- Təsəvvüf, Xəbərlər

Sufizm barədə bir neçə söz

Aida QASIMOVA
Professor

Sufizm Orta əsrlər müsəlman şərqində rəvac tapıb, uzunmüddətli inkişaf yolu keçərək dövrümüzədək gəlib çatmış dini-fəlsəfi cərəyandır.

Günümüzdə digər məzhəb və təriqətlərlə müqayisədə kölgədə qalsa da, Orta əsrlər müsəlman mədəniyyətinin, xüsusilə ədəbiyyatın böyük bir qismi Sufizm üzərində bərqərar olub. İslamın daxilində yaranıb ondan bəhrələnmiş bu cərəyanın qaynaqları cərgəsində bəzən xristianlıq, yəhudi mistisizmi, Budda təlimi, Zərdüşt fəlsəfəsi, platonizm, qnostisizm kimi fəlsəfi cərəyanların göstərilməsi heç də onun islam zəmininə kənardan gətirilmiş yad bir düşüncə tərzi olmasına deyil, Sufizmin özünün müxtəlif mədəni sistemləri birləşdirən mürəkkəb bir orqanizm kimi varlığına dəlalət edir.

Sufizm – “təsəvvüf” sözünün mənası barədə müxtəlif mülahizələr var. Ümumi qəbul olunmuş mülahizə bunu “yun” sözünə bağlayır. Sufilər də xristian mistikləri kimi yun xirqələr geyinirdilər. İsti səhra şəraitində kobud yun geyimlər bədənin üzülməsi ilə ruhun saflaşmasını bir müstəviyə gətirirdi. Bəzən bu sözü “filosofiya” sözündəki “sofiya” (hikmət) ilə əlaqələndirirlər. Başqa bir mülahizəyə görə, təsəvvüf  “səfa” kökündən olub paklığa nail olmaq deməkdir. Səhabələr arasında əhl-i suffə (çardaq əhli) adlanan bir qrupu da ilk sufilər sayaraq sözü “suffə” ilə bağlayanlar da var. Bu mülahizə sufizmin kökünü hz. Məhəmmədin öz zamanına bağlayır. Deyilənə görə, səhabələrdən ən dindarları Mədinə məscidinin həyətində çardağın altına yığışıb söhbət edərlərmiş. Bəzi mülahizələrə görə, sufi – cərgə (saff) sözündən yaranıb. Sufilər özlərini Allahın ən mömin bəndəsi sayıb, cənnətdə ən ön cərgədə olacaqdılar. Türk müəllifləri arasında sufinin “su” sözündən yarandığını iddia edənlər də var.

Bəzən sufizmin yaranmasını konkret bir şəxslə, ilkin İslam dövründə yaşasa da, peyğəmbərin mübarək üzünü görməmiş Uveys Karani ilə əlaqələndirirlər. Məhəmməd peyğəmbərin vəfat edərkən öz əbasını ona vəsiyyət etməsi ilə bağlı bir rəvayət geniş yayılıb. Bu rəvayət mistiklərin bir-birini görməsələr belə, ruhən yaxın olub ilahi sirləri bir-birinə ötürə bilmələrindən xəbər verir.

Digər islam məzhəb və təriqətləri kimi, sufilər də öz fikirlərinin isbatını Quranda axtarırdılar. Sufinin məqsədi Allaha yaxınlaşmaq, onunla təmasda olmaq idi. Sufiyə görə, Quranın Qaf surəsindəki “Biz ona şah damarından da yaxınıq” ifadəsi məhz onlara aiddir. Əgər ortodoks İslam ilahi varlıqlarla təmasın ancaq peyğəmbərlərə aid olduğunu bildirirdisə, sufilər daxilən təmizlənmə, mənəvi kamilliklə belə bir təmasa nail olacaqlarına inanırdılar.

Sufilər övliyaların gizli biliklərə yiyələndiklərini iddia edirdilər. Bu sahədə onlar övliyaları peyğəmbərlərdən belə üstün bilir, bunun isbatını da Quranda axtarırdılar. Kəhf surəsində Musa peyğəmbərə mürşidlik edən Xızrı onları xüsusi bir məqama qaldırıb övliyaların ruhani öndəri sayırdılar. Buna görə də, Bəyazid Bistami deyirdi: “Biz elə bir dənizə baş vurmuşuq ki, peyğəmbərlər yalnız onun sahilində dayanıb”.

Sufiyə görə, insan cənnət nemətlərindən bəhrələnmək üçün deyil, Allah dərgahına yaxınlıq üçün cənnətə can atmalıdır. Sufi cəhənnəm odundan da qorxmurdu. Oddan qorxmağı kölələrin işi sayırdı. İlk sufi mütəfəkkirlərindən sayılan, köləlikdən övliyalığa yüksəlmiş Rabiə əl-Ədəviyyə  bir əlində kuzə, o biri əlində məşəl olan bir mömin qadın kimi təsvir olunur. O, “Bu məşəllə cənnət bağlarını yandırıb, bu kuzədəki su ilə cəhənnəm odunu söndürəcəm ki, insanlar cənnət, cəhənnəm fikri ilə deyil, həqiqi bir məhəbbətlə Allaha dua etsinlər” -deyirdi. Ərəb sufi ədəbiyyatına ilahi eşq motivlərini ilk gətirən də Rabiə əl-Ədəviyyə olub.

Allahla insan arasındakı məhəbbəti ön plana çəkməklə sufilər Allaha müticəsinə ibadəti və Allah qorxusunu (təqvanı) əsas tutan ortodoks müsəlmanlardan fərqlənirdilər. Onlar bu eşqin isbatını da Quranda tapırdılar. Maidə surəsində deyilir ki, Allah elə bir qövm gətirəcək ki, O onları, onlar da Onu sevəcək. Sufilər surədə məhz özlərinin nəzərdə tutulduğunu bildirirdilər.

Bəzi sufilər (məsələn, Həllac Mənsur) İblisə haqq qazandırırdılar və deyirdilər ki, İblis Allahı çox sevib və yalnız ona ibadət etmək istədiyindən Adəmə səcdə etməkdən imtina etmişdir. Amma sufizmin köynəyindən çıxmış hürufilikdə İblisin Adəmin simasında ilahi təcəlli görməməsi və ona səcdə etməməsi pislənir, yəni İblis Adəmə səcdə qılmalı idi, çünki İnsan özü Allahın məzhəridir.

Ortodoks islami düşüncədən fərqli olaraq, sufilər axırıncı peyğəmbərin vəfatı ilə ilahi vəhyin kəsilməsini qəbul etmirdilər. Onların fikrincə, övliyalar daim Allahdan bilgilər alırlar, amma onların missiyası bu bilgiləri peyğəmbərlər kimi yaymaq deyil, gizli saxlamaqdır. Çünki bu biliklərin cahillərə agah olması, əlində kibrit olan bir uşağın kükürd dolu bir otağa daxil olmasına bənzəyər. Bu mənada, sufilərlə şiələr arasında yaxınlıq görmək mümkündür. Şiələrə görə, Məhəmməd peyğəmbərin vəfatı ilə ilahi vəhyin ancaq zahiri tərəfi kəsilib, batini bilgilər isə həmişə davamlı olub və bir imamdan digərinə ötürülüb. Həm sufilər, həm də şiələr Qurani-Kərimin batini, rəmzi şərhinə üstünlük veriblər. Onlar bunu “əvvəl” sözü ilə eyni kökdən olan “təvil”, yəni əvvələ, kökə qayıtmaq, ilkin metafizik mənanı açıqlamaq  kimi ifadə edirdilər.

Sufinin Allaha yaxınlaşmaq üçün keçdiyi mənəvi kamillik yolu dörd mərhələyə bölünür: şəriət, təriqət, həqiqət və mərifət. Bəzən həqiqət ilə mərifəti birlikdə, bəzən isə ayrı mərhələlər kimi təqdim edirlər. Şəriət mərhələsində sufi ilk növbədə mömin müsəlman olmalı, şəriətin bütün qayda-qanunlarına riayət etməlidir. Yəni, həqiqi müsəlman olmayan bir şəxs, həqiqi sufi ola bilməz.

Təriqət (hərfi mənası yol) sufinin keçdiyi özünəməxsus yoludur. Əgər yol varsa orada dayanacaqlar, məqamlar da olur. Təriqətin bəzən səkkiz, bəzən daha çox məqamı olması göstərilir.

Geniş yayılmış mülahizəyə görə, birinci məqam tövbədir. Bu məqamda sufi qədəm qoyduğu yolun məsuliyyətini bilir və bu yoldan dönməməyə söz verir. İslamda tövbə günahların əfv diləyi ilə bağlıdır. Təriqət yolunə qədəm qoyan sufi bir növ günahlarına görə əfv diləyib peyğəmbərlər kimi məsumluq  yoluna üz tutur. İkinci məqam həddindən artıq möminliyi bildirən vəra məqamıdır. Bu zaman sufi bütün varlığı ilə günahdan çəkinir. Bu özünü, xüsusilə haram və halal məsələlərində göstərir. Rəvayət edilir ki, bir obada qoyun oğurluğu olardısa, həqiqi sufilər qoyunun ömrü qədər, yəni on-on bir il ət yeməzdilər ki, haramdan uzaq olsunlar. Haramdan qaçan sufilər su və çırpı yığıb satmağı ən münasib peşə sayırdılar. Beləki, bu zaman onlar Tanrının halal nemətini toplayır, satdıqları isə öz zəhmətləri olurdu.

Sonrakı məqam zühddür. Zühd mərhələsində sufi bilərəkdən nəfsini təmizləmək üçün dünya nemətlərinə göz yumur. Sufi onun həyatda yaşamaq üçün zəruri olan yemək-içmək, geyim və s. -dən başqa heç nəyə tamah salmır.

Zühddən sonra fəqr məqamı gəlir. Fəqrin iki mənası var: 1. Sufinin bilə-bilə kasıblığa can atması 2. İnsanın ğəni (varlı) olan Allah qarşısında öz miskinliyini dərk etməsi. Hədisdə “fəqirlik mənim fəxrimdir” deyilir.

Yuxarıdakı məqamlar, xüsusilə zühd və fəqr səbr tələb edir. Səbrin özü növbəti məqam sayılır.  Quranda “səbr gözəldir” kimi gözəl bir kəlam var. Yusif peyğəmbərin obrazı bu məqamın rəmzi sayıla bilər.

Səbrdən sonra təvəkkül məqamı gəlir. Bu hədsiz dözüm deməkdir. Bu məqamda bütün bəlalara tab gətirmək, həyatda ancaq Allaha təvəkkül etmək nəzərdə tutulur. İbrahim peyğəmbər oda atılarkən bu məqamda olub.

Sonra riza məqamı gəlir. Bu Allahdan gələn bütün bəlalara razı olmaqdır. Bu məqamda sufi büsbütün Allaha təslim olub başına gələn bəlaları belə sevinclə qarşılayır. Bütün bunları keçəndən sonra sufi fəna məqamına yaxınlaşır. Fəna və bəqa təriqətlə həqiqətin qovşağında yaranır. İki mənada işlənir. Təsəvvüfdə fəna mənən paklaşmış sufinin öz mistik yolunun zirvə mərhələsində öz varlığını hiss etməməsini, onun yox olub ilahi varlıqla əriməsini bildirir. Buddizmdən fərqli olaraq fəna yoxluqla qurtarmır. Çünki bundan sonra bəqa billah (əbədi olaraq Allaha qovuşmaq) məqamı gəlir. Ər-Rəhman surəsindəki “Yer üzərində hər bir kəs fanidir, yalnız Cəlal və Kəramət sahibi olan Rəbbinin  Üzündən başqa” ifadəsi bu son iki məqamın rəmzi ifadəsi sayılır. Sufi poeziyasında Üzə və Üz cizgilərinə verilən xüsusi önəm də buradan qaynaqlanır. Bundan sonra ariflik mərhələsi –  mərifətdir gəlir ki, o son mərhələ sayılır.

Məqamları sufi öz ciddi-cəhdi ilə qazanır, amma mistik kamilləşmə boyunca o, haldan-hala düşür. Hallar məqamlardan fərqli olaraq kəsb edilmir. Hal Allahın mərhəmətinin ifadəsi kimi sufiyə bəxş edilir. Təriqətin çətin yolunda sufi Allah sevgisi (məhəbbət) hiss edir. Bəzən qəlbində Allahla bir ünsiyyət (üns) duyur. Və yaxud, qəlbinə qəflətən tanrı xofu gəlir, ya da bir ümid (racə) yaşayır. Bütün bunlar hallardır.

Sufizmin ilkin təlimini əks etdirən bu fikirlər sufi fəlsəfəsində dönə-dönə işlənib sistem halına salınmışdır. Xüsusilə İbn Ərəbi təlimi insanı Allahın məzhəri saymaqla öz dərin humanizmi ilə seçilir. Bu təlimə görə, öz Zatı ilə transsendent olan Allah Ad və Atributları ilə varlıqlarda təcəlli edir. Allahın təcəllisini saf güzgü kimi əks etdirən ən uca varlıq İnsandır. İbn Ərəbi Allahın daha çox gözəl qadında təcəllisini məqbul bilir. Onun fikrincə, Allahn Rəhman və Rəhim kimi gözəl adlarının rəhm (ana bətni) sözü ilə eyni kökdən olması, Qadını ilahi başlanğıcın məzhəri saymağa əsas verir.

Allahın insan surətində təcəllisində bəzi sufilər bir hədisə əsasən bığ yeri təzəcə tərləmiş oğlana  (bu obraz Şahid adlanır, yəni öz gözəlliyi ilə Allahın varlığına şəhadət edən) üstünlük vermişlər ki, bu da, şəhvət mənbəyi sayılan qadınlarla bağlı erotik elementlərdən yayınma məqsədi güdmüşdür. Bəlkə də bunun səbəbi Allahın qadın surətində təsəvvür edilməsinin müsəlman düşüncə tərzinə yad olması idi. Ümumiyyətlə, Tanrının İnsan varlığında təcəllisi Sufi fikrində geniş yayılsa da, İslami baxımdan mübahisəli məqamlarla doludur. Bunun tərəfdarları “Allahın insanı öz surətində yaratması” “Allahın Gözəl olub gözəlliyi sevməsi”, “İnsanı ən gözəl biçimdə yaratması” kimi geniş yayılmış müddəaları bu fikrə əsas bilirlər.  Mühafizəkar üləma isə Allahın antropomorfizmdən uzaqlığı, onun  yeganə təcəlli obyektinin Söz, yəni Quran olması fikrini əsas tuturdu. Ortodoks İslamda Allahı hər hansı bir varlıqda seyr etmək məqbul bilinmir. Çünki İslam öz-özlüyündə görmə hissinə deyil, eşitmə hissinə üstünlük verən bir din idi və Allah da Quranda əvvəl “eşidən” (səmi), sonra “görən” (bəsır) adlanır, Musa peyğəmbər də Tanrını eşitmiş, “Özünü Göstər” deyərkən “Sən Məni görə bilməzsən” cavabı almışdır.

Sufilər tarix boyu rəmzlərlə danışmış, öz fikirlərini ya pərdələmiş, ya da üstüörtülü ifadə etmişlər. Bu səbəbdən, bir çox sufilər Həllacın ekstaz halındakı yaşantılarını “Ənl-həqq” deyərək dilə gətirməsini bəyənməmişlər. Çünki peyğəmbərdən fərqli olaraq övliyanın dəvət missiyası yoxdur. Övliya ona agah olan sirləri yaymamalıdır.

Sufizmin maraqlı tərəflərindən biri də onun kosmoqoniyasıdır. Sufilərə görə, Allah tanınmaq istədiyindən yeri, göyü, məxluqları yaradıb. Qüdsi hədisdə “Mən gizli xəzinə idim, tanınmaq istədim, insanları və cinləri yaratdım ki, məni tanısınlar,”- deyilir. Sufilərə görə, Allah ilkin olaraq Məhəmmədin  Nurunu yaratmış, bu Nurun Allaha olan eşq həyasından cilvələnməsi ilə digər varlıqlar meydana gəlmişdir. Sufizmə görə, insan həyatı boyu itirilmiş bir cənnətin –  Allah məqamında olduğu gözəl bir məclisin (bəzm-i ələst) həsrəti ilə yaşayır və insanın ruhu daim İlkin Ruha qovuşmağa can atır. İnsanın öz varlığında ilahi bir başlanğıc var.

Haqqı tanımaq istəyən birinci özünü tanımalıdır. Özünü tanıyan Rəbbini tanımış olur.

525.az