çox məna, fikir daşıyır. O, elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür ki, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bir bardır. Mən onları yalnız çöldən deyil, həm də içini, mahiyyətini çəkirəm. Bir sözlə, mən narı sevirəm”. Dahi rəssam bu sözlərlə nara olan sevgisini açıqlayıb. O düşünürdü ki, insanlar getdikcə narı daha çox sevəcək ona daha çox heyran olacaqlar. Onun “Natürmort narlar”, “Narlar”, “Natürmort Nar ağacı” və s. bu mövzuda işlədiyi başqa əsərlərini də misal göstərmək olar. Demək olar ki, ilin bütün fəsillərində onun emalatxanasında nar olurdu. Elə bu səbəbdən də narla əlaqədar çoxlu rəvayətlər, əhvalatlar yaranıb.

– Əsər indi harada saxlanılır?

– Tablo hazırda Azərbaycan Mədəniyyət Nazirliyində saxlanılır.

– Əsərin rəng koloriti necədir?

– Toğrul Nərimanbəyovun natürmort janrında yaratdığı bu əsər rəng əlvanlığı ilə zəngindir. Əsərdə qırmızı nar alovlanır, yerə sərilmiş xalça göz oxşayır. Ustalıqla işlənmiş əsərin kolorit həlli əsərə yüksək canlılıq bəxş edir. Tünd yaşıl, qırmızı, sarı rənglər daha çox nəzərə çarpır. Əsəri koloriti baxımından dəyərləndirsək, həm isti, həm də soyuq rənglərdən istifadə olunub. Rənglərin bir-birini tamamlaması əsərdə xoş, səmimi aura yaradıb. Boya atəşfəşanlığına yarpaqların zümrüd yaşıllığı, zərif naxışlı xalça, həmçinin, mis qablar da qarışır. Rəssam Göyçayın dillər əzbəri olan narlarını əlvan rəng çalarları ilə cansız kətan üzərində canlandırıb. Koloriti baxımından özünəməxsusluğu ilə seçilən bu əsər rəssamın yaradıcılğında xüsusi yer tutur. Kətan üzərində rənglərin həmahəngliyi, rənglərin effektiv uyğunluğu, canlılıq, əlvan rənglər rəssamın yaradıcılığı üçün xas olan xüsusiyyətlərdəndir. Rəssam rənglər vasitəsilə yaratdığı əsərlə tamaşaçıda emosional hisslər yaradır. Azərbaycanın qədim məişətinə aid olan əşya, xalça ornamentləri əsərin kolorit zənginliyini daha da artırır. Əsərdə ekspressiya olduqca gözəl verilib. Bu səbəbdən tamaşaçı əsərə baxanda özünü o yaşıllıqda, nar ağacının yanında təsəvvür etməli olur.

– Bəs kompozisiyası barədə nə deyə bilərsiniz?

– Rəssam bu əsərdə bərəkətli Azərbaycan torpağının nemətini böyük məhəbbətlə tərənnüm edib. O, natürmortlarında təsvir etdiyi əşyaları, obrazları ölü və durğun deyil, materik hərəkətdə verir. Məhz bu səbəbdən də onun natürmortları emosional və canlı təsir bağışlayır. Toğrul Nərimanbəyov nəinki natürmortlarında, demək olar ki, əsərlərinin çoxunda narı ön plana çəkir və onu böyük bir məhəbbətlə tərənnüm edir. Qeyd etdiyimiz kimi, rəssamın yurdumuzun əvəzsiz neməti olan nara xüsusi bir məhəbbəti var. Məhz buna görə də, o, nara çox üstünlük verir. Sanki natürmortlarında narın qoxusu gəlir, qırmızı narın dənəcikləri tökülüb bir-birinə qarışır. Onun əsərlərində böyüyüb boy atdığı torpağa, onun insanlarına, milli xüsusiyyət və ənənələrinə böyük məhəbbət hissi duyulur. Əsərdə elə bil qədim el havası var. Xalça, mis qab əsərə bu cür ab-hava qatır. Qabarıq planda verilmiş nar budaqları yaşıl yarpaqlar arasında qızarır. Əsərin fonunda təsvir olunmuş yaşıl budaqlar əsərin ecazkarlığını daha da artırır. Rəssam Azərbaycan təbiətinə xas olan narı daha iri planda verir. O, narları fırçadan çox, qəlbinin sevgisi ilə əks etdirir, narı bu dünyanın sevgi işığında, rəngində tərənnüm edir. Narları böyük məhəbbətlə əks etdirən rəssam tamaşaçıda xoş duyğular yaradaraq, onu sehrli və duyğulandırıcı aləmə aparır. Təsvir etdiyi mis qab səthdə özünəməxsus tərzdə, təbii dayanıqlılıq olmadan yerləşdirilib.

– Sizcə, bu rəsm bizə nə deyir?

– Doğma yurdumuzun əsrarəngiz təbiəti Toğrul Nərimanbəyovu daima həyəcanlandırıb heyrətə gətirərək onu yeni əsərlər yaratmağa ilhamlandırib. Sənətkar yaratdığı rəngkarlıq nümunələrində uzaq keçmişimizə də, bugünkü həyatımıza da müasirlik prizmasından baxır, onların bədii həllinə müasirlik baxımından yanaşır. Elə buna görədir ki, onun əsərləri həmişə insanları ülvi hisslərlə yaşamağa, yaratmağa, onu əhatə edən əsrarəngiz Azərbaycan təbiətini, bərəkətli Azərbaycan torpağını sevib-əzizləməyə səsləyir. Toğrul Nərimanbəyov əsərdə doğma Azərbaycan yurdunun gözəlliyini, qüdrətini, böyüklüyünü mahir ustalıqla əks etdirib. Elə buna görə də, əsərdən doğma torpağımızın ətri gəlir. Əsər ümumillikdə bizə vətənimizi, torpağımızı doğma Azərbaycanımızı sevin deyir.  Sənətkar bu əsərdə narın timsalında Vətəni göstərə bilib.

Aytac SAHƏD

525.az

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova