- Ədəbiyyat

Ədəbiyyatımız, yoxsa bədbəxtliyimiz?

Pərvanə BAYRAMQIZI

Bizdən əvvəl yaşayanları müzakirə edə-edə sonrakı nəsillərə özümüzün nələr ötürəcəyimizi bilmədiyimiz halda, hərəmiz bir ideya ilə yaşayırıq. Bu ideyanın cəmiyyətin formalaşmasında xeyirlimi yaxud zərərlimi olduğundan xəbərsiz halda özümüzdən əvvəl yaşamış ziyalılarımızı tənqid, hadisələri öz zamanının tələbi ilə deyil,  müasir dövrün qayda-qanunları ilə şərh edirik. Bu gün  bizim doğru sandığımız nələrinsə nə vaxtsa rədd edilə biləcəyini düşünmək istəmirik. Necə ki, məlum quruluşun ideyaları bizə indi qəribə görünür, ola bilsin ki, gələcəkdə də bizim yaratdıqlarımız, qurduqlarımız qınaq obyekti olsun. (Bu cümlələr gələcəyimizin sığortası kimi qəbul edilə bilər)

Hər dövrün tarixi hadisələri, siyasi ideologiyaları öz əksini ədəbiyyatda tapıb. Ədəbiyyat bir növ hadisələrə himayədarlıq edib onları özündə əbədiləşdirir. Fikrimi bir az dəqiqləşdirərək, ədəbiyyat həyatın gözəl imitasiyasıdır yazıram.

Hər qanlı müharibələrdə bir az məhv olmuşuq, bir az bərkimişik. Nəticədə biz boyda biz qalmışıq. Ötən əsrin azərbaycanlılarından ədəbi-bədii əsərlərin vasitəsilə xəbər tutmuşuq. O yazıları bizimçün yazanlar isə ya maddi çətinlik üzündən arzularını həyata keçirə bilmədilər, cahil adamların arasında  dərd-bəla tapdılar, ya da repressiyanın qurbanları oldular. Beləcə əlimiz ziyalılarımızdan da üzüldü.

Tarixə tarixi baxımdan deyil, ədəbiyyatın gözü ilə baxmağı, subyektiv fikirlərimi yazmağı çox sevirəm. Tarixə aid kitablar oxusam da yenə də fikrim ədəbiyyatın üzərində cəmləşir. Sovet dönəminin şair və yazıçılarını tənqid edənlərə tez-tez rast gəlirəm. Amma kimsəyə qoşulub heç bir ziyalını kor-koranə tənqid etmirəm. Hər ziyalının bir gözəl keyfiyyətini, bir xeyirxah əməlini bəyəndiyimdən dilim gəlməyib onları pisləməyə. Buna heç haqqım da çatmaz. İlk dəfə olaraq ziyalılar haqqında belə bir yazı yazıram. Burda da hədəfim ziyalılar deyil. Hadisələrin kökündə duran, bütövlükdə millətimizin düşdüyü çıxılmaz vəziyyətə, ictimai-siyasi hadisələrə təslim olub bir-birimizə düşmən kəsilməyimizi vurğulamaq istəyirəm.

Siyasi partyaların, hökumət və qeyri-hökumət təşkilatlarının, ədəbi birliklərin çox olduğu, sürətli informasiya ilə təmin olunduğumuz bir zamanda kiminsə haqqında nəsə söyləmək çətin məsələdir. Yazdığın hər bir fikri gərək əsaslandıra biləsən. Əks halda hansısa təşkilata işlədiyini düşünərlər. Bu mövzuda  Ə. Cahangirin “Kim yatmış, kim oyaq” adlı kitabında maraqlı fikirlər oxumuşam. “Superdövlət öz maraqlarını təmin etmək üçün ilk öncə ideoloji aspektdən başlayır, başqa xalqların həyatına kulturoloji müdaxilə edir, hər hansı bir dövlətin və millətin əvvəlcə milli-mənəvi dəyərləri üzərinə “hücuma keçir”, həmin dəyərləri hiss olunmadan, tədricən aradan qaldırıb öz dəyərlərini ora yerləşdirir. Bu məqsədlə istifadə olunan sahələrdən biri də, şübhəsiz ki, bədii söz sənəti – ədəbiyyatdır. Superdövlət bu məqsədlə təkcə öz ideoloqları, tarixçiləri, yazıçıları, kinofilmləri, musiqisi, reklamları, mətbuatı, və s.-dən istifadə ilə kifayətlənmir, mənəvi-ideoloji əsarət altına almaq istədiyi müvafiq dövlətin, xalqın yazarları içindən öz ideologiyasına uyğun gələnlərin yaradıcılığını da təbliğat vasitəsinə çevirir, obrazlı dillə desək, hər hansı bir xalqı manqurta çevirmək üçün onun öz dərisini öz başına keçirir”. Bu fikirləri çox bəyənirəm. Bütün bədbəxtliklərimizə səbəb hər zaman bu cür siyasi təbliğatlar olub. Təəssüf ki, bu gün də müxtəlif ideologiyaların, siyasətin güdazına gedən ədəbiyyatımız, mətbuatımız yaranmaqdadır. (Təbii ki, istisnalar hər sahədə var. Elə özümü də bu mübahisələrin arasında üçüncü bir tərəf kimi görür, hətta yarızarafat, yarıgerçək “Mən nə AYO, nə AYB deyiləm, sadəcə MY – müstəqil yazaram” deyirəm. Yəni azaddan da azadam. Bütün yazdıqlarımda məhz bu mövqedən çıxış edirəm. Avropa xəyalı ilə yaşamasam da millətimizin qüsurlardan xali olmadığını da yeri gələndə vurğulayıram.) Azərbaycan adına çalışan hər kəs, istər ziyalısı, istərsə də sadə vətəndaşı mənimçün əzizidir. Amma bir acı həqiqət də var ki, bu cür yazıları yazmağımıza səbəb olan bədbəxtliklərimiz həddindən çoxdur. Biz o bədbəxtlikdən yazanda ziyalımızı tənqid etməyimiz anlamına gəlməməlidir. Ağrılarımızdan yazır və bu cür hadisələri bir də yaşamamağımız üçün birlikdə yollar axtarmalı olduğumuzu bildirmək istəyirik.

Əzəldən istedadlı, savadlı ziyalılarımız mənəvi potesialını birləşdirib eyni cəbhə üçün çalışsaydılar bugünkü  problemlərimizin çoxu mövcud olmazdı. Mətbuatda son zamanlar Sevinc Osmanqızı və Mir Şahin Ağayevin intriqası tərəfimdən yenə iki soydaşın qarşıdurması kimi qiymətləndirilir, bir azərbaycanlı kimi bunu yenə də hamımızın bədbəxtliyimiz olduğunu düşünürəm. Nə vaxtacan bizim göz dikdiyimiz ziyalılarımız bir-birilərinə qənim kəsiləcəklər? Kimin sifarişlə danışması, məqsədinin nə olduğu bu məqamda mənimçün önəm daşımır. Əsas narahat olduğum budur ki, onlar azərbaycanlıdırlar və bu gün potensiallarını birləşdirməkdənsə “kim kimi susduracaq” marağında olanlara məşğuliyyət verirlər.

Müstəqilliyimizi qazandıqdan sonra bir zamanlar bizə zorla mənfi tip kimi qəbul elətdirilən soydaşlarımızın, ziyalılarımızın əslində millət üçün çalışdıqlarından əqidələri uğrunda məhv edildiklərini öyrəndik. Bu gün M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseyinzadə və yüzlərlə ziyalılarımızın haqqında ağızdolusu danışıb, qələmdolusu yazanları gördükcə akademik Kamal Talıbzadənin ”XX əsr Azərbaycan ədəbiyyatı”, Abbas Hacıyevin “Tiflis ədəbi mühiti” kitablarını xatırlayıb pərişan oluram. Kitabı gözdən salmaq fikrində deyiləm. Yuxarıda qeyd etdiyim kimi baxışım tamamilə fərqlidir. Ziyalısından imtina etmək cahillikdir. Amma gözüyumulu tərif də yağdırmalı deyilik. Bir-birindən “maraqlı” fikirlərin yer aldığı hər iki kitabdan bilmirəm hansı cümlələri seçim yazım ki, faciəmizi dərindən anlatsın. Filoloqlar bu kitablarla tanışdılar, təqdiqatçılar da təhlil ediblər. Mənsə öz növbəmdə üslubuma sadiq qalaraq subyektiv fikirlərimi yazıram. “XX əsr Azərbaycan  ədəbiyyatı tənqidi” kitabının müəllifi “Burjua tənqidi” başlıqlı hissədə burjuaziyanın tarix səhnəsinə inqilabi meyllərin daşıyıcısı kimi qədəm qoymadığını bildirsə də eyni zamanda hər hansı yeni sinfə məxsus olan keyfiyyətlərdən məhrum olmadığını da vurğulayır, hətta “Azərbaycanda yeni mədəniyyətin inkişafında  müəyyən müsbət rol oynamışdı” cümləsini də işlədib. K.Talıbzadə Ə. Ağayevin “Şekspirin “Otello”su və Şillerin “Qaçaqlar”ı tatar dilində” məqaləsinə kiçicik “müsbət” rəy yazdıqdan sonra yekun nəticə olaraq münasibətini bu cür bildirir.

“ …məqalənin bütün ruhundan buradakı mülahizələrdən aydın olur ki, müəllifin əsil məqsədi  dünya ədəbiyyatının incilərini təbliğ etmək deyildir. O bu fürsətdən istifadə edərək milli yazıçılara, klassik Azərbaycan ədəbiyyatına qarşı hücuma keçir, Avropa ədəbiyyatını milli ədəbiyyata qarşı qoyur, Azərbaycan ədbiyyatının heç bir müsbət tərəfini görmür,əksinə inkar edir.” Bu sətirlər oxumaq hər bir azərbaycanlı üçün ağrılıdır. Ə.Ağayevi “burjua nihilisti” adlandıran K.Talıbzadənin fikirlərini oxuduqca adam siyasi quruluşun şüurlara necə təsir etdiyinin şahidi olur. Eləcə də bu gün Ə.Ağayev haqqında səslənən fikirləri eşidəndə siyasi baxışların istiqamətinin başqa səmtə yönəldiyini görürük. Təəssüf doğuran vəziyyətdir. Bir ziyalıya iki fərqli baxış. Və bu baxışları bizə başqa millətin beyni ilə zaman diqtə edir. Millətimizi həmişə yad ideyalar, siyasətlər beləcə üz-üzə qoyub. Ə. Ağayevi  “mənfi və müsbət” tərəfləri ilə birgə xarakterizə edən K. Talıbzadə bəzən sərt mövqeyə keçərək yazır:

“Ə.Ağayevi inkarın bu dərəcəsi də təmin etmirdi. O, açıq şəkildə gənc ədib və dramaturqları bədii yaradıcılıqdan əl çəkməyə çağırır,  onların yaratdıqlarını isə “zir-zibil” adlandırırdı: “Bizim müəlliflər yazdıqları komediya, faciə, dram və qrammatikaların və bunlara bənzər  zir-zibil ədəbiyyatın yerinə, öz boş vaxtlarını təbiətşünaslığa dair, kütləvi əsərləri rus dilindən ana dilinə çevirməyə həsr etməli idilər.” Ə. Ağayevin fikirlərindən sonra K.Talıbzadə ilk baxışda neytral, sakit tərzdə deyirmiş kimi görünsə belə əslində təəccüb və təəssüf hissilə “Bu sözlər o zaman bədii yaradıcılıqla məşğul olan N.Vəzirov, Ə.Haqverdiyev, S.M.Qənizadə, N. Nərimanov, S.S. Axundov kimi müəlliflərin ünvanına deyilirdi” fikirlərini işlətməklə əslində oxucuya müraciət edərək sanki, siz də Ə.Ağayevi qınayın və buna təəccüb edin demək istəyir. Ə. Ağayevin “Hacı Qara” komediyası və onun müəllifi, N.Vəzirovun “Yağışdan çıxdıq yağmura düşdük” komediyası, Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsi haqqında müsbət fikir söyləmədiyini yazan müəllif  Ə. Haqverdiyevi, N.Nərimanovu qüdrətli realist hesab edərək onların bədii həllini verdikləri ictimai məsələlərin Ə.Ağayevin burjua əqidəsinə uyğun gəlmədiyini bildirir.

Adı çəkilən kitabda K.Talıbzadə Ə.Hüseynzadə haqqında da tənqidi fikirlər bildirib. Amma yeri gəldikcə obyektivlik göstərsə də bu yanaşma bütövlükdə bir xalqın ziyalılarının faciəsidir. Elə vətəndaşının da.

Kitabdakı “Demokratik hərəkatın, ardıcıl etiraz və tənqidlərin nəticəsi olaraq nə Ə.Ağayev, nə də Ə.Hüseynzadə Azərbaycanda fəaliyyətlərini davam etdirə bilmədilər. 1910-cu ildən sonra hər ikisi Azərbaycandan  getməli oldular. Demokratlar onların mühacirətə getməsini milli ədəbiyyatı, ədəbi dili inkişaf etdirmək üçün faydalı bir iş hesab edirdilər. F.Köçərli Ə.Hüseynzadəni nəzərdə tutub yazırdı ki, “kaş o alicənab  İstanbulda rahat əyləşib bizim şumbəxt Qafqaza təşrif gətirməyə idi.” Burjua mühərrir və yazıçıları isə Ə.Ağayev ilə Ə.Hüseynzadənin getməsini milli bir bəla kimi qələmə verməyə çalışır, yas tuturdular.” kimi fikirlərə reaksiyam belədir: “Burda milli bəla təkcə onların getməsi yox, eyni millətin nümayəndələrinin, ziyalılarının bir-birinə qarşı çıxması idi. Siyasi baxışlar üzündən bizim ziyalı, maarifpərvər adlandırdıqlarımızın əksəriyyəti bir-birinə həqarət yağdırırmışlar. Əgər o zaman bu cür ziyalılar birləşsəydilər maarif sahəsində daha uğurlu işlərə nail olardılar.

Görəsən, Ə.Ağayev adları çəkilən yazıçıların yaradıcılığını bəyənməməkdə haqlı idimi? Axı biz bu gün onları klassiklərin sırasında görür, maarifpərvər adlandırır, əsərlərini sevə-sevə oxuyuruq.

Ə.Hüseynzadənin və Ə.Ağayevin haqqında Abbas Hacıyevin “Tiflis ədəbi mühiti” kitabında da tənqidi fikirlər az deyil. Müəllif  (A. Hacıyev) H.Minasazovun Ə.Ağayevə yazdığı “Məktub”u təhlil edərkən öz mövqeyini sərgiləyərək “Ə.Ağayev həqiqəti yazmaqdan imtina etdi. Çünki Ə.Ağayev yeni ideyaları barıt və od hesab edir, bu ideyaları boğmaq üçün istedad və bacarığını əsirgəmirdi” fikirlərini qeyd edir.

O zamankı hadisələrə yanaşma metodunu, kitabın çap olunduğu dövrün siyasi baxışlarını nəzərə almaqdan başqa yolumuz olmadığından tənqidçini tənqid etməyi ədalətsizlik hesab edirəm. Həm də, N. Şəmsizadənin kitabında K.Talıbzadənin “ifrat sosiologizmə” qapıldığını  etiraf etməsini oxuyandan sonra adamın ürəyi yumşalır. Təəssüf ki, ziyalılarımızın hərəsini bir cür itirdik. K.Talıbzadənin dərin elminin sovet illərində xərcləndiyinə adamın heyfi gəlir. Azad ölkənin ziyalısı olsaydı elmimizə  daha çox nailiyyətlər qazandırardı. Haqqında söhbət açdığımız ziyalılarımızı isə Vətənimiz itirdi. Özü də çox erkən itirdi. Ə.Müznib aşağıdakı sözləri söylədiyi kimi.

“…onların getməsi (Ə.Ağayev və Ə.Hüseynzadənin) Qafqaz əhalisini başsız, böyüksüz buraxmış kimidir. Çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər. Müxtəsər, bir bölük maarif yığımı olan Qafqaz müsəlmanlarının ataları idi”. Bu günsə ədəbiyyatımız onları təzədən tapdı. Elə K.Talıbzadə özü də ziyalısına qarşı haqsız olduğunu etiraf etdi. – Kiçik  təsəlli!

Ölkəmizə nə vaxtsa elə bir toxum əkilib ki, bunun kökləri hələ də bitməkdə davam edir və bu gün də xalqın göz dikdiyi ziyalıların arasında soyuqluq davam edir. Bundan o ziyalılar deyil, xalq, ədəbiyyat ziyan çəkir.

“Füyuzat” jurnalının 2018-ci ildə nəşr olunan №2 (100) sayında Qərənfil Dünyaminqızı da “Obyektivlik yoxsa haqsız tənqid atəşi” adlı məqaləsində bu məsələlərə toxunur. Mövzu məni də düşündürdüyü üçün yazı diqqətimi çəkdi. Q. Dünyaminqızı da Nəriman Zeynalov, Firudun Hüseynov və Əziz Mirəhmədovun Ə.Ağaoğlu ilə Ə.Hüseynzadəyə münasibətindən yazır. Aydındır ki, bütün bu hallar iki-üç nəfərin arasında baş verən şəxsi münasibətdən asılı olmayan məqamlardır. Burada bir xalqın milli faciəsi özünü açıq şəkildə göstərir. Əsəd Cahangirin yuxarıda adı çəkilən kitabını sətirbəsətir oxuyanda çox mətləblər aydın olur. Deməli, bir vaxtlar həmkarlarını  Əlibəy Hüseynzadəyə, Əhmədbəy Ağaoğluna qarşı qoyan qüvvələrin bir başqa şəkli bu gün də mövcudur.

“…ilk dəfə 20-ci illərdə fəaliyyət göstərən yazıçılar rəsmi surətdə sinfi mövqedən üç qrupa bölündü: proletar yazıçıları, burjua-qolçomaq yazıçıları və cığırdaşlar”.

Heç bir ədəbiyyatşünasın bundan belə Nizaməddin Şəmsizadə kimi ədəbiyyatımızı belə bir bölgüyə bölmək məcburiyyətində qalmaması üçün bu gün “külüngü bir yerə vurmalı” qələmi həqiqətin uğrunda işlətməliyik. Ədəbiyyatımıza gözəl əsərlərin bəxş edilməsi üçün bir-birimizə öyüd-nəsihətimiz, özümüzdən tələbimiz, amalımız ancaq – Millət, dövlət, tarix əmanəti! – olmalıdır!

Zaman bizi bir də nə torpaqlarımız, nə də ziyalılarımızla sınağa çəkməsin!

  Oktyabr 2018